Məhkəmə qərarları › İş №2(103)-3836/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3836/2022

18.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3836/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-507/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1i ünvanda yerləşən evinə (kod: **********09530) hesablanmış 1.585 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1i ünvanda yerləşən evində ailəsi ilə birlikdə yaşayır. 18 iyul 2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İddiaçı yeni sayğacdan bir müddət istifadə etdikdən sonra smart kartından pul tutulmalarının aparıldığını görmüşdür. İddiaçıya Cavabdeh İB tərəfindən 24 aprel 2018-ci il tarixdə təbii qazdan sayğacdan kənar qanunsuz istifadə etdiyi və bu səbəbdən ona 1.585 manat cərimə hesablandığı bildirilmişdir. İddiaçı heç bir zaman təbii qazdan qanunsuz istifadə etməmiş, istifadə etdiyi qazın dəyərini daimi vaxtında ödəmişdir. Xətai Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İB tərəfindən İddiaçı **********09530 saylı abunə koduna hesablanmış 1.585 manat məbləğində borcun silinməsi, cavabdehdən 35.85 manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan 102 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, göstərilən ünvan 30 aprel 2018-ci il tarixdə baxış keçirilən zaman sayğacdan kənar diametri 15 mm olan rezin boru ilə qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilmiş və 30.04.2018-ci il tarixli, ******* saylı aktla rəsmiləşdirilmişdir. Bununla bərabər akta əlavə edilmiş fotoşəkillərdə məhz həmin ünvanda quraşdırılmış sayğaca küçə qaz xəttindən daxil olan, eyni zaman sayğacdan çıxaraq fərdi yaşayış evinə daxil olmalı olan giriş-çıxış boruları sayğacdan tamamilə ayrılmış, küçə xəttinə sayğacdan tamamilə kənar şəkildə rezin boru vasitəsi ilə qoşulma etməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı aydın şəkildə öz əksini tapmışdır. Lakin məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini pozaraq ekspert rəyini digər göstərilən sübutlardan (aktlar, fotoşəkillər, iddiaçinin ödənişlərinə dair saldolar ve s.) üstün hesab edərək digər dəlilləri ümumiyyətlə qiymətləndirməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş 30 aprel 2018- ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus mənzilə baxış zamanı sayğacdan kənar rezin boru ilə qazdan qeyri-qanuni istifadə olunduğu aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2018-ci ilə 1585 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli rəydən görünür ki, baxış zamanı ünvan 1ində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 108 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, 30.04.2021-ci il tarixdə iddiaçının yaşadığı ünvanda baxış keçirilən zaman sayğacdan kənar rezin boru ilə qazdan qeyri-qanuni istifadə olunması aşkar olunmuşdur (30.04.2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”ın surəti). Bundan sonra Cavabdeh İstehsalat Biriliyi tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış1585 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir (30.04.2021-ci il tarixli “İtirilmiş təbii qazın hesablanmasına dair” aktın surəti). Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14-cü maddələrini tətbiq etməklə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi akt iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması barədə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Mövcud vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-507/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar