Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3837/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan «xxxx» ASC-nin nümayəndəsi qqqqqqqqqq iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab tələbinə dair” 2(005)-585/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində və faktiki istifadəsində olan 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskovatorun açıq hərracdan satılmasına dair Cavabdeh MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair 02 oktyabr 2019-cu il tarixli, «49/1» saylı protokolunun və onun nəticələrinin, eləcədə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə olan eyni tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli, 2(006)-1666/2015 saylı icra sənədinə əsasən ondan, yəni borclu İddiaçı tələbkar «xxxx» ASC-nin xeyrinə 73694,91 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ödənilməsi, tələbin mülkiyyətində olan 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskavatora yönəldilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Əmlak «xxxx» MMC tərəfındən 70000 manat dəyərində qiymətləndirilmiş və ilkin satış qiyməti də 70000 manat müəyyənləşdirilmişdir. Hərracın nəticələrinə dair tərtib olunmuş protokoldan görünür ki, əmlak keçirilmiş hərraclar zamanı satılmamış və bu səbəbdən əmlakın dəyəri müvafiq olaraq 15 və 25 faiz düşməklə son qiymət 44625 manat olmaqla tələbkarın özünə, yəni «xxxx» ASC-yə təklif olunmuş və həmin qiymətə tələbkarın mülkiyyətinə keçmişdir. Bütün bu olanlardan ümumiyyətlə heç bir məlumatı və xəbəri olmamışdır. Əmlakının bu qədər ucuz qiymətə satılmasına qətiyyən razı deyil. Hesab edir ki, cavabdeh tərəfindən mübahisəli əmlakın satılması məqsədilə hərracın təşkili və keçirilməsi qaydaları pozulmuşdur və buna görə də hərracın nəticələrinə dair protokollar məhkəmə qaydasında etibarsız sayılaraq ləğv edilməlidir. Belə ki, göstərilən əmlak uzun illər onun mülkiyyəti və istifadəsində olmuş və hal-hazırda da onun istifadəsindədir. Belə olan halda hesab edir ki, əmlak hərraca çıxarılarkən onun bir istifadəçi və mülkiyyətçi kimi hərracın keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatım olmalı idi və ilkin alıcı üstünlüyünə malik olan şəxs kimi birinci dəfə ona təklif olunmalı idi. Lakin bu edilməmişdir. Hərracın keçirilmə yeri və vaxtı barədə müvafiq bildiriş ünvan 1 ünvanına göndərilsə də faktiki olaraq həmin ünvanda yaşamır, yuxarıda göstərilən ünvanda, yəni ünvan 2n də bildiriş ona çatmamış və hərracın keçirilmə yeri və vaxtı barədə heç bir məlumatı olmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərraca çıxarılan əmlak uzun illər onun mülkiyyətində və hal-hazırda istifadəsində olduğu üçün hərracda alıcı üstünlüyə malik olan şəxs kimi əmlak birinci ona təklif olunmalı idi. Hərracın keçirilməsi barədə bildirişlər onun qeydiyyatda olduğu ünvana göndərilmişdir, baxmayaraq ki, əvvəlki məhkəmə sənədlərində də faktiki yaşadığı ünvan və əlaqə vasitələri açıq-aydın göstərilmişdir. Bundan əlavə, hesab edir ki, cavabdehin marağı olmasaydı, ən azından onun əlaqə nömrəsinə zəng etməklə və ya sms bildiriş göndərməklə də ona hərracın keçirilməsi barədə məlumat verə bilərdi. Tərəfindən əmlakının real dəyərinin dəqiqləşdirilməsi ilə bağlı 17.09.2020-ci il tarixində 3 ayrı-ayn qiymətləndirici şirkətlərə müraciət edilmiş, hər 3 qiymətləndirici şirkət tərəfindən verilmiş rəylərdə əmlakının real bazar dəyərinin ortalama qiymətinin 90000 (doxsan min) manatdan artıq olması müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş əmlakın qiymətləndirilməsi barədə rəylərdə əmlakının real bazar dəyərinin ortalama qiymətinin 90000 (doxsan min) manatdan artıq olmasına baxmayaraq, ilkin satış qiyməti 70000 min manat olmaqla əmlakı satışa çıxarılmış, əmlak hərraclar zamanı satılmamış və dəyəri müvafiq olaraq 15 və 25 faiz düşməklə hərracda alınmaması nəticəsində son qiymət 44625 manat olmaqla tələbkarın özünə satılmışdır. Hərrac mərkəzi adı heç bir yerdə keçməyən qəzetdə yalançı elan yerləşdirməklə, yalançı bildirişlər göndərməklə guya əmlakın açıq hərracda satılmadığını rəsmiləşdirərək əmlakının mənimsənilməsinə şərait yaratmışdır. Oxucu kütləsi olmayan qəzetdə elan verilməklə, bildirişlər tərtib etməklə əmlakımı dəyərindən qat-qat aşağı qiymətə mülkiyyətinə qəbul etmə ipoteka qoyanların mülkiyyət hüquqlarına qəsdən başqa bir şey deyil. “xxxx” bank hazırkı işdə onun əmlakını mənimsəmək yolunu tutmuş və borc tələbinə baxan məhkəmələrin və hərracı keçirməli olan şəxslərin vasitəsi ilə buna nail olmuşdur. Ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir. Elə hazırkı iş bunun bariz nümunəsidir. Real dəyəri 90000 manatdan artıq olan əmlakın 70000 manata hərraca çıxarılması və guya açıq hərracda müştərisinin olmaması nəticəsində dəyəri müvafiq olaraq 15 və 25 faiz aşağı salınaraq 44625 manata satılması inandırıcı deyil və real açıq hərracın keçirilmədiyinin, hərracın formal və kağız üzərində təşkil edildiyiinin göstəricisidir. Əmlakının real öz qiymətinə satılması kifayət edir ki, borc məbləği tərəfindən tam ödənilsin. Apellyasiya baxışı zamanı “xxxx” ASC iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, hərracın keçirilməsi barədə 31.07.2019-cu il tarixli, 03/43 saylı bildirişin surətindən görünür ki, İddiaçı hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə 21.08.2019-cu il tarixli, 03/126-1 saylı bildirişin surətindən görünür ki, İddiaçı hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. “Kaspi” qəzetinin 01 avqust 2019-cu il tarixli, 22 avqust 2019-cu il tarixli buraxılışlarında 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskovatorun Cavabdeh MMC tərəfindən müvafiq olaraq hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. Hərracın yekunları barədə 02.10.2019-cu il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskavator ilkin satış qiyməti 70000 manat məbləğində, 15% endirimlə olan qiyməti 59500 manat, 25% endirimlə satış qiyməti isə 44625 manat məbləğində müəyyən edilərək Cavabdeh MMC tərəfindən hərraca çıxarılmışdır. 02.10.2019-cu il tarixli hərracın yekunları barədə əmlakın alqı-satqı müqaviləsindən görünür ki, 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai290NCL» markalı tırtırlı ekskavator 44625 manata “xxxx” KB ASC-yə satılmışdır. Birinci instansiya tərəfindən təyin edilmiş qiymətləndirilmə ilə əlaqədar “xxxx 2” MMCnin 13.02.2020-ci il tarixli QR 295M №-li rəyindən görünür ki, 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskavatorun 65000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materallarına əlavə edilmiş “xxxx” MMC-nin 17.09.2020-ci il tarixli BQM-10 №-li rəyində qeyd edilmişdir ki, 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskovatorun 97000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materallarına əlavə edilmiş “X1 ” MMC-nin 17.09.2020-ci il tarixli 208 №-li rəyində göstərilmişdir ki, 10-V- 187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskovatorun 95000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materallarına əlavə edilmiş “xxxx” MMC-nin 17.09.2020-ci il tarixli QXM/8 №-li rəyində qeyd edilmişdir ki 10-V187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskovatorun 92000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, öz tələbini sübutetmə yükü daşıyan iddiaçı qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını və (ya) nəticələrinin etibarsız hesab edilməsini xahiş etdiyi hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini təsdiqləyən hər hansı mötəbər sübut təqdim edə bilmədiyini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab tələbinə dair iddiasının təmin edilməməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(005)-585/2020 saylı qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(005)- 585/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3837/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3837/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver