Məhkəmə qərarları › İş №2(103)-3799/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3799/2020

22.05.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3799/2020 22.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı cavabdeh ləğv prosesində olan "Cavabdeh" X10rşı “əmlakın ipoteka yüklülüyündən azad edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdeh Bankın ləğvedicisi olan X1 verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Bankın ləğvedicisi olan Fondun nümayəndəsi X6 və iddiaçının özünün iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinin” təminatı kimi onunla cavabdeh Bank arasında bağlanması qeyd olunan KX004 №-li “İpoteka müqaviləsinə” əsasən Bankın xeyrinə yüklü edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, bina № 1-də yerləşən 38 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi, Banka borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin Bankın üzərinə qoyulması, habelə Bankın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 5.000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun Bankdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kredit götürmək məqsədi ilə cavabdeh Banka müraciət etmişdir. Bankın əməkdaşlarının tələbi ilə, iddiaçı, mülkiyyətində olan mübahisəli mənzilin sənədlərini onlara təqdim etmişdir. Sonradan Bank kreditin ayrılmasından iddiaçıya imtina etmiş, bu səbəbdən tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmamışdır. Bir müddət sonra cavabdeh Bankın vəzifəli şəxsləri barəsində başlanılmış cinayət işinin istintaqı ilə bağlı iddiaçı istintaq orqanına, daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinə çağırılmış və bu zaman iddiaçıya məlum olmuşdur ki, Bankın bəzi vəzifəli şəxsləri dələduzluq edərək ona məxsus mənzilə dair sənədlərin Bankda qalmasından istifadə edərək iddiaçının adına guya 37.000 manat kredit verilməsi barədə xx.xx.2009-cu il tarixdə “Kredit müqaviləsi” və KX-004 №-li “İpoteka müqaviləsi” rəsmiləşdirmişlər. Qeyd edilən fakt üzrə təqsirləndirilən şəxslərə ittiham verilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə həmin şəxslər təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. Həmin şəxslər barəsində cinayət təqibi uzun müddət aparıldığından Bankda qalan mənzilə aid sənədlər iddiaçıya qaytarılmamışdır. Bundan sonra iddiaçı cavabdeh Bankın ləğvedicisi olan Fonda rəsmi ərizə ilə müraciət edərək, mübahisəli mənzilinin ipoteka yüklülüyündən azad edilməsini xahiş etmişdir. Fond, iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubu ilə mənzilinin yüklülükdən azad edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı bildirir ki, Bankın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona 5.000 manat məbləğində maddi zərər və 10.000 manat məbləğində mənəvi zərər vurulmuşdur. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinin” təminatı olan KX-004 №-li “İpoteka müqaviləsinə” əsasən yüklü edilmiş mübahisəli mənzilin ipoteka yüklülüyündən azad edilməsini, iddiaçının cavabdeh Banka borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, iddianın qalan hissədə təmin edilməsini qət etmişdir. Cavabdeh Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bankın bank sistemində Bankın “Xəzər” filialı tərəfindən iddiaçıya 37.000 manat məbləğində kreditin verilməsi barədə xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinin” bağlanması və həmin kredit üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddiaçıya məxsus mübahisəli mənzilinin ipoteka qoyulması barədə məlumatlar mövcuddur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Bankın “Xəzər filialının sabiq rəhbər işçilərinin əlbir olub öz qulluq səlahiyyətlərindən suiistifadə edərək bilə-bilə rəsmi sənədlərə və informasiya resurslarına yalan məlumatlar daxil etmələri, ayrı-ayrı vətəndaşların, o cümlədən iddiaçının adına kreditlərin verilməsi barədə saxta kredit və əmlakın girov qoyulması haqqında müqavilələri və sair sənədləri rəsmiləşdirmək yolu ilə külli miqdarda özgə əmlakını talamaları tam sübuta yetirilmişdir. Lakin qeyd edilən hökmdə Bankın ləğvedicisinin üzərinə xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsi” üzrə məlumatların bankın məlumat sistemindən silinməsi və mənzilin yüklülükdən azad edilməsi öhdəliyi qoyulmamışdır. Bu səbəbdən həmin məlumatların bank sistemindən silinməsi və mənzilin yüklülükdən azad edilməsi qeyri-mümkündür. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Cavabdeh Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia Rayon Məhkəməsi tərəfindən qismən təmin edilsə də, iddiaçı iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Bankın ləğvedicisi olan Fond şikayətində qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etsə də, şikayətin və Fondun nümayəndəsinin izahatının məzmunundan görünür ki, Fond qətnamənin yalnız iddianın təmin edilən hissəsini mübahisələndirir. Bu səbəbdən Məhkəmə, yalnız iddianın təmin edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığı yoxlayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarından (İş № 1(103)-1067/16) görünür ki, X18 və başqaları (hazırki iş üzrə cavabdeh) Cavabdeh ASC-nin Bankın “Xəzər” filialının müdiri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən sui-istifadə etməklə (hazırki iş üzrə iddiaçı) İddiaçı az miqdarda kreditin veriləcəyi və bundan artıq rəsmiləşdirilən məbləğin özləri tərəfindən ödəniləcəyini vəd edərək, guya, 37000 manat kreditin verilməsinə dair xx.xx.2009-cu il tarixli kredit sənədləri və xx.xx.2009-cu il tarixli xəzinə məxaric orderinin sonuncu tərəfindən imzalanmasını və mülkiyyətində olan (hazırki iş üzrə mübahisəli mənzil) Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, 1 saylı binanın 38-ci mənzilinin girov qoyulması barədə KX-004 №-li “İpoteka müqaviləsinin” bağlanmasını təmin etməklə 37.000 manat pul vəsaitini bütövlükdə filialın xəzinəsindən götürərək mənimsəmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə törətdikləri bu və başqa cinayət əməllərinə görə, Bankın “Xəzər” filialının keçmiş əməkdaşları olan X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1,3.2-ci, 313 maddəsi ilə, X11 CM-nin 179.3.2 maddəsi ilə, X14, X15 və X17 CM-in 32.5,179.3.2 maddəsi ilə, X16, X9, X24 və X4 CM-in 308.2 maddəsi ilə, X19 və X2 CM-in 308.1-ci maddəsi ilə müxtəlif cəzalara məhkum olunmuşlar. Həmin hökm apellyasiya qaydasında mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə hökm X11, X14, X15 və X13 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bankın ləğvedicisi olan Fond tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli (İş № 1(103)-1067/16 ) qərarında Bankın ləğvedicisinin üzərinə sözügedən kredit məlumatlarının sistem məlumatlarından silinməsi və kredit müqaviləsinin təminatı olan mənzilin yüklülükdən azad edilməsi öhdəliyi qoyulmamışdır. Bu səbəbdən mənzilin yüklülükdən azad edilməsinin mümkün deyildir. Məhkəmə, mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, MPM-nin 82-ci maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.). Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir (maddə 82.4.). Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Göstərilənləri nəzərə alan Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş hallara əsaslanaraq hesab edir ki, iddiaçının cavabdeh Bank qarşısında hər hansı öhdəliyi mövcud deyildir. İddiaçıya məxsus mübahisəli mənzil, cinayət yolu ilə Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, hazırki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilməyən hissəsi ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh Banka hər hansı borcu yoxdur. Belə olan halda Məhkəmə qeyd edir ki, kredit öhdəliyin təminatı kimi çıxış edən mənzilin yüklülüyünün saxlanılmasına əsas yoxdur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Göründüyü kimi, ipoteka hüququnun yaranması üçün əsas öhdəliyin mövcud olması zəruridir. Lakin yuxarıda qeyd olunduğu kimi, artıq qanuni qüvvəsini almış məhkəmə aktlarından da müəyyən edilir ki, iddiaçı Bank qarşısında üzərinə hər hansı borc öhdəliyi götürməmişdir. Belə olan halda hesab edilməlidir ki, iddiaçıya məxsus mübahisəli mənzilin ipoteka ilə yüklü qalmasının hüquqi əsası yoxdur; mənzil ipoteka yüklülüyündən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, bununla bağlı məhkəmə hökmündə müvafiq göstərişin olmaması, mənzilin yüklü qalmasının əsası kimi çıxış edə bilməz. Apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisinin – X1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Fond tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar