Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3875/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: elektrik enerjisinin təchizatı, X2 qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında **********20341 abonent kodu ilə "xxxx" ASC-nin abonenti kimi qeydə alınmışdır.
2. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş NDM seriyalı 030215 saylı aktda göstərilmişdir ki, ünvan 2 ünvanında olan fərdi yaşayış evinin sayğacına baxış keçirilən zaman sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olması, sayğacın kənar mənbədən götürülmüş sıfır fazası vasitəsilə dayandırılması aşkar olunmuşdur.
3. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 0199/V- 132/1002 saylı məktubda bildirilmişdir ki, “xx.xx.2022-ci il tarixində qeyd edilən ünvanda Satışa Nəzarət idarəsinin əməkdaşları tərəfindən “X2 Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən elektrik hesabat sayğacının qoşulma sxemində səhv aşkarlanmışdır. Belə ki, sayğacın kənar mənbədən götürülmüş sıfır fazası ilə sxemə qoşulduğu və sayğacın xətdən axan yükü qeydə almaması müəyyən edilmişdir. Bu fakt sənələşdirilərək, itirilmiş elektrik enerjisinin bərpası məqsədilə “X2 Qaydaları”na uyğun olaraq NDM 030215 nömrəli akt tərtib edilmiş, **********20341 saylı kod üzrə 10346 kVt.s - 1344,98 manat dəyərində hesabat verilmişdir. xx.xx.2022-ci il tarixinə elektrik enerji sərfiyyatına görə yaranmış real borc 1436,07 manat təşkil edir”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. İddiaçı (iddiaçı) "xxxx" ASC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 030215 saylı aktın ləğv olunması və hesablanmış 1436,07 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2, ev 0202, mənzil 0341 ünvanın ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2-3 ay əvvəl məlum olmuşdur ki, elektrik enerjisinə görə 1436,07 manat borcu var. Araşdırma apardığı zaman məlum olmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində akt tərtib olunmuş, akta əsasən ona 1344,98 manat cərimə yazılmışdır. Akt qanunsuz, heç bir prosesual qaydalara riayət etmədən tərtib edilmişdir. Belə ki, akt tərtib edilərkən hal şahidinin və ya evdə yaşayanların imzası olmamış, özbaşına ele cavabdeh təşkilatın əməkdaşkları aktı imzalayaraq saxta akt əsasında cərimə tətbiq edilmişdir. Akt yazılmışdır ki, guya ki, sayğacdan kənar xətt vardır. Yaşadığı ünvan həyət evlərindən ibarətdir və orada kommunal xətlər qarışıqdır. Evə heç bir sayğacdan kənar xətt qoşulmamışdır. Əgər qoşulsa idi belə niyə həmin xətti xx.xx.2022-ci il tarixdə, aktı tərtib etməmişdən 3 gün əvvəl işiq pulu hesablananda ləğv etməmişlər?. Bu absurddur. Bundan başqa kənar xətt olsa idi, niyə sayğac müxtəlif aylarda 25-45 manat arası olaraq böyük məbləğdə elektrik enerjisinə görə borc hesablayırdı?. Demək ki, kənar xətt olmamış, elektrik enejsinə görə ödənişləri vaxtında etmişdir. Burdan görünür ki, “Azərişıq" ASC-nin əməkdaşları qanunsuz və əsassız aktlar tərtib etmişlər. Saldodan görünür ki, 1436,07 manat borc hesablanmışdır. Cavabdehə müraciət edərək cərimə ilə razı olmadığını, cərimə qərarını məhkəmədə mübahisələndirəcəyini və məhkəməyə müraciət etmək üçün cərimə olunması barədə sənədin surətinin ona verilməsini xahiş və tələb etdikdən sonra ona müəyyən sənədlər verilmişdir. Ancaq hələ də ona cərimənin necə hesablanması qaydasını, hansı tarixdən hesabı aparmaları barədə məlumat təqdim etməmişlər. Cərimə olunma barədə qərarın surətini ona verməmişlər. Bu, qanunvericiliyin tələblərinin və vətəndaşın özünümüdafiə hüququnun kobudcasına pozulmasıdır. Halbuki qanunun tələbinə əsasən sənədi axtarmalı deyil, cərimə olunma barədə qərar qəbul edən vəzifəli şəxslər tərəfindən sənədin bir surəti də mütləq ona verilməli idi. Sayğaca baxış keçirilib akt tərtib edilərkən nə evdəkilərin, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Akt sadəcə cavabdehin əməkdaşları tərəfindən imzalanmışdır. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bu halda əgər sayğaca hər hansı müdaxilə olunmuş olsa belə, bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir.
6. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş, iddianın əsassız olduğunu bildirmişdir.
7. Birinci instansiya məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 030215 saylı aktın ləğv olunması və həmin akta əsasən hesablanmış 1344,98 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırılmışdır:
8.1. Elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan akt tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. 8.2. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən akt tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq şəxsən abonent və hal şahidlərinin iştirakı təmin olunmamış, akt abonent və hal şahidləri tərəfindən imzalanmamış, həmçinin istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. 8.3. Bundan başqa aktdan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir. 8.4. Belə olan halda məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmış və əsassız olaraq 1344,98 manat borc hesablandığından həmin akt ləğv edilməlidir. 8.5. İddiaçı iddia tələbində 1436,07 manat məbləğində borcun silinməsini tələb etsə də, məhkəmə tədqiqatı zamanı mübahisələndirilən akta əsasən cavabdeh tərəfindən iddiaçıya 1344,98 manat məbləğində borc hesablanması müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli NDM seriyalı 030215 saylı akta əsasən iddiaçıya hesablanmış 1344,98 manat məbləğində borc silinməklə iddia göstərilən hissədə qismən təmin edilməlidir.
9. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, “Elektroenergetika haqqında” Qanunun 11-ci, “İstehlakçıların hüquqularının müdafiəsi haqqında” Qanunun 13-cü və 17-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın 7.6-cı, 7.11-ci, 8.17-ci, 8.32-ci, 8.33-cü bəndlərinə istinad etmişdir.
10. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, iddiaçının mübahisələndirdiyi aktın qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat
12. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun
14. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”
15. Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri- cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
16. Bənd 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.
17. Bənd 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur.
18. Bənd 8.33. Məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
22. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
26. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.
27. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş elektrik enerjisinə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş elektrik enerjisinə görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, cavabdeh bunu sübut edə bilməmişdir və istinad etdiyi akta əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.
28. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1289/20232 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə