Məhkəmə qərarları › İş №2(103)-3842/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3842/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3842/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 aprel 2025-ci il tarixli qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı "xxxx" ASC-nin buna səlahiyyəti olan nümayəndəsi ASC-nin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, subroqasiya qaydasında 2.206 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini – 42,46 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC ilə (hazırkı iş üzrə tərəf olmayan) X3 arasında xx.xx.2015-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və Rəna Ağayevaya özünə məxsus “Kia Rio” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə sığorta etmişdir. Sığorta müddətində sığorta hadisəsi baş vermişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh2 məxsus olan, Cavabdeh3 tərəfindən iddiaçı ASC-də “icbari sığorta” qaydasında sığortalanmış və Cavabdeh1 tərəfindən idarə olunan “Daf XF 95” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ASC tərəfindən sığortalanmış Rəna Ağayevaya məxsus avtomobillə ilə toqquşmuş və nəticədə sonuncuya məxsus avtomobil zədələnərək, istismara yarasız vəziyyətə düşmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin araşdırma obyekti olmuş, araşdırma nəticəsində müəyyən edilmişdir ki, qəzanın baş verməsində təqsirli şəxs cavabdehlərdən biri olan Cavabdeh1dir və o, avtomobili idarə və istismar etməyə hüququ olmadan həmin avtomobili idarə etmişdir. Rəna Ağayevaya məxsus “Kia Rio” markalı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi məqsədi ilə avtomobilə mütəxəssislər tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 2.406 manat məbləğində pul vəsaiti tələb olunur. İddiaçı ASC, yuxarıda qeyd edilən sığorta müqaviləsinin şərtlərini yerinə yetirərək, şərtsiz azadolmanın məbləğini təşkil edən 200 manatı çıxmaqla, qalan 2.206 manat məbləğində sığorta ödənişini Rəna Ağayevaya vermişdir. Buna baxmayaraq iş üzrə cavabdehlər ASC tərəfindən çəkilmiş həmin xərcin əvəzini ASC-yə ödəməmişlər, baxmayaraq ki, bununla bağlı ASC tərəfindən onlara dəflərlə xəbərdarlıq göndərilmişdir. Bu səbəbdən də həmin məbləğ subroqasiya qaydasında cavabdehlərdən tutularaq iddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı iddianın məhkəməyə verilməsi üçün ASC tərəfindən dövlət nəfinə 42,06 manat məbləğində dövlət rüsumu və rüsumunun ödənilməsi ilə bağlı 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir ki, həmin xərcin əvəzi olaraq 42,46 manat cavabdehlərdən tutularaq iddiaçı ASC-yə ödənilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi Cavabdeh1 avtomobili idarə və istismar etməyə hüququ olmayan şəxs olmasına əsaslanır. Lakin nəzərə alınmalıdır ki, bu mənada “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə “sürücülük vəsiqəsi” olmayan şəxs nəzərdə tutulur. Amma işdə olan sənələrdən görünür ki, hadisənin baş verdiyi tarixdə hər 3 cavabdehin “sürücülük vəsiqəsi” olmuşdur. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı ASC-nin iddia ərizəsində qeyd edilən məbləğin cavabdehlərdən subroqasiya qaydasında tutulması ilə bağlı hüququ yaranmamışdır. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

6. İddia tələbinin əsası ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə istinad edərək, Cavabdeh1 “Daf XF 95” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla istismar etməsini əsasa götürərək, iddianın əsassız olması qənaətinə gəlmişdir. Lakin həmin maddənin məzmunundan müəyyən olunur ki, avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Abşeron RPİ-nin DYPŞ tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Beləliklə, iddiaçı ASC-nin Azərbaycan Respublikası Mülki Məcəllənin 922.1, 922.2, 926.1, 936.1, 936.2-ci maddələri, “İcbari Sığortalar haqqında” Qanununun 25.1, 25.1.3, 25.2-ci maddələri ilə subroqasiya hüququ yarandığı halda Rayon Məhkəməsi “İcbari Sığortalar haqqında” Qanunun 53.1-ci maddəsini düzgün tətbiq etməyib, iddianın təmin edilməli olmaması barədə əsassız nəticəyə gəlmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

7. İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəblər barədə Məhkəməyə məlumat verməmişlər.

8. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi və mülki mübahisənin həlli

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, işdə olan sənədlərdən görünür ki, ASC ilə (hazırkı iş üzrə tərəf olmayan) X3 arasında xx.xx.2015-ci il tarixdə “Sığorta müqaviləsi” bağlanmış və Rəna Ağayevaya özünə məxsus “Kia Rio” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə sığorta etmişdir. Sığorta müddətində sığorta hadisəsi baş vermiş, xx.xx.2015-ci il tarixdə Cavabdeh2 məxsus olan, Cavabdeh3 tərəfindən iddiaçı ASC-də “icbari sığorta” qaydasında sığortalanmış və Cavabdeh1 tərəfindən idarə olunan “Daf XF 95” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ASC tərəfindən sığortalanmış Rəna Ağayevaya məxsus avtomobillə ilə toqquşmuş və nəticədə sonuncuya məxsus avtomobil zədələnərək, istismara yarasız vəziyyətə düşmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Abşeron RPİ-nin DYPŞ tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, qəza Cavabdeh1 təqsiri nəticəsində baş vermişdir və o, avtomobili idarə və istismar etməyə hüququ olmadan həmin avtomobili idarə etmişdir. Qeyd edilən iki hala görə Cavabdeh1 inzibati məsuliyyətə cəlb edilmişdir. Rəna Ağayevaya məxsus “Kia Rio” markalı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi məqsədi ilə avtomobilə "xxxx" ASC-nin mütəxəssislər tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 2.406 manat məbləğində pul vəsaiti tələb olunur. İddiaçı ASC, onunla Rəna Ağayevaya arasında bağlanmış “Sığorta müqaviləsinin” şərtlərini yerinə yetirərək, şərtsiz azadolmanın məbləğini təşkil edən 200 manatı çıxdıqdan sonra qalan 2.206 manat məbləğində sığorta ödənişini Rəna Ağayevaya vermişdir.

11. İddiaçı ASC iddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində tələbini onunla əsaslandırır ki, Cavabdeh1 avtomobili idarə və istismar etməyə hüququ olmadan Daf XF 95” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyindən və bu zaman yol-nəqliyyat hadisəsi törətdiyindən Rəna Ağayevaya ödənilmiş sığorta məbləğinin əvəzini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən ASC-yə ödəməlidir. Həmin avtomobilin sahibi olan Cavabdeh2 və avtomobili ASC-də sığortalamış Cavabdeh3 isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən həmin sığorta ödənişinin əvəzini Cavabdeh1 ilə yanaşı, yəni müştərək qaydada ASC-yə ödəməlidirlər.

12. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (maddə 922.1.). Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (maddə 922.2.). Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (maddə 926.1.). Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (maddə 936.5.). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (maddə 1108.2.).

13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (maddə 25.1.). Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər (maddə 25.2.). Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar (maddə 53.1.).

13. Qeyd edilən maddi hüquq normalarının tələblərindən iddiaçı ASC-nin tələbinə yanaşdıqda müəyyən edilir ki, iddiaçının tələbi əsassızdır. Çünki sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, avtomobili “etibarnamə olmadan idarə etmək” anlayışı ilə avtomobili “sürücülük hüququ (“sürücülük vəsiqəsi”) olmadan idarə etmək” anlayışı fərli olmaqla, fərqli məsuliyyətlərin yaranmasına səbəb olur. Etibarnamənin olmaması sığorta şirkətlərinə, o cümlədən hazırkı iş üzrə iddiaçı ASC-yə aid məsələ deyildir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub (bax hazırkı qətnamənin 12-ci bəndinə). Həmin maddənin tələbi nəzərə alındıqda müəyyən edilir ki, etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.

14. Bundan başqa, qeyd edilməlidir ki, etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib (maddə 332.). Sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər.

15. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin həmin normasının sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə isə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.

16. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllə; maddə 362.). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəql etməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür.

17. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir.

18. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücünün nümayəndəsi” anlayışı yoxdur və ümumiyyətlə “sürücünün nümayəndəsi” institutu nəzərdə tutulmamışdır.

19. Bununla belə, Məhkəmənin qənaətinə görə, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən və sürücülük hüququ olan şəxs “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Bu baxımdan cavabdehlər “İcbari sığortalar haqqında” Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmamışdır.

20. Göründüyü kimi iddiaçı ASC-nin iddia ərizəsində qeyd edilən məbləğin cavabdehlərdən subroqasiya qaydasında tutulması ilə bağlı hüququ yaranmamışdır. Bu hüquq yaranmadığından qəbul edilməlidir ki, iddia tələbi. həmçinin Mülki Məcəllənin 1108ci maddəsinin tələbi baxımından da əsaslı hesab edilə bilməz. f) apellyasiya baxışının nəticəsi

21. Beləliklə də apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

22. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Buna görə də, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

24. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

25. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar