Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3876/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, öhdəliyin icra olunmaması, müqavilənin etibarlılığı, bəyənmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi ərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC ("Satıcı”) və Cavabdeh ("Alıcı”) arasında xx.xx.2022-ci il tarixdə “Avtomobil alqı-satqısı”na dair B-187-SA-22 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən dəyəri ƏDV daxil 57 024 manat müəyyən edilən “Skoda Kamiq 1.6 MPİ” modelli, buraxılış ili 2022 olan (VİN: TMBGC6NW2P3033130, qara rəng) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən, Cavabdeh avtomobilin dəyərini ilkin ödəniş etmədən, xx.xx.2022-ci il tarixindən etibarən 36 ay müddətində, ayda 1584 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
3. “Skoda Kamiq 1.6 MPİ” modelli, buraxılış ili 2022 olan (VİN: TMBGC6NW2P3033130, qara rəng) avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı əsasında qüsursuz və texniki saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir.
4. Abbaszadə Gündüz Balaş oğlu tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə 1584 manat, xx.xx.2022-ci il tarixdə 1584 manat ödənilmiş, həmin ödənişlərlə bağlı müvafiq kassa mədaxil orderləri verilmişdir.
5. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlanmış, məktubda öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə tərəflərindən xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə xəbərdar edilmişdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlanmış, məktubda öhdəliklərini yerinə yetirmədiyindən, tərəflərindən xx.xx.2022-ci il tarixli B- 187-SA-22 saylı müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqavilə üzrə borcunu 5 gün ərzində ödəməzsə, məhkəməyə müraciət olunacaqdır.
8. İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışda göstərilmişdir ki, Cavabdeh xx.xx.2022ci il tarixli B-187-SA-22 saylı müqavilə üzrə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində aylıq 1584 manat olmaqla, cəmi 11 088 manat pul ödəməli idi.
9. İddiaçı MMC tərəfindən tərtib olunmuş aktda göstərilmişdir ki, “Skoda Kamiq 1.6 MPİ” modelli, buraxılış ili 2022 olan (VİN: TMBGC6NW2P3033130, qara rəng) avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə müştəridən təhvil alınaraq MMC-nin servisinə gətirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqavilə üzrə hesablanmış 11 088,00 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında avtomobil alqısatqısına dair xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən dəyəri ƏDV daxil 57 024 manat müəyyən edilən “Skoda Kamiq 1.6 MPİ” modelli, buraxılış ili 2022 olan (VİN: TMBGC6NW2P3033130, qara rəng) avtonəqliyyat vasitəsi tərəfindən cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh avtomobilin dəyərini ilkin ödəniş etmədən, xx.xx.2022-ci il tarixindən etibarən 36 ay müddətində, ayda 1584 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək nəqliyyat vasitəsini cavabdehə qüsursuz şəkildə təhvil vermələrinə baxmayaraq, cavabdeh ödəniş öhdəliklərini vaxtında icra etməmiş, xx.xx.2022-ci il tarixindən heç bir ödəniş həyata keçirməmişdir. Öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə tərəflərindən xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, cavabdehin öhdəliyini icra etməməsi səbəbindən xx.xx.2023-cü il tarixli növbəti xəbərdarlıq məktubu ilə tərəflərindən xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqaviləyə xx.xx.2023-cü il tarixindən birtərəfli qaydada xitam verilmişdir. Müqaviləyə xitam verilən tarixədək cavabdeh tərəfindən ödəniş öhdəliklərinin vaxtında həyata keçirilməməsi səbəbindən cavabdehin müqavilə üzrə 11 088,00 manat məbləğində maliyyə öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsini rəhbər tutaraq, 11 088,00 manat məbləğində borcun ödənilməsi tələbi ilə cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilmiş və dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarilə, mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən alıcı nəqliyyat vasitəsinin dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
12. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
13. İddiaçının nümayəndəsi izahatında həmçinin bildirmişdir ki, avtomobil hazırda onlardadır, onlar cavabdehdən müqaviləyə xitam verilənə qədər yığılan borc məbləğini tələb edirlər.
14. Birinci instansiya məhkəməsinin 02 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqaviləyə İddiaçı MMC tərəfindən birtərəfli qaydada xitam verilmiş, alqı-satqı müqaviləsi üzrə alıcıya verilmiş avtomobil ondan geri alınmışdır. Bundan sonra, iddiaçının artıq xitam verilmiş müqavilə üzrə müqaviləyə xitam verilən tarixədək alıcı tərəfindən ödənilməli olan məbləğləri tələb etməsi əsassızdır. Belə olduğu təqdirdə, iddiaçı yalnız avtomobilin alıcının istifadəsində olduğu müddət ərzində avtomobilə hər hansı zərər dəymişsə onu tələb edə bilər.
16. Məhkəmə vurğulamışdır ki, alıcı müqavilə bağlandıqdan sonra ilk iki ay üzrə nəzərdə tutulan hər ay 1584 manat olmaqla pulu ödəmiş, buna baxmayaraq iddiaçı, iddia tələbində həmin aylar üzrə nəzərdə tutulan pulu da tələb etdiyi məbləğə hesablamışdır. Halbuki, Mülki Məcəllənin 600.4-cü maddəsindən də göründüyü kimi, əşyanı təhvil almış alıcı əşyanın dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Satıcı tərəfindən müqavilə üzrə alıcıya verilənlərin geri alınması, eyni zamanda müqavilə üzrə pulun tələb edilməsi düzgün hesab edilə bilməz.
17. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 567-ci, 600.1-ci, 600.4-cü, 600.5-ci maddələrinə istinad etmişdir.
18. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün təfsir etmədiyini, iddiaçının yalnız avtomobilə dəymiş zərəri tələb edə biləcəyi qənaəti ilə Mülki Məcəllənin 21-ci, 424.5-ci və 399-cu maddələrinin tələblərini pozduğunu, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il və xx.xx.2023-cü il tarixli qərarlarını nəzərə almadığını, cavabdehdən tələb olunan pulun yalnız avtomobilin onun istifadəsində olduğu dövr üçün hesablanmıış borc olduğuna əhəmiyyət vermədiyini, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
20. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
24. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.
25. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.
26. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
27. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
28. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
29. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
30. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
31. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
32. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
36. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
37. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
38. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
39. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;
40. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
41. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
42. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
43. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
44. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
45. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
46. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
47. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
48. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
49. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
50. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
51. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
52. Madə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
53. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə
54. Bənd 4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9.-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır.
55. Bənd 4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
59. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
62. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
64. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
65. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, bu səbəblə düzgün olmayan nəticəyə gəlmişdir.
66. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
67. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
68. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir (§ 36, 48).
69. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə notarial qaydada təsdiqlənməmişdir – bu isə o deməkdir ki, əslində həmin müqaviləni etibarlı alqı-satqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyildir.
70. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir.
71. Bununla yanaşı hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf, “Skoda Kamiq 1.6 MPİ” modelli, buraxılış ili 2022 olan (VİN: TMBGC6NW2P3033130, qara rəng) avtonəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli B-187-SA-22 saylı müqaviləni imzaladıqlarını (bağladıqlarını) təsdiq edirlər və avtomobil müqavilə bağlandıqdan sonra cavabdehin istifadəsinə verilərək onun tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində müqavilə üzrə ödənişlər həyata keçirilmişdir.
72. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır və bu baxımdan kollegiyanın qənaətinə görə onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar (§ 28, 29, 30).
73. Kollegiya hesab edir ki, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox, lizinq müqaviləsinin elementlərini özündə əks etdirir.
74. Belə ki, lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır.
75. Bu mənada kollegiyanın qənaətinə görə, mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir.
76. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri ödəmədiyi üçün iddiaçı avtomobili cavabdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur.
77. Buna görə də kollegiya hesab edir ki, cavabdeh, müqaviləyə xitam verilən (avtomobilin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsindən yayına bilməz.
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun MM-in 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
79. Bu kontekstdə kollegiyanın qənaətinə görə iddiaçının iddia tələbi qismən əsaslı hesab olunmalı, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2023-cü il tarixinə qədər (təxminən 6 ay) ödəməli olduğu ödənişlər, yəni cəmi 9504 (1584 x 6 ay) manat ondan iddiaçının xeyrinə tutulmalıdır.
80. Beləliklə, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermiş, nəticədə əsassız qətnamə çıxarmışdır.
81. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləğləri də cavabdehdən tutulub ona ödənilməslidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1725/2024 saylı iş üzrə 02 may 2024cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi qismən təmin edilsin. Cavabdeh müqavilə öhdəliyi üzrə 9504 (doqquz min beş yüz dörd), dövlət rüsumlarına görə 185,30 (yüz səksən beş manat 30 qəpik) manat, ümumilikdə 9689,30 (doqquz min alıt yüz səksən doqquz manat 30 qəpik) manat alınıb İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov