Məhkəmə qərarları › İş №2(103)-3836/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3836/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3836/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1354/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs C.Cəfərov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və “xxxx” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı tərəf məhkəməyə iddianın təmin tədbirinə dair ərizə ilə müraciət edərək, hazırkı işə baxlanadək İddiaçı MMC-nin sahibliyində olan Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında inşa edilən yaşayış binasının “E” korpusunun 2-ci mərtəbəsində ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzilə dair hər hansı bir hərəkət edilməsini, o cümlədən, mənzilin təmir edilməsinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1354/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmini tədbirinə dair ərizəsi təmin edilmişdir. Həmin qərardaddan müstəqil tələb irəli sürməyən üçüncü şəxs C.Cəfərov tərəfindən verilmiş şikayət Məhkəmənin eyni saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kolleiyasının iclasında üçüncü şəxs nümayəndəsi və vəkili Ü.Məmmədov şikayəti müdafiə edərək qeyd etdi ki, o, hazırkı iş üzrə iddiaçı tərəfin qanunsuz əməlləri nəticəsində külli miqdarda zərərə məruz qalmış, bununla əlaqədar onun zərərçəkmiş (mülki iddiaçı) qismində tanındığı məhkəmə araşdırmasının nəticəsi olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən verilmiş icra vərəqəsinin icra qaydasında iddiaçıya məxsus Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında inşa edilən yaşayış binasının “E” korpusunun 2-ci mərtəbəsində ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzili hərrac təşkilatı olan “xxxx” MMC-dən borc məbləği çıxıldıqdan sonra 19.019 manat əlavə pul ödəməklə xx xxxxxx 2021-ci il tarixli 10/01 saylı hərracın yekunları barədə protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilə əsasında almışdır. Bundan sonra məlum olmuşdur ki, binanın tikintisi tam şəkildə başa çatmamış, tamamlanması üçün əlavə 7600 manat ödəniş etmişdir. Eyni zamanda, nümayəndə bildirdi ki, hazırda binanın idarəsini İddiaçı MMC yox, “xxxx” MMMC həyata keçirir. Əlavə olaraq, o bildirmişdir ki, rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı C.Cəfərovun mənafeyinə toxunur və digər məhkəmələrin predyusial mövqeleri ilə üst üstə düşmür, çünki iddiaçının hərrac prosesinin bütün mərhələrindən xəbəri olmuş və keçirilməsinə mane olmağa çalışmışdır. Həmçinin bildirdi ki, C.Cəfərov hazırkı iş üzrə cavabdeh kimi işə cəlb edilməmiş, buna baxmayaraq rayon məhkəməsi cavabdeh olmayan şəxsə münasibətdə iddianın təmin tədbirinə dair ərizəni təmin etməklə qanunun tələblərini də pozmuşdur. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, üçüncü şəxs tərəfindən verilən şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddianın təmin tədbirinə dair iddiaçının ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.1.1 və 158.1.2-ci maddələrinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula və müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarından görünür ki, mübahisəli mənzil hazırkı iş üzrə tərəf olmayan müstəqil tələb irəli sürməyən üçüncü şəxs C.Cəfərovun mülkiyyətindədir. Hazırkı iş üzrə isə iddiaçı C.Cəfərovu cavabdeh qismində müəyyən etməmişdir. Yuxarıdakı normanın (158.1.1 və 158.1.2) məzmunundan da görünür ki, hazırkı iddianın təmin tədbiri yalnız cavabdehə münasibətdə təmin oluna bilərdi. Belə olan halda məlum olur ki, rayon məhkəməsi iddianın təmin tədbirinə dair ərizəni təmin edərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə, mülki iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qərardaddan cavabdehin verdiyi şikayətə baxarkən tərəflərin və üçüncü şəxsin iştirakını da təmin etməmişdir. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, şikayətə baxılmasının yeri və vaxtı barədə tərəflərə məlumat verməmiş, xüsusən də şikayət vermiş tərəfi dinləmədən, şikayətə onun iştirakı olmadan baxmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddianı təmin etmə tədbiri barədə iddiaçının ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1354/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin iddianın təmin tədbirinə dair ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar