Məhkəmə qərarları › İş №e-2-2(121)-1565/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1565/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1565/2025 21.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tələbin girov predmetinə yönəldilməsi tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi borcu 27.795,76 manat - bundan 7.423,77 manat əsas, 6.503,36 manat faiz, 12.777,86 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.090,77 manat faiz borcu və iş üzrə ödənilmiş 173,39 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması; tutmanın Cavabdeh1 məxsus olan ümumi çəkisi 50 qram təşkil edən 583 əyyarlı “Moruq sep”ə yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sabirabad” filialı ilə Cavabdeh1 arasında bağlanmış 1133 nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə “Avtomobil ehtiyyat hissələrinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-1-1133 nömrəli xx.xx.2014cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Borcun təminatı olaraq Cavabdeh1 ilə bank arasında 1133-14-AYİB nömrəli xx.xx.2014-cü il tarixli Girov müqaviləsi (Saxlanc) bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus olan ümumi çəkisi 43.5 qram təşkil edən 583 əyyarlı yolka sep, ümumi çəkisi 21.5 qram təşkil edən 583 əyyarlı “Yolka qolbaq”, ümumi çəkisi 19 qram təşkil edən 583 əyyarlı “Paxla sep”, ümumi çəkisi 8 qram təşkil edən 583 əyyarlı “Kardinal sep”, ümumi çəkisi 8 qram təşkil edən 583 əyyarlı “Lezva qolbaq” və ümumi çəkisi 50 qram təşkil edən 583 əyyarlı “Moruq sep” banka girov qoyulmuşdur. Daha sonra bank ilə borclu Cavabdeh1 arasında Girov müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Saziş bağlanan zaman Cavabdeh1 notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizə ilə Banka müraciət edərək 150 qram qızıl əşyanın 50 qramı girov qalmaq şərti ilə 100 qramının satılaraq kreditin ödənilməsində köməklik göstərilməsini xahiş etmiş, xx.xx.2017-ci il tarixli EK 1603-10 nömrəli “Öhdəliklərin Restrukturizasiyası Komitəsinin güzəşt protokolu”na əsasən 150 qram qızıl zinət əşyalarından ümumi çəkisi 50 qram təşkil edən 583 əyyarlı “Moruq sep” saxlanılmaqla, yerdə qalan 100 qram qızıl satılaraq əldə edilmiş məbləğ kreditin əsas məbləğinə yönəldilmişdir. Kredit, Zaminlik və Girov müqavilələri üzrə tərəflər arasında bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1.45 Manat) 16.268,55 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 27.795,76 manat təşkil edir. Bundan 7.423,77 manat əsas, 6.503,36 manat faiz, 12.777,86 manat cərimə, kredit müqaviləsi bitəndən sonar AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.090,77 manat faiz borcu təşkil edir.

Tərəflərin izahatları:

3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

5. Məhkəmə qeyd olunanlara əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

7. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

İş materialları: 8.İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 1133 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə “Avtomobil ehtiyyat hissələrinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir

9. İş materiallarından görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 (zamin) ilə Bank arasında ZM-1-1133 saylı, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.

10. İş materiallarından görünür ki, 1133 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh1 ilə bank arasında 1133-14-AYİB nömrəli xx.xx.2014-cü il tarixli Girov müqaviləsi (Saxlanc) bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus olan ümumi çəkisi 43.5 qram təşkil edən 583 əyyarlı yolka sep, ümumi çəkisi 21.5 qram təşkil edən 583 əyyarlı “Yolka qolbaq”, ümumi çəkisi 19 qram təşkil edən 583 əyyarlı “Paxla sep”, ümumi çəkisi 8 qram təşkil edən 583 əyyarlı “Kardinal sep”, ümumi çəkisi 8 qram təşkil edən 583 əyyarlı “Lezva qolbaq” və ümumi çəkisi 50 qram təşkil edən 583 əyyarlı “Moruq sep” banka girov qoyulmuşdur.

11. İş materiallarından görünür ki, İddiaçı ASC (Kreditor) ilə X1 (borcalan) arasında arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə Əlavə 02 №-li, xx.xx.2017ci il tarixli Sazişə əsasən, tərəflər Kredit Müqaviləsinə (bundan sonra Müqavilə) dəyişikliklərin edilməsi barədə aşağıdakı razılığa gəlmişlər: - 1.1.Kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmis kredit") 16268,55 təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.45 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8411 manat əsas borc, 5559,manatfaiz borcu və 2297,64 manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. - 1.2. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixpen etibarən illik 20 % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 20 faiz təşkil edir. - 1.3. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 0 faiz dəbbə pulu hesablanır.

12. İş materiallarından görünür ki, borclu Cavabdeh1 arasında Girov müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Saziş bağlanan zaman Cavabdeh1 notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizə ilə Banka müraciət edərək 150 qram qızıl əşyanın 50 qramı girov qalmaq şərti ilə 100 qramının satılaraq kreditin ödənilməsində köməklik göstərilməsini xahiş etmiş, xx.xx.2017-ci il tarixli EK 1603- 10 nömrəli “Öhdəliklərin Restrukturizasiyası Komitəsinin güzəşt protokolu”na əsasən 150 qram qızıl zinət əşyalarından ümumi çəkisi 50 qram təşkil edən 583 əyyarlı “Moruq sep” saxlanılmaqla, yerdə qalan 100 qram qızıl satılaraq əldə edilmiş məbləğ kreditin əsas məbləğinə yönəldilmişdir.

13. xx.xx.2014-cü il tarixli Kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kreditin verilməsi üzrə 12.000 ABŞ dolları məbləğində pul verilmiş, sonuncu isə həmin məbləği qəbul etmişdir.

14. İş materiallarına əlavə edilmiş “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2014-cü il tarixli, 1133 saylı kredit müqaviləsinə Əlavə Saziş üzrə son ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuşdur.

15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2017-ci il tarixli, KM035T03170013S01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 27.795,76 manat təşkil edir. Bundan 7.423,77 manat əsas, 6.503,36 manat faiz, 12.777,86 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.090,77 manat faiz borcu təşkil edir.

16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında aldığı kreditə görə ümumilikdə 27765,89 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdırlar.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuş xx.xx.2025-ci il tarixli, 9/3157 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 16 mart 2017-ci il 02 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2022-ci il tarixə; əsas borc üzrə 7.423,24 manat; faiz borcu üzrə 6.177,78 manat; xx.xx.2025-ci il tarixə əsas borc üzrə 7.423,24 manat, faiz borcu üzrə 6.177,78 manat, illik 5% hesablanmaqla faiz borcu 5 % ilə 1.076,37 manat müəyyən edilir.

18. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

19. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş ümumi çəkisi 50 (əlli) qram olan 583 əyar “Moruq" boyunbağının Əmanətlərin sığortalanması Fondunda vizual baxış keçirilməklə xx.xx.2025-ci il tarixə bazar dəyəri 8,250.0 (səkkiz min iki yüz əlli manat) təşkil edir.

20. Rəyə əlavə edilən "xxxx" MMC-nin “qiymətləndirmə xərclərinə dair” bilidirişdən görünür ki, xidmət haqqının dəyəri 500 manat təşkil edir

21. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatlardan Cavabdeh1 barəsində məlumat aşkar edilməmişdir.

22. İş materiallarından görünür ki, **********54 nömrəli qəbzən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 173,39 manat dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. - 295.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. -477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

24. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın:

Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. 6-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.6-cı bəndinə əsasən Fərmanın təsir dairəsinə fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

26. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

27. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

28. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, “ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləsi şərtlərinə görə “ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 borc (kredit) verməyi, Cavabdeh1 isə aldığı borcu (krediti) faizi ilə birgə kreditin şərtlərinə müvafiq olaraq iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

29. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

30. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, borcalan cavabdehin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür.

31. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə borcalan cavabdehin üzərinə düşür.

32. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuş xx.xx.2025-ci il tarixli, 9/3157 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 16 mart 2017-ci il 02 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2022-ci il tarixə borcu - əsas borc üzrə 7.423,24 manat; faiz borcu üzrə 6.177,78 manat; xx.xx.2025-ci il tarixə əsas borc üzrə 7.423,24 manat, faiz borcu üzrə 6.177,78 manat, illik 5% hesablanmaqla faiz borcu 5 % ilə 1.076,37 manat müəyyən edilir.

33. Məhkəmə işin faktiki halları və iş materialları ilə uyğun gəldiyindən qeyd olunan ekspert rəyini mötəbər sübut hesab edir.

34. İddia ərizəsindən göründüyü kimi iddiaçı 7.423,77 manat əsas, 6.503,36 manat faiz, 12.777,86 manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.090,77 manat faiz borcunun tutulmasını xahiş edir.

35. Məhkəmə iş materiallarında olan ekspert rəyinə əsasən hesab edir ki, iddia tələbi 7423,77 manat əsas borca aid hissədə qismən əsaslıdır. Ona görə ki, ekspert rəyi ilə əsas borcun xx.xx.2025-ci il tarixə 7.423,24 manat təşkil etdiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borca münasibətdə 7.423,24 manat hissədə əsaslıdır.

36. Məhkəmə iddianı 6.503,36 manat faiz borcuna aid hissədə də qismən əsaslı hesab edir. Ona görə ki, ekspert rəyi ilə əsas borcun müqavilə müddətinin sonuna (xx.xx.2022-ci il tarixə) faiz borcunun 6.177,78 manat təşkil etdiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borca münasibətdə 6.177,78 manat hissədə əsaslıdır.

37. Məhkəmə, həmçinin iddianı AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.090,77 manat faiz borcuna aid hissədə də qismən əsaslı hesab edir. Ona görə ki, ekspert rəyi ilə illik 5% hesablanmaqla faiz borcu 1.076,37 manat təşkil etdiyi müəyyən edilmişdir.

38. Məhkəmə iddianı 12.777,86 manat cəriməyə aid hissədə əsassız hesab edir. Ona görə ki, tərəflər arasında bağlanmış Sazişin 1.3-cü bəndinə görə, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 0 faiz dəbbə pulu hesablanır. Göründüyü kimi tərəflər əsas öhdəliyin gecikdirilməsi halında cərimə nəzərdə tutmamışlar. Odur ki, iddiaçının cərimə tələbi əsassızdır.

39. Məhkəmə, həmçinin zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 məsuliyyəti ilə bağlı qeyd edir ki, o, imzaladığı zaminlik müqaviləsinə əlavə saziş ilə borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyinin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərinə götürmüşdür. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı tələb hüququnu itirmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında bağlanmış 16 mart 2017-ci il tarixli, 01 nömrəli Əlavə Saziş üzrə əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixədək uzadılmış, lakin iddiaçı xx.xx.2025-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır.

40. Bundan əlavə, məhkəmə qeyd edir ki, Cavabdeh1 arasında Girov müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş bağlanmışdır.

41. Məhkəmə borcun girov predmetinə yönəldilərək, qızıl-zinyət əşyalarının açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

43. Həmin Məcəllənin 295.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

44. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.

45. Məhkəmə, borcun girov predmetinə yönəldilərək həmin əşyaların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Cavabdeh1 iddiaçıya olan kredit öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girov qoyulmuş əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, girov predmetinin, yəni digər cavabdeh X3 məxsus olan Cavabdeh1 məxsus olan ümumi çəkisi 50 qram təşkil edən 583 əyyarlı “Moruq sep”in orta bazar dəyəri 8250 manat müəyyən edilməklə, həmin qızılzinyət əşyaları açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borc tələbi ödənilməlidir.

46. Məhkəmə iddia tələbinin “girov predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh X4 tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır.

Məhkəmə xərcləri:

47. Məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 135,23 manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qalan 38,16 iddiaçı tərəfə aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 45,76 manatı Cavabdeh1, 54,24 manatı isə, ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

48. Məhkəmə, eyni zamanda qeyd edir ki, iş üzrə girov müqaviləsi üzrə əmlakın qiymətləndirilməsi üzrə "xxxx" MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manat iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 228,8 manatı Cavabdeh1, 271,2 manatı isə, ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilməlidir.

49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 7423,24 manat əsas borc, 6177,78 manat faiz və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1076,37 manat faiz borc, cəmi 14677,39 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 135,23 (bir yüz otuz beş manat, iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş qalan 38,16 (otuz səkkiz manat, on altı qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilsin. Tələb Cavabdeh1 məxsus girov predmeti olan ümumi çəkisi 50 qram təşkil edən 583 əyyarlı “Moruq sep”ə yönəldilsin. Cavabdeh1 məxsus girov predmeti olan ümumi çəkisi 50 qram təşkil edən 583 əyyarlı “Moruq sep” orta bazar dəyəri 8,250 (səkkiz min iki yüz əlli manat) manat müəyyən edilməklə açıq hərracda satılsın. Həmin qızıl-zinət əşyalarının satışından əldə edilən vəsaitdən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 14677,39 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 135,23 (bir yüz otuz beş manat, iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti ödənilsin. Həmin qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 45,76 manatı Cavabdeh1, 54,24 manatı isə, ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə nəqliyyat vasitəsinin-daşınar əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın ödənilməmiş qalıq dəyəri olan 500 manat iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 228,8 manatı Cavabdeh1, 271,2 manatı isə, ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar