Məhkəmə qərarları › İş №2(103)-3836/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3836/2023

26.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3836/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-733/2023 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanı (abonent kodu – ********) üzrə əsassız hesablanmış 1.554,91 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-733/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı (11323962 saylı abonent kodu) qanunsuz hesablanmış 1.554,91 manat borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyindən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən silinmiş və qaytarılmış məbləğ 1.554,91 manat, bu məbləğə uyğun olaraq ödənilməli olan dövlət rüsumu isə (1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında) 35,54 manat təşkil etdiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə bu məbləğin 50 faizi miqdarında, yəni (35,54 / 2 = 17,77) 17,77 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzə əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 17,89 manat məbləğində (apellyasiya şikayətinin verilməsi tarixindən təxminən 7 ay əvvəl) dövlət rüsumu ödənilmişdir. Lakin elektron İnformasiya Sistemindən çıxarışa əsasən qeyd edilən rüsum bir deyil, artıq bir neçə apellyasiya şikayəti üzrə istifadə edilmişdir (2(103)- 7218/2022, 2(103)-7885/2022, 2(103)-7892/2022, 2(103)-3836/2023). Başqa sözlə, apellyasiya şikayətinə əlavə edilmiş qəbz üzrə ödənilmiş dövlət rüsumu hazırki apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Nəticə etibarı ilə cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Bu da öz növbəsində apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsini və apellyasiya şikayətinin qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 8.6-cı maddəsinə əsasən Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 366-cı, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-733/2023 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar