Məhkəmə qərarları › İş №2(103)-3878/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3878/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3878/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Ağaəli qızına və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Ağaəli qızına və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 Ağaəli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, 59 №-li alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulan tibbi avadanlıqlar alıcı Cavabdeh1 təhvil verilmişdir.

2. Həmçinin cavabdeh-alıcının 28 oktyabr 2019-cu il tarixli, 59 №-li alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin icrası eyni tarixli zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir.

3. Cavabdehin müqavilə üzrə malın dəyərini tam şəkildə ödəmədiyi işin müvahisələndirilməyən halıdır. Hazırda iddiaçı müqavilə üzrə ödənilməyən borcu tələb edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC cavabdehlər Cavabdeh1 Ağaəli qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 4.805 manat pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 153,76 manat dəbbə pulunun və 69,58 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 28 oktyabr 2019-cu il tarixdə, 59 №-li alğı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissəhissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürüb. Eyni tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə nəzərdə tutulan malları iddiaçıdan təhvil alıb, yoxlayaraq qəbul edib. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanan ödəniş cədvəlinə əsasən, cavabdeh 3000 manat ilkin ödəniş, 12 ay müddətinə isə hər ay 750 manat olmaqla, ümumilikdə 12.000 manat ödəməyi öhdəsinə götürüb. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 7.195 manat ödənilmiş, cavabdehin iddiaçıya 4.805 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilən çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, cavabdeh öhdəliyin icrasından yayınıb, satın aldığı malların əvəzini ödəməyib. Bundan əlavə, iddiaçı ilə Cavabdeh2 arasında 28 oktyabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanıb, zamin iddiaçı ilə cavabdeh arasında bağlanan alğı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürüb. Beləliklə, iş üzrə təqdim edilən sübutlardan və qanunvericiliyin yuxarıda sadalanan normalarından belə aydın olur ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməyib, satın aldığı malların dəyərini tam olaraq iddiaçıya ödəməyib,nəticədə iddiaçı qarşısında 4805 manat məbləğində borcu yaranıb. Bundan başqa, cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2021-ci il tarixdə həyata keçirilib, son ödəniş tarixindən indiyədək bir təqvim ilinə yaxın müddət keçib, öhdəliyin icrası həmin müddətə gecikdirilib. Onu da nəzərə almaq lazımdır ki, cavabdehin müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərin icra edilməsi üçün zamin iddiaçı qarşısında öhdəlik götürüb. Belə olan halda, müqavilə icra edilməyib öhdəlik 4805 manat, öhdəliyin icra edilmədiyi müddət xx.xx.2021-xx.xx.2022-ci il hər gecikdirilən gün üçün 0,01% olmaqla, 153,76 manat cərimə, ümumilikdə 4.958,76 manat məbləğ cavabdeh və zamindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 saylı 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında nisyə (ilkin ödənişlə) alqı-satqı müqaviləsi bağlanmış, satıcı həmin müqavilədə nəzərdə tutulan avadanlıqları işlək vəziyyətdə alıcıya təhvil vermişdir. Lakin alıcı Cavabdeh1 müqaviə öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir. Belə ki,onun həmin müqavilə üzrə ödənilməmiş 4.805 manat borcu qalmışdır. Digər Cavabdeh2 zaminlik müqaviləsi ilə üzərinə götürdüyü yerinə yetirməmişdir. İddiaçı qalıq məbləğdən əlavə ödənişin gecikdirilməsinə görə 153,76 manat dəbbə pulu tələb edir. Cavabdeh avadanlıqları aldığını etiraf etsə də həmin avadanlıqların qüsurlu olmasını, bu səbəbdən ondan istifadə edə bilməməsini bildirmiş, lakin bu faktın təsdiq olunması üçün hər hansı bir sübut təqdim etməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1, 442, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 Ağaəli qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 saylı 03 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında 28 oktyabr 2019-cu il tarixdə, 59 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə ona satmağı, o, isə malı qəbul edib qaiməfakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanan ödəniş cədvəlinə əsasən, Cavabdeh1 Ağaəli qızı 3000 manat ilkin ödəniş, 12 ay müddətinə isə hər ay 750 manat olmaqla, ümumilikdə 12000 manat ödəməyi öhdəliyinə götürmüşdür. Təxminən 2021-ci ilin ortalarında ona bəlli oldu ki, İddiaçı MMC təzə adı ilə köhnə, istifadə olunan aparat satıb. Həmin aparatın bloku yandığından o, usta dəvət etmiş, lakin həmin usta aparata baxış keçirərkən ona bildirmişdir ki, həmin aparatın bloku bundan əvvəl də yanıb, bu ikinci dəfədir. O, dərhal bununla bağlı İddiaçı MMC-nin əməkdaşlarına müraciət edib ki, pulunu qaytarıb aparatlarını geri aparsınlar, lakin onlar bildiriblər ki, aparatı satdıqdan sonra pulu qaytara bilərlər. O, həmin aparatın sənədlərini tələb etsə də ona təqdim olunmayıb. Halbuki 8000 manatdan çox həmin mala görə ödəniş edib. Ona xarab cihaz təqdim etdikəri üçün cavabdeh də fəaliyyət göstərib həmin pulu ödəyə bilməmişdir. Lakin buna baxmayaraq "xxxx" MMC haqsız yerə pul tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə heç bir araşdırma aparılmadan Bakı şəhəri Nizami Rayon Məhkəməsi iddia tələbini təmin etmişdir. Qanunverciliyin tələbinə görə də ona qüsurlu satılmış malın dəyərini iddiaçı tərəf tələb edə bilməzdi. O, həmin avadanlıqdan istifadə etmədən isə onun texniki qüsurlarını bir vətəndaş olaraq bilə bilməzdi. Məhkəmə isə göstərilənlərlə bağlı iş üzrə ekspertiza təyin etsə də, müvafiq ekspertizanın rəyi alınmadan hazırki məhkəmə qətnaməsini qəbul etmişdir. Müvafiq ekspertizanın rəyi alındıqda ona satılan malın təzə deyil, köhnə və texniki cəhətdən nasaz olması aşkarlanmış olacaqdı.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 saylı 03 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 Ağaəli qızı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, VÖEN-i yoxdur; yoldaşı zamin durduğuna görə cavabdeh qismində göstərilir; lazer aparatı kreditlə 12.000 manata idi; 3.750 manat əvvəlcə ödənilmişdir; ümumilikdə 7.700 manat ödənilibdir; lazer aparatının bloku işləmirdi, o, aparatın köhnə olduğu barədə onlara məlumat verib; onlar aparatı dəyişəcəklərinə dair vədlər veriblər; pulu qaytardıqları halda lazer aparatını geri qaytararar; lazerin enerji bloku yanıbdır, lazerin arxası açılmışdır; lazer aparatını alan zaman yeni aparat verəcəklərini demişlər, aparatı yeni aparat kimi alıb; ona köhnə aparat verdikləri üçün öhdəliklərini tam icra etməmişdir; lazer aparatının sənədləri ona verilməyibdir; onlar aparatı alan zaman arxası bağlı idi, lazerin arxasından su axırdı; lazer aparatını bir müddət işlətmək istəmişlər, lakin işləməmişdir və onlara ikinci aparat verilmiş həmin aparat da işləməmişdir; yenidən xəbər verdikdə yenisi isə əvəz edilməmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

21. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 24.587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

25. 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

26. 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

27. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

28. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 29.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 31.İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. 32.Belə ki, iddiaçı ilə Cavabdeh1 Ağaəli qızı arasında xx.xx.2019-ci il tarixdə ilkin ödənişin 3.000 manat olması, qalan pulun 12 ay ərzində hər ay 750 manat olmaqla hissəhissə ödənilməsi şərtilə ümumilikdə dəyəri 12.000 manat təşkil edən və razılaşdırma protokollarında əks olunan texniki avadanlıqlarına dair alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci bəndində göstərilən müddətdə icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,01%-dək həcmində “satıcıya” cərimə ödəyir. 33.Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). 34.Cavabdehin tərəf olduğu müqavilənin bəndlərindən, həm də mülki qanunvericiliyin müvafiq normalarından göründüyü kimi alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni satıcının müəyyən məbləğdə pul-müqavilə qiymətini almaq hüququnu pozduqda satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququnun yaranmasına əsasdır. 35.Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 36.Cavabdeh müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsini iddiaçının lazımi kefiyyətdə olmayan əşyanın ona verilməsi ilə əlaqələndirir və bu hissədə etirazın maddi hüquqi əsasını Mülki Məcəllənin 587.2.1-ci maddəsi təşkil edir. 37.Həmin normanın tələbinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 38.Bu normanın tətbiqi zamanı malın qüsuruna görə satıcının cavabdeh olmasının müəyyən edilməsi də önəmlidir. Çünki Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 39.İşin hallarını apellyasiya şikayətində göstərilən dəlillər üzrə yoxlamaq məqsədilə məhkəmə kollegiyası apellyasiya baxışı zamanı məhkəmə ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq növdən ekspertiza təyin edilmiş, tədqiqatın aparılması (Azərbaycan Texniki Universitetinin fizika ixtisası üzrə mütəxəssisləri cəlb edilməklə) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, buna baxmayaraq həmin qurum tərəfindən tədqiqatın keçirilməsindən texniki səbəblərdən imtina edilmişdir. 40.Beləliklə, cavabdeh iddiaçı tərəfindən ona qüsurlu əşyanın satılmasına istinad etsə də, əşyanın keyfiyyətinə aid tələblərin pozulmasını sübuta yetirə bilməmişdir. O, həmçinin lazımi keyfiyyətli olmayan əşyanın verilməsi ilə əlaqədar Mülki Məcəllənin 587-ci maddəsində belə hallar üçün nəzərdə tutulmuş imkanlardan istifadə etməmiş, qarşı tərəfə müqaviləni əhəmiyyətli dərəcədə pozması əsası ilə müqavilənin ləğv edilməsi ilə əlaqədar iradə ifadəsini müvafiq qaydada bildirməmişdir. Halbuki belə olan təqdirdə alıcının ixtiyarı var ki, o, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 41.Cavabdehin müqaviləyə əsasən yaranmış borcun istinad etdiyi məbləğdə ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra etdiyi halının da işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alqı-satqı müqaviləsi üzrə alınmış malın müqabilində pulun müvafiq məbləğdə iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. 42.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 43.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 45.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 46.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-84/2023 saylı 03 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 Ağaəli qızı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar