Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-385/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 3.110 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmin mənzil cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur və vaxtaşırı verilən bildirişlərə əsasən qazın dəyəri iddiaçı tərəfindən vaxtı-vaxtında ödənilir. xx.xx.2022-ci il tarixdə iddiaçı evdə qazın gəlmədiyini görərək sayğaca baxmış və sayğacın işləmədiyini görmüşdür. O, Birliyin “104 Qaynar xəttinə” zəng edərək, bu barədə məlumat vermiş və mənzilinə təbii qazın verilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Lakin xx.xx.2022-ci il tarixə kimi “Qaynar xəttə” dəfələrlə zəng etməsinə baxmayaraq iddiaçının mənzilinə qazın verilməsi bərpa edilməmişdir. Bu 4 gün ərzində evdə yalnız elektrik enerjisindən istifadə etməklə ehtiyaclarını ödəmişlər. Nəhayət xx.xx.2012-ci il tarixdə Birliyin əməkdaşları iddiaçının yaşadığı ünvana gəlmişlər və qazın gəlmədiyinin şahidi olmuşlar. Birliyin əməkdaşları iddiaçının və ailə üzvlərinin iştirakı ilə sayğaca baxış keçirmişlər, sayğacın plomblarının yerində olduğunu müəyyən etmişlər. Bundan sonra sayğacın işləmədiyini bildirərək, sayğacın plombunu qıraraq sayğacı sökmüşlər və yeni sayğac quraşdıraraq mənzilə təbii qazın verilişini bərpa etmişlər. Köhnə sayğacı isə özləri ilə aparmışlar. Köhnə sayğacı sökərkən, ona hər hansı bir müdaxilə olunmasını, plombların qırılmasını bildirməmişlər. xx.xx.2023-cü il tarixdə iddiaçıya məktub göndərilmiş və bildirilmişdir ki, xx.xx.2023cü il tarixli akta əsasən sayğacın hesablama mexanizminin keçən qazın sərfiyyatını qeyd etmədiyini bildirərək iddiaçıya 3.110 manat cərimə yazılmışdır. İddiaçı və ailə üzvləri sayğaca müdaxilə etməmişdir, sayğacın mexanizminə müdaxilə edilməsi üçün mütləq şəkildə plomblar qırılmalıdır. İddiaçının mənzilində olan sayğacın plombları isə yerində olmuşdur, plomba müdaxilə edildiyinə dair sayğacın dəyişdirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda heç bir qeyd yazılmamışdır. İddiaçı, sayğacın dəyişməsindən əvvəl və yeni sayğac quraşdırılandan sonra vaxtında istifadə etdiyi təbii qazın dəyərini ödəmişdir. Onun heç vaxt borcu olmamışdır. İddiaçıya xx.xx.2023-cü il tarixli akta əsasən qanunsuz olaraq 3.110 manat borc hesablanmışdır. İddiaçı, onun təqsiri olmadan yazılmış borcu ödəməli deyildir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh Birlik iddiaçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbi əsaslı edilməli, itirilmiş qazın bərpası ilə əlaqədar iddiaçıya hesablanmış borc silinməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən qaz sayğacı laboratoriyada yoxlanılarkən iddiaçı tərəfindən sayğaca müdaxilə olunması faktı aşkar olunmuş, aşkar olunmuş fakt Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş akt ilə rəsmiləşdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyə 3.110,40 manat məbləğində ziyan dəymişdir. Həmin borcun silinməsi üçün əsas yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız olan iddianı təmin etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uğun izahat vermişdir. Cavabdeh Birlik işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
8. İddiaçı apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. e) işdə olan sənədlər barədə məlumat
9. Cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, iddiaçının ünvanına aid “Zinner” tipli, “G-4” markalı, **********4 nömrəli qaz sayğacının hesablama mexanizminin keçən qazın sərfiyyatını qeyd etmədiyi, sayğacın rəqəmli dişli çarxlarının üzərində cızıq izlərinin olduğu və rəqəmlı dişli çarxları hərəkətə gətirən barabanların kənar təsir nəticəsində bərkidildiyi müəyyən edilmişdir.
10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, X3 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023cü il tarixli, MSK 29/1710-04593-1 nömrəli rəyinə əsasən “G-4” markalı, **********4 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin rəqəmli dişli çarxların üzərində cızıq izləri var və rəqəmli dişli çarxları hərəkətə gətirən barabanlar kənar təsir nəticəsində bərkidilmişdir. Buna görə də sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacda istismar müddətində “ALARM-1” rejimi aşkar olunmayıb. Beləliklə qaz sayğacının nominal qaz sərfi 6 kubmetr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə (6 x 24 x 180 = 25.920 kubmetr ) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3.110 manat pulun ödənilməsi tələb edilmişdir.
11. İddiaçının adına tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, iddiaçıya 3.110 manat borc hesablanmışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2 3/1923 nömrəli məhkəmə-trassoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və ona bərkidilmiş plombun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Göstərilənləri, nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.).
14. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
16. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən aktda sayğaca müdaxilə edilməsi qeyd edildiyindən, cavabdeh Birlik yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən, istehlakçının (hazırki halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetiriməli və ona (cavabdehə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin cavabdeh Birlik iddiaçının təbii qazdan qeyri-qanunu istifadə etməsini, yəni təbii qazın talamasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğdə zərərin ödənilməsini iddiaçıdan tələb etmişdir.
18. Nəzərə alınsa ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir, o zaman müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.
19. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdeh Birliyə aid edilməlidir.
20. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verməyən həddə cavabdeh Birliyə qarşı təmin edildiyindən MPM-in 402.1-ci maddəsinin tələbinə əsasən tərəflər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
21. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.