Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3825/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi”nə dair kiçik iddia tələbi üzrə (Açar sözlər: borcun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1014/2024 nömrəli iş üzrə 08 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı ASC-nin ətraflı abonent kartından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, ev 983 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə abonentin İddiaçı ASC-yə 210,71 AZN məbləğində borcu vardır.
2. İş materiallarında olan İddiaçı ASC-nin ünvan 1 ünvanladığı məktubundan görünür ki, su və çirkab su xidmətlərindən istifadəyə görə yaranmış 210,71 AZN borc barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadeh Cavabdeh (abonent kodu: **********000) İddiaçı ASC tərəfindən su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır Həmin ünvana İSS-15M-1 markalı, 17567256 nömrəli sayğac xx.xx.2018ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 210,71 AZN borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 08 iyun 2022-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən yaranmış 210,71 AZN (iki yüz on manat, yetmiş bir qəpik) borcun (abonent kodu: **********000) və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1014/2024 nömrəli iş üzrə 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın təmin edilməsi, Cavabdeh 210,71 AZN (iki yüz on manat, yetmiş bir qəpik) borcun və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə, 62-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-1, 284-5.2, 284-5.3, 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, proses iştirakçılarının məhkəmə iclasında iştirakı
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mənə (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidməti göstərilmişdir. Buna baxmayaraq 16 avqust 2019-cu il tarixindən etibarən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımı və öhdəliklərimi Şifahi razılıq əsasında X3 ötürmüşəm. Yaşayış evinə və torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədlərin toplanması və çıxarışın alınması üçün notarial qaydada etibarnamə verilmişdir. Bununla birgə su, qaz və işığa dair sayğaclarının öz adına keçirilməsinə dair ayrıca razılıq ərizəsi təqdim edilmişdir. Odur ki, əmlak üzərində olan hüquqlarımı və öhdəliklərimi qarşılıqlı razılıq əsasında ona ötürməyimə baxmayaraq X5 vicdanlı davranmayaraq sayğacların öz adına rəsmiləşdirilməsini həyata keçirməmiş və ödənişləri də həyata keçirməmişdir. İddiaçı tərəfindən göndərilən xəbərdarlıq məktubları mənə çatdırılmamış və bu haldan məlumatsız olmuşam. Bu səbəbdən borc məbləği yaranmışdır. Müvafiq sənədlərə nəzər yetirdikdə də məlum olur ki, tərəfimdən faktiki olaraq xidmətdən istifadə edilməyib. Belə ki, lazımi səlahiyyətləri olmasına baxmayaraq Məsi İmanova öz hüquqlarından istifadə etməmişdir. Bunun nəticəsində də borc öhdəliyi mənim adıma rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, borcun yaranma tarixlərinə diqqət yetirildikdə borc məhz tərəfimdən müvafiq hüquqlar Məsi İmanovaya ötürüldükdən sonrakı dövrü əhatə edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının məhkəmə iclasında iştirakı
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
14. 448.2-ci bəndinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun
15. 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
16. 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın
17. 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə sasən, verilən suyun və axıdılan tullantı sularınını həcminə uyğun olaraq ona təqdim edilmiş hesab ödənişləri üzrə ödənişin həyata keçirmək istehlakçının vəzifəsidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.2. iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1014/2024 nömrəli iş üzrə 08 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, ev 983 ünvanında yaşayan Cavabdeh İddiaçı ASC tərəfindən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə cavabdehin istifadə etdiyi xidmətlərə görə 210,71 AZN məbləğində borcu yaranmışdır.
26. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilərək, 210,71 AZN (iki yüz on manat, yetmiş bir qəpik) borcun və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir.
27. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, cavabdeh tərəfindən onun adına olan su sayğacının kodunun digər vətəndaşın-X2 adına keçirilməsinə etirazının olmaması barədə ərizəsinin hazırkı halda sözügedən mübahisənin həllinə təsiri yoxdur. Belə ki, cavabdeh tərəfindən su sayğacının kodunun onun adından çıxarılmasına etiraz edilməsə də, su sayğacının kodu faktiki olaraq onun adına qeydiyyatdadır, qeydiyyatla bağlı dəyişikliyin edilməsinə dair hər hansı təsdiqedici sübut təqdim edilməməklə bərabər, cavabdeh tərəfindən də dəyişikliyin olmaması təkzib edilmir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.21ci bəndinə əsasən, istehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir. Eyni zamanda, həmin qaydaların 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. İş materiallarından göründüyü kimi, adıçəkilən qərarda qeyd olunan yazılı xəbərdarlıq və üzləşmə aktının tərtib edilməsi barədə müraciət ilə bağlı təsdiqedici sənədlər apellyator tərəfindən təqdim edilməmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
29. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1014/2024 nömrəli iş üzrə 08 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.