Məhkəmə qərarları › İş №2(103)-38/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-38/2020

16.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-38/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “magistral su xəttlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4217/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «magistral su xəttlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində «xxxx» ASC-yə məxsus 80 mm magistral su kəmərinin böyük hissəsinin üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, kəmərlərin mühafizə zonalarının boşaldılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4217/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı xxxx” ASC qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,«xxxx» ASC Bakı şəhəri üzrə rayonların o cümlədən Qaradağ rayonu ərazisindən keçən müxtəlif diametrli su və kanalizasiya kəmərlərinin, mərkəzi su anbarlarının və nasos stansiyalarının istismar olunmasına xidmət göstərir. Bunun üçün də “xxxx” ASC-nin balansında olan Bakı şəhəri, ünvan 1 ünvanında “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 80 mm olan magistral su kəmərinin üzərində fərdi yaşayış evi tikdirmişdir, bununla da su kəmərinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi pozulmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq məktubları göndərilmişdir. Lakin cavabdeh qanun pozuntusunu aradan aldırmamışdır. Qüvvədə olan 723-İQ nömrəli xx xxxxxxx 1999-cu il tarixli «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun, «Hidrotexniki qurğuların-təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanununun, “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatının”, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydalarının” və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının, həmçinin «2.04.02-84», «2.04.03-85» və “İİ-89-80» (AzDTN 2.6-1) saylı “İnşaat Norma və Qaydalarının” (SNİP) tələbləri X3 tərəfindən kobud surətdə pozularaq Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 80 mm olan su kəmərinin üzərində (mühafizə zolağında) qeyri-qanuni tikili inşa olunmuşdur.Belə ki, 723-İQ nömrəli xx xxxxxxx 1999-cu il tarixli «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin «a» bəndinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan 5 (beş) metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan qadağan edilir. AZDTN 2.6-1 saylı Azərbaycan Respublikasının Tikinti-Norma və Qaydalarına (14 saylı cədvəl), “İİ-89-80» saylı “İnşaat Norma və Qaydalarının” (CHnfl) (9 №-li cədvələ) əsasən bina və tikili özülünün su və kanalizasiya xətlərinə qədər olan məsafə 5 (beş) metr, hasarlara və su xətlərinin estokadalarına qədər isə olan məsafə 3 (üç) metr müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh X4 tərəfindən «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanunu və İnşaat Norma və Qaydalarının” tələbləri kobudcasına pozularaq, ünvan 2 ünvanında “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 80 mm olan magistral su kəmərlərinin üzərində fərdi yaşayış evi tikdirmişdir ki, bu da daim təhlükə mənbəyidir. Həmin d=80 mm diametrli magistral su kəmərləri cavabdehə məxsus tikilinin yerləşdiyi ərazidən (altından) keçdiyi üçün bu su kəmərinə işçilərinin hər hansı bir nəzarəti qeyri mümkündür. Nəzarət və profilaktik xidmət göstərilməyən su kəmərinin və kanalizasiya kollektorunun törədəcəyi fəsadlar insan həyatı və sağlamlığı üçün ağır nəticələrə səbəb ola bilər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi G.Ağadadaşov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayəti qətnamənin ləğvinə və iddia tələbinin təmin edilməsinə yönəldilmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən mübahisəli mənzilin cavabdehə məxsus olması, həmçinin onun istifadəsində, sərəncamında yaxud sahibliyində olması barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə ekspertiza tətqiqatının aparılması üçün lazımi şərait yaradılmadığından ekspertiza tətqiqatının aparılması mümkün olmamış və bununla bağlı akt tərtib edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən belə qənaətə gəlmişdir ki, “xxxx» ASC Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən 80 mm magistral su kəmərinin balanssaxlayıcı kimi məhz ona aid olmasını, hazırda işlək vəziyyətdə olmaqla həmin su kəməri vasitəsilə əhaliyə və digər istehlakçı qruplarına su təchizatının həyata keçirilməsini, cavabdeh tərəfindən inşa edilməsi qeyd edilən tikilinin (tikililərin) 80 mm magistral su kəmərinin təhlükəsizlik zonasına düşməsini, cavabdehlə və cavabdehin durumunda olan çoxsaylı digər vətəndaşlarla mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün müvafiq addımların atılmasını (magistral su xəttinin aidiyyəti olan vətəndaşların öz vəsaitləri hesabına digər əraziyə köçürülməsi və s. kimi) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçıya məhkəmə kollegiyası tərəfindən mübahisəli mənzilin kimə məxsus olması barədə sübutların təqdim edilməsi təklif olunsa da, tərəflərindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Kollegiya qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etsə də, həmin halları təstiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4217/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar