Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3811/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı ASC-nin buna səlahiyyətli olan nümayəndəsi cavabdehə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən sudan istifadəyə görə yaranmış 715,34 manat borcun (abonent kodu: **********010) və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərcin əvəzinin iddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 42065923 saylı müqaviləyə əsasən cavabdehə məxsus və Bakı şəhəri, Sabunçu rayonu, X5 küçəsində yerləşən 326 saylı fərdi yaşayış evi su ilə təchiz edilmişdir (abonent kodu: **********010). Cavabdeh əhali qrupu abonentinə aiddir. Həmin ünvana ASC tərəfindən CSS-20 markalı, 19103845 nömrəli sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. Ötən dövr ərzində istifadə etdiyi suya görə cavabdehin xx.xx.2023-cü il tarixinə ASC-yə 715,34 manat məbləğində borcu yaranmışdır. ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə sadələşdirilmiş icraat qaydasında baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 5.2, 59.3, 61, 62; “Sudan istifadə” qaydalarının 2.1.5, 4.1.3, 7.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 284-5.3, 284- 6.1-ci maddələrinin tələblərinə istinad edərək qeyd etmişdir ki, cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bunun nəticəsində **********010 nömrəli abonent olan cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməsinə görə iddiaçı ASC-ə 715,34 manat məbləğində borcu yaranmışdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hər ay sərf etdiyi suyun dəyərini ödəmişdir. Borc məbləği sayğacda baş vermiş texniki nasazlıq nəticəsində yaranmışdır. İddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
7. Məhkəmə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq işə yazılı icraat qaydasında deyil, şifahi icraat qaydasında baxmışdır.
8. Apellyator olan cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
9. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı ASC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ASC tərəfindən cavabdehə su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, cavabdehə məxsus ev su ilə təchiz edilmişdir. Bununla bağlı olaraq cavabdehin yaşadığı ünvana xx.xx.2019-cu il tarixdə su sayğacı quraşdırılmışdır.
12. İddiaçı ASC bildirir ki, cavabdeh ona olan 715,34 manat borcu ödəmədiyi üçün o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Apellyasiya şikayətində isə cavabdeh bildirir ki, Rayon Məhkəməsi onun iddiaçıya olan borcunun hansı əsasla yaranmasını araşdırmamışdır.
14. Bununla bağlı Məhkəmə bildirir ki, işin qeyd olunan hallarından göründüyü kimi ASC tərəfindən cavabdehə (abonent kodu **********010) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir.
15. İddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə xidmət müqaviləsi bağlanmışdır, ailə üzvü 4 nəfərdir. Həmin abonent kartından cavabdehin yaranmış yekun borcunun 715,34 manat olduğu görünür.
16. Məhkəmə bildirir ki, qeyd edilən borc cavabdehin ünvanında quraşdırılmış sayğac vasitəsi ilə və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qəbul etdiyi Qərarlarına əsasən hesablandığından qeyd edilən borcun məbləğinin əsassız, şişirdilmiş olmasını sübut etmək yükü MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən artıq cavabdehin üzərinə düşür. Lakin, cavabdeh, iddiaçı ASC-yə borcunun olmamasını və ya borcun yuxarıda qeyd edilən məbləğdən daha az olmasını təsdiq edə biləcək sübutları (məsələn: müvafiq ödəniş qəbzini (qəbzlərini)) məhkəmələrə təqdim etməmişdir.
17. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətində göstərilmiş cavabdehin dəlili formal mülahizə xarakteri daşımaqla əsassızdır.
18. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər (maddə 550.). Əgər Mülki Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir (maddə 551.1.). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (maddə 551.2.1.).
19. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır (maddə 61.; bənd 1.). Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır (maddə 62.).
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” tələblərinə görə, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir (bənd 4.1.3.). Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır (bənd 7.4.).
21. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manatdır.
22. Şuranın xx.xx.2016-cı il tarixli qərarına əsasən isə, əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manatdır.
23. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi fərdi istehlakçı olan cavabdeh iddiaçı ASC tərəfindən verilən sudan istifadənin əvəzini ödəmək vəzifəsini daşıyır. f) apellyasiya baxışının nəticəsi
24. Belə olan halda apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Şərh edilənləri nəzərə alan Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
28. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.