Məhkəmə qərarları › İş №2(103)-3803/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3803/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3803/2023 31.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-283/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 600 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 630 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi barədə iddiasının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-283/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883, 897, 922, 926. 936, 1096, 1097, 1108; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25; Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 107. 119, 185, 217; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından Cavabdeh1 baş vermiş yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilindiyi görünür. Hansı ki, 332.1-ci maddədə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Elə iddiaçı "xxxx" ASC də məhz bu əsasla – “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsinin həmin şəxsə qarşı subroqasiya hüququ yaratması əsası ilə tələbini bu cavabdehə qarşı yönəltmişdir. Halbuki həmin maddədə avtomobilin buna “hüququ olmayan şəxs” tərəfindən idarə edilməsindən söhbət gedir. Məhkəmə hesab edir ki, “hüququ olmayan şəxs” dedikdə avtomobili etibarnaməsiz idarə edən şəxs yox, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən şəxs nəzərdə tutulur. Ona görə ki, nəqliyyat vasitəsini idarə etmək üçün zəruri nəzəri və təcrübi biliyə malik olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır və son nəticədə sığortaçını üçüncü şəxslərə qarşı mülki məsuliyyət qarşısında qoyur. Bu səbəbdən qanunvericilik zəruri nəzəri-təcrübi biliyə malik olmadan nəqliyyat vasitəsini idarə edən şəxslərin hərəkətlərinin maddi yükündən sığortaçını müdafiə etmək məqsədi ilə nəqliyyat vasitəsini idarə etməyə “hüquqi olmayan şəxs”lərin vurduğu zərərə görə sığortaçıya subroqasiya hüququ vermişdir. Göründüyü kimi qanunvericiliyin güddüyü məqsədlər baxımından “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsi idarə etmək üçün zəruri nəzəri-təcrübi biliklərə malik olmayan şəxs nəzərdə tutulur ki, bu biliklərin olduğunu təsdiq edən yeganə sənəd sürücülük vəsiqəsi olduğundan yalnız bu vəsiqəsinin yoxluğu sürücünü nəqliyyat vasitəsi idarə etməyə hüququ olmayan şəxs hesab etməyə əsas verə bilər. Bunun əksinə, nəqliyyat vasitəsini idarə etmək üçün şəxsə verilmiş etibarnamə onun nəqliyyat vasitəsi idarə etmək hüququnu təsdiq etmədiyindən belə bir etibarnamənin yoxluğu da şəxsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsi baxımından nəqliyyat vasitəsi idarə etməyə hüququ olmayan şəxs hesab etməyə əsas vermir. Hazırkı işdən görünür ki, Cavabdeh1 hadisə baş verdiyi vaxt sürücülük vəsiqəsi olduğundan o, 25.1.3-cü maddənin mənası baxımından nəqliyyat vasitəsi idarə etməyə hüququ olmayan şəxs hesab edilə bilməz. Belə olan halda iddiaçı "xxxx" ASC-nin həmin cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, bu hüquqa əsaslanaraq həmin cavabdehə qarşı qaldırılmış iddia əsassızdır. Digər Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC bu cavabdehə qarşı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsi ilə əsaslandırmışdır. Hazırkı iş üzrə Cavabdeh2 avtomobilin mülkiyyətçisi olduğundan onun yüksək təhlükə mənbəyinə sahibliyinin hüququ əsasını mülkiyyət hüququ təşkil edir. Lakin məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobilə sahibliyinin maddi şərti təmin olunmamışdır. Belə ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 avtomobili uzun müddət əvvəl “satdığı”nı və həmin vaxtdan avtomobilin harada olmasından məlumatı olmadığını, hətta avtomobillə bağlı axtarış verilməsi üçün müvafiq orqana müraciət etdiyini bildirmişdir. Məhkəmə tərəfindən həmin avtomobillə bağlı axtarış verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqana sorğu ilə müraciət edilmiş, avtomobillə bağlı iki dəfə axtarış verildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 yüksək təhlükə mənbəyi olan avtomobil üzərində sahibliyinin maddi şərti təmin olunmamışdır. Belə ki, o, yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmamış, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmamış və ondan yararlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 Mülki Məcəllənin 1108-ci maddəsi baxımından avtomobilin sahibi hesab edilə bilməz. Odur ki, həmin cavabdehə də qarşı yönəlmiş tələbin təmin edilməsi istisna edilir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - xx.xx.2020-ci il tarixli sığorta ödənişin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından məlum olur ki, plastik kart X2 təhvil verilmişdir. Hesabdan çıxarışdan görünür ki, həmin kart hesabına 600 manat məbləğində pul köçürülmüşdür; - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından məlum olur ki, ünvan 1 ünvanında yerləşən, X1 məxsus kioska bərpa üçün lazım olan materiallara 276 manat, işçilik üçün 324 manat olmaqla, ümumilikdə 600 manat məbləğində ziyan dəymişdir; - Bakı şəhəri Suraxanı rayon DYPŞ Yol Patrul Xidməti baş inspektoru X8 tərəfindən tərtib edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan məlum olur ki, xx.xx.2020-ci il tarixdə, saat 20:50-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsini törədən “VAZ 21013” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2, hadisə baş verdiyi anda avtomobili idarə edən isə Cavabdeh1dur; - xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir; - xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən “VAZ 21013” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır; - PXA72417 nömrəli sığorta aktından məlum olur ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş ünvan 1 ünvanında yerləşən obyektə dəymiş zərərə görə 600 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 44-7/2-2461 nömrəli məktuba əlavə edilmiş “VAZ 21013” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışda olması ilə bağlı Azərbaycan Respublikası DİN BDYPİ-nin X3 qeydə alınmış məlumat barədə kompüter çıxarışından məlum olur ki, “VAZ 21013” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə “Diqqət! Nəqliyyat vasitəsi saxlanılsın və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilsin” qeydi ilə, xx.xx.2022-ci il tarixdə “Diqqət! Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmışdır” qeydi ilə axtarışa verilmişdir (iş.səh. 13, 16, 17, 22, 23, 25, 26, 82). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2023-cü il 2(010)- 283/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına və apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.3, 1108.1; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27, 37; İnzibati Xətalar Məcəlləsinin 332; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3, 25.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, icbari qaydada sığortalanmış “VAZ 21013” markalı, **-KB-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində digər şəxsə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə uyğun olaraq cərimə edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi dedikdə sürücülük vəsiqəsini, etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini özündə saxlaması deməkdir. Qeyd olunan maddədə yalnız əmlakı idarə etmək deyil, həm də istifadə edilməsi və istismar edilməsi nəzərdə tutulmuşdur. İstifadə edilməsi dedikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan yəni sürücülük vəsiqəsi olan, lakin etibarnamə olmadan avtomobilin idarə olunması kimi başa düşülür. Bundan başqa qeyd olunan maddənin dispozitiv şərtində həmçinin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakdan istifadə edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır müddəası da yer almışdır ki, bu halın sübut olunması isə əmlakı istifadə etməyə hüququ olmayan şəxsin üzərinə düşür. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 avtomobili etibarnamə ilə satdığını, etibarnamənin müddəti bitdikdən sonra Baş X10 İdarəsinə gedərək avtomobil etibarnaməsiz idarə edilməməsi üçün ərizə yazdığını, sığorta şəhadətnaməsində sığortalı kimi qeyd edilmiş Əziz Hacıyevi tanımadığını bildirmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883, 885, 911-913, 922-927, 935; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 216-220, 227, 233, 358-360; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4, 13, 15-18, 25-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri (təkzibedilməz sübutlarla təsdiq edilmədiyindən) birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanununun, sığortaçının mülki məsuliyyətin icbari siğortası üzrə verdiyi siğorta ödənişi məbləğində siğortalıya və (və ya) müvafiq hallarda siğorta olunana qarşı subroqasiya hüququnun yaranmasına əsas olan və iddiaçının istinad etdiyi 25.1.3-cü maddəsinə əsasən icbari siğorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən siğortalının və ya siğorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddiaçı avtomobilin cavabdehin istifadəsinə verilməsinə dair etibarnamənin mövcud olmaması əsası ilə həm faktiki idarə edəndən, həm də mülkiyyətçidən subroqasiya qaydasında pul tələb edir. Cavabdeh1 hadisə baş verdiyi vaxt sürücülük vəsiqəsi olduğundan o, “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin mənası baxımından nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan şəxs hesab edilə bilmədiyindən, sığortaçının mülki məsuliyyətin icbari siğortası üzrə verdiyi siğorta ödənişi siğortalıya və (və ya) müvafiq hallarda siğorta olunana qarşı subroqasiya hüququnun yaranmasına əsas yaratmır.

10. Qeyd edilənlərdən görünür ki, apellyasiya şikayəti əsassızdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci iddiaçıya aid edilməlidir. Həmçinin izah edilir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğundan, hazırkı iş üzrə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-283/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar