Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3810/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsindən isitifadə edərkən kommunal ödənişlərin ödənilməsi) Bakı şəhəri, 23 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Xüsusi Təyinatlı Gəmilər Divizionunun komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş, həmin vəzifədə xidmət edərkən N saylı hərbi hissənin mənzil komissiyasının xx.xx.2016-cı il tarixli, 10 saylı protokol qərarına əsasən Bakı şəhəri, Qaradağ rayonu,”Puta “ hərbi şəhərciyində yerləşən 57/4 saylı evin 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzillə təmin olunmuş və ailə üzvləri (arvadı X2 və xx.xx.2005-ci il, xx.xx.2009-cu il, xx.xx.2013-cü il təvəlüdlü 3 övladı) ilə birlikdə hazırkı vaxtadək həmin mənzildə yaşayır. Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri ilə mayor Cavabdeh2 Nazirliyin şəxsi heyət baş idarəsinin ideoloji iş və mənəvi-pzixoloji təminat idarəsinin sosial müdafiə və hərbi intizamın təhlili şöbəsinin müdafiə bölməsinin baş zabiti vəzifəsinə təyin olunmuş və Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ ilə) ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli əmri ilə o, şəxsi heyətin siyahısından və bütün təminatlardan çıxarılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, ”Puta“ hərbi şəhərciyində 57/4 binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzilin komunal xidmətlərinə görə yaranan 529,52 (beş yüz iyirmi doqquz) manat 52 (əlli iki) qəpik borcun cavabdehlərdən tutulub Dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 50 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşayarkən 2022-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün kommunal xidmətlərinə görə (elektrik enerjisi, su, isti su, kanalizasiya, istilik energisi və məişət tullantılarının daşınması) 529,52 manat borcu yaranmış, tələb olunmasına baxmayaraq həmin borcu ödəməmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-155/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Həşimova) iddia təmin olunmuşdur.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2, 18, 2.1, 135, 136.2, 137.8-137.10-cu, Mülki Məcəllənin 286.1, 1091, 1092-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kommunal xidmət haqlarını ödəməkdən imtina etmir, lakin bir şərtlə ki, bu ödəniş qanunvericiliyə uyğun olmalı və aidiyyəti təşkilata ödənilməlidir. İddiaçı hüquqi şəxs deyildir, onun məhkəmədə iddia qaldırmaq səlahiyyəti yoxdur. İddia Müdafiə Nazirliyinin adından qaldırılmadığı üçün həmin etibarnamə ilə A.Zeynalovun nümayəndə kimi tanınması da qanunvericiliyin tələblərinə zidd bir haldır. Onunla Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi arasında xidməti yaşayış sahəsindən istifadəyə, o cümlədən kommunal xidmət haqlarının ödənişinə dair hər hansı müqavilə bağlanmamışdır. Öz təşəbbüsü ilə müvafiq müqavilənin bağlanması barədə hərbi hissəyə müraciət etsə də, müraciəti cavabsız qalmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh və digər digər cavabdehin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 10.İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
11. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 12.Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. 13.Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil qanunvericiliyinə əsasən yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. 14.Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 15.Maddə 135.2.Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; mənzil- tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 16.Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir:. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq;. kommunal xidmətlərə görə haqq. 17.Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 18.Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 19.Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 22.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 23.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Apellyasiya baxışının hədləri
24.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 25.Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 27.İşin mübahisələndirilməyən hallarına əsasən “Puta “ hərbi şəhərciyində yerləşən 57/4 saylı evin 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı 50 saylı mənzili xüsusi təyinatlı yaşayış sahəsidir və cavabdeh N saylı hərbi hissənin mənzil komissiyasının xx.xx.2016-cı il tarixli, 10 saylı protokol qərarına əsasən həmin mənzildə yaşayır. Tərəflər arasında kommunal xidmətlərdən istifadəyə görə müqavilə bağlanmasa da, cavabdehlər mənzilə köçüb yaşadıqları vaxdan bu günədək faktiki olaraq bütün kommunal xidmətlərdən istifadə edirlər. 28.Cavabdeh nə birinci, nə də apellyasiya baxışı zamanı kommunal xidmətlərdən istifadə etməsini və yaranmış borcu mübahisələndirməmiş, borcu ödəməkdən yayınmadığını bildirmişdir. Cavabdeh sadəcə iddiaçı ilə aralarında müqavilə bağlanmadığına əsaslanaraq borcun iddiaçıya ödənilməsinin qanunsuz olduğunu bildirməklə iddiaya etiraz etmişdir. 29.Birinci instansiya məhkəməsi isə tərəflər arasında müqavilə bağlanmasa da, mənzildən faktiki olaraq cavabdehlərin istifadə etdiyini və kommunal xidmətlərə görə borcun mövcudluğunu əsas gətirərək cavabdehlərin hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətləndirmiş və iddianı təmin etmişdir. 30.Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 31.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 32.X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. 33.Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. 34.Baxılan iş üzrə cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçının balansında olan mənzildə yaşamış, kommunal xidmətlərdən istifadə etmiş və nəticədə 11 oktyabr 2022-ci il tarixli arayışa əsasən 2022-ci ilin mart - sentyabr ayları üçün komunal xidmətlərinə görə (elektrik enerjisi, su, isti su, kanalizasiya, istilik energisi və məişət tullantılarının daşınması) görə 529,52 manat borcu yaranmışdır. 35.Apellyasiya şikayətinin iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh iddiaçının balansında olan mənzildə yaşadığından iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Bundan əlavə tutulmalı olan borcun iddiaçının deyil, dövlətin büdcəsinə ödənilməsi tələb olunmuşdur.
36. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
37. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 38.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh2 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 01 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.