Məhkəmə qərarları › İş №2(103)-3836/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3836/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3836/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4,iştirakı ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh “Bank "xxxx" ASC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(011)-4434/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: "xxxx" ASC ilə borcalan İddiaçı və X5 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş ) 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsində yerləşən 1 saylı evin 12 saylı mənzilin alınması məqsədi ilə illik 8 faiz olmaq şərti ilə 204 ay müddətinə 39000 manat məbləğində ipoteka krediti götürülmüşdür. Kredit ARİKZF tərəfindən yenidən maliyyələşdirilmişdir. "xxxx" ASC ilə (Bank BTB ASC tərəfindən xidmət olunur) borcalanlar İddiaçı və X5 arasında bağlanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı Kredit müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən tərəflər arasında bağlanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsi üzrə bu günə hesablanmış 403,91 manat məbləğində gecikdirilmiş faiz öhdəlikləri kapıtallaşdırılır və ümumi borc məbləği 20814,21 manat təşkil etmiş, 01 sentyabr 2020-ci il tarixindən etibarən kredit üzrə aylıq ödəniş məbləği 12 ay müddətinə minimum 100 manat təyin edilmiş, ödəniş qrafiki üzrə ödənilməmiş faiz və əsas məbləğ üzrə borc 12 ay müddətinə hər ay kapitallaşdırılmışdır. Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən xx.xx.2022ci il tarixində İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli binanın 1ci mərtəbəsinə yerləşən 12 saylı mənzilə tutmanın yönəldilməsi (öhdəliyi müəyyən edən 024 AİF müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 18706,67 manat əsas, 375,92 manat faiz borcu olmaqla, cəmi tutulmalı məbləğ 19082,59 manat təşkil edir) haqqında icra qeydi aparılmışdır. 03 aprel 2023-cü il tarixində “X2” "xxxx" MMC tərəfindən keçirilmiş hərracda cavabdeh Bank "xxxx" ASC qalıb alıcı seçilmişdir və iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsinə yerləşən 12 saylı mənzil cavabdehin mülkiyyətində keçmişdir. Hazırda iddiaçı müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı tərəflər arasında olan (ləğvedilmiş "xxxx" ASC arasında imzalanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı) kredit müqaviləsinin və həmin müqavilə ilə əlaqədar cavabdeh Bank "xxxx" ASC arasında bağlanmış restrukturizasiya müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ləğv edilmiş "xxxx" ASC arasında imzalanmış 20 iyul 2009-cu il tarixli 024 F nömrəli kredit müqaviləsinə əsasən borcalan İddiaçı illik 8 faiz hesablanmaqla 204 ay müddətinə, 01 iyul 2026-cı il tarixinədək 39000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı qismində "xxxx" ASC ilə imzalanmış 20 iyul 2009-cu il tarixli AS-İP-024 AİF saylı alqı satqı və ipoteka müqaviləsinə əsasən satıcı X7 ünvan 2 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 12 saylı mənzili alıcı-ipoteka qoyan İddiaçı Sadi oğlunun mülkiyyətinə vermiş, alıcı-ipoteka qoyan İddiaçı isə ünvan 2, 12 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********68- 05101-093003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci l tarixli 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bu barədə dəfələrlə cavabdehə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. 12 noyabr 2009cu il tarixli DYB-İP N000121 saylı ipoteka kağızına əsasən cavabdehə qarşı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun tələb hüququ indossament yolu ilə Bank "xxxx" ASC-yə verilmişdir. Cavabdeh Bank "xxxx" ASC-nin iddiaçıya verdiyi məlumata görə 20 iyul 2009-cu il tarixli Ne 024 AİF saylı kredit müqaviləsi üzrə 16 noyabr 2022-ci il tarixinə əsas borc 18706,67 manat, ümumi faiz borcu 375,92 manat, cəmi borc 19082,59 manat təşkil edir. İddiaçı Bank "xxxx" ASC tərəfindən hesablanmış borclarla razı deyildir. İddiaçının iştirakı olmadan cavabdeh Bank "xxxx" ASC-nin təşəbbüsü əsasında Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən xx.xx.2022-ci il tarixində İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılmışdır. 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqavilə restrukturizasiya olunarkən cavabdeh Bank "xxxx" ASC-nin nümayəndələri iddiaçını inandırdılar ki, ümumi borc məbləğindəki faiz borcları və gecikdirilmiş günə görə cərimə borcları silinəcək və ümumi borc məbləği Prezidentin müvafiq fərmanına uyğun olaraq azaldılacaq. Odur ki, cavabdeh Bank "xxxx" ASC-nin tərtib etdiyi bütün restrukturizasıya sənədlərini imzalamışdır. Lakin sonradan Bank sənədlərindən iddiaçıya məlum oldu ki, cavabdeh Bank "xxxx" ASC iddiaçıya verdiyi vədlərə əmək etməmiş, əksinə iddiaçı barəsində şişirdirilmiş borc məbləği, faizlər, cərimələr hesabladı. Bank "xxxx" ASC-nin məqsədi iddiaçının evini bazar dəyərindən olduqca ucuz qiymətə qiymətləndirməklə, saxta hərrac vasitəsi ilə ələ keçirtmək olmuşdur. Odur ki, Bank "xxxx" ASC-nin nümayəndələri iddiaçını aldatma yolu ilə Bank sənədlərinə imza etdirdikləri üçün restrukturizasiya müqaviləsi etibarsız hesab edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(011)- 4434/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC ilə borcalan İddiaçı və X5 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş ) 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsinin restrukturizasiyası müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia versə də, məhkəmə mülki iş üzrə təqdim edilmiş sənədlər və tərəflərin izahatları əsasında müəyyən edilir ki, iddiaçı tərəf əslində "xxxx" ASC ilə borcalan İddiaçı və X5 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş ) 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsi üzrə borcun kapitallaşdırılması ilə bağlı Əlavənin etibarsız hesab edilməsini istəyir. Bu səbəblə də məhkəmə, iddiaya "xxxx" ASC ilə borcalan İddiaçı və X5 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş ) 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsi və "xxxx" ASC ilə (Bank BTB ASC tərəfindən xidmət olunur) borcalanlar İddiaçı və X5 arasında bağlanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı Kredit müqaviləsinə 1 nömrəli Əlavəyə münasibətdə qiymət vermişdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinadən qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin qərarda qeyd edilmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə istinad etdiyi qanunvericilik normalarının müddəalarını və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, "xxxx" ASC ilə borcalan İddiaçı və X5 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş ) 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsi və "xxxx" ASC ilə (Bank BTB ASC tərəfindən xidmət olunur) borcalanlar İddiaçı və X5 arasında bağlanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı Kredit müqaviləsinə 1 nömrəli Əlavənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən, İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı tərəflər arasında olan (ləğvedilmiş "xxxx" ASC arasında imzalanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı) kredit müqaviləsinin və həmin müqavilələrlə əlaqədar cavabdeh Bank "xxxx" ASC arasında bağlanmış restrukturizasiya müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Qeyd olunan qətnamədən narazı iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə, cavabdeh Bank "xxxx" ASC-yə qarşı tərəflər arasında olan (ləğvedilmiş "xxxx" ASC arasında imzalanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı) kredit müqaviləsinin və həmin müqavilə ilə əlaqədar cavabdeh Bank "xxxx" ASC arasında bağlanmış restrukturizasiya müqaviləsinin etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-337.5-ci maddəsini iddianın rədd edilməsi ilə baglı düzgün tətbiq etməmişdir. 20 iyul 2009-cu il tarixli, 024 AİF saylı kredit müqavilə restrukturisasiya olunarkən cavabdeh Bank "xxxx" ASC-nin nümayəndələri onu inandırdılar ki, ümumi borc məbləğindəki faiz borcları və gecikdirilmiş günə görə cərimə borcları silinəcək və ümumi borc məbləği müvafıq fərmana uyğun olaraq azaldılacaq. Odur ki, cavabdeh Bank "xxxx" ASC-nin tərtib etdiyi bütün restrukturisasiya sənədlərini imzalamışdır. Lakin sonradan Bank sənədlərindən məlum oldu ki, cavabdeh Bank "xxxx" ASC verdiyi vədlərə əməl etməmiş, əksinə barəsində şişirdilmiş borc məbləği, faizlər, cərimələr hesablamışdır. Həmçinin, evni bazar dəyərindən olduqca ucuz qiymətə qiymətləndirməklə, nəticədə hərrac vasitəsi ilə evini mülkiyyətinə keçirmişdir. Odur ki, Bank "xxxx" ASC-nin nümayəndələri onu aldatma yolu ilə Bank sənədlərinə imza etdirdikləri üçün restrukturizasiya müqaviləsi etibarsız hesab edilməlidir. Bu baxımdan işə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci,1092-ci və 1092.1-ci maddəsini tətbiq etməli oldugu halda bunu etməmişdir. Qanunvericiliyin qeyd olunan normalarına əsasən cavabdeh olan bank hüquqi əsas olmadan İddiaçı və X3 mənzilini əldə etməklə əsassız varlanan şəxs hesab olunur. Həmçinin cavabdehlə iddiaçı arasında imzalanmış kredit müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq, cavabdeh tərəfindən şişirdilmiş məbləglə hesablanmış borc məbləği qəbul edilməzdir. Odur ki, iş üzrə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi zərurəti yaranmışdır. Cavabdeh tərəf işdə maraqlı olduğu üçün şişirdilmiş faiz məbləğinin və cərimə borcunun göstərilməsi ilə kifayətlənmişdir. Bu hal əsas borcun, faiz borcunun və cərimə borcunun olmasını sübutu kimi qiymətləndirə bilməz. Cavabdeh bu məsələdə maraqlı tərəf olduğundan həmin məsələyə rəy verilməsi üçün neytral və müstəqil mütəxəssis cəlb edilməli idi. Tərəfindən banka 59000 manat pul ödənilmişdir. Cavabdeh tərəfindən hesablanmış borc məbləği ödəniş etdiyi məbləğlə düzgün gəlmir. Həmin məbləğlərin fərqlənmələrinin səbəbləri rəsmi sənədlərdə izah edilməmişdir. Ona görə də tərəflər arasında əmələ gəlmiş mübahisə üzrə obyektiv, ədalətli nəticəyə gəlmək üçün, işdə iştirak edən şəxslərin, o cümlədən ekspertin iştirakı ilə yenidən dəqiq hesablamalar aparılmalıdır, yaranmış əsas borc və faiz borcu barədə məsələyə aydınlıq gətirilməlidir. Vəsatətlə müraciət edərək, mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizanm keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4434/2023 saylı qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. İşə baxan birinci instansiya məhkəməsi qərardadı belə əsaslandırmışdır: “iddia tələbi iddiaçı ilə ləğv edilmiş "xxxx" ASC arasında imzalanmış 20 iyul 2009-cu il tarixli 024AİF saylı kredit müqaviləsinin və həmin müqavilə üzrə restrukturizasiya sazişinin etibarsız hesab edilməsi ilə bağlıdır ki, ilkin kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məsələnin araşdırılması üçün müqavilə üzrə hansı məbləğdə ödənişlərin edildiyi və ya qalıq borc məbləğinin müəyyən edilməsi əhəmiyyət kəsb etmir. Digər tərəfdən iddiaçı tərəfindən kredit müqaviləsinin restrukturizasiya ilə bağlı əlavə müqaviləni də məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində bu müqavilənin təqdim edilməsi mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə ekspertizanın keçirilməsi üçün zərurət mövcud deyil. Əvvəla, kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsini - bununla bağlı əlavə müqaviləni (sazişi) mübahisələndirir. İkinci, kredit müqaviləsinin restrukturizasiya ilə bağlı əlavə müqavilə cavabdeh "xxxx" ASC tərəfindən ona verilmədiyinə görə məhkəməyə təqdim edilmirdi. Üçüncü, qərardadadın məzmunundan da görünür ki, məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində bu müqavilənin cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilməsi mümkün olmamışdır. Belə ki, restrukturizasiya ilə bağlı müqaviləni cavabdeh qəsdən təqdim etməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4434/2023 saylı qərardadı ilə razı olmadığına görə həmin qərardadın ləğv edilib ərizəyə yenidən baxılması üçün şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan hakim Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən iddiaçının Banka olan borcundan silinən məbləğin müəyyən edilməsi, cavabdeh tərəfindən hesablanmış borc məbləği ilə ödəniş etdiyi məbləğ arasında fərqin müəyyən edilməsi, əsas və faiz borcunun düzgün müəyyənləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmədi, hətta Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4434/2023 saylı qərardadından verdiyi şikayətə münasibət belə bildirmədən əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən iddiaçının Banka olan borcundan silinən məbləği, cavabdeh bank tərəfindən hesablanmış borc məbləği ilə ödəniş etdiyi 59000 manat məbləğ arasında fərqi, banka 59000 manat ödədiyi halda əsas və faiz borcun məbləğini düzgün müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza təyin etməklə aydınlaşdırmamışdır. İddiaçı və cavabdeh bank arasında bağlanmış krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən Banka hansı məbləğdə ödənişlər edilməsi-restrukturizasiya müqaviləsi bağlanan tarixə iddiaçının banka qalan borcunun məbləgi aydınlaşdırılmamışdır. 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsi ilə əlaqədar cavabdeh Bank "xxxx" ASC arasında bağlanmış restrukturizasiya müqaviləsinin, 20 iyul 2009-cu il tarixli 024 AİF saylı Kredit müqaviləsinə 1 nömrəli Əlavənin etibarlılığını şübhə altına alan halların mövcud olmadığını sübut etməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 0016/23 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatında mənzilin qiymətini aşağı məbləgdə göstərilmək yolu ilə mənzilin ələ keçirilməsi barədə iddianın dəlili Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3222/2023 xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının nəticəsinə dair “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı ilə - 8400 manat fərqi ilə öz təsdiqini tapmaqla restrukturisasiya müqaviləsinin - 20 iyul 2009-cu il tarixli 024 AİF saylı Kredit müqaviləsinə 1 nömrəli Əlavənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı Mülki Məcəllə: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə borcalan İddiaçı və X5 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş ) 20 iyul 2009-cu il tarixli 024 AİF saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsində yerləşən 1 saylı evin 12 saylı mənzilin alınması məqsədi ilə illik 8 faiz olmaq şərti ilə 204 ay müddətinə 39000 manat məbləğində ipoteka krediti götürülmüşdür. Kredit ARİKZF tərəfindən yenidən maliyyələşdirilmişdir. Bununla yanaşı iş materiallarında olan "xxxx" ASC ilə (Bank BTB ASC tərəfindən xidmət olunur) borcalanlar İddiaçı və X5 arasında bağlanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı Kredit müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən tərəflər arasında bağlanmış 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsi üzrə bu günə hesablanmış 403,91 manat məbləğində gecikdirilmiş faiz öhdəlikləri kapıtallaşdırılır və ümumi borc məbləği 20814,21 manat təşkil etmiş, 01 sentyabr 2020-ci il tarixindən etibarən kredit üzrə aylıq ödəniş məbləği 12 ay müddətinə minimum 100 manat təyin edilmiş, ödəniş qrafiki üzrə ödənilməmiş faiz və əsas məbləğ üzrə borc 12 ay müddətinə hər ay kapitallaşdırılmışdır. Həmçinin öhdəliyi müəyyən edən 024 AİF müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 18706,67 manat əsas, 375,92 manat faiz borcu olmaqla, cəmi tutulmalı məbləğ 19082,59 manat məbləğinə münasibətdə icra qeydi aparılmış və tutma ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsinə yerləşən 12 saylı mənzilə yönəldilmişdir. Eyni zamanda 03 aprel 2023-cü il tarixində “X1” "xxxx" MMC tərəfindən keçirilmiş hərracda cavabdeh Bank "xxxx" ASC qalıb alıcı seçilmişdir və iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsinə yerləşən 12 saylı mənzil cavabdehin mülkiyyətində keçmişdir. İddiaçı hazırda "xxxx" ASC ilə borcalan İddiaçı və X5 arasında bağlanmış (xidməti reyestr əsasında Bank "xxxx" ASC-yə keçmiş) 20 iyul 2009-cu il tarixli 024 AİF saylı kredit müqaviləsi üzrə borcun kapitallaşdırılması ilə bağlı Əlavənin etibarsızlığını mübahisələndirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin qərarda qeyd edilmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Göründüyü kimi əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Bank "xxxx" ASC-nin nümayəndələrinin onu aldatma yolu ilə Bank sənədlərinə imza etdirdikləri üçün restrukturisasiya müqaviləsi etibarsız hesab edilməsi barədə iddiaçının tələbinin və apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının dəlillərindən də göüründüyü kimi iddia müqavilə üzrə ödənişlər etməklə bir növ müqavilənin etibarlığını qəbul etmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə münasibətdə ödənişlər həyata keçirmişdir və bu ərəfədə müqaviləyə qarşı hər hansı iddiası olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı restrukturisasiya müqaviləsinin etibarsız hesab edilməli olmasının onu Bank "xxxx" ASC-nin nümayəndələri tərəfindən aldatma yolu ilə Bank sənədlərinə imza etdirdikləri ilə bağlı dəlillərə dair heç bir mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının apellyasiya şikayətində qiymətləndirmə ilə bağlı təqdim etdiyi sənədlər isə iddiasının və apellyasiya şikayətinin dəlillərinin əsaslı olması kimi qiymətləndirilmir. Digər tərəfdən iddiaçı borcun məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olmasını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə müqavilənin etibarsızlığı ilə bağlı olduğundan və iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iş üzrə ekspertiza təyin edilməsinə zərurət olmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e 2(011)- 4434/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar