Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3860/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı (41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı (41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 1988-ci ildə Cavabdeh1 ilə nikaha girmişdir. Belə ki, Cavabdeh1 həmin vaxt Abşeron rayon Polis İdarəsinin pasport-masa rəisi idi, rütbəsi də polis mayoru idi. Həmin vaxt o, nikahın bağlanılması barədə şəhadətnaməni ailəsinə göstərmiş, ailəsi də bu evlənməyə razılıq vermişdi. Həmin nikah kağızı da bir neçə gün onda qalmışdı. Beləliklə o, 1988-ci ildə ünvan 1 ünvanında yerləşən mənzilə köçmüş və orada ər-arvad kimi yaşamağa başlamışlar. Şahin Məmədovun 3 uşağı olmuşdur, onlar çox mehriban yaşamışlar və heç bir pis münasibət olmamışdır. 1997-ildə iddiaçının atası X1 elə həmin Teymur Elçin küçəsində yaşadıqları 6 saylı evin 43 saylı mənzili ilə üzbəüz yerləşən 1 otaqlı 42 saylı mənzilini onun adına alğı-satqı yolu ilə bir rus qadından almış və onun adına mülkiyyət sənədi verilmişdir. Həmin mənzilə qeydiyyata düşmüşdür, hazırda da orada yaşayış yeri üzrə qeydiyyatdadır. 1997-ci ildə razılığa gəlmişlər ki, ona məxsus Teymur Elçin küçəsində yerləşən 6 saylı evin 42 saylı bir otaqlı mənzilini kirayəyə versinlər. Ona görə də Cavabdeh1 ona təklif etmişdir ki, bu işləri görmək üçün ona etibarnamə versin. O, Cavabdeh1 etibarnamə vermiş, həmin etibarnamə əsasında Cavabdeh1 42 saylı 1 otaqlı mənzili Filippin vətəndaşına 10 il müddətinə kirayəyə vermişdir. Kirayə haqqını ya özü, ya da oğlu Musa götürürdü. Hazırda da bu mənzil başqa bir qadına kirayəyə verilmişdir. Cavabdeh1 oğlu Cavabdeh2 evləndikdən sonra qərara gəlmişlər ki, Teymur Elçin küçəsində yaşadıqları 6 saylı evin 43 nömrəli mənzlini Musaya versinlər, özləri isə Buzovna qəsəbəsində C.Mirzəyev küçəsi 20 saylı ünvanda yerləşən cavabdehin atasına məxsus fərdi yaşayış evinə köçsünlər. O, Cavabdeh1 Teymur Elçin küçəsində yerləşən ona məxsus 6 saylı evin 42 saylı mənzilinin mülkiyyət sənədini və nikah kağızını istəmiş, sonuncu müxtəlif bəhanələrlə onu verməkddən yayınmışdır. Mənzillə bağlı bütün sənədlər həmişə Cavabdeh1 olmuşdur. Bundan sonra o, Səbail rayon Qeydiyyat şöbəsinə nikahla bağlı müraciət etmiş, bu zaman məlum olmuşdur ki, xx.xx.1987-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində onun nikah haqqında akt qeydi aşkar edilməmişdir. Arxivə müraciət etmiş və məlum olmuşdur ki, Cavabdeh1 ona verdiyi etibanamədən istifadə etməklə, 24 may 2007-ci ildə ona məxsus olan Bakı şəhəri Teymur Elçin küçəsi 6 saylı evin 42 saylı mənzilini oğlu Cavabdeh2 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manata satmış, həmin vaxtdan da mənzil onun mülkiyyətinə keçmişdir. Əgər həqiqətən bu mənzil 25.890 manata “satılmışsa”, həmin vəsaiti Cavabdeh1 mənimsəməyə haqqı yoxdur, həmin vəsaiti ona verməyə borclu idi. Lakin belə bir alğı-satqı müqaviləsinin bağlanılması onu təsdiq edir ki, Cavabdeh1 məqsədi adı çəkilən mənzili onun mülkiyyətindən çıxarmaq və qanunsuz yolla oğlu Cavabdeh2 mülkiyyətinə keçirmək olmuşdur. Əslində həmin vaxt bu mənzlin dəyəri təxminən 70-80 min manat olmuşdur. 28 avqust 2006-cı il tarixli etibarnaməni Cavabdeh1 mülkiyyətində olan mənzili onun adından kirayəyə vermək məqsədi ilə verməsinə baxmayaraq, o, bu etibarnamədən istifadə etməklə, gizli olaraq, yəni aldatma yolu ilə mənzili oğlunun adına rəsmiləşdirmişdir. Qeyd olunan sənədləri son 3 ayda toplamışdır. Təxminən bir il əvvəl ünvan 2 ünvanda yaşayan zaman, Cavabdeh1 kiçik oğlu Mürsəl Məmmədov xırda bir münaqişə səbəbindən onu həmin evdən məcburi çıxarmışdır. Bir ilə yaxındır ki, müxtəlif qohumların evində qonaq kimi yaşamağa məcbur olmuşdur. Cavabdehlər iddia tələbinə etiraz edərək bildirmişlər ki, iddiaçı nikahın qeyri-rəsmi olması və Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi ev 6, 42 saylı mənzilin cavabdeh tərəfindən alınması və sonra oğluna satılması barədə vaxtında kifayət qədər məlumatı olmuşdur. Həmin mənzil cavabdehin puluna alınmış, sadəcə həmin dövrdə cavabdehin “artıq” mənzilin mövcudluğu işlədiyi yerdə çətinliyə səbəb ola biləcəyi ehtimalına görə, mübahisələndirilən mənzil (əlbəttə, aralarında etibarlılıq olduğuna görə) əvvəl iddiaçının atasının, sonra isə iddiaçının adına köçürülmüşdür. Bunları iddiaçı yaxşı bilirdi və buna görə də müvafiq etibarnaməni, necəki daha bir uzun müddətli etibarnaməni cavabdehə vermişdir. Bundan başqa, nikahları formal cəhətdən qeydiyyatsız olsa da, necə ola bilər ki, 32 il birgə ailə münasibətində yaşayan, iddia ərizəsində qeyd etdiyi kimi, bütün xeyir-şər işlərində fəal iştirak edən iddiaçının adına alınmış və qeydiyyatda olduğu mənzilin aqibəti barədə - nəzərə alınsa ki, özü bildirdiyi kimi, heç kirayə haqqı ona çatmadığı halda - onun heç bir məlumatı olmasın? Bunun əyani sübutu kimi, cavabdeh tərəfi məhkəməyə müvafiq şahidləri təqdim edə bilər. Bundan başqa, həmin etibarnamə notariat orqanında cavabdehə verilərkən, qanunun bütün müddəaları və nəticələri iddiaçıya çatdırılmışdır və buna görə o, xüsusi qaydada imzalanmışdır. Burada, qanunun tələblərinə tam şəkildə uyğun olaraq tərəflərin hərəkətləri həyata keçirilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-187/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavadehlərdən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, öz iddia tələbləri ilə məhkəməyə müraciət edərkən, 15 il qabaq baş vermiş alğı-satqı müqaviləsi üzrə satış məbləği olan 25.890 manat pulu istəməsi barədə tələb qoymamış, hətta məhkəmə prosesi zamanı bu məsələyə heç bir istinad etməmiş, iddiaçıya həmin pulun tam, yaxud hər-hansı hissəsinin (razılaşma əsasında) verilib-verilməməsi barədə cavabdeh tərəfindən heç soruşulmamışdır. İddiaçı yalnız alğı-satğı müqaviləsinin etibarsız hesab edilməsi ilə mübahisələndirilən mənzilin öz adına olduğu qeyd yazıların bərpa edilməsini istəmişdir. Halbuki, əgər cavabdeh tərəfindən bu barədə soruşulsaydı, onda məhkəməyə iddiaçının adına xüsusi Respublika bankın kartının açılması ilə, 2020-ci ilin yanvar ayından başlayaraq hər ay 200 manat məbləğində pullar köçürülmüşdür və bu barədə əlavə sübutlar təqdim oluna bilərdi. Bütün bunlara baxmayaraq, mübahisənin xoşməramlı nəticə ilə bitməsini özünə zidd bilməyərək, iddiaçı ilə barışıq əldə etmək üçün, cavabdeh tərəfi iddiaçıya hətta rəsmən həmin pulun verilməsini təklif etmiş, lakin sonuncu buna razılaşmamışdır. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz ərizəsi verərək etiraz ərizəsini onunla əsaslandırmışdır ki, apellyatorun məhkəmənin hər hansı maddi hüquq normasını pozması və ya onu düzgün tətbiq etməməsi barədə heç bir dəlili yoxdur. Bu fakt onu təsdiq edir ki, məhkəmə işin halları və tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh2 apellyasiya şikayətində guya Bakı şəhəri, Teymur Elçin küçəsi 6 saylı evin 42 saylı mənzilini öz vəsaiti hesabına aldığını, guya mübahisəli mənzili əvvəlcə iddiaçının atasının adına, sonra isə iddiaçının adına rəsmiləşdirilməsini onunla izah etmişdir ki, mənzilin alındığı vaxt Cavabdeh1 polis orqanında işlədiyi üçün adında “artıq” mənzillərin mövcudluğunun iş yerində bilinməsini istəməmişdir. Bu dəlillərin heç bir əsası yoxdur, belə ki, DƏDRX-nin Şükufə Allahverdiyevaya verdiyi mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsindən görünür ki, vəsiqə ona xx.xx.1997-ci ildə verilmişdir. SSRİ isə rəsmən 1991-ci ilin dekabr ayında dağılmışdır. Bütün bunlar təsdiq edir ki, cavabdehin mənzili guya onun puluna alınması barədə dəlillərinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə nəzərə almaq lazımdır ki, Şükufə Allahverdiyevanı aldadaraq saxta “nikah” sənədi hazırlayan, sonra onu məhv edən, 30 il ər-arvad olduqlarına inandıran, aldatdığı şəxsin adına mənzil almasını deməsinə heç sadəlövh insanlar da inanmaz. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər 41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, AR MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(103)-3860/2022 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv edilmiş və mülki iş üzrə icraata iddia tələbinin “dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa edilməsinin təmin edilməsi hissəsində “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” əsası ilə xitam verilmişdir. Odur ki, apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməsinin qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-187/2022 saylı qətnaməsi qismən, iddia tələbinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyinin 4Ə-454 saylı notariat işinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 24 may 2007-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Satıcı evini 25.890 manata satmışdır. Həmin müqaviləni İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 imzalamışdır. İş materiallarında olan DİN-nin BPQMİ-nin xx.xx.2021-ci il tarixli MAPS arayışından görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə ünvan 3 ünvanda qeydiyyatdadır. İş materiallarında olan DİN-nin BPQMİ-nin xx.xx.2021-ci il tarixli MAPS arayışlarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsinin 14 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata görə İddiaçı xx.xx.1978-ci ildə (akt qeydi №198) Bərdə rayon Qeydiyyat şöbəsində X2 ilə nikaha daxil olaraq “Həsənova” soyadını qəbul etmiş və Bərdə rayon Məhkəməsinin xx.xx.1987-ci ildə 18 №-li akt qeydi ilə Bərdə rayon Qeydiyyat şöbəsində onların nikahının pozulması dövlət qeydiyyatına alınmışdır. xx.xx.1987-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində İddiaçı nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşin sadalanan hallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzil 1997-ci ildən iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olmasalar da, faktiki ər-arvad münasibətlərində olmuş, 1988-ci il tarixdən bağlayaraq 30 ildən çox bir yerdə yaşayaraq birgə təsərrüfat aparmışlar. İddiaçı xx.xx.2006-cı ildə verdiyi etibarnamə ilə Cavabdeh1 onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, o cümlədən satmağı, bağışlamağı və digər hərəkətləri etməyi etibar etmişdir. Cavabdeh1 da iddiaçının adından hərəkət edərək təmsilçilik əsasında mübahisəli mənzili xx.xx.2007-ci ildə digər Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli Qərarlarında üzrə ifadə edilmiş hüquqi mövqeyə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Kollegiya qanunun normalarının yuxarıda qeyd edilən mənasından və onun şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyindən çıxış edərək qeyd edir ki, hazırkı iddia tələbinin əsaslılığı ilk növbədə mübahisələndirilən alğısatqı müqaviləsi bağlanarkən qanunvericiliyin formal tələblərinə riayət edilib-edilməməsi, həmin müqavilənin tərəflərin iradə ifadəsinin həqiqi məzmununa uyğun olub-olmaması, onların həqiqi niyyətlərini əks etdirib etdirməməsi kimi halların müəyyən edilməsi ilə bağlıdır. Hazırkı iş üzrə mübahisələndirilən müqavilə bağlanarkən əqdin subyekt tərkibi, məzmunu və forması ilə bağlı şərtlərə riayət edilməsi işin mübahisəsiz hallarıdır. Belə ki, həmin müqavilə səlahiyyətli şəxslər tərəfindən, mülki qanunvericiliyin tələb etdiyi şəkildə notarial qaydada yazılı formada bağlanmışdır. Bu müqavilənin tərəflərin həqiqi niyyətinə uyğun bağlanması ilə əlaqədar iddiaçı bildirir ki, onun mübahisəli mənzili özgəninkiləşdirmək niyyəti olmamış, Cavabdeh1 xx.xx.2006-cı il tarixli etibarnaməni bu mənzilin kirayəyə verilməsi ilə bağlı hərəkətlərin edilməsi və müqavilənin bağlanması məqsədi ilə vermiş, sonuncu isə bu etibarnamədən sui-istifadə edərək həmin mənzili digər cavabdeh olan oğluna özgəninkiləşdirmişdir. Lakin qeyd edilən xx.xx.2006-cı il tarixli etibarnamənin məzmunundan görünür ki, həmin etibarnamədə iddiaçı Cavabdeh1 bütün əmlakları ilə bağlı, əmlakların satılması və bağışlanması da daxil olmaqla istənilən hərəkətlərin edilməsini etibar etmişdir. Bu səbəbdən, iddiaçının həmin etibarnaməni yalnız mübahisəli mənzili kirayəyə vermək üçün verdiyinə dair dəlilini kollegiya əsaslı hesab etmir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı həmin mənzilin əcnəbilərə kirayəyə verilməsi, bununla bağlı müqavilələrin olmasına dair də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, iddiaçı ilə Cavabdeh1 30 ildən artıq müddətdə faktiki nikah münasibətlərində olmaqla bir ünvanda yaşamış, birgə təsərrüfat aparmışlar. Bu səbəbdən mübahisəli mənzilin özgəninkiləşdirilməsindən sonra keçən 15 il müddət ərzində iddiaçının bu faktdan xəbərsiz olması, mənzilə dair sənədlərin cavabdehdə olması və eyni ünvanda yaşadıqları halda, həmin sənədləri ondan gizlin saxlaması ilə bağlı dəlilləri kollegiya əsaslı və inandırıcı hesab etmir. Kollegiya həmçinin onu da nəzərə alır ki, iddiaçı mənzilin özgəninkiləşdirilməsini yalnız cavabdehlərlə faktiki ailə münasibətləri zəminində münaqişələri başladıqdan sonra mübahisələndirmişdir. Kollegiya hesab edir ki, iddiaçı Şükufə Allahverdiyeva faktiki ər-arvad münasibətində olduğu Cavabdeh1 özünə məxsus olan əmlakların üzərində sərəncam verilməsini, o cümlədən onların özgəninkiləşdirilməsini nəzərdə tutan etibarnamə verərkən, həmin əmlakların cavabdeh tərəfindən özgəninkiləşdirilməsi imkanı barədə məlumatlı olmuş və bunu şüurlu surətdə qəbul etmiş, bununla da, həmin əmlaklarla bağlı iradəsini etibarnamədə əks olunan şəkildə ifadə etmişdir. Ona görə də, Cavabdeh1 sonradan həmin etibarnamə əsasında iddiaçını təmsil etməklə mübahisəli mənzili digər Cavabdeh2 satmasının iddiaçının iradə ifadəsi əsasında həyata keçirilmədiyi barədə dəlilini kollegiya əsaslı hesab etmir. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, iddiaçı öz iddiasının əsasını təşkil edən halları (bu əqdin bağlanmasından uzun müddət xəbərsiz olması, həmin əqdin onun iradə ifadəsinə zidd olaraq bağlanması, etibarnaməni cavabdehə mənzili kirayəyə vermək məqsədi ilə zəruri hərəkətlərin aparılması üçün verməsi və s.) sübuta yetirə bilməmişdir. Kollegiya qeyd edir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartı tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İddiaçının izahatları isə iş üzrə toplanmış digər sübutlarla təsdiq olunduğu halda sübut kimi nəzər alına bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Daha sonra kollegiya qeyd edir ki, mülki qanunvericilikdə əqdin etibarsızlığının mübahisələndirilməsi müddətləri ilə bağlı məhdudiyyətlər müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kollegiya qeyd edir ki, iddiaçı öz əmlakları üzərində sərəncam verilməsi səlahiyyətlərinin ötürülməsi ilə bağlı cavabdehə etibarnamə verdiyindən ən azı həmin etibarnamənin qüvvədə olduğu 1 il müddətində mübahisəli mənzilin alğı-satqısına dair müqavilənin bağlandığını və bu müqavilə ilə onun hüquqlarının pozulduğunu bilməli idi. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə alğı-satqı müqaviləsi bağlandıqdan təxminən 15 il müddət keçdikdən sonra müraciət etmişdir. İddiaçının mənzilin satılmasından son dövrədək məlumatının olmamasına istinad etməsi müddətin axımının başlanmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçı əqdi mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik müddəti də ötürmüşdür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, işə baxmış birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu səbəbdən mübahisə üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-187/2022 saylı qətnaməsi qismən, iddia tələbinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-187/2022 saylı qətnaməsi qismən, iddia tələbinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamənin “dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa edilməsi” nin təmin edilməsi hissələrində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3860/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3860/2022
09.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver