Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3832/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı (X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 qızının, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Ləğv prosesində) nümayəndəsi X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1576/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 011315 saylı vəsiqəsinə əsasən İddiaçı şəhid ailəsi üzvüdür.
2. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şirkətin elektron informasiya bazasının məlumatına əsasən mərhum hərbi qulluqçu X9 varisinə xx.xx.2000-ci il tarixində Şirkət tərəfindən 5 500 000 (beş milyon beş yüz min) manat yəni cari ilin ekvivalentinə uyğun olaraq 1100 (min yüz) manat sığorta ödənişi edilmişdir. Bu səbəbdən X9 həlak olması ilə əlaqədar mərhumun varislərinə əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir.
3. Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X10 arasında nikah xx.xx.1977-ci ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada «Əhmədova» soyadı verilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Hərbi Komisarlığının xx.xx.2000-ci il tarixli 166 saylı arayışına əsasən X15 N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.2000-ci il tarixdə mina partlayışı nəticəsində şəhid olmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon «Leyli» nikah evi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X15 xx.xx.2000-ci il tarixdə mina partlaması travması. Bədənini çoxsaylı daş və qarın boşluğuna keçən odlu silah qəlpə yarasından vəfat etmişdir.
6. N saylı Hərbi Hissənin arayışına əsasən X15 N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.2000-ci il tarixdə mina partlayışı nəticəsində şəhid olmuşdur.
7. Bakı Şəhəri Binəqədi Rayon «Leyli» nikah evi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X15 xx.xx.1978-ci ildə anadan olmuş. Atası İddiaçı və anası X4r.
8. Hərbi qulluqçuların dövlət icbari sığortası üzrə xx.xx.2000-ci il tarixli ********* nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2000-ci il tarixdə X6 ölümü ilə əlaqədar 5 500 000 (beş milyon beş yüz min) manat köçürülmə həyata keçirilmişdir.
9. Bakı şəhəri 26 saylı Notariat Ofisində verilmiş xx.xx.2025-ci il tarixli AR- İİİ650351 nömrəli etibarnamədən görünür ki, X8 hərbi qulluqçuların vərəsələrinə AR Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli fərmanına əsasən 11000 manat məbləğində birdəfəlik ödənilməli olan pul vəsaitinin, sığorta pulunun alınması ilə əlaqədar səlahiyyətləri İddiaçı etibar etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı sığorta ödənişinin verilməstələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Şəhid ailəsi üçün nəzərdə tutulmuş 11.000 (on bir min) manat sığorta məbləğinin ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmasınına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və konsitutusiya qurluşu uğrunda şəhid olmuş X9 atasıdır. Oğlu 1998-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb, əvvəl N saylı hərbi hissədə, sora isə N saylı hərbi hissəyə göndərilib. Kəşfiyat bölüyünün əsgəri olub. xx.xx.2000-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mənfur düşmənin basdırdığı minaya düşərək qəhrəmancasına Şəhid olmuşdur. Bu N saylı hərbi hissənin N saylı xx.xx.2000-ci il tarixli bildirişində (arayışda) göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhidlik statusu verilmişdir. X24 üçün nəzərdə tutulmuş Şəhid ailəsinə ödəniləcək 11000 ( on bir min) manat sığorta məbləği bu günə qədər ödənilməmişdir. Onun hərbi qulluqçuların dövlət icbari sığorta üzrə ödənişin verilməsi barədə LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı ərizəsinə cavab olaraq bildirmişlər ki, şirkətin elektron informasiya bazasının məlumatına əsasən mərhum hərbi qulluqçu X11 varisinə xx.xx.2000-ci il tarixdə şirkət tərəfindən 5 500 000 (beş milyon beş yüz min) manat yəni cari ilin ekvivalentinə uyğun olaraq 1100 (min yüz) manat sığorta ödənişi edilmişdir. Bu səbəbdən X9 həlak olması ilə əlaqədar mərhumun varislərinə əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Övladı şəhid olduqdan sora evdə İddiaçı və həyat yoldaşı X8 olmuşdur, yəni ondan başqa heç kim yaşamır. (2 övladı olub, bir övladı vətən uğrunda Şəhid olub, digər övladı qəfil ürəktutmasından dünyasını dəyişib). Onlar da Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin qeyd etdiyi kimi, heç bir sığorta və ya pul kompensasiyası almamışlar.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1576/2025 nömrəli qətnaməsi ilə (X19) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı (X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sığorta ödənişinin verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, Vəkil1 tərəfindən İddiaçı göstərilmiş hüquqi yardıma görə cəmi 90 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməsinin Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.3-cü maddəsinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə, xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mən xx.xx.1952-ci il təvəllüdlü İddiaçı, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və konsitutusiya quruluşu uğrunda şəhid olmuş X9 atasıyam. Oğlum 1998-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb, əvvəl N saylı hərbi hissədə, sora isə N saylı hərbi hissəyə göndərilib. Kəşfiyat bölüyünün əsgəri olub. xx.xx.2000-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mənfur düşmənin basdırdığı minaya düşərək qəhrəmancasına Şəhid olmuşdur. Bu N saylı hərbi hissənin N saylı xx.xx.2000-ci il tarixli bildirişində (arayışda) göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Şəhidlik statusu verilmişdir. X24 üçün nəzərdə tutulmuş Şəhid ailəsinə ödəniləcək 11000 (on bir min manat) sığorta məbləği bugünə qədər ödənilməmişdir. Aidiyatı üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə müraciət etmişdim, mənə cavab olaraq 05. Avqust 2024-cü il tarixli N-95/2-719/24 saylı məktubunda Kommersiyanın üzvü Ələsgər Əliyev bildirmişdir ki, 5 500 000 (beş milyon beş yüz min) manat yəni cari ilin ekvavalentinə uyğun olaraq 1100 (min yüz) manat sığorta ödənişi edilmişdir. Müraciət etmişdir ki, kimə ödənilibsə alan şəxsin adı familiyası atasının adını təqdim etsin. Ailədə hal-hazırda iki nəfər, İddiaçı, və həyat yoldaşı X8, pul barəsində məlumatları olmamışdır. Düşünürdü ki, oğlu Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, Konsitutusiya qurluşu uğrunda Şəhid olub, nə lazım olsa Dövlət tərəfindən onu dəvət edib məlumatlandıracaqlar, və pul ödənişi olsa ödəyəcəklər. Oğlu Şəhid olduğu üçün ümumiyyətlə xəstəliydən qarabasmalardan baş ağrılarından evdən çölə çıxmırdı. Azərbaycan Respublikası Milli Məclisi, Respublika Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 16-cı bəndini rəhbər tutaraq 29 dekabr 2021-ci ildə qərar qəbul etmişdir, həmin qərarda sığorta ödənişi aşkar şəkildə biruzə verilmişdir. Lakin dəfələrlə şifahi və ya əyani şəkildə müraciət etmiş, müraciəti cavabsız qalmışdır, oğlunun qanpulusunu ala bilməmişdir. Məhkəmə iclasında yazılı tələb qoymuşdur ki, qanunları bir o qədər bilmir xahiş edir ki, Vəkillə təmin etsinlər. 19-cu vəkil burosundan Vəkil1 təyin edildi, Məhkəmə Həbibə Miriyevanın Sədirliyi ilə 28 fevral 2025-ci ildə keçirildi. Məhkəmədə suallar verildi müxtəlif cavablar alındı. Vəkil X2 verdi ki, vətəndaş İddiaçı sizin göstərdiyiniz məbləği alıbsa bank rekvizitlərini və ya harda ödəniş olunub həmin qəbzi və ya vətəndaşın imzasını təqdim edəsiniz. Həmin sualı Məhkəmədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin vəkilinə ünvanladı, və tapşırıq verdi ki, məhkəmə başqa vaxta keçirildi, həmin məhkəmənin vaxtına qədər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi dəlil sübutları hazır etsin və məhkəməyə təqdim etsin. Növbəti məhkəmə iclası 2025-ci il aprelin 4-ü tarixində olacaq. Lakin həmin tarixdə yəni 4 aprel 2025-ci il tarixdə 11:20 radələrində məhkəmə iclası başladı. Yenə tələb qoyuldu ki, vətəndaşın imzası və yaxud da pulu aldığı haqqında qəbz tam şəkildə bizə təqdim olunsun. Cavabdeh tərəf özlərinin xx.xx.2000-ci il tarixdə necə pulu mənimsəmələri barədə aktı təqdim etdi. (aktı olduğu kimi məktuba əlavə edəcəm). Lakin məhkəmə sual verdi vətəndaşın pulu almağı haqqında məlumat varmı, nümayəndə olaraq cavab verdi ki, heç bir məlumat yoxdur. Sığorta Kommersiya Şirkətinin sənədləri utilizasiya olunub. Bildiyinə görə Şəhid haqqında sənədlər heç vaxt utilizasiya olunmur. Vəkili cavabdehin nümayəndəsinə sual ünvanladı, utilizasiya olunubsa hansı sənədlərin utiluzasiya olunmağı barədə məlumat qeyd edilmiş kitabı bizə gətirsin, lakin bu sual da cavabsız qaldı. Məhkəmə bildirdi ki, cavabdeh şəxslərin heç bir dəlili yoxdur, sən get yoldaşınla birlikdə notarial kontorunda yoldaşın sənə etibarnamə versin ki, 11000 manatı sən ala biləsən. (qeyd etdi ki, yarı-yarı düşür). Bildiyimə görə məhkəmə beş dəqiqalıq fasilə verməli idi, orada da qəti qərarını bildirməli idi. Lakin X19 dedi ki, 1-ci gün qərar ünvanınıza göndəriləcək. Nəsimi rayon Məhkəməsinin Hakimi Həbibə Miriyeva 1964-cü ildə qərar qəbul olunmuş Konsitutusiyanın 373-cü maddəsini vaxtı ötürməni nəzərə alaraq qərar qəbul etmişdir. (bu Sovetlər dövründə qəbul edilmiş qərardır). Biz suveren Azərbaycan Respublikasında yaşayırıq, Respublikamızın Konsitutusiyası var və tətbiq olunur. Cənab Prezidentin verdiyi əmrə əsasən 2019-cu ildə və ya 29 dekabr 2021-ci il Milli Məclis 94-cü madənin 1-ci hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərar qəbul etmişdir ki, gecikdirilmiş və ya ödənilməmiş sığortalar ödənilsin. Biz də fikirləşirdik ki, növbə bizədə çatacaq bizi dəvət edəcəklər övladımın qanpulusunu yəni sığorta haqqı olan 11000 manatı bizədə ödəyəcəklər. Lakin yerli İcra orqanları sonuncu Məhkəmədə əsassız olaraq X19 qətnamə çıxartmışdır ki, Şəhidin sığorta pulu ödənilməsin. Buda o deməkdir ki, Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin qərarları X14 aid deyil. İstədiyi kimi heç bir sübut olmadan qərar qəbul edə bilər. Bildirir ki, bütün dəlilləri yuxarıda göstərməyinə baxmayaraq Nəsimi rayon Məhkəməsinin Hakimi Həbibə Miriyeva bunları nəzərə almamışdır. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaradılır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxlər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardan ləğv edilməsinə yalnız o halda əsas olur ki, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərdən aslı olmayaraq birinci stansiya məhkəməsinin qətnaməsi və qərardadı aşağıdakı hallarda ləğv edilməlidir. 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazım olan qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa hesab edirəm ki, cavabdeh tərəfin dəlil sübutları olmadan qanunsuz qətnamə qəbul olunmuşdur. Məhkəmə tələb qoymuşdur ki, vətəndaşın qol çəkdiyi qəbzi və yaxud hər hansı bir qol çəkdiyi sənəd varsa dəlil sübutları təqdim etsinlər. Heç bir dəlil sübut məhkəməyə təqdim olunmadan qətnamə qəbul edildi. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda isə hesab edir ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Ləğv Prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin hərbi qulluqçuların Dövlət İcbari Sığorta üzrə sərəncam nömrəsi ********* xx.xx.2000-ci il məhkəməyə təqdim olunan arayışında öz əksini tapmışdır. Ləğvetmə Komissiyasının üzvü Ə. Əliyev Hüquq və Kadrlar Şöbəsinin müdiri E.Cəfərli katiblik şöbəsinin mütəxəssisi N. Kərimova təqdim olunan vərəqidə saxtalaşdıraraq köhnə sənəd adı ilə qara eskizə yeni ləğvetmə möhürü ilə qol çəkərək təqdim etmişdilər. Sənədə baxdıqda məlumdur ki, sənəd saxtadır əsli yoxdur. Ləğvetmə Komissiyasının üzvü Ələsgər Əliyev bildirmişdir ki, 5 500 000( beş milyon beş yüz min) 1100 manat sığorta ödənilmişdir. Ailədə 2 nəfərdirlər heç biri sığorta almayıb. Kimə ödədiyi məlum deyil. Ödəmiş olsa idi məhkəmədə pul çeki və ya qəbz qol çəkdiyi sənədləri təqdim edərdi, bunların heç birini təqdim etmədi. Heç bir sübut olmadan qətnamə qəbul edilmişdir. İddia müddəti hüquqa zidd hesab edilmişdir. Bu ödənişin həyata keçirildiyini 2024-cü ildə yazılı cavabla öyrənmişdir. Sığorta hadisəsi 2000-ci ildə baş vermiş olsa da, iddia hüququnun ona məlum olduğu tarix hüquqi əsas kimi qəbul edilməli idi.
16. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 yazılı mülahizəsində qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1576/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə aşağıdakıları bildirir: Sığorta ödənişinin ödənilməsi haqqında. Mübahisələndirilən qətnamənin “İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar” hissəsində sığorta ödənişi ilə əlaqədar iki sənədə istinad edilir. Bunlar, AR Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubu və Hərbi qulluqçuların dövlət icbari sığortası üzrə xx.xx.2000-ci il tarixli ********* nömrəli sərəncamdır. Məhkəmə həmin bu sənədlərə istinad edərək hesab etmişdir ki, “AR Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilmişdir.” Mülki Prosessual Məcəllənin 76-cı maddəsində deyilir: “76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.” İddiaçı sığorta ödənişinin ona ödənilmədiyini bildirdiyi halda, məhkəmə cavabdehin məktubu və sərəncamına (bu sənədlərin heç biri hansı məbləğin, kimə və hansı tarixdə ödənildiyini təsdiq edən hər hansı bir məlumatı əks etdirmir) istinad edərək səhv nəticəyə gəlmişdir. Həmin sənədlərdə “Şirkətin elektron informasiya bazasının məlumatına əsasən mərhum hərbi qulluqçu X9 varisinə 03.04.200-ci il tarixdə 5 500 000 manat sığorta ödənişi edilmişdir” kimi formal ifadələr və ya X15 və baş vermiş hadisə haqqında məlumatlar qeyd olunmuşdur. Ödənişi təsdiq edən nə bir ödəniş qəbzi, və ya ödənişin edildiyi konkret şəxsə məxsus hesab nömrəsi və s. kimi mötəbər sübutlar təqdim edilməmişdir. Hesab edir ki, təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər, ödənişi təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddia müddətinin tətbiq edilməsi haqqında. Mübahisələndirilən qətnamədə qeyd edilir: “Cavabdeh tərəfindən ödəniş edilməsəydi belə, iddiaçı sözügedən tələblə müraciət edilməsi üçün müddəti ötürmüşdür. Belə ki, Dövlət Sığorta Kommersiya Şirkətinin hazırkı mübahisə predmeti üzrə öhdəlikləri müvafiq sığorta müqaviləsi ilə yaranmışdır...” Məhkəmənin bu mövqeyini aşağıdakılara görə əsassız hesab edir: - “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli nömrəli Fərmanı ilə respublikada icbari sığortalanmanın bütün növlərinin həyata keçirilməsi Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun preambulasında deyilir: “Bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir.” - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun bəzi müddəalarının şərh olunmasına dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014- cü il tarixli Qərarında deyilir: “Qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsinə əsasən həyata keçirilir...Müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir.” - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında deyilir: “...Sosial təminat hüququnun realizə formalarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif kateqoriya şəxslərin xidməti vəzifələrinin icrası ilə bağlı həyat və sağlamlığına dəyən zərərə görə onların dövlət tərəfindən məcburi şəkildə sığorta etdirilməsidir. Dövlət icbari şəxsi sığorta sığortaolunanların həyat və sağlamlığının qanunla müəyyən olunmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir (Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 22 aprel tarixli Qərarı). ... Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun ilə tənzimlənir... ... həmin Qanunun 2.1.9 və 4.1-ci maddələrində sığorta ödənişi sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti kimi göstərilmiş və dəyəri on bir min manat məbləğində müəyyən edilmişdir... ... Sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Dövlət tərəfindən verilən on bir min manat məbləğində birdəfəlik ödənişin hüquqi təyinat və məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasıdır. - AR Mülki Məcəlləsinin 384-cü maddəsində deyilir: 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyriəmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. Qeyd olunan hüquqi aktlara əsasən hesab edir ki, iddianın predmetini təşkil edən sığorta ödənişi sosial təminat hüququnun realizə formalarından biri kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun ilə tənzimləndiyinə görə, habelə dövlət tərəfindən verilən bu ödənişin hüquqi təyinat və məqsədi sığortaolunanın ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin azaldılmasından ibarət olduğundan sözügedən tələblə müraciət edilməsi üçün iddia müddəti şamil edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq xahiş edir ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1576/2025 nömrəli qətnaməsini tamamilə ləğv edib, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdehin nümayəndəsi Eyvaz Cəfərli apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin mülahizəsinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi əsaslı qərar vermişdir və bu qərarın dəyişdirilməsi üçün yeni hal və sübut təqdim olunmamışdır. Belə ki şirkət tərəfindən müvafiq sığorta ödənişinin verildiyini təsdiq edən sərəncam məhkəməyə təqdim olunmuşdur. İddiaçı tərəfin hesab nömrəsi və s. tələbi absurddur. Çünki, 2000-ci ildə nəinki sığorta ödənişləri, əməkhaqqı, sosial və pensiya ödənişləri belə nəğd qaydada, vasitəçi bank olmadan həyata keçirilirdi. Kassa-məxaric orderi isə qanunvericiliklə müəyyən olunmuş saxlama müddəti keçdiyindən Şirkətdə saxlanmamışdır. Ödənişin edildiyi tarixdən 25 ildən çox müddət keçib – bu isə sübutların təqdim olunması və saxlanılması baxımından qeyrimümkünlük yaradır. İddiaçı tərəf bildirir ki, bu münasibətlər dövlətin publik funksiyası çərçivəsində formalaşdığı üçün iddia müddəti tətbiq olunmamalıdır. İddiaçının istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarında sığorta ödənişinin sosial funksiyası vurğulansa da, iddia müddətinin tətbiqindən azad olması hüquqi norma kimi qeyd olunmur, bu yalnız məqsəd və funksiyanı izah edir. Mülki Məcəllənin 384-cü maddəsində fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmədiyi qeyd olunur. Lakin, burada qanunverici zərərvuran şəxsə qarşı iddia müddətinin tətbiqini istisna edir. Şirkət kommersiya fəaliyyəti ilə məşğul olan, sığorta təşkilatıdır və zərərvuran qismində çıxış etmir. Odur ki, qeyd olunan istisna hal hazırki işə tətbiq oluna bilməz və birinci instansiya məhkəməsinin yanaşması əsaslı olmuşdur. İddiaçı sığorta ödənişinin verilmədiyini bildirsə də, nəyə görə 25 ildən sonra sığorta ödənişi tələb etdiyini əsaslandıra bilmir. Bu fakt tələb hüququnun reallaşdırılmasında passivlik kimi qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) iddia müddətinin tətbiqi ilə bağlı hüquqi mövqeyi xüsusi əhəmiyyət kəsb edir. İHAM öz qərarlarında iddia müddətinin tətbiqini hüquqi sabitlik və maraqların balanslaşdırılması baxımından zəruri və qanuni hesab edir. İHAM qərarlarında qeyd edir ki: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər. İddia müddəti hüquqi sabitliyin təmin olunması və sübutların qorunması baxımından zəruri vasitədir və bu cür müddətlərin mövcudluğu öz-özlüyündə Konvensiya pozuntusu deyil. Əgər şəxsin hüququnu qorumaq üçün real və praktik imkanlar olmuşsa, lakin bu imkanlardan üzürlü səbəb olmadan istifadə edilməmişsə, gecikmənin nəticələrinə görə məsuliyyət həmin şəxsə aiddir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Yekunda qeyd edir ki, şirkət müvafiq qaydada sığorta ödənişini həyata keçirmişdir. İddia müddətinin tətbiqini sığorta ödənişindən yayınmaq üçün deyil, məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alınması üçün tələb edir. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
18. Cavabdehin nümayəndəsi Eyvaz Cəfərli yazılı mülahizəsində qeyd etmişdir ki, İş materiallarından göründüyü kimi, şirkət tərəfindən müvafiq sığorta ödənişinin həyata keçirildiyini təsdiq edən rəsmi sərəncam məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfin ödənişin həyata keçirilməsini sübut edən hesab nömrəsi, köçürmə sənədi və digər bank rekvizitləri tələb etməsi hüquqi baxımdan əsassızdır. Çünki 2000-ci illərin əvvəllərində nəinki sığorta ödənişləri, həmçinin əməkhaqqı, sosial müavinət və pensiya ödənişləri də vasitəçi bankların iştirakı olmadan, birbaşa nəğd qaydada həyata keçirilirdi. Vergi Məcəlləsinin 71.4-cü maddəsinə əsasən, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Qanunvericilikdə kassa-məxaric orderi ilə bağlı konkret saxlanma müddəti müəyyən edilmədiyindən Vergi Məcəlləsinin 71.4-cü maddəsini rəhbər tutaraq 5 il müddətinə saxlanmışdır. Həmin müddət çoxdan keçdiyindən və ödənişin edildiyi tarixdən 25 ildən artıq vaxt keçdiyinə görə, sənədlərin fiziki saxlanması və təqdim olunması obyektiv olaraq mümkün deyil. Beləliklə, cavabdeh şirkət tərəfindən ödənişin həyata keçirilməsinə dair sübut mövcuddur və bu sübut birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmişdir. İddiaçı tərəf apellyasiya şikayətində iddia müddətinin bu münasibətlərə tətbiq edilməməsini əsaslandırmaq üçün Konstitusiya Məhkəməsinin bəzi qərarlarına istinad etmişdir. Lakin həmin qərarlarda sığorta ödənişinin sosial funksiyası qeyd edilsə də, iddia müddətinin tətbiq olunmaması hüquqi norma kimi təsbit edilməmişdir. Əksinə bu münasibətlərin mülki-hüquqi münasibətlər olduğu vurğulanmışdır. Mülki Məcəllənin 384-cü maddəsinə əsasən, yalnız fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələblərə iddia müddəti şamil edilmir. Burada qanunverici zərərvuran subyektə qarşı irəli sürülən tələbləri istisna edir. Hazırkı işdə cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olan sığorta təşkilatıdır və zərərvuran qismində çıxış etmir. Şirkət dövlət orqanı və ya sosial öhdəlik daşıyan publik subyekt deyil. Bu baxımdan, iddiaçının göstərdiyi istisna hal bu mübahisəyə aid deyil və birinci instansiya məhkəməsinin hüquqi yanaşması tam əsaslıdır. İddia müddətinin məqsədi hüquqi sabitliyi təmin etmək, tərəflərin hüquqi münasibətlərinə müəyyənlik gətirmək və məhkəməni “köhnəlmiş” tələblərlə yükləməməkdir. Uzun illər keçdikdən sonra sübutların məhv olması, şahidlərin mövqelərinin dəyişməsi və sənədlərin itməsi ədalətli qərar qəbulunu çətinləşdirir. Bu baxımdan, iddia müddətinin tətbiqi cavabdehi məsuliyyətdən yayınmaq məqsədi daşımır, əksinə ədalətli məhkəmə araşdırması və hüquqi sabitlik prinsiplərinin qorunması məqsədinə xidmət edir. İddiaçı tərəf sığorta ödənişinin guya həyata keçirilmədiyini iddia etsə də, bu iddianı 25 ildən sonra irəli sürməsinin üzrlü səbəbini əsaslandıra bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) öz qərarlarında iddia müddətinin tətbiqini hüquqi sabitliyin və maraqların balanslaşdırılmasının vacib tərkib hissəsi kimi qəbul edir. İHAM-ın işlərində qeyd olunur ki: İddia müddəti məhkəməyə çıxış hüququnun mütləq xarakter daşımadığını, Hüququn müdafiəsi üçün real və praktik imkan mövcud olduğu halda, bu imkandan vaxtında istifadə edilməməsinin hüquqi məsuliyyət doğurduğunu, Məhkəmə tərəfindən çox uzun müddət əvvəl baş vermiş hadisələrin araşdırılmasının ədalətsiz nəticələr doğura biləcəyini vurğulamışdır. İddiaçının bu qədər uzun müddət ərzində passiv qalması, onun öz hüququna laqeyd münasibəti kimi qiymətləndirilməlidir və bu hal iddia müddətinin tətbiqini zəruri edir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
20. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Ləğv prosesində) nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.
24. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır.
25. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir.
xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun
26. 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.
27. 4-cü maddəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir.
28. 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığortaməbləğlərininmüvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1576/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
40. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçının oğlu X15 xx.xx.2000-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək şəhid olmuşdur. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2000-ci il tarixdə X6 ölümü ilə əlaqədar 5 500 000 (beş milyon beş yüz min) manat köçürülmə həyata keçirilmişdir. İddiaçı şəhid ailəsi üçün nəzərdə tutulmuş 11000 (on bir min) manat sığorta məbləğinin ödənilmədiyini bildirərək, həmin vəsaitin ödənilməsini tələb etmişdir.
41. Belə ki, qanunverciliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s.öz əksini tapır.
42. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarı ilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz.
43. «Hərbi qulluqçuların və digər dövlət qulluqçularının dövlət tərəfindən mütləq şəxsi sığortalanmasına dair» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanı ilə sığortalanmanın qaydasının, şərtlərinin və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır.
44. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx.xx.1992-ci il tarixli, 99-6 saylı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanına əsasən, sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir.
45. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iş materiallarında olan elektron informasiya bazasının məlumatına əsasən mərhum hərbi qulluqçu X9 ölümü ilə bağlı xx.xx.2000-ci il tarixində Şirkət tərəfindən 5 500 000 (beş milyon beş yüz min) manat sığorta ödənişi edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Baxılan iş üzrə sığorta hadisəsinin baş verməsindən hazırkı iddia ərizəsinin məhkəməyə daxil olmasınadək 25 ilə yaxın müddət keçmişdir. Ötən dövr ərzində iddiaçı sığorta şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi barədə heç bir tələb irəli sürməmiş, habelə məhkəmə müdafiəsi hüququndan istifadə etməmişdir. Bu da öz növbəsində mübahisənin həlli üçün tərəflərin təqdim etdikləri sübutların yetərliliyi və mötəbərliliyi baxımından qiymətləndirilməsində çətinlik yaratmışdır. Halbuki, mülki hüquq subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Eyni zamanda mülki prosesdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə görə sığorta müqaviləsinə müqavilənin müddətinin başa çatması ilə, yaxud da sığorta hadisəsinin baş verməsi və buna müvafiq sığorta ödənişinin sığortaçı tərəfindən sığortalıya ödənilməsi ilə xitam verilir. Sığorta ödənişi həmin vaxt qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir. Bu baxımdan, birdəfəlik sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələblərinə zidd olardı. (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı) .
46. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən ödəniş edilməsəydi belə, iddiaçı sözügedən tələblə müraciət edilməsi üçün müddəti ötürmüşdür. Belə ki, Dövlət Sığorta Kommersiya Şirkətinin hazırki mübahisə predmeti üzrə öhdəlikləri müvafiq sığorta müqaviləsi ilə yaranmışdır. Sığorta hadisəsi 2000-cü il tarixində baş vermişdir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hadisənin baş verməsindən 25 ildən çox vaxt keçməsini nəzərə aldıqda Mülki Məcəllənin 373-cü maddəsində qeyd olunan iddia müddətləri ötürülmüşdür. İddiaçı tərəfin, şəhidin ailə üzvlərinə sığorta ödənişinin həyata keçirilməsi barədə məlumatlarının olmaması barədə dəlilləri isə ağlabatan və inandırıcı deyildir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Qərarına əsasən, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixliQərarı).
48. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
49. Həmçinin nəzərə alınmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
50. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar vətəqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
55. Kollegiya hesab edir ki, məhkəmə xərcləri ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə vəkil tərəfindən təqdim olunmuş hesabatda göstərilən saatları nəzərdən keçirərək, işin xarakterini və işə sərf oluna bilən real vaxtları nəzərə almaqla hesab edir ki, İddiaçı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosu tərəfindən Vəkil1 90 manat əmək haqqının hesablanaraq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ağlabatandır.
56. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Eyni zamanda vəkil tərəfindən təqdim olunmuş hesabatda göstərilən saatları nəzərdən keçirərək, işin xarakterini və işə sərf oluna bilən real vaxtları nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil2 209 manat əmək haqqının hesablanaraq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ağlabatandır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1576/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Dövlət büdcəsindən hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına İddiaçı göstərilmiş hüquqi yardıma görə 209 manat məbləğində pul vəsaitinin Vəkil2 ödənilməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.