Məhkəmə qərarları › İş №2(103)-3854/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3854/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3854/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1185/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin üzərinə müqavilə üzrə kirayə pulunun ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)- 1185/2019 saylı qətnaməsi iddia təmin edilmişdir. Üçüncü şəxs “xxxxxxxxxxxx” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bank tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmiş, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olmasına və bankın hüquqlarını və qanunla qorunan mənafeyini pozmasına baxmayaraq, iddianın etiraf edilməsini qəbul etmiş nəticədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdilər, cavabdehin nümayəndəsi X5 isə apellyasiya şikayəti ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən mübahisəsiz qaydada müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 9 saylı evin 2 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur. “xxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010cu il tarixli 01 saylı ipoteka müqaviləsinə 01 saylı əlavəyə əsasən həmin mənzil “xxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 164 nömrəli müqaviləyə əsasən İddiaçı həmin mənzili sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi və müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada Cavabdeh MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi, həmçinin Cavabdeh MMC yeni mənzil verilənədək hər ay İddiaçı 500 manat məbləğində kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6138/2014 saylı icra sənədi ilə öhdəliyin icrasının təmini üsulu kimi tutma ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 9 saylı evin 2 saylı mənzilə yönəldilmiş və “xxxxxxxxxxxx” ASC həmin mənzili alqısatqı müqaviləsi əsasında əldə etmişdir. xx.xx.2018-ci il tarixdən bəri həmin mənzil “xxxxxxxxxxxx” ASC-nin mülkiyyətindədir. Bundan sonra “xxxxxxxxxxxx” ASC Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə ödəniləcək təzminatın banka ödənilməsini xahiş etmişdir. Buna müvafiq olaraq Cavabdeh MMC İddiaçı ilə aralarında bağlanmış müqaviləyə xitam verilməsi barədə sonuncuya bildiriş göndərmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilənin tələblərini pozaraq ona ayda 500 manat kirayə pulunu verməkdən imtina edir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı tam etiraf etmiş və bu barədə yazılı ərizə verərək, bildirmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixli müqavilə üzrə hər ay 500 manat məbləğində kirayə haqqı ödəməyə etirazları yoxdur. Apellyasiya baxışında isə cavabdehin nümayəndəsi iddiaya etiraz etmişdir. Üçüncü şəxs iddiaya etiraz edir və bildirir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanılan zaman iddiaçı mübahisəli əmlakın onun mülkiyyətində olmasını və bankın xeyrinə ipoteka ilə yüklü edilməsini gizlətmişdir. Bundan başqa İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6138/2014 saylı icra sənədinin icrasını ləngitmək məqsədilə əsassız iddialar və şikayətlər vermişdir. Bu səbəbdən də, qətnamənin icraya yönəldilməsi prosesi uzanmışdır. Hazırda mübahisəli əmlak bankın mülkiyyətində olduğuna görə həmin əmlakın sökülməsi ilə bağlı kirayə pulu banka ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olub-olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Əks halda, yəni qeyd olunan şərtlərin hər hansı biri (bir neçəsi) və ya hamısı mövcud deyilsə iddianın etiraf edilməsinin hər hansı əhəmiyyəti yoxdur və qanuna zidd olduğu üçün qəbul edilə bilməz. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın etiraf etməsinin qanuna zidd hesab edilməsi üçün isə heç bir əsas yoxdur. Çünki İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixdə 164 saylı müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və əmlak istifadəçisini təmirli mənzillə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə əmlak istifadəçisinə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda da həmin müqavilə qüvvədədir və ləğv və ya etibarsız hesab edilməmişdir. Eyni zamanda müqavilə tərəfləri olduğu üçün iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdır. Həmçinin iddianın etiraf edilməsi hər hansı digər bir şəxsin, o cümlədən mübahisəli mənzilin hazırda mülkiyyətçisi olan üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Çünki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn kirayə pulunun ödənilməsi tələbinin üçüncü şəxsə aidiyyatı yoxdur, eyni zamanda üçüncü şəxsin öz mülkiyyət hüquqlarına əsaslanaraq cavabdehə qarşı tələb irəli sürməsinin qarşısını almır. Hazırda cavabdehin nümayəndəsinin iddiaya etiraz etməsi və Cavabdeh MMC tərəfindən İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə ayrıca iddia irəli sürməsinə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 684/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir) dair kollegiya qeyd edir ki, bu hallar da qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki prosessual qanunvericilikdə iddianın etiraf edilməsinin sonradan, yəni məhkəmə tərəfindən təsdiq edilərək müvafiq qərar qəbul edildikdən sonra geri götürülməsi nəzərdə tutulmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın etiraf edilməsini təsdiq etmiş və iddia tələblərini təmin etmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Üçüncü şəxs “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1185/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar