Məhkəmə qərarları › İş №e-2-2(121)-1128/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1128/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1128/2025 09.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 15476,37 manat - bundan 9758,34 manat əsas, 2229,96 manat faiz, 878,23 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2609,84 manat faiz borcu və 137 manat ödənilmiş dövlət rusumunun ödənilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1ndə 0,12 ha torpaq sahəsində yerləşən 53 saylı fərdi yaşayış evinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dairqətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə mərhum İbrahimova Şüküfə Şəmil qızı arasında bağlanmış xx.xx.2015- ci il tarixli 8832 saylı kredit müqaviləsinə əsasən İbrahimova Şüküfə Şəmil qızına 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Ağcabədi rayonu, Xanlar Səfərəliyev 53 küçəsində yerləşən 6 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh arasında 19 fevral 2015-ci il tarixli 8832 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.3-cı bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Borclunun Kredit müqaviləsi üzrəöz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyini nəzərə alaraq Bank məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2-2(121)-22/2022 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddia ərizəsinin qaytarılmasına səbəb o olmuşdur ki, cavabdeh İbrahimova Şüküfə Şəmil qızı xx.xx.2016-cı ildə vəfat etmişdir. Tərəfilərindən aparılan araşdırmalar nəticəsində mərhum İbrahimova Şüküfə Şəmil qızının əmlakı ilə bağlı vərəsəlik işinin açılması faktı aşkar edilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq İbrahimova Şüküfə Şəmil qızının xx.xx.2015-ci il tarixli 8832 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 9758,34 manat əsas, 2229,96 manat faiz, 878,23 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2609,84 manat faiz, cəmi 15476,37 manat borcun qaytarılması məqsədi ilə ipoteka qoyan Cavabdeh məxsus olan ünvan 1ndə 0,12 ha torpaq sahəsində yerləşən 53 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılması barədə Cavabdeh xəbərdar edilmişdi. xx.xx.2023-cü il tarixinə İbrahimova Şüküfə Şəmil qızının kredit üzrə cəmi borcu 15476,37 manat təşkil edir. Bundan 9758,34 manat əsas, 2229,96 manat faiz, 878,23 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 2609,84 manat faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia müddətinin tətbiqinə dair ərizə verərək iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsinə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə mərhum İbrahimova Şüküfə Şəmil qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8832 saylı kredit müqaviləsinin: 1-ci bəndinə əsasən, verilən kreditin müddəti 36 ay olaraq müəyyən edilir; 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə Bank Borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 10000 manat kredit verməyi, Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür; 2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə kredit “Sahibkarlıq üçün Güzəştli Kredit” məqsədi üçün götürülür; 2.4-cü bəndinə əsasən, Borcalan bu kreditdən istifadəyə görə illik 6% olmaqla faiz ödəyir; 2.5-ci bəndinə əsasən, Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirilir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə N0 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və ya vaxtı keçmiş kredit üzrə illik 12% ödəyir. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, kredit müqaviləsi üzrə ilk ödəniş tarixi xx.xx.2015-ci il, son ödəniş tarixi xx.xx.2018-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən, 53 saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (ipoteka qoyan) və mərhum İbrahimova Şüküfə Şəmil qızı (Borcalan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8832 nömrəli sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, Sonrakı ipoteka saxlayan ilə Borcalan arasında Ağcabədi şəhərində bağlanmış 19 fevral 2015-ci il tarixli, 8832 saylı kredit müqaviləsinə əsasən Sonrakı ipoteka saxlayan Borcalana 36 ay müddətinə, illik 6% faiz olmaqla 10 000 manat məbləğində kredit verir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi sonrakı ipoteka qoyan Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr **********55, Qeydiyyat nömrəsi **********, Seriya MA Nə 0118017) xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən özünə məxsus olan Ağcabədi şəhəri Xanlar Səfərəliyev küçəsi 53, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən mərtəbəliyi 2, yaşayış otaqlarının sayı 6, ümumi sahəsi 336.1 kv.m, yaşayış sahə 169.2 kv.m, yardımçı sahə 166.9 kv.m fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. İş materiallarında olan LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********908 nömrəli ərizədən görünür ki, həmin ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, mərhum İbrahimova Şüküfə Şəmil qızının kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə əsas borcu 9758,34 manat, faiz borcu 2229,96 manat, cərimə borcu 878,23 manat, 2609,84 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi borc məbləği 15476,37 manat təşkil edir. İş materiallarında olan iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh mərhum İbrahimova Şüküfə Şəmil qızı arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış 15476,37 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-1128/2025 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli, 9/2272 nömrəli rəydən görünür ki, mərhum X1 xx.xx.2015-ci il tarixli, 8832 nömrəli kredit müqaviləsinə əsasən borcu, əsas borc üzrə 9747,16 manat, faiz borcu üzrə 77,98 manat təşkil edir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatı ilə Cavabdeh məxsus olan ünvan 1 53 nömrəli fərdi yaşayış evinin hazırki 0.12 ha torpaq sahəsi və onun üzərində olan 300 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixə bazar dəyəri 165000 manat, likvid dəyəri 156750 manat məbləğində olması müəyyən olunmuşdur. Məhkəmə, ilk növbədə iddiaçının hazırki tələb irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında, etibarlı şəkildə bağlanılmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC cavabdeh mərhum İbrahimova Şüküfə Şəmil qızına borc (kredit) verməyi, cavabdeh mərhum İbrahimova Şüküfə Şəmil qızı isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə isə kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz hallarına əsasən, İddiaçı ASC kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək kredit məbləğini mərhum İbrahimova Şüküfə Şəmil qızına vermişdir. İbrahimova Şüküfə Şəmil qızı isə vəfat etdiyi tarixə kimi müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçı Banka əsas və faizdən ibarət borcu yaranmışdır. Bununla da mərhum İbrahimova Şüküfə Şəmil qızının kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Belə ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyası ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə, iş üzrə cavabdehin (ipoteka qoyanın) iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə Cavabdeh ipoteka müqaviləsinin şərtlərinə görə kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin borclu tərəfindən ödənilməsinin təminatı olaraq mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə borclu mərhum İbrahimova Şüküfə Şəmil qızı sağ olarkən öhdəliyini pozduğuna görə iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsindən yaranan əsas öhdəlik lazımınca icra edilmədiyinə görə ipoteka müqaviləsi üzrə cavabdehə qarşı iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi məqsədi ilə tutmanın cavabdeh (ipoteka qoyan) Cavabdeh məxsus ipoteka predmetinə yönəldilməsi barədə iddiaçının tələbi haqlı və qanunidir. Lakin, Cavabdeh ona qarşı yönəldilmiş iddia tələbinin obyekti olan borcun əsas və istifadə faizi hissəsinin məbləğini mübahisələndirməsə də, həmin borcun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, cavabdeh X3 nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddəti isə müqavilə tələbləri üzrə üç illə məhdudlaşır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olubolmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh mərhum İbrahimova Şüküfə Şəmil qızı arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır və özündə ödəniş cədvəlini əks etdirən kredit müqaviləsinə “Əlavə”də kredit məbləğinin son ödəniş tarixi kimi xx.xx.2018-ci il tarixi qeyd edilmişdir. Bununla da müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üç il (36 ay) müddətinə bağlanmışdır və həmin müqavilə üzrə öhdəliklərin son icra müddəti kimi xx.xx.2018-ci il tarixi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə mərhum İbrahimova Şüküfə Şəmil qızı arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımı tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2016-cı il tarixindən etibarən başlamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə bitmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, İddiaçı ASC ilə mərhum İbrahimova Şüküfə Şəmil qızı arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımının tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2018-ci il tarixindən etibarən başlamasına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia müddəti təxminən 4 ilə yaxın müddətdə ötürülmüşdür. Buna görə də, iddia müddətinin tətbiqinə dair Cavabdeh nümayəndəsinin ərizəsi əsaslı hesab edilməli və hazırki mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisədə iddiaçının kreditoru olduğu borcun alınmasının təmin edilməsi üçün ipoteka predmetinin satışını tələb etməsi ilə bağlı subyektiv hüququnun mövcud olduğu mübahisəsizdir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanmış ipoteka müqaviləsi vardır və həmin müqavilə ilə icrasına təminat verilmiş öhdəliyin pozulması faktı məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələb hüququ olsa da, həmin hüququn məcburi qaydada reallaşdırılması imkanı iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, əsas tələblə bağlı olan, onun təmin üsulu kimi mövcud olan ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 376-cı maddəsinə görə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarında göstərilir ki, “Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur.” Məhkəmə, şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının kredit müqaviləsi üzrə tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması barədə tələbi təmin edilməməlidir. Məhkəmə, tərəflər arasında ipoteka müqaviləsindən yaranan hüquq münasibətlərinə dair bir məsələni qeyd etməyi zəruri hesab edir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi səbəbi ilə əlavə tələb olan ipoteka müqaviləsi üzrə ipoteka predmetinə məcburi tutmanın yönəldilməsi mümkün olmasa da, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Bu zaman tərəflər nəzərə almalıdırlar ki, ipoteka predmetinin yüklülüyü ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün nəticələr, hüquq və vəzifələr, məhrumiyyətlər olduğu kimi davam edir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar