Məhkəmə qərarları › İş №2(103)-3873/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3873/2021

11.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3873/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız quraşdırılmış suölçən cihazın aktlaşdırılaraq götürülməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2020-ci il tarixli qətnamədən iş üzrə Cavabdeh1 ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə iddiaçının vəkili (nümayəndəsi) Vəkil və Cavabdeh1 ASCnin nümayəndəsi X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda, yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə əsassız olaraq quraşdırılmış suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış bütün borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir müddətdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən yeraltı sızıntı suları çıxmaqda davam edir. Həmin sızıntı sularının kanalizasiyaya axıdılmasına görə Cavabdeh1 ASC tərəfindən onun məsuliyyət daşımadığı, istifadə etmədiyi yeraltı sızıntı sularının kanalizasiyaya axıdılması üçün birləşmə nöqtəsinə suölçən cihazı qoyulmuş və aylıq 200-300 manat iddiaçıdan haqq alınmışdır. Eyni zamanda istehlak etdiyi suya görə də ayrıca suölçən cihazı quraşdırılmış və həmin cihazın göstəricilərinə uyğun olaraq haqq ödəmişdir. Beləliklə, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış iki ədəd suölçən cihazı ilə ondan həm istehlak etdiyi suyun və kanalizasiyanın, həm də istehlak etmədiyi yeraltı sızıntı sularının kanalizasiyaya axıdılması haqqı tutulmuşdur. Dəfələrlə Cavabdeh1 ASC-yə və Yasamal Rayon Sukanal İdarəsinə müraciətlər etsə də, sızıntının mənbəyini tapmaqda və qarşısının alınmasında heç bir tədbir görülməmişdir. Son vaxtlarda, yeraltı sızıntı sularının miqdarı kəskin artmağa başlamışdır. Belə ki, may ayından etibarən sızıntı sularının kanalizasiyaya axıdılması üçün ödəniləcək haqq aylıq 5.000-6.000 manat olaraq hesablanaraq iddiaçıya təqdim edilmişdir. Bunu ödəmədiyi üçün iddiaçıya verilən suyu, boru xəttini kəsməklə şəbəkədən ayırmışlar. Dəfələrlə izah etməyə çalışmışdır ki, sızıntı suyu kanalizasiya şəbəkəsindən ayırmaq əvəzinə sızıntının mənbəyini tapıb təmir etmək lazımdır. Lakin görünən odur ki, Cavabdeh1 ASC-nin əməkdaşlarının niyyəti əsassız təsirlərlə istifadə etmədiyi sızıntı suya görə iddiaçıdan haqq almaqdır. Laboratoriya nəticələrinə görə yerin altından çıxan sızıntı su Yasamal rayonuna verilən içməli su ilə eyni göstəricidədir. Həmin suyun tərkibində xlor belə var. Məsul olan cəmiyyətə izah edə bilmir ki, bu sızıntı hardasa su borusunda, şəbəkədə baş vermiş sızıntıdır ki, onun ərazisinə axır və ərazidən kanalizasiya xəttinə axmasına görə ondan haqq alınması heç bir qanuna, məntiqə sığmır. Məlumat üçün bildirir ki, qeyri-yaşayış sahəsinə texniki şərt verilib su sayğacları quraşdırılan zaman ərazi "xxxx" MMC-yə məxsus olmuşdur. "xxxx" MMC-nin tək təsisçi payı iddiaçıya məxsus olmuşdur. MMC ləğv edildikdən sonra həmin qeyri-yaşayış sahəsi mülkiyyətinə keçmişdir. Halhazırda da sayğaclar hüquqi şəxsin adındadır və bütün hesablamalar hüquqi şəxs olaraq aparılır. Cavabdeh1 ASC-yə sayğacların onun adına keçirilməsi üçün müraciət etsə də, şəbəkədən ayırdıqları və hal-hazırda xidmət göstərməyən hər iki smart-kart sayğacları adına keçirməkdən imtina edilmişdir. İşə baxmış Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. İş üzrə Cavabdeh1 ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə tətbiq edilməli olmayan normanı tətbiq etmiş, qətnamə tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Rayon Məhkəməsinin yeraltı suların mənbəyini müəyyən etmədən, iddiaçının istehlak etmədiyi suyun kanalizasiya şəbəkəsinə axıdılmasını əsas gətirərək Cavabdeh1 ASC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə yaranmış borcu ləğv etməsi ilə razılaşmaq olmaz. Belə ki, Yasamal rayon sukanal idarəsinin əməkdaşları tərəfindən obyektin su təchizatı və su sayğacı qovşağının vəziyyətinə baxış keçirilərkən abonentin 2 (iki) girişli su xəttinin və d=50 mm-lik olan qrunt xəttinin mövcudluğu barədə məlumat 01.05.2017-ci il tarixli inventarizasiya aktında qeyd olunmuşdur. İddiaçının obyektinə 24.05.2017-ci il tarixində CSS markalı d=50 mm-lik qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə suölçən cihaz quraşdırılmış və həmin sayğacın göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən ödənişlər edilmişdir. Tərəflər arasında müqavilənin olması, həmçinin yuxarıda qeyd olunan fakt onun təsdiq edir ki, iddiaçı bir daha bu hal, yəni qrunt sularının axıdılması (xidmətdən istifadə) və qəbul edilməsi (xidmətin göstərilməsi) üzrə yaranan mülki-hüquq münasibətlərinin tərəfi olmasını etiraf etmişdir. Məhkəmədə iş üzrə araşdırma aparılan zaman tərəflərin iştirakı ilə obyektə baxış keçirilmiş və qrunt sularının axıdılmasına görə obyektin zirzəmisində quyu qazıldığı, nasos vasitəsilə quyudan həmin qrunt sularının kanalizasiya şəbəkəsinə ötürülməsi müəyyən olunmuşdur. Cavabdeh1 ASC tərəfindən çəkilmiş videogörüntüdə də qeyd olunmuş fakt bir daha öz təsdiqini tapmışdır. Tərəflər arasında münasibətlər müqavilə və Qaydaların tələblərinə uyğun olaraq müəyyən edilmişdir. Lakin Rayon Məhkəməsi qətnamə qəbul edərkən qeyd edilən hallara əsaslanmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Digər tərəfdən məhkəmənin qrunt sularına görə quraşdırılmış suölçən cihazını aktlaşdırılaraq götürülməsi ilə də razılaşmaq olmaz. Bundan əlavə, məhkəmənin qanunvericiliyin tələblərini pozmaqla çıxardığı qətnamə ilə yeraltı qrunt sularının kanalizasiyaya axıdılmasına görə quraşdırılmış suölçən cihazın götürülməsinin qət edilməsi, icra edildikdə gələcəkdə bir sıra təhlükəli hadisələrin baş verməsinə səbəb ola bilər. Belə ki, müxtəlif ərazilərdə yerləşən kanalizasiya şəbəkələrinin, xətlərin tutumu Cəmiyyət tərəfindən texniki qaydalara uyğun olaraq tənzimlənir. Sayğacın olmaması tənzimləmə işlərini çətinləşdirir, şəbəkəyə axıdılma yükünün nəzarətdə saxlanmasını, kanalizasiya şəbəkəsinin istismar xərclərini, tənzimləyici qurğudan keçən texnoloji proseslərin işini mürəkkəbləşdirir. Bu zaman ətraf mühitə böyük həcmdə zərər dəyməsi ehtimalı yaranır. İşə baxan Rayon Məhkəməsi MPM-nin tələblərini pozmuş, faktlara və sübutlara, təqdim edilmiş hüquqi dəlillərə düzgün qiymət verməmiş, iş üzrə faktlar ətraflı araşdırılmamış, öz qətnaməsini qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmamışdır. Rayon Məhkəməsi qətnamə qəbul edərkən iş üzrə faktiki halları tam araşdırmamışdır. İşin faktiki halı və təqdim edilmiş sübutlar təsdiq edir ki, hazırda İddiaçı mülkiyyətində olan obyektin ərazisindən qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə Cəmiyyət əməkdaşları tərəfindən 24 may 2017-ci il tarixində sayğac quraşdırılmışdır. Sözügedən obyektin məqsədli təyinatından əmlak növündən asılı olmayaraq yeraltı qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılması, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin sayğacın obyektin daxilində yerləşdirilməsi nəzərə alınsa aydın olur ki, iddiaçının nümayəndələri də sayğacın quraşdırılmasında iştirak etmiş və heç bir formada etiraz etməmişdilər. Buna görə də, Rayon Məhkəməsi bu tələb üzrə də düzgün qənaətə gəlməyərək əsassız qətnamə çıxarmışdır. Bundan əlavə iddia tələbində hansı məbləğdə borcun silinməsi göstərilməmişdir. Rayon Məhkəməsi də öz növbəsində borcun nə qədər olması və nə qədər borcun silinəcəyi barədə məhkəmə araşdırması aparmamışdır. Bu da Rayon Məhkəməsi tərəfindən işin hərtərəfli və tam araşdırılmamasına dəlalət edir. Beləliklə, Rayon Məhkəməsi birtərəfli mövqedən çıxış edərək heç bir araşdırma aparmadan, yeraltı sızıltı sularının mənbəyini müəyyənləşdirmədən, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır. Cavabdeh1 ASC-nin nümayəndəsi L.Seyidəliyeva apellyasiya baxışı iclasında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçının vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iş üzrə digər Cavabdeh2 ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsi əvvəllər "xxxx" MMC-yə məxsus olmuş, MMC-nin tək təsisçi payı hazırki iş üzrə İddiaçı məxsus olmuşdur. 31.08.2018-ci il tarixli, **********67160 saylı məktubdan görünür ki, "xxxx" MMC həmin tarixdə ləğv edilmiş və həmin MMC “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən” çıxarılmışdır. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsi 01.10.2018-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçmişdir. “Su nümunəsinin analiz nəticəsi”nə dair 08.10.2019-cu və 19.11.2019-cu il tarixli laboratoriya nəticələrindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən axan yeraltı sızıntı suları içməli sudur. 25.06.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçıYasaməl Su Kanal idarəsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən çıxan qrunt sularının miqdarının cari ilin may və iyun aylarında kəskin şəkildə artdığını, bunun qrunt sularının kanalizasiyaya axıdılmasına görə tutulan xidmət haqqı xərclərinin bir neçə dəfə artmasına gətirib çıxardığını, qrunt sularının kəskin artmasına qonşuluqda yerləşən obyektlərin sukanalizasiya infrastrukturunda baş vermiş hər hansı bir qəzanın səbəb ola bilməsini göstərmiş və bu problemin İdarənin təcrübəli mütəxəssisləri tərəfindən araşdırılması və həll olunmasında köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3cü maddəsinə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinin “b” bəndinə görə, hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını təmin etməlidir. Qanunun 30-cu maddəsinə görə, verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafıq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Qanunun 61.1-ci maddəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. MPM-nin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Rayon Məhkəməsi işin faktiki hallarına əsasən, qanunvericiliyin tələblərini nəzərə alınaraq düzgün hesab etmişdir ki, Cavabdeh1 ASC-nin ləğv olunmuş "xxxx" MMC-yə məxsus olmuş, hazırda isə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən axan yeraltı sızıntı sularının mənbəyini müəyyən etmədən sayğac quraşdıraraq istehlak etmədiyi suya görə sərfiyyat hesablaması və iddiaçıdan tələb etməsi qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunla qoruna hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda, iddia tələbini qismən təmin etməklə, Cavabdeh1 ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda, yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə quraşdırılmış, "xxxx" MMC-nin adına olan suölçən cihazı quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi, həmin suölçən cihazı üzrə hesablanmış bütün borcun silinməsi qənaətinə gəlməklə Rayon Məhkəməsi iş üzrə düzgün qətnamə qəbul etmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar