Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3868/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 83/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2021-ci il, saat 08:50-də X2 tərəfindən idarə olunan “Nissan Maxima minik” markalı, 10PM410 dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçı tərəfindən idarə olunan “Volkswagen Touareg R-Lıne minik" markalı, 90UA999 dövlət qeydiyyat nişanlı avtomaşının Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, hər iki sürücü təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişlər. Tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmirlər. Tərəflərin arasındakı mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlaka dəymiş zərərə görə 3.450 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək-45 gün) hesablanmış 155,25 manat (3.450 X 0.1%=3,45; 45 X 3.45=155,25) dəbbə pulunun, vəkilin göstərdiyi hüquqi yardıma görə 400 manat xidmət haqqının, etibarnamənin təsdiqi üçün 17.25 manat rüsumun və 61 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində cavabdehdə sığortalı olan “Nissan Maxima minik” markalı avtomobil yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının mülkiyyətində olan “Volkswagen Touareg R-Lıne minik" (buraxılış ili-2012) minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən “Volkswagen Touareg R-Lıne minik" (buraxılış ili-2012) minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 760 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, “Volkswagen Touareg R-Lıne minik" (buraxılış ili-2012) minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 3450 manat məbləğində müəyyən edilmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixində pretenziya qaydasında müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilsə də, cavabdehdən bununla bağlı heç bir hərəkət aparılmamışdır.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2021-ci il, saat 08:50-də Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkətdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə sığortalanmış, X2 tərəfindən idarə olunan “Nissan Maxima minik” markalı, 10PM410 d.q.n.-lı avtomobillə İddiaçı tərəfindən idarə olunan “Volkswagen Touareg R-Lıne minik" markalı, 90UA999 d.q.n.-lı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar dərhal Şirkətin qəza komissarı hadisə yerinə gəlmiş, hadisəni qeydə almışdır. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş və qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən “Volkswagen Touareg R-Lıne minik" markalı, 90UA999 d.q.n.-lı avtomobilə dəymiş zərər Şirkətin göndərişi əsasında avtomobilə baxış keçirmiş “X9” tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən 760 manat məbləğində müəyyən edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən Şirkətə təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, hadisə zamanı hər iki avtomobilin sürücüləri təqsirli hesab edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati cərimə edilmişlər. Yol nəqliyyat hadisəsində hər iki tərəf təqsirli hesab edildiyindən, qanunvericiliyə uyğun olaraq zərərçəkənə dəymiş zərərin yarısı ödənilir. Buna görə də iş üzrə zərərçəkənə dəymiş zərərin yarısı, yəni 380 manat ödənilməsi müəyyənləşdirilmişdir. Həmçinin, iddiaçı məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankına ərizə ilə müraciət etmiş, ərizə Mərkəzi Bank tərəfindən cavablandırılması üçün aidiyyəti üzrə Şirkətə yönləndirilmişdir. Vətəndaşın ərizəsinə verilmiş cavab məktubunda avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə uyğun olaraq qarşılıqlı razılıq əsasında seçiləcək müstəqil eskpertlərin siyahısı təqdim olunmuş, lakin vətəndaş ekspertlərin heç birini seçməmiş, səbəbi barədə Şirkətə hər hansı məlumat verməmişdir. Zərərçəkən ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərin müəyyənləşdirilməsi məqsədilə, bilavasitə öz təşəbbüsü ilə fərdi sahibkar Qasımov Əhməd Paşa oğluna müraciət etmiş və həmin şəxsin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən sözügedən nəqliyyat vasitəsinə guya 3450 manat zərər dəymişdir. İddiaçının bu davranışı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin kobud şəkildə pozulması faktıdır. Belə ki, istinad olunan maddəyə görə, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Lakin zərərçəkən Şirkəti, yaxud onun səlahiyyətli nümayəndəsini məlumatlandırmadan nəqliyyat vasitəsinə dəyən zərərin müəyyənləşdirilməsinə təşəbbüs göstərmişdir. Qanunun istinad olunan maddəsinin tələbinə görə, zərərin miqdarının qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu fəaliyyətlə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil olan, sığorta sahəsində yardımçı fəaliyyət göstərən ekspert qurumları və va fiziki şəxs olan ekspertlər məşğul ola bilər. Qasımov Əhməd Paşa oğlu sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert deyildir və Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil deyildir. Bu səbəbdən avtomobilə dəymiş zərəri həmin şəxsin qiymətləndirməyə ixtiyarı yoxdur, qiymətləndirilmiş olsa belə iş üzrə əhəmiyyət kəsb edə bilməz. Sığorta hadisəsi xx.xx.2021-ci il tarixində baş verməsinə baxmayaraq Qasımov Əhməd Paşa oğlu tərəfindən qüsur aktı xx.xx.2022-ci ildə tərtib olunmuşdur. Bir avtomobilə dəymiş zərərin hadisədən bir ay sonra rəsmi reyestrə daxil olmayan bir qurum tərəfindən qiymətləndirilməsi, əlavə olaraq iş üzrə tərtib olunmuş qüsur aktı ilə müəyyən edilmiş qiymətdən dəfələrlə artıq olması həmin məbləğin reallığını da ciddi şübhə altına alır. Bu səbəbdən, işə baxılması zamanı fərdi sahibkar Qasımov Əhməd Paşa oğlu tərəfindən tərtib olunmuş qüsur aktı məhkəmə tərəfindən mötəbər sübut qismində nəzərdən keçirilə bilməz.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-83/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən əmlaka dəymiş zərərə görə 2206 manat məbləğində sığorta ödənişi, gecikdirilmiş hər günə görə 99,27 manat dəbbə pulu, vəkilin göstərdiyi yardıma görə 400 manat xidmət haqqı, etibarnamənin təsdiqi üçün 17.25 manat rüsum və 61 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir. Mübahisənin mahiyyətini avtomobilin təmir xərcinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu qiymətin 760 manat, iddiaçı isə 3450 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli 9/8413 saylı rəyi ilə, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2206,0 manat müəyyən edilmişdir
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883.1, 922.2, 926.1, 903.1-903.6, 934.1 və 934.2-ci maddələrinə; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1 və 56.1.2-ci maddələrinə istinad edərək iddianın qismən təmin olunması qənaətinə gəlmişdir.
Apelyasiya şikayətinin dəlilləri
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-83/2023 nömrəli, 13 mart 2023cü il tarixli qətnaməsindən narazı qalan cavabdeh “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini, cavabdehdən iddiaçının xeyrinə 1103 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 19.52 manat hissəsi, etibarnamənin təsdiqi üçün ödənilmiş vəsaitin 5.52 manat hissəsi, vəkil xərcinin 128 manat hissəsi və ikinci ekspertiza xərcinin 16 manat hissəsi olmaqla, ümumilikdə 1272.04 manat pul vəsaitinin tutulması xahiş etmişdir.
9. Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, iddiaçının avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə sığorta ödənişinin verilməsini tələb etdiyi, xx.xx.2021-ci il tarixində baş vermiş sığorta hadisəsində iştirak etmiş hər iki avtonəqliyyat vasitəsinin sürücüsü – Şirkət tərəfindən sığortalanmış “Nissan Maxima minik” markalı, **-PM-*** d.q.n.-lı və “Volkswagen Touareg R-line minik” markalı, **-UA-***d.q.n.-lı avtonəqliyyat vasitəsini idarə edən İddiaçı təqsirli hesab edilmişdir. Sığorta hadisəsinin baş verməsində hər iki avtonəqliyyat vasitəsinin sürücüsü təqsirli hesab edildiyindən, istinad olunan normanın tələbi baxımından, sığorta ödənişi üçüncü şəxs, yəni İddiaçı təqsirinin dərəcəsinə mütənasib olaraq azaldılmalıdır. Mütənasiblik kateqoriyası isə praktikada birmənalı olaraq 50% müəyyənləşdirilir. Yəni, hesablanmış zərərin 50%-i – yarısı iddiaçıya ödənməlidir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş 9/8413 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında mövcud mübahisənin əsasını təşkil edən “Volkswagen Touareg R-line minik” markalı, **-UA-*** d.q.n.-lı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2206 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən həmin ekspert rəyinə istinad etmişdir. Sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləğinin 2206 manat olması halında, həmin məbləğin 50%-i, yəni 1103 manat hissəsi iddiaçının xeyrinə tutulmalı idi. Qeyd olunanların birinci instansiya məhkəməsində aparılmış icraat zamanı məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə tərəfindən istinad olunan maddi hüquq normasının tələbi pozulmuşdur. Bu səbəbdən, istinad olunan ekspert rəyi ilə müəyyənləşdirilmiş zərər məbləğinin yarısı iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni əsaslandırarkən iş materiallarında olan ekspert rəylərindən birinə istinad etmiş, digərini nəzərə almamış, həmin rəylə razılaşmamasını qətnamədə əsaslandırmamışdır. Dəymiş zərərin məbləği ikinci ekspert rəyinə əsaslanmaqla müəyyən edildiyindən, bu halda məhkəmənin qətnamədə əsaslandırmamasına baxmayaraq, ilkin ekspert rəyiylə razılaşmadığı qənaətinə gəlmək mümkündür. O halda həmin ekspertiza üzrə ekspert xərcinin tərəflərdən, həmçinin cavabdehdən tutulması ilə məhkəmə doğru mövqedən çıxış etməmişdir. Bu səbəbdən, ilkin ekspertiza xərci olan 100 manat vəsait əsassız olaraq tərəflərdən, o cümlədən cavabdehdən tutulmuşdur. Qeyd olunanlara əsasən, qətnamə 100 manat məbləğində müəyyən edilmiş birinci ekspertiza xərcinin cavabdehdən tutulması qət olunmuş 50 manat hissəsində ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qət etdiyi məbləğlə razı deyilər. Hesab edirlər ki, həmin məbləğin 50 faizi tutulmalıdır. Sığorta hadisəsi nəticəsində hər iki tərəf təqsirkar hesab edilirsə, hər iki tərəfə protokol tərtib olunursa, hər bir halda ödənilən məbləğ 50 faiz hesablanır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə ekspertiza nəticəsində hesablanmış məbləğə əsasən 2206 manat və digər əlavə xərclər bölünmədən qət edilmişdir. Hesab edirlər ki, “İcbari Sığortalar” haqqında qanunun 58-ci maddəsinə əsasən hər iki tərəf zərərli olduğundan, hər iki tərəfə protokol tərtib olunduğundan məbləğ bölünməlidir. Çünki tam məbləğin ödənilməsi qanunvericiliyin tələblərinə də ziddir. Tək mübahisələndirdiyi məsələ məbləğin bölünməməsi ilə bağlıdır. Dəbbə pulu ödəniş olumadığı, vətəndaşa cavab verilmədiyi, heç bir prosedur həyata keçirilmədikdə hesablanır. 12.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, dəymiş ziyan 3450 manat olduğu halda sığorta şirkəti tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsə 700 manatdan az bir miqdar da artıq məbləğin təklif olunması qanunvericilin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli və obyektiv araşdırılmışdır. Onlara dəymiş ziyan 3450 manat olduğu halda ekspertiza tərəfindən 2206 manat müəyyən olunmuşdur.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti şikayət verərək qismən ləğv edilməsini, cavabdehdən iddiaçının xeyrinə 1103 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 19.52 manat hissəsi, etibarnamənin təsdiqi üçün ödənilmiş vəsaitin 5.52 manat hissəsi, vəkil xərcinin 128 manat hissəsi və ikinci ekspertiza xərcinin 16 manat hissəsi olmaqla, ümumilikdə 1272.04 manat pul vəsaitinin tutulmasını xahiş edir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 20.467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 21.883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 22.922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 23.922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 24.926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 25.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun
26.6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 27.18-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 28.58.3–2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
29.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30.115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 31.119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 32.121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 33.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. 34.İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı məxsus olan “Volkswagen Touareg R-Line minik" markalı, 90UA999 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X1 idarə etdiyi “Nissan Maxim minik” markalı, 10PM410 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində zədələnmiş, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində hər iki sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. “Nissan Maxim minik” markalı, 10PM410 dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmirlər. Tərəflərin arasındakı mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir. 35.Dəymiş zərərlə əlaqədar iddiaçı müvafiq qiymətləndirmə şirkətinə müraciət edərək qüsur aktını əldə etmiş, həmin akta əsasən “Volkswagen Touareg R-Line minik" markalı, 90UA999 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 3.450 manat kimi müəyyən edilmişdir. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 36.Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3779 saylı ekspert rəyi ilə razılaşmamış, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8413 saylı ekspert rəyi əsasən 2012-ci il buraxılışlı “Volkswagen Touareg R-Lıne minik" markalı, 90UA999 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 2.206,0 manat məbləğində olması müəyyən edilmişdir. 37.Hazırda cavabdeh dəymiş zərərin məbləği ilə qismən razılaşsa da, ödəniləcək sığorta məbləğinin üçüncü şəxsin, yəni İddiaçı təqsirinin dərəcəsinə mütənasib olaraq azaldılmalı olmasını bildirir. 38.Kollegiya apelyasiya şikayətindəki dəlilləri nəzərə alaraq qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişinin üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılması mümkün sayılmışdır. 39.İş materiallarından göründüyü kimi X2 ilə yanaşı iddiaçı da baş vermiş yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş, barəsində 327.1-ci maddəsinə əsasən cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə sığorta ödənişi hesablanarkən həm də iddiaçının məsuliyyət daşıması nəzərə alınmalı və ödəniş onun təqsirinə mütənasib şəkildə azaldılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda yolnəqliyyat hadisəsinin hər iki iştirakçısının təqsiri eyni dərəcədə müəyyən edilməldir. Belə ki, bu dərəcələrin qeyri-bərabər müəyyən edilməsinə təsir edən hər hansı müstəsna hal işdə olan sübutlara əsasən aşkar edilməmişdir. 40.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3779 saylı ekspert rəyinə əsasən yolnəqliyyat hadisəsi nəticəsində 2012-ci il buraxılışlı “Volkswagen Touareg R-Lıne minik" markalı, 90UA999 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 2.206 manat məbləğində müəyyən edildiyindən hesab edir ki, həmin zərərin məbləği 50 % azaldılmalı, yəni 1.103 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya verilməlidir. 41.Kollegiya, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 50 manat məbləğinədək azaldılmalıdır(1.103 X 0.1%=1,10; 45 X 1,10=50). 42.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 43.Kollegiya məhkəmə xərci kimi iddia ərizəsinin verilməsi və etibarnamənin tərtib edilməsi üçün ödənilmiş dövlət rüsumunu və məhkəmə ekspertizasının tədqiqat dəyərini nəzərə alır. Belə ki, iddia tələbinin 32%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. 44.Dövlət rüsumu kimi ödənilmiş 61 manatın 20 manatı və etibarnamənin təsdiqi üçün ödənilmiş 17.25 manat rüsumun 6 manatı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı xeyrinə, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 100 manatı iddiaçıdan, 50 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. 45.Kollegiya həmçinin qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən hüquqi xidmət xərcinə görə ödənilmiş 150 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı ödənilməlidir. Gəldiyi qənaəti məhkəmə onunla əsaslandırır ki, vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 150 manat məbləğində pul vəsaitinin tutulması daha ağlabatandır. 46.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
47. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-83/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən dəymiş zərərə görə 1.103 manat məbləğində sığorta ödənişi, gecikdirilmiş hər günə görə dəbbə pulu 50 manat, etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manatın 6 manatı, dövlət rüsumu kimi ödənilmiş 61 manatın 20 manatı və vəkilin göstərdiyi yardıma görə 150 manat, cəmi 1.329 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan 100 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601********** 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova