Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-384/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 ASC iddiaçıya məxsus ******************** nömrəli plastik kart hesabına 11.878 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan üçüncü tərəf olan Cavabdeh2 məxsus ******************** nömrəli plastik kart hesabına köçürülmüşdür. İddiaçının sözügedən əməliyyatlardan yalnız adına bağlanılmış kredit müqaviləsi üzrə əmək haqqından çıxılmalar zamanı məlumatı olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və artıq ödənilmiş 633 manat kredit ödənişi və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aylıq əmək haqqı 750 manat olduğu halda, bank tərəfindən aylıq 589.56 manat ödəmək şərti ilə 24 ay müddətinə 11878 manat kredit ayrılması mümkün deyildir. Kredit müqaviləsinin bağlanması üçün banka müraciət edilməmiş, bank tərəfindən kredit müqaviləsi rəsmiləşdirilərkən ona bu barədə zəng vurulmamış, fikri öyrənilməmiş, onun tərəfindən müqavilə bağlamaq niyyətinin olubolmaması aydınlaşdırılmamışdır. Lakin sonradan işlədiyi iş yerindən aylıq əmək haqqından 590 manat olmaqla, kreditin ödənilməsinə silinmə başladıqdan sonra belə müqavilə rəsmiləşdirilməsi barədə məlumatı olmuşdur. Bundan sonra, “Kapital Bank" ASC-yə müraciət edərək kredit müqaviləsinin surətini əldə etmiş və müqavilədə nə bankın nümayəndəsinin, nə də onun imzası ilə təsdiq edilməməsini müəyyən etmişdir. Bundan sonra bankın əməkdaşına kredit müqaviləsinin müqavilə tərəfləri tərəfindən imzalanmaması ilə bağlı iradını bildirdikdə müqavilənin onlayn müraciət əsasında bağlanması və təsdiq edilməsini bildirmişlər. Lakin onun nə onlayn, nə də şəxsi müraciəti əsasında kredit müqaviləsi bağlamaq və 11878 manat kredit götürmək niyyəti olmamışdır. Bütün bunlar isə onu təsdiq edir ki, kredit müqaviləsi həqiqi deyil, müqavilə tərəflərin birinin iradə ifadəsi olmadan bağlanmış, onlayn qaydada tərəflərdən heç biri tərəfindən təsdiq edilməmişdir. Beləliklə, əqdə qədərki davranış və əqddən sonrakı davranış onu təsdiq edir ki, kredit müqaviləsi uydurma əqddir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2101/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia qismən təmin edilərək kredit müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait və həmçinin, ödənilmiş 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, həmçinin restitusiya qaydasında 11878 manat pulun Cavabdeh2 tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh Bank kredit verən və bunun nəticəsində də fayda götürən şəxs o olmuşdur. Belə ki, məhkəmə iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Bu səbəbdən də iddiaçı hazırkı əqdi mübahisələndirməkdə haqlı olmuşdur. Üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. İddiaçı həqiqətən digər xarici ölkədən gələn zənglə aldanılmış, ona müəyyən smslər gəlmiş və həmin smslər vasitəsilə özünə aid məlumatları digər üçüncü şəxsə ötürmüşdür. Lakin həmin məbləğ isə yenidən aldadılaraq cababdeh Cavabdeh2 hesabına köçürülmüşdür. İddia tələbi kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməli və İddiaçı və Cavabdeh1 ASC arasında bağlanan xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi etibarsız hesab edilməlidir. Kredit müqaviləsi etibarsız hesab edlidiyindən və aldadan tərəf digər cavabdeh (kredit müqaviləsi üzrə pulu alan şəxs) olduğundan həmin kredit müqaviləsi üzrə köçürülmüş 11.878 (on bir min səkkiz yüz yetmiş səkkiz ) manat pul restitusiya qaydasında Cavabdeh2 tutularaq digər Cavabdeh1 ASC-yə qaytarılmalıdır.
6. Daha sonra məhkəmə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 633 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən iddiaçıya məxsus əmək haqqından əsassız olaraq müəyyən məbləğdə tutulmalar olmuşdur. Hazırda iddiaçı onun tərəfindən artıq ödənilmiş 633 manatın geri qaytarılmasını tələb etsə də, məhkəmə iclasında həmçinin iddiaçı tərəf bildirmişdir ki, hazırkı günədək ondan 3000 manatdan artıq pul tutulmuşdur. Odur ki, iddiaçıdan mübahisəli kredit müqaviləsi üzrə tutulan pulların iddiaçıya geri qaytarılması icra mərhələsində hesablanması daha səmərəli və ağlabatan məsələ olduğundan, gələcəkdə bu tələblə yenidən məhkəməyə müraciət etməyin qarşısını almaqdan ibarət olduğundan, həmçinin iddianın predmetini dəyişmədiyindən iddiaçıdan qeyd edilən kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə tutulmalı, tələb həmin hissədə digər Cavabdeh2 münasibətdə həmin şəxs tələbin bu hissəsi üzrə subyektiv cavabdeh olmadığından rədd edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 337, 339.3, 339.6-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 ASC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Lakin bunları qeyd edərkən Bankın birbaşa məsuliyyət daşımasının əsasını göstərməmişdir. Belə ki, kreditin məbləğinin 10.000 AZN-dən çox olması şübhə yaradan hal deyil. Həmçinin, onlayn qaydada kredit götürülərkən müştəriyə telefon zənginin olunması ilə bağlı nə qanunvericilikdə, nə də bankdaxili qaydalarda tələb müəyyən edilməmişdir. İddiaçının kartı ilə aparılan şübhəli əməliyyatların isə nədən ibarət olması qeyri-müəyyəndir. Beləliklə, məhkəmə mövcud olmayan halları və əsasları sadalayaraq məsuliyyəti Bankın üzərinə qoymuşdur. Həmçinin, məhkəmə kredit müqaviləsinin aldatma yolu ilə bağlandığını qeyd etsə də, bunu yalnız iddiaçının deməsinə istinadən əsaslandırmışdır. İddiaçı ilə Bank arasında müqavilə bağlanmış və onun hesabına pul köçürülmüşdür. Onun hesabından daha sonra pul vəsaitinin başqa hesaba köçürülməsi müqavilənin etibarsız hesab edilməsinə səbəb olmur. İddiaçının kreditin götürülməsi ilə bağlı bütün hərəkətləri etdiyi halda əqdin aldadılma ilə bağlanmasını qeyd etmək əsassızdır. İddiaçının kartı ilə aparılan şübhəli əməliyyatların isə nədən ibarət olması qeyri-müəyyəndir. Beləliklə, məhkəmə mövcud olmayan halları və əsasları sadalayaraq məsuliyyəti Bankın üzərinə qoymuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini qəbul etməyərək rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarı aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3) müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə Cavabdeh1 ASC tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Yuxarıda qeyd olunduğu kimi, hazırkı apellyasiya baxışının predmetini iddianın təmin olunan hissəsi - kredit müqaviləsinin etibarsız hesab edilməsi, restitusiya qaydasında 11878 manat pulun Cavabdeh2 tutulub Banka ödənilməsi və kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləğinin icra mərhələsində müəyyən edilməklə həmin vəsaitin və həmçinin, ödənilmiş 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissələri təşkil edir.
18. Məhkəmə kollegiyası ilk növbədə kredit müqaviləsinin qanuniliyinə qiymət verilməsini zəruri sayır.
19. İş materiallarından göründüyü kimi, cavabdeh Bank kredit verən və bunun nəticəsində də fayda götürən şəxs olmuşdur. Birinci instansiya məhkəməsi məhkəmə iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Bu səbəbdən də iddiaçı hazırkı əqdi mübahisələndirməkdə haqlı olmuşdur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarında da göstərilmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
21. Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3).
22. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
23. Kollegiya birinci instansiya məhkəməsinin həmin hissədə, kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində gəldiyi nəticəni işin hallarına uyğun sayır və hesab edir ki, qətanmənin həmin hissədə dəyişdirilməsi və ləğvi üçün əsas yoxdur.
24. Lakin Kollegiya bununla yanaşı birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləğinin icra mərhələsində müəyyən edilməklə həmin vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticəni qeyri-müəyyən olduğundan əsaslı hesab etmir.
25. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 18 dekabr 2024-cü il tarixli, 9/9460 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən istifadə edilmiş kreditə görə onun ödəniş kart hesabından son ödəniş tarixinə, yəni xx.xx.2024-cü il tarixinədək cavabdeh Bank tərəfindən ümumilikdə 3182,06 manat məbləğində silinmələr aparılmışdır ki, hazırkı ekspertiza tədqiqatı ilə həmin silinmələrin 2096,09 manat məbləğinin əsas borca, 1085,97 manat məbləğinin isə faiz borcuna silinmişdir. Kredit müqaviləsi üzrə artıq ödənişlərin aparıldığı müəyyən edilmir.
26. MPM-ə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (maddə 101.7).
27. Kollegiya ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının əmək haqqı kartından aparılmış silinmələr üzrə 3182,06 manat məbləğində pul Cavabdeh1 ASC-dən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi restitusiya qaydasında 11878 manat pulun Cavabdeh2 tutulub Banka ödənilməsini qət etməklə də səhvə yol vermişdir və apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslıdır. Belə ki, iddiaçının bununla bağlı hər hansı tələbi olmamışdır və məhkəmənin gəldiyi bu nəticə MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir. Həmin maddəyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4).
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsi qismən restitusiya qaydasında 11878 manat pulun Cavabdeh2 tutulub "xxxx" ASC-yə ödənilməsi və kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləğinin icra mərhələsində müəyyən edilməklə həmin vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı ödəniş kartından xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi üzrə əsassız tutulmuş 3182,06 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulub İddiaçı qaytarılsın. Qətnamə apellyasiya qaydasında mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.