Məhkəmə qərarları › İş №2(103)-3830/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3830/2022

31.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3830/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(011)-688/2022 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh tərəfindən ona hesablanmış 838 manat mələğində debitor borcun əsassız hesab edilərək silinməsi və quraşdırılmış sayğacın 235,88 manat pulunun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, ev 2, mənzil 1 saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd edilən yaşayış evində qaz sayğacı müqaviləyə əsasən çəkilmişdir. 01.08.2021-ci il tarixlərdə Qaz İdarəsinin əməkdaşları qaz sayğacına baxış keçirmiş qaz sayğacında nasazlıq olduğunu bildirmiş, yəni Cavabdeh əməkdaşları tərəfindən həmin sayğac çıxardılaraq, yerinə yeni Smart kart tipli sayğac quraşdırılmışdır. Bundan sonra iddiaçı sayğacın hara aparılmasını bilməmiş, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Lakin iddiaçıya məxsus köhnə sayğac aparılandan sonra Cavabdeh əməkdaşları iddiaçının ünvanına gələrək, həmin sayğacın çıxış plastmas borusunun deşilməsini bildirmiş və cavabdeh tərəfindən iddiaçıya əlavə qaz sərfi hesablanmışdır. İddiaçı hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Sayğac isə quraşdırıldıqdan sonra cavabdehin əməkdaşları tərəfindən plomblanmışdır. Yəni plomb qırılmadığı təqdirdə iddiaçı həmin sayğaca müdaxilə edə bilməz. Azəriqaz tərəfindən iddiaçıdan əsassız olaraq 838 manat pul və quraşdırılmış sayğaca görə 235,88 manat pul tələb etməsi iddiaçını məhkəməyə müraciət etməyə vadar etmişdir. Cavabdehin tələbinin əsassız olmasına baxmayaraq, hal-hazırda iddiaçı bu məsələylə bağlı problem yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(011)-688/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, ev 2, 1 saylı mənzil (Abonent kodu: **********00010) üzrə İddiaçı hesablanmış 838 (səkkiz yüz otuz səkkiz) manat məbləğində borcun silinməsi. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, ev 2, 1 saylı mənzil üzrə İddiaçı sayğacın dəyərinə görə hesablanmış 235,88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) manat məbləğində borcun silinməsi, 30,74 (otuz manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş və şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı sayğacın dəyişdirilməsinə görə ondan 235,88 manat pul tələb edildiyini bildirsə də, bu barədə hər hansı bir sübut təqdim edilməmiş və Cavabdeh İB tərəfindən də sayğacın dəyişdirilməsinə görə iddiaçıdan həmin məbləğdə pul tələb olunmamışdır. Cavabdehə hesablanan borc onun dəyişdirilmiş sayğacının lobarator müayinəsi zamanı müdaxilə faktı olduğu müəyyən edildiyinə görə hesablanmış zərər məbləği 486 manat və sayğacın göstəricisi üzrə sərf olunan lakin dəyəri ödənilməyən qaza görə olan 358,8 manat borcudur. Ümumi borc məbləği 844,8 manatdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini lazımi qaydada araşdırmayaraq, iddiaçıya hesablanmış borcu və sayğacın quraşdırılmasına görə tələb olunmayan borcu silmişdir. Buna görə də qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçıya məxsus sayğac mənfiyə doğru işlədiyi üçün 2017-2019-cu illər üçün ona sərf etdiyi qaza görə ödənilməmiş məbləğ borc kimi hesablanmışdır. Sayğaca müdaxilə abonentin müdaxiləsi nəticəsində baş verdiyindən, ona akta görə zərər hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və eyni zamanda izahatında bildirdi ki, sayğacın dəyişdirilməsinə görə cavabdehin əməkdaşları ondan 235 manat pul tələb edirlər, lakin bu barədə ona hər hansı bir rəsmi bildiriş verməmişlər və həmin tələb olunan pul da onun tərəfindən ödənilməyib. Həmçinin bildirdi ki, evinə quraşdırılmış sayğac kartla olub və o, həmişə karta pul yükləmiş və qazdan istifadə etmişdir. Kartda pul olmadıqda isə qazdan istifadə edə bilməmişdir. Heç vaxt cavabdehin əməkdaşları onun qaza görə borcu olması barədə ona bildiriş verməmiş, xəbərdarlıq etməmişlər. Sayğac onun həyətində deyil, küçədə quraşdırılıb və heç vaxt nə özü, nə də ailə üzvləri tərəfindən sayğaca müdaxilə olmamışdır. Cavabdehin nümayəndələri həmin aktı qanunsuz tərtib etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Kollegiya tərəflərin izahatlarını, işin materiallarını, apelyasiya şikayətinin dəlillərini əlaqəli yoxlayıb, qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən, sayğacın dəyərinə görə 235,88 manat məbləğində borcun silinməsinin qanunsuz olması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən ona hesablanmış 838 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi və quraşdırılmış sayğacın 235,88 manat pulunun ondan tələb olunmasının qanunsuz hesab edilməsini tələb etmişdir. Cavabdeh iddiaya verdiyi etirazda cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsinə görə tərtib edilmiş akta əsasən hesablanmış ziyan 486 manat, 2017-2019-cu illər ərzində istifadə etdiyi təbii qazın dəyərini ödəmədiyi üçün 486 manat borc hesablanmış, lakin sayğacın dəyişdirilməsinə görə iddiaçıdan hər hansı bir məbləğdə pul tələb olunmamış və iddiaçı tələbinin bu hissəsi barədə sübut təqdim etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini tam təmin edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 838 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia bu hissədə təmin edilərək, iddiaçının ünvanı üzrə qaz sayğacının dəyişdirilməsinə görə hesablanmış, yəni sayğacın dəyəri olan 235,88 manat məbləğində borc silinməlidir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndləri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin akta əsasən hesablanmış ziyanın və qazın dəyərinin ödənilməməsi barədə hesablanmış borcun silinməsinə dair nəticəsini qanuni və əsaslı hesab edir və apelyasiya şikayətinin həmin hissəsi ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, cavabdeh 2017-2019cu illər üçün iddiaçının sərf etdiyi qazın dəyərini ödəmədiyi üçün ona 358,8 manat borc hesablamışdır və bunu onunla əsaslandırmışdır ki, sayğacın göstəricisi mənfiyə işlədiyi üçün, iddiaçının istifadə etdiyi qazın dəyərini sayğac tam göstərməmişdir. İddiaçı isə bunu bilsə də, işlətdiyi qazın dəyərindən az ödənişlər etmişdir. Kollegiya apelyatorun bu dəlilini əsassız hesab edir. Belə ki, əvvəla iş materiallarında iddiaçının adından abonentin saldosunda 2017- 2019-cu illər ərzində iddiaçı tərəfindən mütəmadi olaraq ödənişlər edilməsi öz təsdiqini tapır. İkincisi, işin mübahisəsiz halı ondan ibarətdir ki, sayğac “smart” tipli olub və yalnız ödəniş olduqdan sonra qaz istehlak etmək olur. Əks halda qazın istifadəsi mümkünsüzdür. Üçüncüsü 2017-2019-cu illər ərzində cavabdehin əməkdaşları tərəfindən bu barədə iddiaçıya hər hansı bir xəbərdarlıq olunmamışdır. Cavabdehin nümayəndəsi sayğacın mənfiyə doğru işləməsini bildirsə də, bu halı təsdiq edən hər hansı bir sübut təqdim etməmiş və onun bu dəlili iddiaçının əleyhinə sübut kimi qəbul edilə bilməz. Çünki iddiaçının sayğacın işlək vəziyyətdə qalmasına cavabdehliyi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilən qanunvericiliyin göstərişlərini nəzərə alan kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Kollegiya apelyatorun sayğaca müdaxilə nəticəsində dəymiş zərərə görə borc hesablanmasına dair dəlilini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd edilən qanunvericilik aktının normalarına əsasən kollegiya hesab edir ki. sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh daşıdığından və sayğacda olan qüsurun yaranmasında iddiaçının təqsiri müəyyən edilmədiyindən, apelyatorun həmin dəlili də əsassızdır. Kollegiya hesab edir ki, sayğacın dəyərinə görə hesablanmış 235,88 manat məbləğində borcun silinməsi hissəsində apelyatorun dəlilləri əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tələbində sayğacın dəyişdirilməsinə görə 235,88 manat pulun ondan tələb olunmasının qanunsuz hesab edilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi həmin tələbi borc kimi qiymətləndirib, silinməsini qət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən prosessual qanunvericiliyin tələblərini pozaraq, iddia tələbindən kənara çıxdığından, qətnamə həmin hissədə qanunsuz olmuşdur. Kollegiya sayğacın dəyişdirilməsinə görə iddiaçıdan 235,88 manat pulun tələb olunmasının qanunsuz hesab edilməsi tələbinə münasibətdə hesab edir ki, həmin tələb əsassızdır. Belə ki, iddiaçı sayğacın dəyişdirilməsinə görə ondan pul tələb edilməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh də ondan sayğaca görə pul tələb edilmədiyini iddiaya qarşı verilmiş etirazda bildirmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin həmin dəlilinə hər hansı bir qiymət verməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti həmin hissədə əsaslı olduğundan təmin edilməli, qətnamə sayğacın dəyərinə görə hesablanmış 235,88 manat məbləğində borcun silinməsi hissəsində ləğv edilməli, iddia tələbi “sayğacın dəyəri olan 235,88 manat pulun tələb edilməsinin qanunsuz hesab edilməsi” hissəsində təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(011)-688/2022 saylı qətnaməsi qismən, sayğacın dəyəri olan 235,88 manat pulun tələb edilməsinin qanunsuz hesab edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar