Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-382/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçının vəkili Ümman Salehzadənin, İlk iddia üzrə Cavabdeh və onun nümayəndəsi Mərziyyə Quliyevanın iştirakı ilə, İlk İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilmiş su çəninin cavabdehin hesabına sökülməsi və açılmış qapının sökülüb tam bağlanması” tələbinə dair ilk, Cavabdeh İddiaçı və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hamam-tualet otaqlarının sanitar normalara uyğun evlərindən kənar məsafəyə köçürülməsi, həyətyanı navesin cavabdehin hesabına sökülməsi və qanunsuz özəlləşdirilmiş torpaq sahəsinin mülkiyyət hüququnun ləğv olunması” tələbinə dair 2(003)-44/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin onun istifadəsində olan giriş-çıxış yoluna (dalana) qanunsuz açdığı qapının sökülüb tam bağlanması və həmin qapının qarşısındakı pilləkənin cavabdehin hesabına sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz açılmış qapının cavabdehin hesabına sökülüb tam bağlanması, su çəninin giriş-çıxış yolundan götürülməsi, tullantıların giriş-çıxış yolundan cavabdeh tərəfindən təmizlənməsi və tullantıların giriş-çıxış yoluna tökülməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ilk iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin onun “istifadəsində olan giriş çıxış yoluna (dalana) qanunsuz açdığı qapının sökülüb tam bağlanması və həmin qapının qarşısındakı pilləkənin cavabdehin hesabına sökülməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddiasını onunla əsaslandımışdır ki, ünvan 1 ünvanının mülkiyyətçisidir. Qonşuluğunda yaşayan cavabdeh qeyri-qanuni olaraq tikinti-inşaat işləri aparmış, təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq evinin giriş darvazasının tam önündə rahatlığını pozan, normal giriş-çıxış yolunun qarşısında onun heç bir razılığı olmadan əlavə qapı açmışdır. Qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi, cavabdehin öz evinə giriş-çıxış üçün ayrıca darvazası, həmçinin yoluna baxan qarajı vardır. Cavabdeh yeni açmış qapıdan onun həyətinə tullantılarını tökür. Bundan əlavə, evinin giriş darvazasının önündə cavabdeh su çəni inşa etmişdir. Həmin su çənindən axan su yolu yararsız hala salır. Xəzər rayon Polis İdarəsinə bununla bağlı müraciət etsə də ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hamam-tualet otaqlarının sanitar normalara uyğun evlərindən kənar məsafəyə köçürülməsi, həyətyanı navesin cavabdehin hesabına sökülməsi və qanunsuz özəlləşdirilmiş torpaq sahəsinin mülkiyyət hüququnun ləğv olunması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı 1986-cı ildə digər mülkiyyətçilərin razılıqları və xəbərləri olmadan xəlvəti qaydada özəlləşdirmiş olduğu 15 x 9 metr torpaq sahəsinin özəlləşdirilməsinin ləğv olunması, özəlləşdirilmiş torpaq sahəsinin üzərində qanunsuz olaraq naves qurğusunun cavabdehin hesabına sökülməsi, birgə mülkiyyətlərində olan yaşayış evinin divarına bitişik hamam-tualet otaqları və sözü gedən obyektlərin üzərində 2 tonluq su çəninin, çirkab suların yığılan anbarın müəyyən məsafəyə qədər sökülərək kənarlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiasını onunla əsaslandımışdır ki, cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı mülkiyyətində olan evin sağ tərəfində yerləşən ümumi istifadələrində olan, cəmi beş mülkiyyətçinin istifadəsində olmuş təxminən 15x9 metr torpaq sahəsini digər mülkiyyətçilərin razılıqları və xəbərləri olmadan dediyinə görə 1986cı ildə xəlvəti qaydada özəlləşdirmişdir. Bu barədə onlar məhkəmənin hazırlıq iclasında məlumatlandırılmışlar. Bundan başqa, özəlləşdirilmiş torpaq sahəsinin üzərində qanunsuz olaraq naves qurğusu quraşdırmışdır. Qurğu onun mülkünün birinci və ikinci mərtəbəsinin pəncərələrini işıq və havalanma imkanlarından məhrum edir. Cavabdeh birgə mülkiyyətlərində olan yaşayış evinin divarına bitişik hamam-tualet otaqları və sözü gedən obyektlərin üzərində 2 tonluq su çəni quraşdırmışdır. Çənin artıq suları mülklərinin zirzəmisinə axaraq rütubət və üfunət qoxusu əmələ gətirir. Qəsəbələrinin kanalizasiya sistemi olmadığından sanitar normalarına zidd quraşdırılmış tikililər ailəsinin və digər mülkiyyətçilərin sakinlərinin səhhətlərinə mənfi təsir edir. Cavabdeh özünün ilkin iddia ərizəsində qeyd edir ki, guya “mən ətraf mühiti zibilləyirəm”. Əslində o, şəxsi mülkiyyətində olan qarajında avtomaşınlarını özü, qardaşı və həm mülkiyyətçi olan Nazim karbirator təmiri ilə məşğul olaraq ailəsinin maddi imkanlarını təmin edir. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh bütün bu işlərin görülməsinə süni maneə törədir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, ilk iddia üzrə Cavabdeh İddiaçı istifadəsində olan giriş-çıxış yoluna (dalana) açdığı qapının sökülüb tam bağlanması və həmin qapının qarşısındakı pilləkənin cavabdehin hesabına sökülməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hamamtualet otaqlarının sanitar normalara uyğun evlərindən kənar məsafəyə köçürülməsi, həyətyanı navesin cavabdehin hesabına sökülməsi və qanunsuz özəlləşdirilmiş torpaq sahəsinin mülkiyyət hüququnun ləğv olunması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan qətnamə qəbul etmişdir. ilk iddia üzrə iddiaçının taxtadan lövhələr quraşdırması nəticəsində evə gün işığı düşmür və evin birinci mərtəbəsi tam yararsız hala düşməklə havalandırma sistemi pozulmuşdur. Ekspert rəyində İddiaçı tərəfindən inşa edilən talvar tikilisinin tikinti normalarına uyğun olduğu qeyd edilsə də, bunu əsaslandırmamışdır. Cavabdeh hakimdən işin araşdırılması üçün yerində baxış keçirilməsini xahiş etsə də, yerli baxış keçirilməmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə Cavabdeh və onun nümayəndəsi M.Quliyeva apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və bildirdilər ki, qarşı tərəfin qanunsuz olaraq inşa etdiyi naves qurğusu, divara bitişik inşa etdiyi hamam-tualet otağı, eləcə də hamam-tualet otağının üzərində quraşdırdığı su çəni mülkiyyətçi kimi onun hüquqlarını pozur, ilk iddiaçının sökülməsini tələb etdiyi qapı onun tərəfindən quraşdırılmamışdır, qapı onlar həmin evdə yaşamağa başlamamışdan öncə orada mövcud olmuşdur, həmin tikili qarşı tərəfə hər hansı maneə törətmir. Qarşı tərəfin qanunsuz hərəkətləri nəticəsində onların evləri yararsız hala düşmüşdür. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsi 35 saylı ev xüsusi mülkiyyət hüququ üzrə 3/4 hissədə İddiaçı, 1/8 hissədə X1, 1/8 hissədə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 334 nömrəli reyestr kitabının 31213 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 14 yanvar 2017-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 1 yaşayış otağı, 1 yaşayış otağı, 1 yaşayış otağı, giriş, 1 yaşayış otağı, 1 mətbəx, 1 mətbəx, 1 yaşayış otağı, 1 açıq eyvan, 1 açıq eyvan, 1 hamam, 1 açıq eyvan, 1 yaşayış otağı, evinin həyətində qaraj, tövlə, hamam, İ sayla qeyd edilmiş hovuz, İİ sayla qeyd edilmiş ayaqyolu, İİİ sayla qeyd edilmiş ayaqyolu, İV sayla qeyd edilmiş hasar, V sayla qeyd edilmiş darvaza, Vİ sayla qeyd edilmiş qapı və Vİİ sayla qeyd edilmiş qapı tikililəri var. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH № ******* saylı çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsi 37 saylı ev xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissədə Cavabdeh, 1/3 hissədə X2, 1/3 hissədə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabının 10028 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 19 mart 2008-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində 1 yaşayış otağı, 1 yaşayış otağı, 1 əsaslı qalereya, 1 yaşayış otağı, 1 yaşayış otağı, 1 əsaslı qalereya, 1 açıq eyvan, 2 yaşayış otağı, 2 yaşayış otağı, 2 yaşayış otağı, 2 yaşayış otağı, 2 əsaslı qalereya, 2 əsaslı qalereya, 2 açıq eyvan, 1 giriş mətbəx, 1 yaşayış otağı, evinin həyətində sanitar qovşağı, əsərrüfat otağı, qaraj, saray, İ sayla qeyd edilmiş hovuz, İİ sayla qeyd edilmiş hasar, İİİ sayla qeyd edilmiş qapı və İV sayla qeyd edilmiş metal darvaza var. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan evin sağ tərəfində yerləşən cəmi beş mülkiyyətçinin istifadəsində olmuş təxminən 15x9 metr torpaq sahəsini digər mülkiyyətçilərin razılıqları və xəbərləri olmadan dediyinə görə 1986-cı ildə xəlvəti qaydada özəlləşdirməsi, özəlləşdirilmiş torpaq sahəsinin üzərində qanunsuz olaraq naves qurğusu quraşdırması, qurğunun onun mülkünün birinci və ikinci mərtəbəsinin pəncərələrinin işıq və havalanma imkanlarından məhrum etməsi, birgə mülkiyyətlərində olan yaşayış evinin divarına bitişik hamam-tualet otaqları və sözü gedən obyektlərin üzərində 2 tonluq su çəni quraşdırması, çənin artıq sularının mülklərinin zirzəmisinə axaraq rütubət və üfunət qoxusu əmələ gətirməsi, tikililərin ailəsinin və digər mülkiyyətçilərin sakinlərinin səhhətlərinə mənfi təsir etməsi, şəxsi mülkiyyətində olan qarajında avtomaşınların təmiri işlərinə cavabdehin süni maneə törətməsi ilə əsaslandırsa da, naves qurğusunun onun mülkünün birinci və ikinci mərtəbəsinin pəncərələrini işıq və havalanma imkanlarından məhrum etməsi, birgə mülkiyyətlərində olan yaşayış evinin divarına bitişik hamam-tualet otaqları və sözü gedən obyektlərin üzərində 2 tonluq su çəni quraşdırması, çənin artıq sularının mülklərinin zirzəmisinə axaraq rütubət və üfunət qoxusu əmələ gətirməsi, tikililərin ailəsinin və digər mülkiyyətçilərin sakinlərinin səhhətlərinə mənfi təsir etməsi, şəxsi mülkiyyətində olan qarajında avtomaşınların təmiri işlərinə qarşılıqlı iddia üzrə cavabdehin süni maneə törətməsi barədə hər hansı sübutu təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş məhkəmə tikintitexniki ekspertizası barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2019-cu il tarixli, 6231 nömrəli rəyindən aydın olur ki, Cavabdeh tərəfindən açılmış qapı və qarşısında yerləşən pilləkən tikilisi onun adına verilmiş texniki pasportda öz əksini tapmamışdır. Lakin Cavabdeh məxsus iki mərtəbəli fərdi yaşayış evinin cavabdeh istiqamətində olan hər mərtəbədə 3 pəncərə olmaqla, həmin pəncərələrin texniki pasportda öz əksini tapdığı müəyyən edilir. Birinci instansiya məhkəməsinin digər qərardadı əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizasının 25 noyabr 2019-cu il tarixli 17046 saylı rəyi ilə qarşılıqlı iddiaçının yaşadığı evin qarşısında, 0,80 m ara məsafəsində qarşılıqlı iddia üzrə cavabdehin tərəfindən öz torpaq sahəsinin hüdudları daxilində taxtadan lövhələr quraşdırılması ilə əlaqədar tikinti norma və qaydalarına hər hansı bir normativ sənədin nəzərdə tutulmadığı, onun tərəfindən öz həyətyanı torpaq sahəsinin hüdudları daxilində inşa olunmuş talvar tikilisinin tikinti normalarına uyğun inşa olunduğu, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 37 saylı ünvanda yerləşən tikililərə bitişik vəziyyətdə hamamayaqyolu tikilisi inşa edilmədiyi, çirkab suların axıdılması üçün quraşdırılmış anbarın sərhəd hasardan 3,50 m ara məsafəsində öz həyətyanı torpaq sahəsinin hüdudları daxilində inşa olunduğu və iki tonluq su çəninin həyətyanı torpaq sahəsinin daxilində inşa edilmiş tikilinin üzərində quraşdırıldığı, tikintinin sanitar normalara qaydalarına uyğun inşa olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsində müəyyən edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin əsaslılığını sübut edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən və iş üzrə keçirilmiş ekspertiza rəyləri nəzərə alınaraq qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin ilk iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, ilk iddia tələbi təmin edilməməlidir. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr 2021-ci il tarixli, 10/2643 saylı ekspert rəyindən məlum olur ki, “...Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində yerləşən 37 saylı evin birinci mərtəbəsində olan pəncələlərin 20 sm qarşısında İddiaçı tərəfindən quraşdırılmış taxtadan lövhələr pəncərədən normal şərtlərlə təyinatına uyğun istifadə edilməsinə maneçilik törətmir; Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində yerləşən 37 saylı evin birinci mərtəbəsində olan qapı və tikilmiş pilləkən açıldığı ümumi istifadədə olan dalan yoldan normal şərtlərlə təyinatına uyğun istifadə edilməsinə maneçilik törətmir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən hər bir tərəf öz iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməklə iddiasını əsaslandırmalıdır. İddia tələbini əsaslandıran halları sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı iddia tələbi üzrə borcun verilməsini təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilk iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli, 2(103)-44/2020 saylı qətnaməsi ilk iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-382/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-382/2021
07.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver