Məhkəmə qərarları › İş №2(103)-3816/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3816/2020

16.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3816/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X19 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin hüquqi varisi X5, Cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinə və Bakı şəhəri 12 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-972/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Kontoruna və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı (X9 və Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində yerləşən 47 saylı evin 13 saylı mənzilinə dair bağlanmış xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının anası Cavabdeh1 xx xxxxx 2013-cü il tarixdə X9 ilə kredit müqaviləsi bağlayaraq ondan 50000 manat borc götürmüş, borcun qaytarılmasının təminatı kimi Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində yerləşən 47 saylı evin 13 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin ünvanda böyüyüb boyabaşa çatmasına və həmin mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq, ipoteka müqaviləsi bağlanarkən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Bakı şəhəri 12 saylı Notariat Kontoruna həmin mənzildə qeydiyyatda olan şəxslər barədə saxta arayış vermiş, arayışda onun adını göstərməmişdir. Nəticədə onun razılığı olmadan qeydiyyatda olduğu və yaşadığı mənzil qanunsuz olaraq ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə X3 iddia tələbi təmin edilərək X9 ilə Cavabdeh1 Ağa qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun cavabdehin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 47 saylı evin 13 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzilin boşaldılması qət edilmişdir. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində o yaşadığı mənzildən məhrum olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-972/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin hüquqi varisi X11 və cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin nümayəndəsi X12 ayrı-ayrılıqda apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı, habelə digər cavabdehlər Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı, habelə digər cavabdehlər Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin hüquqi varisinin və cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx xxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçının anası Cavabdeh1 Ağa qızı X1 50000 manat məbləğində borc götürmüş, kreditin qaytarılmasının təminatı kimi həmin gün bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Ağa qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ünvan 1 mənzil 13-də qeydiyyatda olan X10 və X6 notariusa ünvanlanmış ərizələrinin surətindən görünür ki, onlar qeydiyyatda olduqları mənzilin ipotekaya qoyulmasına etiraz etmədiklərini bildirmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(004)-1904/2017 saylı qətnaməsi ilə iddiaçı X3 Cavabdeh1 Ağa qızına qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər X4 və Cavabdeh1 Ağa qızına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(004)-9345/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cəlal oğlunun cavabdehlər Cavabdeh1 Ağa qızına və X4 qarşı (Bakı şəhəri Yasamal RİH Mənzil Kommunal Təsərrüfatı Birliyi 40 saylı MKİS müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən İddiaçı ünvan 2 mənzil 13 ünvanında qeydiyyatdadır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2018-ci ildə ölmüşdür. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarxli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X11 X3 qanun üzrə vərəsəsi kimi tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında qeyd olunan ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, bu səbəbdən, ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar olmadığına görə birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bundan əlavə, iddiaçı iddia tələbini özünün xəbəri və razılığı olmadan həmin mənzilin ipoteka ilə yüklü edilməsi və buna görə də qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə əsaslandırsa da, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmiş ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı cavabdehləri və iddia tələbinin əsasını dəyişməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd olunan xx xxxxxx 2017-ci il tarixli 2(004)-9345/2017 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 Ağa qızına və X4 qarşı iddia tələbini yalnız ipoteka müqaviləsi bağlanarkən onun razılığının alınmaması ilə əsaslandırsa da, cavabdehlər Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Kontoruna və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı irəli sürdüyü məzmunu azca dəyişilmiş hazırkı iddia tələbini 40 saylı MKİS rəisinin mənzildə qeydiyyatda olan şəxslər barədə saxta arayış verməsi nəticəsində ipoteka müqaviləsi bağlanarkən onun razılığının alınmaması ilə əsaslandırmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-972/2020 saylıqətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar