Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3825/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (“X22” Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X12 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (“X22” Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(009)-65/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X27” minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil mülkiyyət hüququ əsasında “X22” ASC-nin adına qeydə alınmışdır.
2. Avtomobillərin tam sığortası üzrə ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən “X22” ASC-yə məxsus “X27” minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "Bakı Sığorta” ASC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sığortalanmışdır və sığorta şəhadətnaməsinə əsasən avtomobili idarəetmə səlahiyyəti olan şəxslərin siyahısında X9 və X3 adları qeyd olunmuşdur, 1 saylı əlavəyə əsasən avtomobilin sığorta dəyəri 39100 manat təşkil edir.
3. “X22” ASC-nin "xxxx" ASC-yə ünvanladığı Avtomobillərin tam sığortası üzrə Sığortalanma haqqında **********-1 saylı ərizəsində X28 minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarəetmə hüququ olan şəxslər sırasında X15 və X10 göstərilmişdir.
4. ********** saylı sığorta şəhadətnaməsinə xx.xx.2022- ci il tarixli 1 saylı əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən X28 minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək səlahiyyəti olan şəxslərin siyahısına X5 əlavə olunur.
5. Lizinqverən “X22” ASC, (Tərəf-1) İddiaçı və (Tərəf-2) X15 arasında bağlanmış “Öhdəliklərin” verilməsi haqqında CL/M-158-1/23 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “X22” ASC (Lizinqverən) ilə bağladığı xx.xx.2023-cü il tarixli, 158/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərini, lizinq obyektini, hüquqlarını Tərəf- 1-ə verir, Tərəf-1 isə bunları qəbul edir, bu müqavilə imzalandığı andan Tərəf-1 xx.xx.2023-cü il tarixli, 158/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinqalan qismində çıxış edəcək və lizinqalana aid olan bütün hüquq və öhdəlikləri daşıyacaqdır, Tərəf-2 razılaşır ki, Tərəf-1 xx.xx.2023-cü il tarixli, 158/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün lizinq ödənişlərini (o cümlədən, lakin bununla məhdudlaşmayaraq, lizinq haqlarını, cərimələri, gecikmə faizini, sığorta haqqlarını, hər-hansı zərəri və s) tam ödədikdən sonra lizinq obyekti olan Ford Mustang markalı minik avtomobilini (ban nömrəsi: 1FA6P8TH7G5236248, mühərrik:2261 sm kub, rəngi:gümüşü metalik, buraxılış ili:2015) mülkiyyət hüququ Tərəf-1-ə keçəcəkdir.
6. “X22” ASC, “Zamin” X6 və “Lizinq alan” İddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli, 158-1/23 №-li Zaminlik müqaviləsinin 2.1-ci bəndindən görünür ki, Zamin Lizinq alanın Lizinq verən qarşısında Lizinq Müqaviləsinin tam və keyfiyyətli icrası üçün məsuliyyət daşıyır.
7. “X22” ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli etibarnamələrdən görünür ki, Ford Mustang minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı, avtomobilin idarə olunmasını İddiaçı müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə qədər etibar edilir.
8. 050401FŞ nömrəli, xx.xx.2024-cü il tarixli müstəqil ekspert X7 ekspert rəyindən görünür ki, 2015-ci il buraxılış ili olan, X28 minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə, yol nəqliyyat hadisəsi zamanı 9080 (doqquz min səksən) manat zərər dəydiyini müəyyən edilmişdir.
9. “Şamaxı Servis və Ticarət” şirkətinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, “Ford Mustanq minik” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 9655 manat təşkil edir.
10. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-A-10043-42-438/2024 nömrəli məktubdan görünür ki, ərizəçinin ********** saylı sığorta şəhadətnaməsi üzrə avtomobili idarəetmə səlahiyyəti olan şəxslərin (sığorta olunanların) siyahısında olmadığı müəyyən edilmişdir. Avtomobillərin tam sığortası üzrə sığorta Qaydaları”nın 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti nəzərdə tutulduqda başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən, sığortaçı tərəfindən sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı ((“X22” Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə aralarında bağlanmış 04 iyul 2022-ci il tarixli, ********** saylı tam sığorta müqaviləsi üzrə sığorta olunan hesab olunaraq 9655 manat məbləğində sığorta ödənişinin sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, “X22” ASC ilə aralarında bağlanmış 28 iyun 2022-ci il tarixli, 158-22 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə Ford Mustanq markalı avtomobil almışdır. Həmin lizinq şirkəti onun avtomobilinin "xxxx" ASC-də kasko sığortasını üzərinə götürdü. Onlar "xxxx" ASCnin əməkdaşı Əsgər adlı şəxsin əlaqə nömrəsini verərək sığortanı Whatsap vasitəsilə sənədləri göndərərək etməyini bildirdilər. "xxxx" ASC-nin əməkdaşı Əsgər adlı şəxs onunla əlaqələr saxlayaraq bildirdi ki, texniki pasportun, sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin şəkillərini ona Whatsapp yazışma vasitəsilə atsın. Həmin yazışma vasitəsilə o, sənədləri ona atdı. Əsgər adlı şəxs bildirdi ki, onun sənədləri əsasında kasko sığorta ediləcək. Özü də ona bildirdi ki, bütün şəxslərin sığortasını bu formada həyata keçirirlər. Şirkətlə "xxxx" ASC arasında sığorta müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsi tərtib olunmuşdur. O, xx.xx.2023-cü il tarixdə avtomobili ilə qəza keçirdi. Dəymiş zərər hadisə günü rəsmi aktlaşdırılaraq müəyyən olunmuş sənədlər tərtib olundu. "xxxx"nın əməkdaşı ondan müsahibəyə kimi götürərək hadisəni rəsmiləşdirdi. Üzərindən 3 gün keçmiş "xxxx"dan ona cavab verildi ki, ona imtina verilmişdir. Səbəb isə onu gətirdilər ki, onun sürücü səlahiyyəti yoxdur. Bakı Sığortanın Ofisinə getdikdə ona bildirildi ki, müqavilədə sürücü siyahısında onun adı yoxdur. Müqavilə və etibarnamə əsasında hal hazırda avtomobili idarə etmək hüququnun olduğunu bildirdikdə isə, ona izah etdilər ki, lizinq şirkəti rəsmi onlara müraciət etməli idi ki, onun sənədini müqaviləyə əlavə etsinlər. O, bildirmişdir ki, ona belə bir hal izah olunmayıb. Ona bildirilib ki, Əsgər müəllimə rəsmi sənədləri atsın, o da öz üzərinə düşən işi yerinə yetirmişdir. Onun danışıqlarına məhəl qoymadan bildirdilər ki, Əsgər müəllim həmin vaxt onların şirkətində işləsə də, hal-hazırda işləmir və onlar onun danışıqlarına cavabdeh deyillər. Kasko sığortası üzrə ödənişləri vermək qanunla "xxxx" ASC-nin üzərinə götürdüyü öhdəlik olsa da, o öz öhdəliyin yerinə yetirməyərək, lizinq şirkətinin işçisi trəfindən ona sənədlərin düzgün göndərilməməsi əsası ilə ödənişdən imtina edir. O sonradan Əsgər müəllimlə danışdıqda, o bildirdi ki, onun etdiyi müraciəti "xxxx"nın müvafiq əməkdaşlarına bildirib. Sübut üçün ofısdəki kompüterlərin birində edilən müraciətlərlə bağlı olan excel faylında onun adının mövcud olduğuna baxa bilərlər. Lakin "xxxx" tərəfindən qəsdən həmin müqaviləyə əlavə edilməmişdir. O, Lizinq Şirkəti ilə əlaqə saxladı və onun əməkdaşı bildirdi ki, onlar heç vaxt rəsmi şəkildə vətəndaşın adının müqaviləyə salınmasını təşkil etməmişlər. Həmişə bu prosedur Whatsapp yazışma vasitəsilə olmuşdur. Həmin sənədlər də, Whatsapp yazışma vasitəsilə "xxxx" ASC-nin əməkdaşı Əsgər müəllimə göndərilmişdir. Avtomobilə dəymiş zərəri xx.xx.2024-cü il tarixli qüsur aktı ilə hesablatmış və müəyyən edilmişdir ki, avtomaşına təmir xərcləri ilə birlikdə 9655 manat zərər dəymişdir. Əgər onun avtomobilinin kasko sığortası yox idisə, ona avtomobilinin sığortasının olmaması barədə məlumat verilməli idi. Lakin açıq-aşkar görünür ki, müqaviləyə əsasən maşının sığortası olduğuna görə onlar ona belə bir məlumatı verməyiblər. Hazırda isə qanunsuz əsasla sığorta ödənişin verilməsindən imtina olunur. Bu imtinanı dəfələrlə onlardan xahiş etsə də, ona təqdim etməmişlər, yanvar, aprel aylarında olan ərizələrinə isə cavab verilmir. Lakin 2023-cü ildə etdiyi müraciətlərə "xxxx" ASC Mərkəzi bank vasitəsilə imtina cavabı vermiş və həmin cavabı ərizəsinə əlavə edir. Odur ki, o, pretenziya qaydasını pozmamışdır. Halhazırda "xxxx" ASC qanunsuz yolla sığorta ödənişin verilməsindən imtina edir.
13. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta müqaviləsi "xxxx" ASC ilə “X22” ASC arasında bağlanmışdır və əmlakın mülkiyyətçisi, eyni zamanda sığorta müqaviəsinin tərəfi olan sığortalı və müqavilə üzrə faydalanan şəxs “X22” ASC-dir. Müqaviləyə əlavə edilmiş “Avtomobillərin tam sığortası üzrə sığortalanma haqqında” **********-1 saylı ərizənin 7-ci bəndinə əsasən avtomobilin yalnız həmin bənddə göstərilən şəxslər tərəfindən idarə edilməsi zamanı sığorta hadisəsinin baş verməsi sığorta təminatına daxildir. Həmin bəndin şərtlərinə əsasən avtomobili idarəetmə hüququnun 7-ci bənddə qeyd edilən şəxslərdən başqa digər şəxslərə verilməsindən əvvəl həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi üçün sığortaçıya yazılı məlumat verilməlidir. Qeyd edilən bənddə avtomobili idarəetmə hüququ olan şəxslər sırasında X9 və X3 adları göstərilmiş, sığorta şəhadətnaməsinə 1 saylı əlavədə isə sığortalı tərəfindən X5 avtomobili idarəetmə hüququ olan şəxslər sırasına əlavə edilmişdir. İddiaçı adı müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən siyahıya daxil edilmədiyindən, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir və haqlı olaraq "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Sığortanın təminatı bilavasitə sürücünün avtomobili idarə etməsinin riski ilə bağlıdır və “Bakı Sığorta “ ASC tərəfindən iddiaçının avtomobili idarə etməsinin riski sığortalanmamışdır. “Avtomobillərin tam sığortası üzrə sığorta Qaydaları”nın 2.0.4-cü bəndinə əsasən sığorta müqaviləsi əsasında avtomobil ilə, o cümlədən avtomobili idarə etməsi ilə bağlı risklərlə əlaqədar əmlak mənafeləri sığortalanan şəxs sığorta olunan hesab edilir. Qaydaların 2.0.7-ci bəndinə əsasən sığorta müqaviləsi ilə sığortalanmış avtomobili idarə etmək hüququ olan şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən və avtomobili idarə etmək hüququ olan şəxs sürücü hesab edilir. Qaydaların 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Qaydaların 5.4-cü bəndinə əsasən Sığorta müqaviləsində sığortalı, sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də, onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Qaydaların 9.4-cü bəndinə əsasən sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı avtomobilin sığortalanma haqqında ərizədə göstərilməyən məqsədlər üçün istifadəsinə başlanmazdan, habelə bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərə avtomobili idarəetmə hüququnun verilməsindən əvvəl qeyd olunan hallara görə sığorta təminatının sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçıya yazılı məlumat verməlidir. Qaydaların 16.1.1.2-ci bəndinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisisinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması halında sığorta təminatı verilmir. Qaydaların 16.1.5-ci bəndinə əsasən avtomobilin bu Qaydaların müddəalarına habelə qanunvericilik tələblərinə uyğun olaraq sürücü hesab edilməyən şəxs tərəfindən idarə edilməsi hallarında dəyən zərər üzrə sığorta təminatı verilmir. İddiaçının adı sürücü qismində müqaviləyə əlvə edilmədiyindən, hazırkı halda onun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi Mülki Məcəllənin 935.1.8-ci maddəsinin tələbləri baxımından sığorta hadisəsi hesab edilmir. İstinad edilən qanunvericilik normalarının tələblərindən də müəyyən olunur ki, avtomobili idarə edən şəxsin lizinq alan, öhdəliyi qəbul edən və ya sadəcə yol vərəqəsi əsasında avtomobili idarə edən şəxs olmasının sığorta müqaviləsi və həmin müqavilə ilə sığortalanmış risklərə aidiyyəti yoxdur. Sığorta və öhdəliklərin ötürülməsi mülki hüququn ayrı-ayrı institutlarıdır (sığorta münasibətləri xüsusi normalarla tənzimləndiyi halda Öhdəliklərə aid münasibətlər mülki hüququn ümumi normalarına daxildir). Hazırkı halda avtomobili idarə edən şəxsin sığorta olunanlar siyahısına daxil olmaması, onun adının sürücü qismində şəhadətnaməyə daxil edilməməsi həmin şəxsin avtomobili idarə etməsi riskinin sığortaçı tərəfindən sığortalanmaması anlamına gəlir. İddiaçının adı sürücü qismində müqaviləyə əlavə edilmədiyindən, hazırkı halda onun iştirakı ilə baş verən yolnəqliyyat hadisəsi Mülki Məcəllənin 935.1.8-ci maddəsinin tələbləri baxımından sığorta hadisəsi hesab edilmir. Sadalanan hallar iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığını deməyə əsas verir.
14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X22” ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, “X22” ASC ilə X14 arasında hüquqların ötürülməsi, sonra isə daxili lizinq müqaviləsi bağlanaraq, lizinq predmeti olan nəqliyyat vasitəsi ona lizinqə verilmişdir. Bütün lizinq müqaviləsi müddəti üçün nəqliyyat vasitəsi "xxxx" ASC ilə imzalanmış sığorta müqaviləsi əsasında sığortalanmış, sığorta ödənişləri iddiaçı tərəfindən vaxtı vaxtında ödənilmiş, X11 verilmiş etibarnamə “X22” ASC tərəfindən müvafiq olaraq X20 qeydiyyata alınması üçün təqdim edilmiş və etibarnamə qeydə alınmışdır. Eyni zamanda həmin etibarnamə sığorta şirkətinin lizinq şirkətində fəaliyyət göstərən əməkdaşı Əsgər müəllimə təqdim edilsə də, Sığorta şirkəti etibarnamənin qeydiyyatını aparmamışdır. Digər bir məqam isə, lizinq şirkətinin sığorta hadisəsi zamanı faydalanmış şəxs olmasıdır. Belə ki, lizinq şirkəti tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklər vaxtı vaxtında icra edilmiş, lizinq alan tərəfindən lizinq ödənişləri icra edilmiş, lizinq şirkətinin şəxsə verdiyi etibarnamə isə rəsmi dövlət orqanlarında (DYP) qeydiyyata alınmışdır. Yəni lizinq alan sığorta hadisəsi zamanı səlahiyyətli olmuşdur. Hesab edir ki, Sığorta şirkəti sığorta ödənişi ilə bağlı lizinq alanın haqlı tələbini icra etməməklə, sadəcə müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçı X8 "xxxx" ASC-yə olan iddia tələbinin təmin olunmasını xahiş etmişdir
15. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə qiymətləndirmə ekspertizası üzrə “X1” MMC-nin xx.xx.2025-ci il tarixli, 215 saylı mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş məlumatları nəzərə alaraq, İddiaçı məxsus “Ford Mustang minik” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı “Şamaxı Servis və Ticarət” şirkətinin xx.xx.2024-cü il tarixli rəyində göstərilən zədələnmiş etiyyat hissələrinin və görülmüş işlərin qiymətinin real bazar qiymətlərinə uyğun olduğu müəyyən edilmişdir
16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(009)- 65/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq "xxxx" ASC-dən vurulmuş zərərə görə 9655 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
17. Qətnamə onunla əsaslandırılmışdır ki, “Bakı Sığorta" ASC ilə “X22” ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta müqaviləsinə əsasən “X22” ASC-nin mülkiyyətində olan Ford Mustang minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sığortalanmış, avtomobilin sığorta dəyəri 39100 manat təşkil etmişdir. “X22” ASC-nin "xxxx" ASC-yə ünvanladığı Avtomobillərin tam sığortası üzrə Sığortalanma haqqında **********-1 saylı ərizəsində X28 minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarəetmə hüququ olan şəxslər sırasında X15 və X10 göstərilmişdir. xx.xx.2023-cü il tarixdə, İddiaçı, “X22” ASC və X15 arasında 3 tərəfli öhdəliklərin ötürülməsi barədə CL/M- 158-1/23 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə X15, yəni sığorta müqaviləsinin tərəfi olan və sürücülər siyahısında adı olan Elgün Əsədov öhdəliklərini, lizinq obyektini və hüquqlarını İddiaçı vermişdir. Həmin müqavilə əsasında “X22” ASC tərəfindən Ford Mustanq markalı avtomobil üçün İddiaçı avtomobilin idarə olunması barədə etibarnamə verilmişdir. İddiaçının adının siyahıya salınması da “X22” ASC”-nin əməkdaşları tərəfindən təmin edilib. Belə ki, onlarla BakıSığortanın öz aralarında olan iş qaydasına əsasən sənəd "xxxx" ASC-nin əməkdaşı Əsgər adlı şəxsin Whatsap vasitəsilə sənədləri ona göndərməklə həyata keçirilir. İddiaçı cavabdeh "xxxx" ASC-nin keçmiş əməkdaşı Əsgər adlı şəxslə əlaqələr saxlayaraq texniki pasportun, sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin şəkillərini ona Whatsapp yazışma vasitəsilə göndərmişdir. Kasko sığortası üzrə ödənişləri vermək qanunla "xxxx" ASC-nin üzərinə götürdüyü öhdəlik olsa da, o öz öhdəliyin yerinə yetirməyərək, lizinq şirkətinin işçisi trəfindən ona sənədlərin düzgün göndərilməməsi əsası ilə ödənişdən imtina etmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 883.1, 884.3, 884.4, 884.6, 897.3-cü maddələrinə, “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarına əsasən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”na istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Şikayətin dəlillərinə görə, iddiaçının adı sürücü qismində müqaviləyə əlavə edilmədiyindən, hazırkı halda onun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi Mülki Məcəllənin 935.1.8-ci maddəsinin tələbləri baxımından sığorta hadisəsi hesab edilmir və hazırkı haldalizinq müqaviləsi üzrə öhdəliklərin ötürülməsi, sığorta riskinin də ötürülməsi anlamına gəlmir. Belə ki, lizinq və sığorta mülki hüququn ayrı-ayrı institutlarıdır. Hazırkı halda yalnız sığorta şəhadətnaməsində göstərilən şəxslərin avtomobili idarə etmələrinin riski sığortalandığı üçün yalnız həmin şəxslər tərəfindən avtomobilin idarə edilməsi zamanı baş vermiş hadisə sığorta hadisəsi hesab edilir və lizinq müqaviləsi üzrə öhdəlikləri ötürüb, öhdəliklərin ötürülməsini DYP -də qeydə aldırmaq sığorta riskinin dəyişməsinə və sığortaçının hüquqlarının kobud şəkildə pozulmasına, onun sürücü kimi şəhadətnamədə adı göstərilməyən şəxsin avtomobili idarə etməsi riskini daşımağa məcbur edilməsinə əsas vermir. Qanunvericlikdə də sığorta riskinin sığortaçıya məlumat verilmədən bu qaydada ötürülməsi nəzərdə tutulmamışdır. Lakin məhkəmə iddiaçının və üçüncü şəxsin hüquqi əsası olmayan dəlillərini qəbul edərək, iddianı təmin etməklə, yeni, analoqu olmayan və heç bir hüquq düşüncəsinə uyğun gəlməyən mövqe nümayiş etdirmişdir. Sadalanan hallar iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığını deməyə əsas verir. Məhkəmə dəymiş zərərin məbləğini iddiaçı tərəfindən təqdim edilmiş “Şamaxı Servis və Ticarət Şirkətinin” xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən etmişdir ki, həmin sənəd ekspert rəyini əvəz etmir və hansı mötəbər mənbələrə istinad edilməklə rəyin verildiyi rəydən müəyyən olunmur. Bununla yanaşı rəyi verən şəxsin bunun üçün zəruri biliklərinin olub-olmaması, “Şamaxı Servis və Ticarət Şirkətinin” qiymətləndirici şirkət kimi qeydiyyatdan keçib-keçməməsi, rəy vermək səlahiyyətlərinin olub-olmaması rəydən müəyyən edilmir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan aşağıdakıhallar aydınlaşdırılmamışdır: lizinq müqaviləsi üzrə öhdəlikləri ötürüb, öhdəliklərin ötürülməsini DYP-də qeydə aldırmaqla sığorta riskinin ötürülməsinin qanunvericilikdə nəzərdə tutulub tutulmaması, hadisənin sığorta hadisəsi olub - olmaması, “Şamaxı Servis və Ticarət Şirkətinin” rəy vermək səlahiyyətinə malik olub-olmaması.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə etiraz iddia ərizəsində göstərilən xüsusatlarla əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi.
23. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X22” ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Maddə 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Maddə 900.1 Bu Məcəllənin 899.1.1.-ci maddəsində nəzərdə tutulmuş halda sığorta müqaviləsində aşağıdakılar göstərilməlidir: 900.1.2. sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı, və atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; 900.1.4. faydalanan şəxsin adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; Maddə 902.1. Sığorta şəhadətnaməsində aşağıdakılar göstərilməlidir: 902.1.2. sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı, və atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; 902.1.8. sığorta müqaviləsinin aid olduğu digər şəxslər (faydalanan şəxs, sığorta agenti və sığorta brokeri) varsa, onların adı (fiziki şəxs olduqda həmçinin soyadı, və atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; 902.1.9. sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri. 909.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Girov və lizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın və ya lizinq verənin razılığı ilə təyin edilə və ya dəyişdirilə bilər. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
25. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”: 2.0.3. sığortalı – sığorta haqqı ödəyərək avtomobili sığorta etdirən sığorta müqaviləsinin tərəfi; 2.0.4. sığorta olunan - sığorta müqaviləsi əsasında avtomobil ilə, o cümlədən avtomobili idarə etməsi ilə bağlı risklərlə əlaqədar əmlak mənafeləri sığortalanan fiziki şəxs; 2.0.5. avtomobilin sahibi - sığortalanan avtomobilin mülkiyyətçisi, yaxud avtomobilə digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən şəxs; 2.0.6. faydalanan şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs; 2.0.7. sürücü –sığortalanmış avtomobili idarə etməsi halında baş verən sığorta hadisələrinə sığorta təminatı verilən fiziki şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən fiziki şəxs. 5.3. Sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. 5.4. Sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. 6.1. Sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə X21 nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir. 7.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona tərəflərin razılığı ilə sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır. 9.1. Sığortalının hüquqları: 9.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək; 9.2. Sığortalının vəzifələri: 9.2.4. sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək; 9.2.5. Sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən aşağıdakı hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat vermək: 9.2.6. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobilin bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərə avtomobili idarəetmə hüququnun verilməsindən əvvəl qeyd olunan hallara görə sığorta təminatının sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçıya yazılı məlumat vermək; 17.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, aşağıdakılara münasibətdə sığorta təminatı verilmir: 17.1.1.2. təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması;
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti ilə qətnamənin ləğv olunaraq iddianın təmin olunması tələb edildiyindən, qətnamə apellyasiya şikayəti və dəlillər üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
29. Birinci instansiya məhkəməsi iddianın təmin olunması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İddiaçının adının siyahıya salınması da “X22” ASC”-nin əməkdaşları tərəfindən təmin edilib. Belə ki, onlarla BakıSığortanın öz aralarında olan iş qaydasına əsasən sənəd "xxxx" ASC-nin əməkdaşı Əsgər adlı şəxsin Whatsap vasitəsilə sənədləri ona göndərməklə həyata keçirilir. İddiaçı cavabdeh "xxxx" ASC-nin keçmiş əməkdaşı Əsgər adlı şəxslə əlaqələr saxlayaraq texniki pasportun, sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin şəkillərini ona Whatsapp yazışma vasitəsilə göndərmişdir. Kasko sığortası üzrə ödənişləri vermək qanunla "xxxx" ASC-nin üzərinə götürdüyü öhdəlik olsa da, o öz öhdəliyin yerinə yetirməyərək, lizinq şirkətinin işçisi trəfindən ona sənədlərin düzgün göndərilməməsi əsası ilə ödənişdən imtina etmişdir.”
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış bu əsaslandrma ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının adının sığorta olunan şəxslər siyahısına əlavə olunması hər hansı işgüzar adətdlə deyil, konkret normalarla tənzimlənir.
31. Mülki Məcəllənin Maddə 902.1, 902.1.2, 902.1.3-cü maddələrinə əsasən Sığorta şəhadətnaməsində sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı, sığorta müqaviləsinin aid olduğu digər şəxslər (faydalanan şəxs, sığorta agenti və sığorta brokeri) varsa, onların adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı göstərilməlidir.
32. Qeyd olunan normanın tələbinə uyğun olaraq hazırkı mübahisənin prelmeti olan sığorta şəhadətnaməsində avtomobillərin tam sığortası üzrə ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən “X22” ASC-yə məxsus “X27” minik markalı, ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "Bakı Sığorta” ASC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sığortalanmışdır və sığorta şəhadətnaməsinə əsasən avtomobili idarəetmə səlahiyyəti olan şəxslərin siyahısında X9 və X3 adları qeyd olunmuşdur.
33. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 5.3-cü bəndində qeyd olunmuşdur ki, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.
34. Sığorta şəhadətnaməsinin 10-cu bəndində qeyd olunmuşdur ki, “... yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda sığorta təminatı verilir”. Normanın məzmununa əsasən məhz bu şərt sığorta şəhadətnaməsində əksini tapdığından başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.
35. İstisna hal kimi qeyd olunan qaydaların 5.4-cü bəndində isə qeyd olunur ki, sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Hazırkı mübahisə üzrə bu hal mövcud olmadığından istisna hazırkı iş üzrə tətbiq oluna bilməz.
36. Qaydaların 9.2.6-cı bəndinə əsasən sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobilin bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərə avtomobili idarəetmə hüququnun verilməsindən əvvəl qeyd olunan hallara görə sığorta təminatının sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçıya yazılı məlumat vermək sığortalının vəzifəsi kimi nəzərdə tutulsa da “X22” ASC tərəfindən sığortaçıya belə bir məlumat verilməmişdir.
37. İşin hallarından birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi tərəflər arasında başqa formada işgüzar adətin formalaşdığı da işin halları ilə təkzib olunur. Belə ki, ********** saylı sığorta şəhadətnaməsinə xx.xx.2022- ci il tarixli 1 saylı əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən məhz həmin avtomobili idarə etmək səlahiyyəti olan şəxslərin siyahısına X5 əlavə olunmuş və bu barədə sığortaçıya müraciət olunmuş, müvafiq rəsmiləşdirmə aparılmışdır.
38. Qaydaların 17.1-ci maddəsində qeyd olunur ki, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına münasibətdə sığorta təminatı verilmir. Sığrtaçı da qeyd olunan normaların tələbinə uyğun olaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir.
39. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırkı sığorta ödənişinin verilməsindən imtina olunması iddiaçının deyil, sığortalının qanunvericiliyə əsasən üzərinə düşən vəzifələri lazımi qaydada icra etməməsinin nəticəsidir.
40. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız olmuş, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd olunmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı (“X22” Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(009)-65/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2(009)- 65/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.