Məhkəmə qərarları › İş №2(103)-3796/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3796/2022

12.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3796/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin aprel ayında evinə verilən suyun hesabatını aparan sayğacın işləmədiyini görüb Suraxanı Rayon Su İdarəsinə müraciət etdiyini, müraciətindən bir müddət sonra sayğaca baxış keçirib onu dəyişdirdiklərini, bundan sonra ona 830 manat məbləğində borc yazıldığını öyrəndiyini, həmin məbləğdə su istehlak etməsinin mümkün olmadığını, dəfələrlə məsələnin araşdırılmasını tələb etsə də, heç bir tədbir görülmədiyini bildirmiş, buna görə də **********000 saylı abonent kimi ona hesablanmış 808,62 manat su borcunun silinməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanına (abonent kodu: **********000) hesablanmış 730,92 (yeddi yüz otuz manat doxsan iki qəpik) manat məbləğində borcun ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv (iddianın təmin olunan hissəsində) edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin işin faktiki hallarını düzgün araşdırmayaraq Nazirlər Kabineti tərəfindən 17.07.2014-cü il tarixdə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müddəalarını nəzərə almaması, iddiaçının silinməsini tələb etdiyi borcun onun istehlak etdiyi suya görə hesablanmış borc olduğu arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh Açıq Səhmdar Cəmiyyəti nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanına (abonent kodu: **********000) hesablanmış 730,92 (yeddi yüz otuz manat doxsan iki qəpik) manat məbləğində borcun ləğv edilməsi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halına əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçıya məxsusdur və həmin evə görə iddiaçı **********000 kodu ilə Cavabdeh ASC-nin abonenti kimi 01.01.2008-ci il tarixdə qeydə alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 08.05.2021-ci il tarixdə iddiaçıya məxsus həmin evin su təchizatını təmin edən sayğac dəyişdirilmiş, bundan sonra ona 730,92 manat borc (əlavə sərfiyyat) hesablanmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü və 6.5-ci bəndlərinə görə, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Kollegiya qeyd edir ki, istehlakçıdan tələb edilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir, hazırki halda isə cavabdeh bunu sübut edə bilməmişdir. Əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu baxımdan kollegiyanın qənaətinə görə, iddiaçının evinə hesablanmış borcun həqiqətən onun tərəfindən real sərf edilmiş suya görə yarandığı sübuta yetirilmədiyindən həmin borcun iddiaçının abunə hesabından silinməli olduğu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-436/2022 saylı iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar