Məhkəmə qərarları › İş №2(103)-3863/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3863/2021

03.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3863/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X12 və nümayəndəsi-vəkili X17 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “miras əmlakdan payın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(004)-92/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 7/8 hissəsində onun payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X3 25.03.1996-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra anası da daxil olmaqla 8 nəfər birinci növbəli vərəsələr olmuş, 2005-ci ildə cavabdeh 12 saylı notariat kontorunda vərəsəlik işi açılmış, vərəsələrdən anası da daxil olmaqla 6 nəfər onun xeyrinə miras əmlakı qəbul etməkdən imtina etmişlər. Vərəsələrin mirasın qəbulundan imtina etməsi nəzərə alınaraq miras əmlakın 3/4 hissəsinə ona, 1/4 hissəsinə isə miras payından imtina etməmiş qardaşı X4 vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Mərhum atalarından qalmış başqa miras əmlak ünvan 1 ünvanında yerləşən torpaq sahəsi də vərəsəlik işinin davamı kimi digər vərəsələrin onun xeyrinə vərəsəliyin qəbulundan imtina etmələri nəzərə alınmaqla bölünməli və müvafiq vərəsəlik şəhadətnaməsi verilməlidir. Bu məqsədlə cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, 12.11.2019-cu il tarixli məktubla xahişi təmin edilməmiş, imtina vərəsələr arasında mübahisə olması ilə əsaslandırılmış, bu səbəbdən də həmin torpaq sahəsinin 7/8 hissəsinə ona vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmamasını qeyd edilmiş, eyni zamanda mübahisənin aradan qaldırılması üçün məhkəməyə müraciət etməsinin vacib olduğu bildirilmişdir. Hesab edir ki, cavabdeh 12 saylı notariat ofisinin imtinası əsassızdır və təklif etdiyi qaydada miras əmlak bölünməli və ona 7/8 hissəsinə vərəsəlik şəhadətnaməsi verilməlidir. Hesab edir ki, həmin vaxt vərəsəlik payları müəyyən edilərkən notarius tərəfindən səhvə yol verilmişdir. Belə ki, vərəsələrin 6 nəfəri onun xeyrinə imtina etmiş və 1 nəfəri imtina etməmişdir. Beləliklə də ona həmin əmlakdan 7 pay düşməli, 1 pay isə 3-cü şəxs X4 verilməli idi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(004)- 92/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına görə qətnamədə göstərilmiş hallar işin nəticəsinə uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları ilə aşağıdakılar müəyyən edilir. Bakı şəhəri 12 saylı Notariat ofisi tərəfindən təqdim olunmuş 23.02.2005-ci il tarixli, 2V-1-53 reyestr nömrəli vərəsəlik işində olan 24.07.1997-ci il tarixli vəsiyyətnamədən görünür ki, X3 mülkiyyətində olan ünvan 2 ünvandakı mənzilini qızı İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiqlənmiş və reyestrdə 2V-635 nömrə ilə qeyd edilmişdir. 23.02.2005-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 2 ünvandakı mənzilin 3/4 payı İddiaçı verilmişdir. Birinci dərəcəli vərəsələr X19, X13, X10, X14 və X7 ərizə verərək miras əmlakdan onlara düşən məcburi payı qəbul etmədiklərini və etməyəcəklərini bildirmişlər. İş materiallarına əlavə olunmuş 19.06.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı və X11 ünvan 2 ünvandakı mənzilindəki 3/4 və 1/4 hissə paylarını müvafiq olaraq 60000 manata və 12200 manata X1. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5001/2019 saylı, 09.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X9 və X5 cavabdehlər İddiaçı, X22 və Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı İddiaçı Zəkariyyə qızına verilmiş 24.07.1992-ci il tarixli vəsiyyətnamənin, 23.02.2005-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, 24.03.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinin (Çıxarış) və onlardan irəli gələn nəticələrin etibarsiz hesab edilməsi, mübahisə predmeti olan ünvan 2 ünvandakı mənzilin vərəsələr arasında paylara uyğun bölünməsi və həmin paylara vərəsələrin mülkiyyət hüquqlarının tanınması barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14995/2019 saylı 17.12.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5001/2019 saylı, 09.10.2019-cu il tarixli qətnaməsindən iddiaçı X18 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4102/2020 saylı 19.08.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14995/2019 saylı, 17.12.2019-cu il tarixli qətnaməsindən iddiaçı X18 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri 12 saylı Notariat ofisinin İddiaçı ünvanladığı 12.11.2019-cu il tarixli məktubun surətindən görünür ki, vərəsəliyin qəbulu ilə əlaqədar iddiaçının ərizəsinə cavab olaraq, mərhum atası X3 25.03.1996-cı ildə vəfat etdikdən sonra 2005-ci ildə 12 saylı notariat ofisində vərəsəlik işi açıldığı, birinci növbəli vərəsələrin mirasın qəbulundan imtina etdiyi və miras əmlakın 3/4 hissəsinə ona, 1/4 hissəsinə isə X4 vərəsəlik şəhadətnaməsinin verildiyi, hazırda ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 7/8 hissəsinə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilmiş, vərəsələr arasında mübahisə olduğuna görə mirasın bölüşdürülməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Apelyasiya baxışı zamanı təqdim edilmiş Bakı Apelyasiya Məhkəməsinin 13.08.2018-ci il tarixli 2(103)-7332/2018-ci il tarixli qətnaməsindən görünür ki, X6 miras əmlak - ünvan 4 ünvanında yerləşən ev və Mərdəkan qəsəbəsi 8-ci X16 Şərq küçəsi 1445a ünvanında yerləşən bağ evinin qəbulu və vərəsələr arasında bölüşdürülməsi barədə ilkin iddia tələbi rədd edilmişdir, qətnamədə qeyd olunmuşdur ki, mübahisələndirilən ünvan 4 ünvanında yerləşən ev X2 adına daşınmaz əmlakın dövlət reyestrində nə onun sağlığında, nə də ölümündən sonra mülkiyyət hüququ ilə qeydə alınmadığından, həmin evin onun tərəfindən qoyulmuş miras kütləsinə aid edilməsi və bu əmlakdan tərəflərin vərəsəlik hüququ əsasında paylarının müəyyən edilməsi hüquqi baxımdan əsassızdır. Hazırki işdə İddiaçı mirasdan qismən imtinaya yol verilməməsinə əsaslanaraq, digər vərəsələrin mənzillə bərabər eyni zamanda ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı da onun xeyrinə vərəsəliyin qəbulundan imtina etmələrinə istinad edərək hazırki iddia tələbini əsaslandırmışdır. Lakin Kollegiya qeyd edir ki, iddiaçının tələbi əsassızdır. Əvvala qeyd olunmalıdır ki, mərhum X3 24.07.1992-ci il tarixli vəsiyyətnamə ilə yalnız ünvan 2 ünvandakı mənzilini qızı İddiaçı vəsiyyət etmiş, mərhumun birinci dərəcəli digər vərəsələri da ərizə verərək məhz həmin mənzildən onlara düşən məcburi payı qəbul etmədiklərini və etməyəcəklərini bildirmişlər. 23.02.2005-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mənzilin 3/4 payı İddiaçı verilmişdir. Vəsiyyətnamənin tərtib edildiyi (1992-ci il), eləcə də mirasın açıldığı vaxt (1996-cı il) qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 537-ci maddəsinin 1-ci hissəsinə görə, hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrıayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Həmin Məcəllənin 539-cu maddəsinə görə isə əmlakın vəsiyyət edilməmiş hissəsi qanun üzrə vərəsəliyin ümumi qaydaları ilə müəyyən edilən qaydada qanun üzrə vərəsələr arasında bölünür. Vəsiyyətnamədə sair göstəriş olmadıqda, əmlakın qalan hissəsinin vəsiyyət üzrə almalı olan vərəsələr də bu vərəsələr sırasına daxil edilirlər. Kollegiya qeyd edir ki, vərəsəlik işi 2005-ci ildə açılmasına baxmayaraq, miras 1996-cı ildə açıldığından notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən məcburi payla bağlı məsələni həmin vaxt (2005-ci ildə) qüvvədə olan Mülki Məcəllənin yox, mirasın açıldığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin müddəalarına uyğun həll etməli idi. Belə ki, yeni Mülki Məcəllənin 1193-cü maddəsinin tələblərinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı (qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını) müəyyən edilmişsə, 1996-cı ildə qüvvədə olmuş Mülki Məcəllənin 538-ci maddəsilə məcburi pay hüququna malik olan şəxslərin dairəsi yalnız miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlardan ibarət olmuşdur (qanun üzrə vərəsəlik zamanı onlara çatası payın üçdə iki hissəsi). Eləcə də həmin Məcəllənin 566-cı maddəsinin 1-ci hissəsinə görə, qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina edə bilərdi. Yəni, mirasın açıldığı vaxtdan altı ay keçdikdən sonra mirasdan imtinaya yol verilmirdi. Eləcə də adıçəkilən normada mirasdan qismən imtina barədə hər hansı göstəriş yoxdur. Lakin, hazırda həmin məsələ artıq mübahisə predmetini təşkil etmir və Kollegiya da mərhum Zəkəriyyə Useynovdan qalmış mənzilin vəsiyyət üzrə qəbulu və məcburi paydan imtina ilə bağlı məsələni yoxlamaq səlahiyyətində deyildir. Kollegiya digər tərəfdən qeyd edir ki, hazırda mübahisələndirilən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi həmin vaxt X2 adına mülkiyyət hüququ ilə qeydə alınmamış, bununla da 25.03.1996-cı ildə Zəkəriyyə Useynovun ölümü ilə ondan qalan miras kütləsinə daxil olmamışdır. Həmin torpaq sahəsi 08.04.2019-cu il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Belə olan halda, digər vərəsələrin Bakı şəhəri, Yasamal rayonu, General A.Abbasov küçəsi (Kiyev prospekti) bina 7, 12 saylı mənzilə dair məcburi paylarından imtinalarını gələcək əmlak barəsində də imtina kimi qəbul etmək yolverilməzdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, X2 öldüyü, yəni ondan qalan əmlaklara mirasın açıldığı vaxt mübahisəli torpaq (bağ) sahəsi onun gözlənilən mülkiyyəti olmadığından, onun bu əmlakı sağlığında vəsiyyət etmək imkanı olmamış, nə də öldükdən sonra miras kütləsinə daxil olmamışdır. Ölkədə torpaq islahatı aparılanadək bağ (torpaq) sahələri yalnız bağlar təsərrüfatı ilə rəsmiləşdirilşən icarə müqaviləsi, sərəncam və order, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında vətəndaşların istifadəsinə verilmişdir və bu torpaqların özəlləşdirilməsinə yol verilmirdi. Adına bağ sahəsi ayrılan vətəndaş öldükdə isə onun vərəsəsi ilə yeni müqavilə bağlanmaqla həmin sahə vəfat etmiş şəxsin ailə üzvlərinin istifadəsində saxlanılırdı. Bağ (torpaq) sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsinin əsası kimi 16.07.1996-cı il tarixdə qüvvəyə minmiş «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu çıxış edir, belə ki, adıçəkilən Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ehtiva olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərancamı ilə 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyi nəzərə alınaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etmək, habelə bu Sərəncam qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görmək tapşırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə də 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki bağ (torpaq) sahələrinin qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsinin əsasını müəyyən edən «Torpaq islahatı haqqında» Qanun 16.07.1996-cı il tarixdə, yəni Zəkəriyyə Useynovun ölümündən təxminən 4 ay sonra qəbul olunmuşdur. Belə olan halda isə onun ölümü ilə vərəsəliyin açıldığı vaxt həmin torpaq sahəsinin miras kütləsinə daxil olması mümkün deyildi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apelyasiya şikayəti isə təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-92/2021 saylı iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar