Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3840/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili Nümayəndə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı “X4” Təhsil Kompleksinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1162/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4” Təhsil Kompleksi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “X4” Təhsil Kompleksi və cavabdeh-Cavabdeh arasında bağlanmış 689 saylı, xx xxxxxxxx 2018-ci il tarixli təhsilin təşkili müqaviləsinə əsasən 2000 (iki min) manat borcun, 80 (səksən) manat vəkil xərcinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 2110 (iki min yüz on) manatın birdəfəlik şəkildə cavabdeh - Cavabdeh tutularaq iddiaçı - "X4” Təhsil Kompleksinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1162/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 2000 (iki min) manat borc, 80 (səksən) manat vəkil xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2110 (iki min yüz on) manat məbləğində pul tutularaq, iddiaçı “X4” Təhsil Kompleksinin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2018-2019-cu tədris ili müddətində və sonralar ona qarşı təhsil haqqı ilə əlaqədar tələblər və narazılıqlar olmadı. 2018-2019 təhsil ilinin son aylarında dərslər faktiki olaraq keçirilmədi - rəhbərlik təhsil tədris kursunun yekunlaşdığını bildirdi və şağirdlərin imtahana sərbəst hazırlaşması üçün bir sıra dərslərin ləğv edildiyini bildirdi. Lakin buna baxmayaraq o, ödənişləri tam tədris ili üçün - 14500 (on dörd min beş yüz) manat ödəmişdir. Rəhbərlik tərəfindən müqavilənin dəyişdiriləcəyi və təhsil haqqının 2000 (iki min) manat aşağı salınacağı bildirilsə də, müqavilədə dəyişiklik edilməmişdir. Bu məbləğin təhsil vaxtı və bilavasitə təhsildən sonra ondan istənilməməsi səbəbindən güman edirdi ki, artıq rəhbərlik sözünün üstündə durmuşdur. Qətnamə qəbul edilərkən cavabdehin iştirakı təmin edilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X3 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası işin tədqiq edilmiş materiallarına əsasən qeyd edir ki, tərəflər arasında bağlanılmış 689 saylı, xx xxxxxxxx 2018-ci il tarixli Təhsilin təşkili müqaviləsinin 3.1-ci bəndindən göründüyü kimi, BİTK-nın orta təhsil bölməsində Təhsilalanın tədris ili üçün təhsil haqqı məbləği 16500 manat təşkil edir. Cavabdehin oğlu Cabbar-zadə Toğrul “X4” Təhsil Kompleksinin orta təhsil bölməsində təhsil aldığına görə cavabdehin iddiaçıya 2018-2019-cu (sentyabr 2018-iyul 2019) təhsil ilinə görə cəmi 2000 manat borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh iddiaçıya qalıq borc olaraq 2000 manat məbləğində pul ödəməli olduğu halda öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumunun 30 manat və hüquqi xidmətlərə görə 80 manat pul vəsaitinin tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, vəkil xərci olaraq, iddiaçı tərəfindən 80 manat və xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzinə əsasən 30 manat məbləğində pul dövlət rüsumu ödənilmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılması barədə apellyasiya şikayətindəki dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Bundan əlavə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada AzeMİS vasitəsilə SMS-bildiriş göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya qeyd edir ki, apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1162/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3840/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3840/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver