Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3794/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1823/2024 nömrəli 18 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ***-***-**-** kombinasiyalı nömrə iddiaçının istifadəsinə verilmişdir. İddiaçı cavabdeh şirkətin təqdim etdiyi rabitə xidmətlərindən istifadə edərək telefonuna internet paketi yükləmişdir. Ondan xidmətin dəyərinin artıq tutulduğunu və bununla ona ziyan vurulduğunu qeyd etmişdir.
2. ***-***-**-** kombinasiyalı mobil nömrə iddiaçının oğlu X2 (iddiaçının oğlunun) istifadəsinə verilmişdir. İddiaçı hazırkı iddiada oğlunun istifadəsində olan nömrə üzrə də iddia qaldırmışdır.
3. Cavabdeh tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış məktubda göstərilmişdir ki, İddiaçı müraciətində qeyd olunan ***-***-**-** kombinasiyalı mobil nömrə vətəndaşın adına rəsmiləşdirilməmişdir. Həmin nömrə adına rəsmiləşdirilmiş şəxs və ya onun verdiyi etibarnamə əsasında səlahiyyətli nümayəndəsi müraciət etdiyi təqdirdə cavabdeh tərəfindən müvafiq məsələyə baxıla bilər. Müraciətdə qeyd edilən digər, 055- ***-**-** kombinasiyalı nömrə ilə bağlı şikayətdə yer alan üç məqamla bağlı aşağıdakıları bildiririk: balansa yüklənən məbləğə müvafiq olaraq etibarlılıq müddətlərin dəyişməsi haqqında məlumat öncədən 08 iyun 2023-cü il tarixində rəsmi internet səhifəmizdə ətraflı məlumat yer almışdır; nömrədə abunəçi tərəfindən 01 noyabr 2023-cü il tarixində saat 20:47-də 10 manat dəyərində 30 gün istifadə müddəti olan 5 GB internet paketi aktivləşdirilmiş və 26 noyabr 2023-cü il tarixində abunəçi tərəfindən ləğv edilmişdir (bu tarixə qədər cəmi istifadə 4481 mb); abunəçi 22 dekabr 2023-cü il tarixində iki dəfə saat 00:26-da və 00:38-də 3 manat dəyəri, 30 gün istifadə müddəti olan 500 mb həcmində internet paketini aktivləşdirmişdir. Eyni tarixdə aktivləşən birinci 500 mb həcmli trafik 08 yanvar 2024- cü il tarixinə qədər (saat 10:09-a qədər) tam istifadə edilmiş, digər 500 mb həcmli trafik isə 21 yanvar 2024-cü il tarixinədək (istifadə müddəti bitənədək) istifadə edilmişdir (cəmi 294 mb). Əlavə olaraq, qeyd olunan xidmətlərin istifadəsi zamanı hər hansı texniki qüsur aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə təminatı hüququna qoyulan qadağanın aradan qaldırılması, maddi ziyan olaraq 35 manat, mənəvi ziyan olaraq 500 manatın cavabdehdən tutulub onun pensiya hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1-ci dərəcəli Qarabağ əlilidir. Cavabdeh MMC istehlakçı hüquqlarını pozur. Belə ki, ***-***-**-** nömrəni internet paketinin 1 aylıq müddət bitməmiş avqustun 29-da ləğv edib və onun razılığı və xəbəri olmadan 5 manatlıq internet paketinə qoşub. 4 aydır zorakı xidmətlə tutduğu 5 manatı onun balansına qaytarmır. Bundan başqa ***-***-**-** nömrəni 6 aylıq müddət bitmədən içindəki 20 manata yaxın balansla birlikdə ləğv edib və bərpa etməkdən imtina edir. Cavabdeh müqavilə öhdəliklərini də pozur. Belə ki, ilk əvvəl 2 manatlıq balans artımı bir ay keçərli idi, sonra xəbərdarlıq etmədən, birtərəfli qaydada 25 günə, daha sonra 20 günə, hazırda isə 15 günə endiriblər. Bu kobud istehlakçı hüququ pozuntusudur. 22 dekabr 2023-cü ildə ***-***-**-** nömrəsi ilə 3 manatlıq internet paketi götürmüşdür. Sms bildiriş gəldi ki, 3 manat çıxıldı. Amma bəlli olur ki, 6 manat çıxılıb. Çünki meqabaytın isifadəsi barədə məlumatda balansın 39.44 manat olduğu bildirilir. Halbuki onun balansı 45.45 manat idi. Deməli, 3 manat əvəzinə 6 manat silinib balansdan. Bu, talançılıqdır. MMC məhkəmə təminatı hüququna da qadağa qoyub. Belə ki, cavabdehin bütün ölkə üzrə hər bölgədə, Bakının hər rayonunda bir neçə xidmət ofisi olsa da Səbail rayonu, Neftçilər prospekti ünvanını dəyişdiyini məhkəməyə bildirib, işə baxılmasına mane olur. Hətta işin aidiyyatı üzrə Xətai məhkəməsinə göndərilməsinə də imkan verilmir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 aprel 2024-cü il tarixli 2(011)-1823/2024 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia rədd edilmişdir.
7. Məhkəmə, məhkəmə təminatı hüququna qoyulan qadağanın aradan qaldırılması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı onun hüquqlarının həyata keçirilməsinə qoyulan qadağanın nədən ibarət olmasını iddia ərizəsində əsaslandıra bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi cavabdehin hüquqi ünvanının dəyişməsinin onun hüquqlarını pozmasına dair dəlilinə qiymət verərək hesab etmişdir ki, qanunvericiliyə uyğun olaraq istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Cavabdeh özünün hüquqi ünvanını dəyişməkdə azaddır. Onun bu hüququna hər hansı məhdudiyyət qoyula bilməz.
8. Məhkəmə maddi ziyan olaraq 35 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona 35 manat məbləğində maddi ziyan dəydiyini qeyd etsə də, 35 manatən konkret olaraq hansı meyarlarla hesbalandığını ərizəsində göstərməmişdir. Belə ki, o, qanunsuz olaraq ondan məbləğlərin tutulmasını qeyd etsə də, cavabdehin məhkəməyə ünvanladğı məktublardan görünür ki, iddiaçı internet paketləri əldə etmiş və onları istifadə etmişdir. Yəni, qanunsuz və zorakı olaraq ondan pul tutulmasını qeyd etsə də, iddiaçı faktiki olaraq cavabdeh olan şirkətin rabitə xidmətlərindən faydalanmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, ***-***-**-** nömrəsi iddiaçının yox, onun oğlunun istifadəsinə verilmişdir və bu nömrəyə aid hər hansı iddianı iddiaçının oğlu və ya onun qanunla müəyyən edilmiş qaydada səlahiyyətləndirilmiş etibarnamə üzrə nümayəndəsi qaldıra bilər.
9. Məhkəmə iddianın 500 manat mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, nə qədər ki, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya münasibətdə təqsdirli və qanunazidd hərəkətləri aşkar edilməmişdir, iddiaçıya mənəvi ziyanın dəyməsi də işin hər hansı halı ilə təsdiq olunmur.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 36.9, 77.1, 119.1, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işdə olan sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil etməklə, göstərilmişdir ki, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
13. Apellyasiya baxışı zamanı isə iddiaçının vəkili apellyasiya şikayətinə əlavə təqdim edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçı iddia edir ki, 055 301 99 56 saylı nömrəyə onun iradəsi olmadan Cavabdeh paketə qoşulmaqla 5 manat vəsait çıxılıb. Yəni iddiaçının razılığı (iradə ifadəsi) olmadan o, hansısa xidmətə abunə olunub. Əgər həqiqətdə iddiaçının Cavabdeh tərəfindən göstərdiyi xidmətə qoşulmaq niyyəti var idisə, bu zaman həmin xidməti təsdiqedəcək hərəkətlər etməli idi. Məhkəmə ümumiyyətlə tərəflər arasında xidmət götürülməsi barədə iddiaçının iradəsinin olubolmaması məsələsinə toxunmamış, xidmət göstərilməsi barədə iddiaçının iradəsinin olub-olmaması məsələsinə toxunmamış, qeyd etmişdir ki, guya Cavabdeh iddiaçıya xidmət göstərmişdir. İddiaçı balansından 6 manat pul vəsaitinin silinməsi barədə hər hansı əməliyyatı icra etməmişdir. İddiaçının mövcud vəziyyətinin fonunda cavabdehin təqsirli və qanunazidd hərəkətləri nəticəsində mənəvi ziyan iddiaçının tələb etdiyi tam həcmdə təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
30. İddiaçının birinci tələbi məhkəmə təminatı hüququna qoyulan qadağanın aradan qaldırılması olmuşdur. Lakin iddiaçının bu hüququna hər hansı qadağa qoyulması müəyyən edilməmişdir, məhkəmə də haqlı olaraq göstərmişdir ki, iddiaçı onun hüquqlarının həyata keçirilməsinə qoyulan qadağanın nədən ibarət olmasını iddia ərizəsində əsaslandıra bilməmişdir.
31. Bundan başqa iddiaçı ***-***-**-** və ***-***-**-** kombinasiyalı nömrələr ilə bağlı iddia qaldırmışdır.
32. ***-***-**-** nömrənin iddiaçının deyil, onun oğlunun adına olması müəyyən edilmişdir. Məhkəmə də bu hala istinadən belə nəticəyə gəlmişdir ki, bu nömrəyə aid hər hansı iddianı iddiaçının oğlu və ya onun qanunla müəyyən edilmiş qaydada səlahiyyətləndirilmiş etibarnamə üzrə nümayəndəsi qaldıra bilər.
33. Kollegiya hesab edir ki, bu hissədə də iddianın rədd edilməsi barədə məhkəmənin qənaəti düzgün olmuşdur. İddiaçı ona istinad edir ki, həmin nömrə ailənin ümumi istifadəsindədir, həmin nömrəyə pulu “online” rejimdə o, ödəyir, istifadə üçün etibarnaməyə ehtiyac yoxdur. Bununla bağlı qeyd edilməlidir ki, həmin nömrəyə münasibətdə iddia tələbinin rədd edilməsinin əsası odur ki, həmin nömrə iddiaçının yox, oğlunun adınadır, ona görə də həmin nömrəyə münasibətdə iddiaçının tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur.
34. İddiaçı maddi ziyana görə 35 manat tutulmasını tələb etmişdir. İddiaçı iddia edir ki, 055 301 99 56 saylı nömrəyə onun iradəsi olmadan Cavabdeh paketə qoşulmaqla 5 manat vəsait çıxılıb.
35. Göründüyü kimi iddiaçı internet paketləri əldə etmiş və onları istifadə etmişdir. Yəni, qanunsuz və zorakı olaraq ondan pul tutulmasını qeyd etsə də, iddiaçı faktiki olaraq cavabdeh olan şirkətin rabitə xidmətlərindən faydalanmışdır. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı ona 35 manat məbləğində maddi ziyan dəydiyini qeyd etsə də, 35 manatın konkret olaraq hansı meyarlarla hesablandığını ərizəsində göstərməmişdir.
36. Mənəvi zərər hissəsində də qeyd etmək lazımdır ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir.
37. Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1823/2024 nömrəli iş üzrə 18 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.