Məhkəmə qərarları › İş №2(103)-38/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-38/2023

10.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-38/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair” iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli, 2(010)-555/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ona məxsus olan torpaq sahəsində təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq yaşayış evinin tikintisinə icazə verilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və və Xəritəçəkmə Komitəsi tərəfindən Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Qaraçuxur Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 07 saylı qərarı ilə Cavabdeh istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün xx.xx.2008-ci il tarixində torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

3. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 303 saylı Sərəncamına əsasən Cavabdeh Qaraçuxur qəsəbəsində istifadəsində olan torpaq sahəsində rayon İcra hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq yaşayış evinin tikintisinə icazə verilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 28 mart 2022-ci il tarixli, 10/1663 nömrəli rəyinə əsasən, iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinin koordinatı ilə Cavabdeh apellyasiya şikayətində ona ayrıldığı qeyd edilən torpaq sahəsi üzrə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatların üst-üstə düşdüyü müəyyən olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR İddiaçı istifadəsində olan, Qaraçuxur qəsəbəsi, Şərq Y/S, ev 39 f, 1414254:4473197 koordinatlarında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin İddiaçı istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh SOCAR-ın “Azneft” İB neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Y/S, 39T 0414254:4473197 kordinatlarda yerləşən dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsini zəbt edərək orada özbaşına tikinti işləri aparmışdır. Torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, oorada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı, neftqaz əməliyyatları üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradır. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunur.

7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli qətnaməsi ilə (hakim Ramil Həsənov) iddia tələbi təmin edilmiş, “SOCAR İddiaçı istifadəsində olan, Qaraçuxur qəsəbəsi, Şərq Y/S, ev 39 f, 1414254:4473197 koordinatlarında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülərək həmin ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin “Azneft” İB-yə qaytarılması və 11 (on bir) manat məbləğində ödənilmiş dövlət rüsumuna dair xərcin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və və Xəritəçəkmə Komitəsi tərəfindən adına qanuni əsasla tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsünə əsasən Bakı şəhəri Qaraçuxur qəsəbəsinin “Şərq” yaşayış sahəsində yerləşən ümumi sahəsi 234 kv.m olan boş torpaq sahəsini 07 oktyabr 2009-cu il tarixli etibarnamə ilə X2 vermişdir. Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən verilmiş məktubdan göründüyü kimi etibarnamə verdiyi tarixdən sonrakı dövrdə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 303 saylı Sərəncamı ilə yaşayış evinin tikintisinə icazə verilməsi barədə Sərəncamı da verilib. "xxxx" MMC əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli akt tərtib edilən zaman o, orda olmuş, torpaq sahəsinə dair iddia etdiyi sənədləri təqdim etmişdr. Lakin həmin sənədlər iddia tərəfindən məhkəməyə təqdim edilməmişdir.

10. Apellyasiya baxışı zamamı X4 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

Azərbaycan Respublikası Mülki Məcəllə

16. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

17. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmamalıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, xx.xx.2015-ci il tarixdə SOCAR “Azneft” İB-nin qanuni istifadəsində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Y/S ev 39 f 1414254:4473197 koordinatlarda yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən zəbt edilməsi və özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh mübahisəli torpaq sahəsinə dair heç bir bir mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Bu barədə akt tərtib olunmuşdur. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyən edici sənədi yoxdur. Mübahisəli tikili isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə qətnaməsini əsaslandırarkən mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi və özbaşına olaraq tikinti işlərinin aparılmasına istinad edərək qiymət verməkdə haqlı olmamışdır.

29. Belə ki, iddiaçı ona məxsus olan torpaq sahəsində təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq yaşayış evinin tikintisinə icazə verilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir.

30. Azərbaycan Respublikası Dövlət Torpaq və və Xəritəçəkmə Komitəsi tərəfindən Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Qaraçuxur Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 07 saylı qərarı ilə Cavabdeh istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün xx.xx.2008-ci il tarixində torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

31. Bakı Şəhəri Suraxını Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 303 saylı Sərəncamına əsasən Cavabdeh Qaraçuxur qəsəbəsində istifadəsində olan torpaq sahəsində rayon İcra hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq yaşayış evinin tikintisinə icazə verilmişdir.

32. İş materiallarında olan sənədlərlə torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməməsi sübuta yetirilir.

33. Bundan başqa iddia ərizəsində cavabdehin həmin torpaq sahəsində iddiaçıya neft-qaz əməliyyatları üzrə fəaliyyətin həyata keçirilməsinə mane olduğu qeyd edilsə də, iddiaçı bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)- 6844/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 cavabdehlər X5 və X6 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar