Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3832/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4265/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona 2019-cu ilin dekabr ayından (dekabr ayı da daxil olmaqla) 2020-ci ilin oktyabr ayına qədərki (sentyabr ayı da daxil olmaqla) ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsi səbəbi ilə 1.000 manat peniyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4265/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilrərək, 2019-cu ilin dekabr ayından (dekabr ayı da daxil olmaqla) 2020-ci ilin oktyabr ayına qədərki (sentyabr ayı da daxil olmaqla) ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, həmçinin iddiaçı qeyd etdiyi dövrlər üçün iş yerinə gələrək əmək funksiyasını icra etməmiş, eləcə də qətnamənin nəticə hissəsində cavabdehdən tutulacaq məbləğ konkretləşdirilməmişdir. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələblərinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili H.Cavadov apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı işə gəlməmiş, əmək funksiyalarını yerinə yetirməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, cavabdehin reklam sahəsi üzrə bölmə rəhbəri olmuş, 2019-cu ilin dekabr ayından daimi işə çıxsa da və əmək vəzifəsini tam həcmdə yerinə yetirsə də, 2019-cu ilin dekabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddətdə ona əmək haqqı ödənilməmiş, mart ayından sonra isə pandemiya səbəbi ilə işəgötürən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən “icaze.e-gov.az” portalında lazımi icazəni almamış, o, dəfələrlə icazə alınması üçün rəhbərliyə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən, şikayətin əsassız olduğundan, təmin olunmamasını xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində verilmiş iş yerinə dair arayışdan görünür ki, işəgötürən Cavabdeh MMC-nin Azərbaycandakı filialı ilə işçi İddiaçı arasında xx.xx.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, işçinin vəzifəsi bölmə rəhbəri, reklam, əmək müqaviləsi üzrə BTL meneceri olmaqla, əmək haqqı 2451,96 manatdır. Mülki iş materiallarına əlavə olunmuş sənədlər toplusuna əsasən iddiaçı Cavabdeh MMC-nin reklam sahəsi üzrə bölmə rəhbəridir. Hesabat sənədlərinə əsasən iddiaçı sonuncu dəfə 2019-cu ilin oktyabr ayında həmin ilin avqust ayının əmək haqqısını almış, sentyabr ayından noyabr ayı daxil olmaqla öz hesabına məzuniyyətdə olmuş, 2019-cu ilin dekabr ayından isə daimi işə çıxsa da, əmək vəzifəsini tam həcmdə yerinə yetirsə də, 2019-cu ilin dekabr ayından (dekabr ayı daxil olmaqla) 2020-ci ilin oktyabr ayınadak (sentyabr ayı da daxil olmaqla) olan dövr ərzində əmək haqqı almamışdır. “xxxx” ASC-nin iddiaçıya məxsus ödəniş kartı üzrə təqdim etdiyi çıxarışdan əsasən ödəniş kartına mədaxil edilmiş əmək haqqı məbləğləri 2019-cu ilin sentyabr ayınadək olan əmək haqqı məbləğləridir və iddiaçıya 2019-cu ilin dekabr ayından (dekabr ayı daxil olmaqla) 2020-ci ilin oktyabr ayınadak (sentyabr ayı da daxil olmaqla) olan dövr üçün əmək haqqı ödənilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin olunan hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatının dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 195-ci maddəsinin «d» bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Məhkəmə Kollegiyasının araşdırmaları ilə mübahisəsiz qaydada müəyyən oldu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, işçinin vəzifəsi bölmə rəhbəri, reklam, əmək müqaviləsi üzrə BTL meneceri olmaqla, əmək haqqı 2451,96 manatdır, hazırda da həmin müqaviləyə xitam verilməmişdir, müqavilə qüvvədədir. Eyni zamanda, iddiaçının mart ayından sentyabr ayınadək işə çıxmadığı, bunun səbəbinin isə ümumi məlum olan halla, yəni “COVİD-19” pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iş yerlərində işçilərin sayına məhdudiyyətin tətbiq edilməsi barədə qərarı ilə bağlı olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Cavabadehin apellyasiya şikayətinin birinci dəlili, onların qeydiyyatda olduqları ünvanda deyil, əslində başqa ünvanda fəaliyyət göstərmələri, iddiaçının da onların həmin ünvanda fəaliyyət göstərdiklərini bilməsi və bu səbəbdən, bildirişlərin də məhz ora göndərilməli olması ilə bağlı olmuşdur ki, Məhkəmə kollegiyası hesab edir ki, onların bu dəlili keçərli sayıla bilməz. Apellyasiya şikayətinin ikinci dəlili iddiaçının qeyd etdiyi dövrlər üçün iş yerinə gələrək əmək funksiyasını icra etməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı iş yerinə getməmişdir. Bu hal isə onun iradəsi ilə yox, Nazirlər Kabineti yanında Operativ Qərargahın iş yerlərində işçilərin sayına məhdudiyyətin tətbiq edilməsi barədə qərarı ilə bağlı olmuşdur. Cavabdeh isə öz işçisi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın həmin qərarına əsasən “icaze.e-gov.az” portalında lazımi icazənin alınması ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Cavabdehin apellyasiya şikayətinin üçüncü dəlili isə iddiaçının cavabdeh qismində Cavabdeh MMC-nin Azərbaycandakı filialını yox, Cavabdeh MMC-ni qeyd etməsi olmuşdur. Məhkəmə Kollegiyası bununla bağlı bildirir ki, apelyatorun şikayətinin bu dəlili əhəmiyyətli deyil. O səbəbdən ki, iddiaçı iddia ərizəsində texniki səbəblərdən filial sözünü yazmamışdır, lakin iddia ərizəsindən görünür ki, iddiaçı MMC-nin Azərbaycan filialının ünvanını göstərmişdir. Bununla da o, tələbinin məhz Cavabdeh MMC-nin Azərbaycandakı filialına qarşı yönəldiyini şəksiz nümayiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dördüncü dəlili isə rayon məhkəməsinin cavabdehdən tutulacaq məbləği dəqiq göstərməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddia ərizəsinin qismən təmin edilərək, 2019-cu ilin dekabr ayından (dekabr ayı da daxil olmaqla) 2020-ci ilin oktyabr ayına qədərki (sentyabr ayı da daxil olmaqla) ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində aylıq əmək haqqı dəqiq göstərildiyindən, həmçinin ödəniləcək aylar da qeyd edildiyindən, onun hesablanması hər hansı anlaşılmazlıq və çətinlik törədə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Kollegiyanın araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, işçinin vəzifəsi bölmə rəhbəri, reklam, əmək müqaviləsi üzrə BTL meneceri olmaqla, əmək haqqı 2451,96 manatdır, hazırda da həmin müqaviləyə xitam verilməmişdir, müqavilə qüvvədədir, iddiaçıya 2019-cu ilin sentyabr ayınadək olan əmək haqqı məbləğləridir və iddiaçıya 2019-cu ilin dekabr ayından (dekabr ayı daxil olmaqla) 2020-ci ilin oktyabr ayınadak (sentyabr ayı da daxil olmaqla) olan dövr üçün əmək haqqı ödənilməmişdir. Bununla da məlum olur ki, iddia tələbi əsaslı olduğundan rayon məhkəməsi iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4265/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3832/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3832/2021
14.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver