Məhkəmə qərarları › İş №2(103)-3812/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3812/2025

05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3812/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3812/2025 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı, Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1643/2025 nömrəli 14 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki Rayon Məhkəməsinin 1(075)-3/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun ona izah edilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi hökm edilmişdir.

2. Şəki Rayon Məhkəməsinin 1(075)-3/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Şəki Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 4(075)-13/2023 nömrəli qərarından görünür ki, əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmaqla İddiaçı barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə bəraət verilməsinə dair Şəki rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(075)-3/2024 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 2271/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya protestinin təmin edilməməsi, İddiaçı barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1(107)-178/2024 nömrəli qərarının verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində ona dəymiş olan 20.000 manat maddi zərərin, 50.000 manat mənəvi zərərin və ödənilmiş 300 manat pulun cavabdehdəndən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı Oğuz rayonu, Bayan kənd sakini Vüsal ilə cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuş, təxminən 1 il Vüsal ilə bir müəssisədə cəza çəkmişdir. Azadlığa çıxandan sonra Vüsal ilə dostluq əlaqəsi olmuşdur. Vüsal arabir Şəki şəhərinə gəlirdi, zəng edib görüşürdülər, oturub çay içib söhbət edirdilər. Təxmini olaraq tutulmamışdan bir ay qabaq Vüsal 150 manat borc pul istəmişdir. O, dost- tanışlardan 60 manat pul götürüb Vüsala vermişdir. 19 fevral 2023-cü il tarixdə Vüsal ona zəng edib pulu hazırladığını bildirmiş, o da mərc oyunları oynadığından özünün adına olan LeoBank tərəfindən verilmiş kartının nömrəsini Vüsalın mobil telefonunun Whatsapp proqramına yazıb bildirmişdir ki, pulu həmin karta yükləsin. Vüsal da pulu həmin karta yükləmişdir. 20 fevral 2023-cü il tarixdə polis əməkdaşları onu və Vüsalı Şəki şəhərində olan Salman Mümtaz küçəsində yerləşən kafedən götürərək Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən Vüsala narkotik vasitə satmasını etiraf etməsi barədə ifadə verməsi üçün polis əməkdaşları tərəfindən təsirtəzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları onun əllərini aralı vəziyyətdə bağlayıb, əllərini ayaqlarına keçirib bel (lapatka) sapı olan taxtanı əllərinin arasına keçirməklə onu stolların üstündən asaraq uzun müddət ona işgəncə vermişlər. İddiaçıya qarşı edilmiş işgəncələrə baxmayaraq Vüsala narkotik vasitə satmadığını ibtidai istintaq zamanı verdiyi ifadəsində də, bildirmişdir. İş üzrə birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 İddiaçı adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışda qeyd olunmuşdur ki, İddiaçı Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “Hər iki diz nahiyyəsinin arxa səthində qartmaqlaşmış sıyrıqlar, hər iki ovuc nahiyyəsində qançır” xəsarətləri aşkar edilmişdir. Həmin hökmdən görünür ki, məhkəmə-tibb ekspertizasının 03 avqust 2023-cü il tarixli 505 nömrəli rəyində qeyd olunmuşdur ki, İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilmədi. Tibbi sənədlərdəki qeydlərə əsasən onun hər iki əllərinin səthlərində qançırlar və hər iki diz oynaqlarının arxa səthlərində sıyrıqlar olmuşdur. Hər iki nahiyyələrdə olan xəsarətlər küt alətlər təsirindən əmələ gəlmişlər, tibbi sənədlərdə xəsarətlərin xarakteri tam və hərtərəfli təsvir olunmadığındığı üçün xəsarətlərin yetirilmə müddətlərini dəqiq müəyyən etmək mümkün deyildir, həbs olunma ərəfələrində yetirilə bilməsi inkar olunmur, hər iki dizlərinin arxasında olan xəsarətlər zərərçəkənin göstərdiyi şəraitdə yetirilə bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Həmin hökmdən görünür ki, Şəki Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 4(075)-13/2023 nömrəli qərarına əsasən əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmaqla İddiaçı barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə araşdırılma aparıldıqdan sonra Şəki Rayon Məhkəməsinin 1(075)-3/2024 saylı, xx.xx.2024-cü il hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ izah edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir Daha sonra həmin qərardan apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş,İddiaçı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə bəraət verilməsinə dair Şəki rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(075)- 3/2024 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya protesti verilmiş, Azərbaycan RespublikasıAli Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 1(107)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı 20 fevral 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 326 gün təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində həbsdə qalmış, tutulduğu vaxt olan ibtidai istintaq dövründən yekun kassasiya icraatı daxil olmaqla ümumi 666 gün keçmiş, yekun olaraq xx.xx.2024-cü il tarixdə Ali Məhkəmənin qərarı ilə bu işə yekun vurulmuşdur. İddiaçı 326 gün X2 istintaq təcridxanasında saxlanılan zaman 13 nəfər 24m2-lik otaqda saxlanılmış, yer olmadığı üçün o, məcbur olaraq yerdə yatmış, bu da onun səhətində ciddi problemlərin yaranmasına gətirib, çıxarmışdır. İddiaçı heç bir qanuni əsas olmadan insanın ən ali arzusu, ən ülvi istəklərindən olan azadlıqdan məhrum olub, 326 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. İddiaçı həbsdə olduğu müddətdəəsəb, stres, gərginlik yaşamış, daha sonra isə saxlanıldığı yerin şəraitsiz olması səbəbindən böyrəkləri daxil olmaqla daxili orqanlarında müəyyən ciddi xəstəliklər aşkarlanmış, bu səbəbdən hələ də onun müalicə davam edir. İddia ərizəsinə əlavə etdiyimiz xx.xx.2024-cü il tarixli, Uroloji USM analiz nəticəsindən görünür ki, İddiaçı hər iki böyrəyində KLS genişlənməsi, sidik qalıqları, kalsinatlar var, sol böyrəkdə hipesvaskulyarizasiya, orta strukturun pozulması, sistit əlaməti mövcuddur. İddia ərizəsinə əlavə etdikləri digər xx.xx.2024-cü il tarixli, Üst Abdomen USM analiz nəticəsindən görünür ki, İddiaçı qaraciyər, öd kisəsi, mədəaltı vəzi və dalağında HEPATOZ, METEORİZM mövcuddur. İddia ərizəsinə əlavə etdikləri digər xx.xx.2024cü il tarixli, qan analiz nəticəsindən görünür ki, İddiaçı qan analizi meyarları bəzilərində normadan yuxarı, bəzilərində normadan aşağı vəziyyətdədir. İddia ərizəsinə əlavə etdikləri xx.xx.2024-cü il tarixli, Uroloji USM analiz nəticəsindən görünür ki, İddiaçı sol böyrəkdə KLS genişlənməsi, sidik qalıqları, orta strukturun pozulması, hipesvaskulyarizasiya mövcuddur. İddia ərizəsinə əlavə etdikləri xx.xx.2024-cü il tarixli, Uroloji USM analiz nəticəsindən görünür ki, İddiaçı hər iki böyrəyində duz kristalları, sol böyrəkdə KLS genişlənməsi, sidik qalıqları, hipesvaskulyarizasiya mövcuddur. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı müalicəsi üçün dərmanlara xx.xx.2024-cü il tarixdə 52.54 AZN, xx.xx.2024cü il tarixdə 11.50 AZN, xx.xx.2024-cü il tarixdə 2.88 AZN, xx.xx.2024-cü il tarixdə 5.15 AZN, xx.xx.2024-cü il tarixdə 17.10 AZN, xx.xx.2024-cü il tarixdə 61.26 AZN, xx.xx.2024-cü il tarixdə 17.20 AZN pul xərcləmişdir. İddia ərizəsinə əlavə edilmiş həkim reseptlərindən görünür ki, müxtəlif vaxtlarda İddiaçı müalicəsi üçün həkimlər ona müalicə üçün dərmanlar prepatları qəbul etməsini tövsiyə etmişlər. Bundan başqa, tutulduğu ana qədər gündəlik 40-50 manat qazanc əldə etməklə qeyri-rəsmi olaraq fərdi əmək fəaliyyəti ilə göstərərək əldə etdiyi pulla dolanmışdır. Təbii ki, həbsdə saxlandığı bütün müddət ərzində həmin qazancından məhrum olmuşdur. Beləliklə, cinayət prosesini həyata keçirən orqanların səhvi və suiistifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmış, uzun müddət qapalı şəraitdə saxlanıldığından səhhətində ciddi problemlər yaranmış və hazırda müalicəyə ehtiyacı vardır. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində 326 gün həbsdə saxlanılaraq azadlıq hüququndan məhrum edilməsi onda son dərəcə inamsızlıq, narahatlıq, məyusluq hissləri keçirməyinə, streslər, əzab və əziyyətlər yaşamasına, xəstəlik tapmasına bilavasitə qaçılmaz səbəb olmuşdur. Bu hərəkətlər onun, həmçinin fiziki və mənəvi sarsıntılar keçirməyini labüd etmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində onun həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması mübahisəsizdir. Eyni zamanda qanunsuz olaraq onun polislər tərəfindən tutulması, qondarma bir maddə ilə onun 326 gün həbsdə saxlanması, daha sonra isə tutulduğu tarixdən yekun məhkəmə qərarına qədər keçmiş 666 gün ərzində onun şərəf və ləyaqəti alçadılmış, ətrafında olan şəxslərin ona qarşı mənfi yanaşmasına səbəb olmuşdur. Hazırda barəsində cinayət təqibi üzrə icraat qurtardığindan cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 aprel 2025-ci il tarixli 2(006)-1643/2025 nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 11.000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi qət edilmişdir.

8. Məhkəmə iddiaçıya vurulmuş maddi ziyanla bağlı hesab etmişdir ki, iddiaçı ona 20000 manat maddi ziyanın vurulduğunu, həmçinin qətnamə icra olunan günə kimi hər ay üçün aylıq qazancını nəzərə alınmaqla ümumi məbləğin ona ödənilməsini tələb etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz.

9. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, iddiaçı X2 istintaq təcridxanasında saxlanılan zaman onun səhhətində ciddi problemlərin yarandığını və bunu Şəki Rayon Mərkəzi Xəstəxanasının analizlərinin təsdiq etdiyini bildirsə də, səhhətindəki problemlərin istintaq təcridxanasında olan pis şərait səbəbindən və məhz orda saxlanıldığı müddətdə yarandığına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.

10. Mənəvi ziyana münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində 10 ay 20 gün müddətinə həbs qətimkan tədbirinin tətbiq edilməsi, həmin müddət ərzində onun ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.

11. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 11 x 1000 = 11.000 manat həcmində (10 ay 20 gün yuvarlaqlaşdırılaraq) təmin olunmasını ədalətli hesab etmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsi, Mülki Məcəllənin 1101.1, 1101.2, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlıməhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 11.000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edirlər ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət- Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 11.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 28, İİİ hissə. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

18. Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

19. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.

20. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

21. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

22. Maddə 7. 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

25. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 10 ay 20 gün müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Bu müddət ərzində qanunsuz olaraq qətimkan tədbirinin tətbiq edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.

35. Seçilmiş qəti-imkan tədbirinə görə iddiaçının sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçə bilmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək kimi imkanları olmamışdır.

36. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.

37. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

38. Mənəvi ziyana görə kompensasiyanın məbləğinə münasibətdə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, 11000 manat tutulmasını (10 ay 20 gün yuvarlaqlaşdırılaraq 11 x 1000=11000) ağlabatan hesab edir.

39. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1643/2025 nömrəli iş üzrə 14 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar