Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3874/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Açar sözlər: (maddi və mənəvi zərər və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(006)-536/2023 saylı qətnaməsindən iddiаçı İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflər arasında müqavilə bağlanmazdan əvvəl, xx.xx.2022-ci il tarixdə saat 10:21:24-də həmin mənzilə elektrik enerjisinin verilməsi dayandırılmış, saat 10:39-da abunə koduna 10 manat məbləğində ödəniş edilmiş, 10:49:36-da elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Bundan sonra yenidən xx.xx.2022-ci il tarixdə saat 10:50:42-də mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. 2.xx.xx.2022-ci il tarixdə iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında “Enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqısının birtipli” müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixdə saat 14:14:30-da iddiaçıya məxsus mənzilə elektrik enerjisinin verilməsi bərpa edilmişdir. İddiaçı elektrik enerjisinin verilməsi ilə bağlı yaranmış problemi aidiyyəti orqanlara yazdığı ərizədə bildirmiş, bundan sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xəbərdarlıq etmədən mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması hərəkətinin qanunsuz hesab edilməsi, 344372 saylı, xx.xx.2022-ci il tarixli “Enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqısının birtipli” Müqaviləsi üzrə yaranmış hüquqdan sui-istifadə etmə hallarına və müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə son qoyulması, həmin müqavilə üzrə mənzilə elektrik enerjisinin verilməsinin bərpa olunması və mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, 750 manat dəyərində maddi və 750 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin bu işlə bağlı elektrik enerjisinin verilməsinin dayandırılmasına bilavasitə göstəriş verən vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 1 saylı mənzili alğısatqı müqaviləsi əsasında almış və ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 16 may 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim olunmuşdur (abonent kodu-**********00001). Həmin mənzil İddiaçı tərəfindən təyinat üzrə istifadə olunur və cavabdeh "xxxx" ASC-nin tabeçiliyində fəaliyyət göstərən əməkdaşları tərəfindən təqdim olunan qəbzlər əsasında, istifadə olunan elektrik enerjisinə görə mütəmadi olaraq ödənişlər aparılır. İddiaçı tərəfindən ödənişlər vaxtlı-vaxtında artıqlaması ilə ödənilmiş və cavabdeh tərəfindən iddiaçıya hər hansı bir irad tutulmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində qəflətən elektrik enerjisinin dayandırıldığının şahidi olmuşdur. İddiaçı əvvəlcə fikirləşmişdir ki, elektrik enerjisinin dayandırılmasının səbəbi borcdan yarana bilər. Odur ki, həmin an 10 manat pul vəsaitini elektron qaydada hesaba köçürmüş və sayğacın göstəricisinə baxanda balansda -20,79 manat pul vəsaitinin olduğunun şahidi olmuşdur. Sonradan iddiaçı telefon əlaqəsi saxlayaraq elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbini öyrənəndə ona bildirilmişdir ki, mənzilin yeni mülkiyyətçisi ilə müqavilə bağlanmadığıdan elektrik enerjisinin verilməsi dayandırılmışdır. İddiaçıya hər hansı bir formada və qaydada bildiriş təqdim olunmadan elektrik enerjisinin verilməsi dayandırılmışdır. Cavabdeh tərəfindən yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin qəflətən dayandırılması qanunsuz olmuş və maddi hüququn imperativ normasının tələbini pozmuşdur. İddiaçı ilə cavabdeh arasında 344372 saylı, xx.xx.2022-ci il tarixli “Enerjitəhcizat müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqısının birtipli” Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 6.1-ci bəndində də qeyd edilir ki, cavabdeh "xxxx" ASC üzərinə öhdəlik götürmüşdür ki, elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi, o cümlədən yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. Cavabdeh tərəfindən bilə-bilə qanunsuz hərəkətə yol verilmiş, elektrik enerjisi verilməsini bərpa etməməklə, ona verilmiş hüquqdan açıq-aşkar suiistifadə etmiş, elektrik enerjisinin satılmasını dayandırmaqla müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Digər tərəfdən, iddiaçı cavabdeh tərəfindən ona qarşı törədilmiş bu cür bilə-bilə qanunsuz hərəkətləri nəticəsində mənzil hüquqlarını öz istəyinə uyğun istifadə edə bilmir. Cari ilin noyabr ayının 16-sı tarixində hava şəraiti kəskin dəyişmiş, güclü və davamlı olaraq yağış yağaraq, havanın temperaturu təxminən 6-7 C dərəcədə olmuş, yəni bir sözlə, hava soyuq olmuş və mənzildə yerləşdirilmiş bütün qızdırıcı cihazlar elektrik xəttinə qoşulmaqla işlədiyindən, həmin cihazlar qeyri-işlək vəziyyətə düşmüşdür. Deməli, cavabdehin iddiaçıya qarşı törətdiyi bilə-bilə qanunsuz hərəkətinə görə, mənzildə soyuq və qaranlıq şərait yaranmışdır ki, bu da həmin mənzildən istifadəni mümkünsüz etmişdir. Cavabdehin iddiaçıya qarşı törədilən bilə-bilə qanunsuz hərəkətləri, mülkiyyətində olan mənzil hüquqlarının həyata keçirilməsini açıq-aşkar mümkünsüz etmişdir. Cavabdehin iddiaçıya qarşı törədilən bilə-bilə qanunsuz hərəkətləri nəticəsində onun əmlakına 750 manat dəyərində maddi zərər dəymişdir. Belə ki, iddiaçıya məxsus mənzildə yerləşən soyuducunun işləməməsi nəticəsində, soyuducuda yerləşdirilmiş və əsasən aşağı temperaturda saxlanılması nəzərdə tutulan, toplam dəyəri təxminən 350 manat olan dəniz məhsulları və digər tez xarab olan qida məhsulları yararsız vəziyyətə düşmüşdür. Eyni zamanda, elektrik enerjisi verilməsinin qəflətən dayandırılması nəticəsində, iddiaçıya məxsus mənzilin bütün otaqlarına istilik paylayan “Kombi” cihazının təxminən 400 manat dəyərində olan detalı nasaz vəziyyətə düşmüşdür. İddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətlərinə, iş materiallarında olan sənəd və sübutların müqayisəli təhlilindən irəli gələn tələblərə müvafiq dəyərləndirmə aparılmalıdır. İşin hallarından göründüyü kimi, cavabdehin bəzi vəzifəli şəxsləri tərəfindən iddiaçının hüquqlarına qarşı bilə-bilə qanunusuz hərəkətlərə yol verilmiş və bununla yanaşı, həmin şəxslər hüquqdan açıq-aşkar sui-istifadə etməklə iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurmuşlar. Cavabdehin bu işə məsul olan vəzifəli şəxsləri bir qrup halında birləşməklə, iddiaçıya qarşı törədilmiş hərəkətlərində cinayət əməlinin olmasına iddiaçıda əsaslı və inandırıcı şübhələr yaranmışdır. Bu işdə maraqlı və cavabdeh olan şəxslər arasında vahid cinayətkar niyyətin mövcud olması istisna olunmadığından və həmin vəzifəli şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin olmasına əsaslı və inandırıcı şübhələr yaranmışdır. Belə ki, bu cinayətin subyekti vəzifəli şəxsdir, subyektiv tərəfi qəsdlə törədilən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə, motivi-üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmə, ictimai təhlükəli nəticə isə dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmadır. 5.Məhkəmə iclasında Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyinin mütəxəssisi X7 yazılı rəyini məhkəməyə təqdim edərək izahatında bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş MP106E tipli, P**********3 zavod nömrəli elektrik sayğacına dair kompüter məlumat bazasından çıxarışdan sözügedən ünvanın elektrik enerjisi verilişinin xx.xx.2022-ci il saat 10:21:24-də dayandığı və xx.xx.2022-ci il saat 10:49:36-da isə bərpa edildiyi, həmçinin xx.xx.2022-ci il saat 10:50:42-də yenidən dayandığı və xx.xx.2022-ci il saat 14:14:30-da bərpa edildiyi məlum olmuşdur. Elektrik enerjisinin keyfiyyət göstəriciləri standartların tələblərinə uyğun olduğu halda, elektrik enerjisi verilişinin dayandırılması kombi cihazının hansısa hissəsinin zədələnməsinə səbəb ola bilməz. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisi verilməsini yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndinin tələbinə uyğun olaraq dayandıra bilər. Hazırki mülki iş üzrə Nəsimi Rayon Məhkəməsindən Agentliyə bundan əvvəl daxil olmuş müraciətlə əlaqədar İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə (abunə kodu -**********00001) xx.xx.2022-ci il tarixdə elektrik enerjisi verilişinin "xxxx" ASC tərəfindən dayandırılıb-dayandırılmaması barədə məlumatın (əgər dayandırılıbsa müvafiq sənədlər təqdim edilməklə) Agentliyin Bakı filialına təqdim edilməsi üçün göndərilmiş xx.xx.2023-cü il tarixli 3-15-2-1/2- 325/2023 nömrəli məktuba cavab olaraq, "xxxx" ASC-nin Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2023-cü il tarixli 045 nömrəli məktubunda (qeyd edilən məktub xx.xx.2023- cü il tarixdə keçirilmiş məhkəmə iclasında Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir) sözügedən mənzilin Nəsimi RETSİ tərəfindən dayandırılmadığı və hazırda elektrik enerjisi ilə təmin edildiyi bildirilmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş kompüter məlumat bazasından çıxarışdan elektrik enerjisi verilişinin hansı səbəbdən dayandırılmasını aydınlaşdırmaq mümkün olmamışdır. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 28 mart 2023-cü il tarixli, 2(006)-536/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Günay Abidova) iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə elektrik enerjisinin verilməsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmədən dayandırılması hərəkətinin qanunsuz hesab edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 7.İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1, mənzil 1 (reyestr nömrəsi: **********45-05101- 093002, qeydiyyat nömrəsi: **********) xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. 8.İş materiallarında olan xx.xx.2022-ci il tarixli (qəbz nömrəsi: 9********) qəbzdən görünür ki, **********00001 abunə kodu üzrə "xxxx" ASC-nin hesabına 30 manat məbləğində pul ödənilmişdir. 9.İş materiallarında olan xx.xx.2022-ci il tarixli (qəbz nömrəsi: 2********) qəbzdən görünür ki, saat 10:39-da **********00001 abunə kodu üzrə "xxxx" ASC-nin hesabına 10 manat məbləğində pul ödənilmişdir. 10.İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" ASC-yə və X2 Agentliyinə müraciət edərək, yaranmış problem barədə məlumat vermiş və qanun pozuntusunu törədən əməkdaş barədə tədbirlər görülməsini və s. xahiş etmişdir. 11.İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 344372 saylı, xx.xx.2022-ci il tarixli “Enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğısatqısının birtipli” Müqaviləsinin 3-cü bəndində qeyd edilmişdir ki, məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Müqavilənin 6.1-ci bəndində yazılmışdır ki, elektrik xətlərinin qanunsuz kəsilməsi və istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.3.16-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. 12.İş materiallarında olan abonentin hərəkət cədvəlindən və abunə haqqında sənəddən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilin (**********00001) "xxxx" ASC-yə 2022-ci il üzrə 28,19 manat məbləğində borcu yaranmışdır. 13.İş materiallarında olan Nəsimi RETSİ-nin Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyinin Bakı filialına ünvanladığı xx.xx.2023-cü il tarixli 045 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilin (**********00001) xx.xx.2022-ci il tarixində elektrik enerjisi "xxxx" ASC-nin Nəsimi RETSİ tərəfindən dayandırılmamışdır. Halhazırda sözügedən mənzil normal elektrik enerjisi ilə təmin edilir. 14.Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflər arasında müqavilə bağlanmazdan əvvəl, xx.xx.2022-ci il tarixdə saat 10:21:24-də həmin mənzilə elektrik enerjisinin verilməsi dayandırılmış, saat 10:39-da abunə koduna 10 manat məbləğində ödəniş edilmiş, 10:49:36-da elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Bundan sonra yenidən xx.xx.2022-ci il tarixdə saat 10:50:42-də mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında “Enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixdə saat 14:14:30-da iddiaçıya məxsus mənzilə elektrik enerjisinin verilməsi bərpa edilmişdir. İddiaçı elektrik enerjisinin verilməsi ilə bağlı yaranmış problemi aidiyyəti orqanlara yazdığı ərizədə bildirmiş, bundan sonra məhkəməyə müraciət etmişdir. 15.Məhkəmə iddia tələbinin “cavabdehin xəbərdarlıq etmədən mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması hərəkətinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, iddiaçıya məxsus mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması tərəflərin izahatları və işdə olan materiallar əsasında mütəxəssisin verdiyi rəylə təsdiqləndiyindən işin mübahisəsiz halını təşkil edir. Cavabdeh tərəfin izahatlarından məlum olur ki, elektrik enerjisinin verilməsinin dayandırılması tərəflər arasında müqavilə olmadığına görə olmuşdur. Halbuki, müvafiq qanunvericilik aktında elektrik enerjisinin verilməsinin xəbərdarlıq edilmədən dayandırılmasına əsas verən halların dairəsində belə bir hal nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, tələbin bu hissəsi təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə elektrik enerjisinin verilməsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmədən dayandırılması hərəkəti qanunsuz hesab edilməlidir. 16.İddia tələbinin “344372 saylı, xx.xx.2022-ci il tarixli “Enerji təhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqısının birtipli” Müqaviləsi üzrə yaranmış hüquqdan sui-istifadə etmə hallarına və müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə son qoyulması, həmin müqavilə üzrə mənzilə elektrik enerjisinin verilməsinin bərpa olunması və mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması” hissələrini məhkəmə əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfin müqavilə üzrə yaranmış hüquqdan suiistifadə etmə halları, müqavilə öhdəliklərini yerinə yetirməməsi, mənzildən istifadə etmə qaydalarına müdaxilələr etməsi işdə olan materiallar, tərəflərin izahatları ilə öz təsdiqini tapmır. İddiaçı müvafiq tələblə məhkəməyə müraciət etsə də, tələbini əsaslandıran mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni tələbinin bu hissəsini müvafiq qaydada sübuta yetirə bilməmişdir. Tələbin “müqavilə üzrə mənzilə elektrik enerjisinin verilməsinin bərpa olunması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, mənzilin hazırda elektrik enerjisi ilə təchiz edildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. 17.Məhkəmə iddia tələbinin “750 manat dəyərində maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı mənzilinə elektrik enerjisinin verilməsinin dayandırılması səbəbindən ona 750 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, bu iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. İşə cəlb edilmiş mütəxəssis də verdiyi izahatında bildirmişdir ki, elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində kombi cihazının hər hansı detalı yararsız vəziyyətə düşə bilməzdi. Göstərilənlərə əsasən, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. 18.Məhkəmə iddia tələbinin “750 manat mənəvi zərərin ödənilməsi” hissəsini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əsəb, stress hisləri keçirməsi, yəni ona mənəvi zərər dəyməsi halı açıq-aşkardır. Lakin tələbin bu hissədə iddia edilən 750 manat məbləğində təmin edilməsi ağlabatan və məqsədəmüvafiq deyil. Göstərilənlərə əsasən, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. 19.Məhkəmə iddia tələbinin “cavabdehin bu işlə bağlı elektrik enerjisinin verilməsinin dayandırılmasına bilavasitə göstəriş verən vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılması və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə əsassızdır. Belə ki, bu tələb hüquqi mahiyyət etibarilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlmək olur ki, cavabdehin bu işlə bağlı elektrik enerjisinin verilməsinin dayandırılmasına bilavasitə göstəriş verən vəzifəli şəxslərinin əməlində cinayət qanunvericiliyində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə dair əsaslı şübhələr və sübutlar olmadığından, hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Belə ki, məhkəmə həmin hərəkətləri delikt kimi qiymətləndirmiş və delikt nəticəsində iddiaçıya mənəvi zərər vurulduğunu müəyyən etmişdir. Göstərilənlərə əsasən, tələb bu hissədə təmin edilməməlidir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13, 9.13.1, 9.13.2, 9.13.3, 3.13.4, 9.13.4, 9.13.5, 9.13.6-cı bəndləri: Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı: “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 89.3, 265.4, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4, 217.3, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 21.Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə iddiaçının cavabdehin hərəkətləri nəticəsində ona məxsus elektrik obyektin elektrik enerjsinin gün ərzində iki dəfə bir neçə saatlıq kəsilməsi nəticəsində mənəvi sarsıntılar keçirdiyi qənaətinə gəlsə də, elektrik enerjisinin qısa müddətlik kəsilməsi faktı ilə mənəvi sarsıntı keçirmək arasında olan səbəb nəticə əlaqəsini heç bir sübut və dəlillərlə əsaslandırmamışdır. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaçıya konkret olaraq nə kimi zərər vurulduğunu və bu zərərin konkret olaraq nədə ifadə olunduğunu, həmçinin əgər zərər mövcuddursa, onlara dəymiş zərərlə cavabdehin hərəkət və hərəkətsizliyi arasında səbəb nəticə əlaqəsinin olmasını hər hansı bir sübut və dəlillərlə əsaslandırmamış, işin hallarının tam və hərətərəfli araşdırmadan sadəcə iddiaçının verdiyi ifadəyə əsaslanaraq tam əsassız qətnamə qəbul etmişdir. 23.Qətnamədən, həmçinin İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini və iddia tələbinin 750 manat dəyərində maddi və 550 manat mənəvi zərərin ödənilməsi hissələrində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında göstərilən formal mülahizələrə və fərziyələrə əsaslanmış dəlillərdə və istinad olunan hallarda uyğunsuzluğu aradan qaldırmaq üçün, həmin hallarla bağlı müxtəlif sayda maddi-hüquq normalarını qətnamədə sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmışdır və həmin müddəaların tələblərini pozmuşdur. İddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətlərinə, iş materillarında olan sənəd və sübutların müqayisəli təhlilindən irəli gələn tələblərə müvafiq dəyərləndirmə aparılmamışdır. Odur ki, qanunvericiliyin tələbinə görə məhkəmə səhv nəticəyə gəlmiş və qətnamə şikayət olunan hissədə əsassız çıxarmışdır. Həmçinin qeyd etmişdir ki, məhkəmə, qətnaməni şikayət olunan hissədə özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış və posessual hüququn imperativ normasınin tələblərini açıq-aşkar pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin halları hər tərəfli və obyektiv araşdırılmamış, qəbul edilmiş qətnamə şikayət olunan hissədə qanunilik və əsaslılıq meyarlarına cavab vermir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddiaçının apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, cavadehin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 27.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:
28. 9.13-cü bəndinə görə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər:
29. 9.13.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
30. 9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
31. 9.13.3. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
32. 9.13.4. enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
33. 9.13.5. məhkəmənin qərarı ilə;
34. 9.13.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 35.Maddələr 21.1, 21.2, 21.3.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 36.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 37.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 38.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 42.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 43.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin 750 manat maddi zərərlə bağlı təmin edilməyən və mənəvi zərərlə bağlı təmin edilən və rədd olunan hissələrində qanuniliyinin və əsaslılığıın yoxlanılması təşkil edir. Çünki apellyatorlar apellyasiya şikayətlərinin dəlillərində qətnaməni qeyd olunan hissələrdə mübahisələndirmişlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(006)-536/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 45.Kollegiya ilk növbədə 750 manat maddi zərərin əvəzinin tutulması ilə bağlı iddia tələbinin təmin edilməyən hissəsinə münasibət bildirərək həmin hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, işə mütəxəssis cəlb edilmiş və mütəxəssis verdiyi izahatında bildirmişdir ki, elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində kombi cihazının hər hansı detalı yararsız vəziyyətə düşə bilməzdi. 46.Həmçinin iddiaçı elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində soyuducuda olan 350 manatlıq dəniz məhsullarının yararsız vəziyyətə düşdüyünü bildirsə də, bunu təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 47.Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 48.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 49.Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 50.Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi isə şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 53.Göründüyü kimi, iddiaçıya 750 manat məbləğində maddi zərərin dəyməsi ilə bağlı iddia tələbi onun mülahizəsinə əsaslanmaqa heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə qanuni və əsaslı olaraq təmin edilməmişdir. 54.Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərlə bağlı qismən təmin edilən hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, 200 manat həcmdə mənəvi zərərin tutulması ədalətli və məqsədəmüfaviq hesab edilməlidir. 55.Mülki Qanunvericiliyin qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. 56.Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 57.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 58.Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında qeyd edilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 59.Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan qanunvericilik normalarına əsasən elektrik enerjisininin xəbərdarlıq edilmədən qəfil dayandırılması qanunsuz hesab olunmaqla cavabdehin təqsirli hərəkəti nəticəsində meydana gəldiyi iş materialları ilə öz təsdiqini tapdığından və hazırkı dövrdə evdə olan isitilik, məişət, kommunikasiya və bir çox cihazların elektrik enerjisi ilə çalışdığı nəzərə alınmaqla, iddiaçının qış ayında bu imkanlardan müəyyən müddət məhrum olması, onun əsəb, mənəvi sarsıntı keçirməsi ilə nəticələnmişdir. 60.Buna görə də, kolegiya hesab edir ki, 200 manat mənəvi zərərin tutulması ədalətli olmaqla, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. 61.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 62.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 63.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 64.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 65.Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən məbləğ 5000 manatdan az olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 66.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiаçı İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(006)-536/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. .
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov