Məhkəmə qərarları › İş №2(103)-3823/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3823/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3823/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-3187/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1-dən istifadə hüququna onun tərəfindən 14000 manat kompensasiya verilməklə xitam verilməsi, həmin evin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu Neapol küçəsi, ev 24A, 104 nömrəli mənzil hazırda onun mülkiyyətindədir, qeyd olunan mənzil nikahdan əvvəl alqı-satqı müqaviləsi əsasında adına tam mülkiyyət hüququ əsasında 13.04.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş və bu barədə Çıxarış verilmişdir, cavabdeh ilə nikaha 01.12.2007-ci il tarixdə daxil olmuşlar və cavabdeh həmin tarixdən sonra həmin mübahisəli mənzilə köçmüşdür, onların bigə nikahdan iki uşaqları doğulmuşdur, cavabdeh mübahisəli mənzildə pasport qeydiyyatına alınmışdır və orada yaşayır, ondan başqa da həmin mənzildə 3 nəfər qeydiyyatdadır və orada yaşayırlar, aralarında nikah 10.12.2020-ci il tarixdə pozulmuşdur. Cavabdeh ilə birgə yaşamaq qeyrimümkündür və cavabdehin həmin mənzildə yaşaması onun mülkiyyət hüquqlarını pozur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-3187/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna İddiaçı tərəfindən 14000 manat kompensasiya verilməklə xitam verilməsi və Cavabdeh öz əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasının kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər 14 il əvvəl, yəni 01 dekabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, cavabdeh həmin vaxtdan mübahisəli mənzilə köçmüş, ümumi təsərrüfat aparmaqla ailə üzvü olmuş və mənzilə qeydiyyata alınmışdır. Mənzil tərəflər nikaha girməzdən 8 ay əvvəl alınmış, alınan zaman tam təmirsiz olmuş, birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına təmir olunaraq yaşamaq üçün yararlı vəziyyətə gətirilmişdir. Sonrakı təmirləri də nəzərə almaqla, ümumilikdə mənzilin təmirinə 35-40 min manat vəsait sərf olunmuşdur və hazırda mənzil tam təmirlidir. Birgə nikahdan 26 yanvar 2010-cu il tarixdə X1 və 10 fevral 2015-ci il tarixdə X2 anadan olmuşdur, hər iki uşaq hazırda həmin mənzildə qeydiyyatdadırlar. Nikah pozulduqdan sonra hər iki uşağın ananın yanında qalmasına razı olduğunu bildirmişdir, bu da onu göstərir ki, iddiaçını uşaqlar maraqlandırmır, kompensasiya verilməklə mənzildən yalnız onun çıxarılmasını istəməsi bilərəkdən 3 nəfərə verilməli olan kompensasiyanı süni surətdə aşağı salmaq məqsədinə xidmət edir. İddiaçı üç otaqlı təmirli mənzilin qiymətinin 65-70 min arası olması barədə heç bir məsuliyyət daşımayan MMC tərəfindən verilmiş arayışı məhkəməyə təqdim edərək, mənzilin qiymətinə dair yanlış fikir formalaşdırmağa çalışır, halbuki Bakı şəhərinin Neapol dairəsində və həmin ərazidə üç otaqlı təmirli mənzilin qiyməti 100000 manatdan artıqdır. Ona görə də hesab edir ki, cavabdehin mənzildən istifadə hüququnun itirilməsi müqabilində kompensasiya məbləği təqribən 35000 manat məbləğində müəyyən olunmalıdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli 2(103)- 8784/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-3187/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2022-ci il tarixli 2(102)-1303/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2021-ci il i tarixli 2(103)- 8784/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 20000 manat məbləğində kompensasiya təklif ediləcəyi halda razı olacaqlarını bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçı 20000 manat kompensasiya ödəməyə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləğinə aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır İşin mübahisə edilməyən hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 24A nömrəli evin 3 otaqlı 104 nömrəli mənzili 13.04.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflər 01.12.2007-ci il tarixdə nikaha daxil olmuşlar, cavabdeh nikaha daxil olduqdan sonra həmin mənzilə köçmüşdür. Bigə nikahdan onların iki uşaqları doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6582/2020 saylı 10.12.2020ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış və İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Tərəflər arasında olan nikaha 02.02.2021-ci il tarixdə xitam verilmişdir. “Asan 2 Xidmət Mərkəzi” tərəfindən verilmiş «Yaşayış yeri üzrə qeydiyyat haqqında2 ******* saylı, 05.02.2021-ci il tarixli arayışdan görünür ki, tərəflər və uşaqları adıçəkilən mənzil üzrə qeydiyyatdadırlar. Beləliklə müəyyən olunur ki, mənzil iddiaçının mülkiyyətində olsa da, cavabdeh və uşaqları həmin mənzildən istifadə hüququ olan şəxslərdir. Hazırda iddiaçı kompensasiya verməklə onların istifadə hüququna xitam verilməsini tələb edir. Hazırki mərhələdə kompensasiyanın məbləği ilə bağlı fikir ayrılığı aradan qalxmışdır və tərəflər arasında mübahisə yoxdur. Belə ki, iddiaçı ərizə təqdim edərək, cavabdehə 20000 manat məbləğində kompensasiya ödənilməsinə razı olduğunu, cavabdehin nümayəndəsi-vəkili isə kompensasiya məbləği ilə razı olduğunu bildirmişlər. Ona görə də bununla bağlı hər hansı araşdırmaya ehtiyac qalmır. Odur ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilməli və cavabdehə 20000 manat kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3187/2021 saylı iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi Cavabdeh ödənilməli olan kompensasiyanın məbləğinə (14000 manat) aid hissədə dəyişdirilərək, həmin məbləğ 20000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar