Məhkəmə qərarları › İş №2(103)-3843/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3843/2020

28.07.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3843/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh «xxxxxxxxx» MMC-nin nümayəndəsi X2, Cavabdeh «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxxx» MMC-yə, «X19» MMC-yə və «xxxxxxxxxxx» MMCyə qarşı «əmək hüquqlarının bərpası» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-846/2019 saylı qətnaməsindən cavabdeh «xxxxxxxxxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh «xxxxxxxxx» MMC-yə, «X19» MMC-yə və «xxxxxxxxxxx» MMCyə qarşı «əmək hüquqlarının bərpası» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, onun pozulmuş əmək hüquqlarının bərpa olunması və 16 ay müddətində (2016-cı ilin yanvar ayından iyun ayına kimi əmək haqqı 400 manat, 2016-cı ilin iyul ayından 2017-ci ilin aprel ayına kimi əmək haqqı 600 manat məbləğində razılaşdırılmışdır) ödənilməmiş 8400 manat məbləğində əmək haqqının və vurulmuş mənəvi ziyana görə 5000 manat pulun, ümumilikdə 13400 manat məbləğində pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin yanvar ayından 2017-ci ilin aprel ayınadək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Ə.Əhmədov (Talıblı) küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının inşasında elektrik vəzifəsini icra etmək üçün işçi qismində işə cəlb olunmuşdur. Həmin binanı inşa edən məsul tikinti şirkətləri – «xxxxxxxxx»MMC, «X19»MMC və «xxxxxxxxxxx»MMC-dir. Belə ki, işə götürülməsi barədə danışıqları onunla həmin şirkətləri təmsil etdiyini deyən Altay Abbasov aparıb, həmçinin X7 da bu danışıqlarda iştirak edib. İşə dəvət olunarkən ondan əmək münasibətlərini rəsmiləşdirmək və onunla əmək müqaviləsi bağlanılması üçün ondan ərizə, diplomun, əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin surətini alıblar. Həmin şəxslər ona söz veriblər ki, əmək müqaviləsi bağlanacaq və həmin müqavilə elektron qaydada müvafiq orqanlara təqdim olunacaq. Lakin daha sonralar ona məlum olmuşdur ki, cavabdehlər onu aldadaraq qanunsuz olaraq və rəsmi əmək müqaviləsi bağlamadan əməyini istismar etmişlər. Cavabdehlərlə razılaşmaya əsasən, 2016-cı ilin yanvar ayından iyun ayına qədər hər ay üçün 400 manat, daha sonra isə hər ay üçün 600 manat əmək haqqı ona ödənməli idi. Beləliklə, o, on altı ay müddətində (2016-cı ilin yanvar ayından 2017-ci ilin aprel ayına kimi) elektrik vəzifəsində çalışmış və üzərinə düşən əmək vəzifələrini vicdanla yerinə yetirmişdir. İşə məsuliyyətli yanaşmağı nəticəsində tikinti şirkətinin rəhbərliyinin ona böyük etimadları olmuşdur. Lakin buna baxmayaraq çalışdığı müddət ərzində əmək haqqı ödənilməyib və bugünə kimi hələ də ödənilmir. Hər dəfə cavabdehlərə əmək haqqının ödənilməsi barədə müraciət etdikdə “veriləcək” deyərək onu yalan vədlərə inandırmış və aldatmışlar. O, 2016-cı ilin sentyabr ayında növbəti dəfə əmək haqqının ödənilməsi ilə bağlı X10 («xxxxxxxxx» MMC rəhbəri) və İbahim Axundovla («xxx» MMC Holdingin prezidenti Hüseyn müəllimin nümayəndəsi) görüşmüş, bu barədə bir müddət söhbət apardıqdan sonra onlar yenidən sənədlərini alaraq əmək haqqının tezliklə ödəniləcəyini bildirmişlər. Lakin təəssüflər olsun ki, cavabdehlər yenə də sözlərinə əməl etməmişlər.Bu faktları göstərdiyi şəxslərlə danışdıqlarının səs yazıları və onunla birgə işə götürülən işçilər şahid kimi təsdiq edə bilərlər. Həmin şəxslərdən biri X4r. Cavabdehlər tərəfindən əmək haqqının davamlı olaraq və uzun müddətli ödənilməməsi onun şəxsi maddi ehtiyaclarını qarşılaya bilməməsi, eyni zamanda ailəsinin və ailə üzvlərinin də müəyyən maddi və mənəvi sarsıntılar keçirməsi ailə üzvlərində və onda müəyyən psixi iztirablar, əzab və sarsıntılara yol açmışdır. Ona və ailəsinə dəyən 5000 manat məbləğində mənəvi ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)- 846/2019 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin olunmuş, 8400 manat məbləğində ödənilməmiş əmək haqqı, 500 manat məbləğində mənəvi zərərin əvəzi, 30 manat dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) 20 manat hissəsi, cəmi 8920 (səkkiz min doqquz yüz iyirmi) manat məbləğində pul vəsaitinin cavabdeh «xxxxxxxxxxx» MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh «xxxxxxxxxxx» MMC məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının «xxxxxxxxxxx» MMC-də işləməməsi, bu istiqamətdə əmək müqaviləsinin bağlanmaması, iddianın əsassız olması və s. kimi əsaslandırmışdır. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,iddiaçının «xxxxxxxxxxx» MMC-də rəsmi və ya qeyri rəsmi qaydada işləməsi, həmçinin faktiki hər hansı işlərin görülməsinə cəlb edilməsi barədə işdə sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsi yalnız şahid ifadəsinə əsaslanaraq iddianı onlara aid hissədə təmin etmişdir. Halbuki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl polisə və əmək müfəttişliyinə müraciətlər etmiş, araşdırma zamanı iddiaçının bildirdikləri öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyniməzmunlu izahat vermiş,əlavə olaraq göstərmişdir ki,o,həqiqətən iddia ərizəsində göstərilən müddətlərlə əmək müqaviləsi bağlanmadan işləmiş,lakin ona bu müddət ərzində razılaşdırılmış əmək haqqı ödənilməmişdir.Uzun müddət əmək haqqı almadan işləməsinin səbəbi isə sonda ona həmin yaşayış binasından ev verilməsi barədə razılıqlar əldə etmələri olmuşdur.Lakin,bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxxxxxxx» MMC-nin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq,birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyniməzmunlu izahat vermişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, lakin iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdeh «xxxxxxxxxxx» MMC-nin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (iddianın təmin olunmuş hissəsində) ləğv olunmalı, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki,Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-nin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. ƏM-nin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. ƏM-nin 154-cü maddəsinin 1-ci bəndinə əsasən Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İddiaçı tələbinin əsası kimi –əmək müqaviləsi bağlanmadan faktiki işlərə cəlb olunmasını,16 ay müddətində işləməsi, 2016-cı ilin yanvar ayından iyun ayına kimi əmək haqqının 400 manat, 2016-cı ilin iyul ayından 2017-ci ilin aprel ayına kimi isə əmək haqqının 600 manat məbləğində razılaşdırılmasını, lakin həmin pul vsəaitinin ona ödənilməməsini və s. göstərmişdir. İşdə olan Yasamal RPİ-nin 29-cu PB-nin xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli qərarlarının surətindən görünür ki, İddiaçı analoji şikayəti üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin iddiaçıya ünvanladığı çoxsaylı məktubların surətlərindən görünür ki, iddiaçının analoji şikayətləri üzrə araşdırma aparılmış, iddiaçının «xxxxxxxxxxx» MMC-də işləməməsi və əmək münasibətlərində olmaması barədə məktub, həmçinin elektron informasiya sisteminə iddiaçı ilə əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmaması nəzərə alınmaqla məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan sifarişçi «xxxxxxxxx» MMC ilə podratçı «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, GK\017 saylı İnşaat-Tikinti-Quraşdırma işləri, Əsaslı Təmir və Yenidənqurma İşləri üçün Podrat müqaviləsinin surətindən görünür ki, tərəflər Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 104 saylı Sərəncamı üzrə ayrılmış 1,2 ha torpaq sahəsinin bir hissəsində tikintisi başa çatmamış, «A» blokunda, natamam inşa edilmiş 1 binada tam inşası inşaat-quraşdırma işlərinin aparılmasını, təhvil verilməsi və müqavilədə göstərilmiş vaxtda tam layihə iş həcmlərinin təmin edilməsi, öhdəliklərin yerinə yetirilməsi və tikilən mənzillərin açar altı vəziyyətdə təhvil verilməsi barədə razılığa gəlmişlər. İşdə olan sifarişçi «xxxxxxxxx» MMC ilə podratçı «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli, GK\018 saylı İnşaat-Tikinti-Quraşdırma işləri, Əsaslı Təmir və Yenidənqurma İşləri üçün Podrat müqaviləsinin surətindən görünür ki, tərəflər Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 104 saylı Sərəncamı üzrə ayrılmış 1,2 ha torpaq sahəsinin bir hissəsində tikintisi başa çatmamış, «E» blokunda, natamam inşa edilmiş 1 binada qalan mərtəbələrin dəmir-beton işlərinin İnşaat-Tikinti-Quraşdırma təminatı, təhvil verilməsi və müqavilədə göstərilmiş vaxtda tam ayihə iş həcmlərinin təmin edilməsi, öhdəliklərin yerinə yetirilməsi barədə razılığa gəlmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçıla 2016-cı ilin yanvar ayından 2017-ci ilin ortalarınadək tikinti obyektində birlikdə işləmişdir. Mənsur əsas elektrik işlərini yerinə yetirirdi, o isə nəzarətçi vəzifəsində işləyirdi, tikinti işlərinin necə yerinə yetirilməsinə nəzarət edirdi. «xxxxxxxxx» MMC «xxxxxxxxxxx» MMC ilə podrat müqaviləsi bağlamışdır. İşçiləri işə götürən şirkət «xxxxxxxxxxx» MMC olmuşdur. Onların «xxxxxxxxxxx» MMC-dən alacaqları əmək haqqları var idi. Onlar 2017-ci ildə yığışıb rəhbərliklə danışıqlar aparanda işçilərin bir qisminə ödənilməli olan əmək haqqı məbləğinin bir hissəsi ödənildi, Mənsur isə əmək haqqı məbləğinin bir hissəsinin ödənilməsi ilə razılaşmadı və bildirdi ki, onun əmək haqqı tam şəkildə ödənilməlidir. Tikinti obyektində krançı daha ağır işlə məşğul olan işçi hesab edildiyindən onların əmək haqqı 800 manat, daha sonra isə əmək şəraitinin çətinliyinə uyğun olaraq daha da artmışdır. İddiaçı isə elektrik işləri ilə məşğul olmuşdur. Ona isə əvvəl 400, sonradan 600 manat məbləğində əmək haqqı ödənilməsi razılaşdırılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Yasamal rayonunun ərazisində qeyd edilən tikinti obyektində icraçıkrançı vəzifəsində 2016-cı ildə işləmişdir. Onların əmək haqqları vaxtında verilmirdi, halhazırda əmək haqqını ona hissə-hissə ödəyirlər. Müqavilə bağlamaq üçün bütün lazımı sənədləri «xxxxxxxxxxx» MMC-nin rəhbərliyinə təqdim etmişdir, lakin heç bir müqavilə onunla bağlamamışlar. Mənsur Cəbrayılovu tanıyır, o da onunla həmin tikinti obyektində işləyirdi, öz öhdəliklərini lazımı qaydada yerinə yetirirdi. Buna baxmayaraq ona əmək haqqını ödəmədilər. Ona əmək haqqı əvvəllər 800 manat, sonradan isə işin mahiyyəti ağırlaşdığı üçün 1200 manat ödənilməli idi. İddiaçı isə elektrik sahəsində işləyirdi, ona verilməli olan əmək haqqı əvvəl 400, sonradan isə 600 manat məbləğində razılaşdırılmışdı. Birinci instansiya məhkəməsi iddianı «xxxxxxxxxxx» MMC-yə münasibətdə təmin edərkən yalnız iddiaçının izahatına və iki şahid ifadəsinə əsaslanmışdır. Halbuki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). İşdə olan sənədlərdən (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar, Dövlət Əmək Müfəttişliyi Xidmətinin məktubları və s.) görünür ki, iddiaçının analoji şikayətləri üzrə aparılmış araşdırma nəticəsində onun «xxxxxxxxxxx» MMC-də rəsmi və ya əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi, əmək haqqının ödənilməməsi və s. bu kimi zəruri halların mövcudluğu müəyyən olunmamışdır. Göründüyü kimi, iddiaçı cavabdeh «xxxxxxxxxxx» MMC-də əmək müqaviləsi bağlanmadan işlərə cəlb edilməsini (yəni, 2016-cı ilin yanvar ayından 2017-ci ilin aprel ayınadək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Ə.Əhmədov (Talıblı) küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının inşasında elektrik vəzifəsini icra etmək üçün işçi qismində işə cəlb olunması), işlədiyi müddətdə ona əmək haqqı ödənilməməsini, əmək haqqının 2016-cı ilin yanvar ayından iyun ayına qədər hər ay üçün 400 manat, daha sonra isə hər ay üçün 600 manat razılaşdırılması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Yalnız şahid ifadəsinə əsaslanaraq qeyd edilən halların mövcudluğunun müəyyən edilməsi isə maddi və prosessual hüquq normalarının tələbləri ilə uzlaşmır (eyni zamanda şahidlər ifadələri ümumi formada vermiş, konkret hallara istinad etməmişlər). Eyni zamanda, iddiaçı nəyə görə ona əmək haqqı ödənilmədən və əmək müqaviləsi bağlanmadan 2016-cı ilin yanvar ayından 2017-ci ilin aprel ayınadək, yəni 01 il 04 ay ərzində yaşayış binasının inşasında elektrik vəzifəsini icra etməsini, bu müddət ərzində hər hansı tələblər irəli sürməməsini (əmək müqaviləsinin bağlanmasını tələb etməməsi, səlahiyyətli orqanlara müraciət etməməsi və s.) də izah edə bilməmişdir. Sadə məntiqə əsasən əgər həqiqətən iddiaçı müvafiq işlərə cəlb olunmuş, lakin ona gördüyü işlərə görə əmək haqqı ödənilməmişsə, nəyə görə uzun müddət ərzində həmin işləri görməkdə davam etməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. İddiaçı izahatında gördüyü işlərə görə əmək haqqı almamasının səbəbini sonda ona həmin yaşayış binasından ev verilməsi barədə razılıqlarının olması ilə əlaqələndirmiş, lakin bu istiqəmətdə də məhkəməyə hər hansı sübut (razılaşma barədə yazılı sənəd və s.) təqdim edə bilməmişdir. Eyni zamanda, yeni inşa olunan yaşayış binalarında mənzillərin qiymətinin iddiaçının tələb həddindən dəfələrlə qiymətli olması nəzərə alınmaqla, iddiaçının bildirdikləri ağlabatan və məntiqi görünmür. Birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına X3 oxşar tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi əlavə edilmişdir (X9 hazırki iş üzrə şahid qismində ifadə vermişdir). Qeyd edilməlidir ki, həmin qətnamənin hazırki mübahisəyə heç bir predusial əhəmiyyəti olmasa da, hər iki işin halları və sübutlar fərqlidir. Qeyd edilən qətnamədən görünür ki, X3 şikayəti üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində Y.Muxtarovun «xxxxxxxxx» MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Ə.Əhmədov (Talıblı) küçəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında cavabdeh X5 təkifi ilə əmək müqaviləsi bağlanmadan işləməsi halı müəyyən olunmuş, bu səbəbdən də sonuncu Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinmiş və 3500 manat inzibati cərimə olunmuşdur. Hazırki işdə isə iddiaçının şikayəti üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən oxşar hal müəyyən olunmamışdır (işdə bununla bağlı hər hansı sübut mövcud deyildir). Beləliklə,araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki,iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Belə olan halda isə iddia tələbinin yoxlanılan hissədə hüquqi və faktiki əsasları mövcud deyildir.İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ilk hissədə əsassız olduğundan, mənəvi ziyanın ödənilməsi hissəsində də təmin oluna bilməzdi (birinci instansiya məhkəməsi cavabdehdən, həmçinin 500 manat mənəvi ziyanın tutulması da qət etmişdir). Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə yoxlanılan hissədə əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin qismən, yəni iddianın cavabdeh «xxxxxxxxxxx» MMC-yə aid təmin olunan hissəsində ləğvinə tam əsasdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsassız olduğundan iddiaçının məhkəmə xərcləri (ödənilmiş dövlət rüsumu) onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxx» MMC-yə, «X19» MMC-yə və «xxxxxxxxxxx» MMCyə qarşı «əmək hüquqlarının bərpası» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-846/2019 saylı qətnaməsindən cavabdeh «xxxxxxxxxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)- 846/2019 saylı qətnaməsi qismən, yəni iddianın cavabdeh «xxxxxxxxxxx» MMC-yə aid təmin olunan hissələrində ləğv edilsin, iddia həmin hissədə təmin olunmasın. Məhkəmə xərcləri (ödənilmiş dövlət rüsumu) iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar