Məhkəmə qərarları › İş №2(103)-3855/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3855/2023

06.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3855/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh2na qarşı mülki iş üzrə (Açar sözlər: "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh2na qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4139/2022 saylı qərardadından İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir..

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4139/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. 3.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadına əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

4. Həmçinin qeyd etmişdir ki, hazırda İddiaçı mübahisələndirdiyi halla bağlı (ipoteka müqaviləsi) yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Yəni iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələyə (ipoteka müqaviləsinin etibarlı olmasına) artıq hüquqi qiymət verilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. Məhkəmənin həmin qərardadından narazı qalan İddiaçı nümayəndəsi-vəkili Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia ilə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi eyni əsaslarla bağlı deyildir. Belə ki, hazırki iddia uşaq hüquqları, yəni iş üzrə yeni şəxslər olan azyaşlı X5 və X4 hüquqlarının pozuntusu ilə bağlıdır. Kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evində mülkiyyətçi X9 və onun həyat yoldaşından başqa, oğlu X7 və onun ailə üzvləri, hazırki iddia üzrə İddiaçı və onların övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X8 yaşayırlar. Uşaqlar vaxtı ilə ipotekaya qoyulan evdə dünyaya gəlmişlər. Bununla da onların həmin evdən istifadə hüququ yaranmışdır. Mübahisələndirilən ipoteka müqaviləsi bağlanarkən böyük qızlarının 3 yaşı tamam olmuşdu, kiçik qızları isə hələ dünyaya gəlməmişdi. Bu səbəbdən ipoteka müqaviləsi etibarsızdır. Çünki, Cavabdeh2 ipoteka müqaviləsi bağlanarkən notarius həmin evdə yaşayan şəxslər barədə arayış tələb etməmişdir. Arayış tələb olunacağı təqdirdə, həmin evdə azyaşlı uşaq, xx.xx.2009-cu il təvəllüdlü X2 yaşadığı məlum olardı. Hazırda isə fərdi yaşayış evində iki azyaşlı uşaq yaşayır və evin hərracdan satılacağı təqdirdə onların hüquqları pozulmuş olur. Məlum olduğu kimi, mübahisəli ev ipoteka ilə yüklü edilən zaman Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubu olmalı idi ki, bu qaydaya da nə Cavabdeh2, nə Cavabdeh1 ASC, nə də ipoteka qoyan şəxslər riayət etməmişlər. Halbuki, həm Cavabdeh2, həm də Cavabdeh1ASC bundan xəbərdar olmuşlar və bu arayış vətəndaşdan tələb edilməli idi. Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubunun olub-olmaması barədə məlumat əldə olunması üçün Ağdaş rayon İcra Hakimiyyətinə vəkil sorğusu ünvanlanmışdır. Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş 28 noyabr 2022-ci il tarixli, 08-1014 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “ipotekanın predmeti olan ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklənməsinə razılıq verilməsi barədə Qəyyumluq və Himayəçilik komissiyasında heç bir məlumat yoxdur”. Göstərilənlərdən də belə qənaətə gəlmək olur ki, məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Məhkəmə qərar qəbul edərkən ləğv prosesində olan “Atabank"ASC-nin mənafelərini müdafiə etmiş, ipoteka ilə yüklü edilmiş evdə yaşayan azyaşlı X2 və X4 hüquqlarını nəzərə almamışdır. Bundan başqa, məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair” Qərardadı ilə uyğunsuzluq təşkil edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarından asılı olmadığına görə həmin qərarın çıxarılmasının prosessual əsası olan iddia tələbindən də asılı deyil. Çünki, tələb məhkəmə qərarının alınması üçün irəli sürülür. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə də əqdi mübahisələndirilməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. Bununla belə, mübahisələndirmə şəxsə bağlı olan hüququdur. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda, məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq, əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki şəxsə bağlı hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4139/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qərardadı ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(006)-4139/2022 nömrəli qərardadından vermiş olduğu şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(006)- 4139/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda İddiaçı mübahisələndirdiyi halla bağlı (ipoteka müqaviləsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Başqa sözlə, iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələyə (ipoteka müqaviləsinin etibarlı olmasına) artıq hüquqi qiymət verilmişdir

10. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1380/2023 saylı 29 mart 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1158/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

12. Ali Məhkəmə qeyd etmişdir ki, Samirə X1 ilə Cavabdeh1 ASC arasında Elman Qurbanova məxsus ünvan 4 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin bankın xeyrinə ipoteka ilə yüklü olunmasına dair 30 iyul 2013-cü il tarixlə 3M-73 saylı müqavilənin etibarsızlığı barədə iddia ərizəsi vermiş və ərizə onun tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, tələb İddiaçı hüquq və mənafelərinin deyil, onun ipotekanın predmeti olan evdə yaşayan övladları, 25 mart 2009-cu il təvəllüdlü X5 və X4 hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş, iddiaçı azayaşlı uşaqlarının maraqlarından çıxış etmişdir.

13. Kollegiya həmçinin qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 170.1, 261.0.2 və 262.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadına əsaslanmaqla iş üzrə icraata xitam verilməsi qənaətinə gələn aşağı instansiya məhkəmələri hazırkı iş üzrə mübahisələndirilən ipoteka müqaviləsinin etibarlılığına İddiaçı da iştirak etdiyi digər iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qiymət verildiyini əsas gətirmiş, lakin yuxarıda göstərilən halları nəzərə almamış, iddia tələbinə İddiaçı məhdud fəaliyyət qabiliyyəti uşaqlarının adından çıxış etməsi baxımından qiymət verməmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

14. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.

16. 50.5-ci maddəsinə əsasən qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar.

17. 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər.

18. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

21. 262.4-ci maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadına görə əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4139/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş qeyd olunan məsələlər nəzərə alınmaqla yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.

24. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının müdafiə etdiyi tələb özünün hüquq və mənafeləri ilə bağlı deyil, onun ipoteka predmeti olan evdə yaşayan övladları, 25 mart 2009-cu il təvəllüdlü X5 və X4 hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş, iddiaçı azayaşlı uşaqlarının maraqlarından çıxış etmişdir.

25. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan belə bir hüquqi imkan məhz öz maraqlarını qorumaq imkanı məhdud olan şəxslərin (fəaliyyət qabiliyyəti olmayan və yetkinlik yaşına çatmayanların) mənafələrini müdafiə etməyə yönəlmişdir. Belə olan halda məhkəmə mübahisəyə mənafeyi naminə müraciət edilmiş şəxsin (bu halda iddiaçının uşaqlarının) hüququnun pozulduğu ehtimalı baxımından yoxlanılmalıdır.

26. Belə ki, hazırki mübahisənin başlanmasına əsas olan iddianın hüquqi və faktiki əsaslarına qiymət verilərkən İddiaçı məhdud fəaliyyət qabiliyyəti olan uşaqlarının adından çıxış etməsi nəzərə alınmamışdır.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mülki işə mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4139/2022 saylı, 24 noyabr 2022ci il tarixli qərardadı ləğv edilsin. İş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mülki işə mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar