Məhkəmə qərarları › İş №2(103)-3882/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3882/2023

28.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3882/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 15.840 manat kompensasiya ödənilməklə cavabdehin Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev № 17-də yerləşən 24 №li mənzildən (bundan sonra – mənzil) istifadə hüququna xitam verilsin və o, mənzildən çıxarılsın. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, 15.840 manat kompensasiya ödənilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilsin, kompensasiyanın ödənilməsi ilə eyni vaxtda cavabdeh mənzildən çıxarılsın, kompensasiyanın ödənilməsi və mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçının mərhum atası ilə uzun müddət nikahda olub, başqa mənzil əldə etməyə imkanı yoxdur, mənzildən istifadə hüququna 30.000 manat kompensasiya ödənilməklə xitam verilməsinə razıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdeh onun atası ilə nikahda olub, mənzili atası sağlığında ona bağışlayıb, 30.000 manat kompensasiya təklif etməyə imkanı yoxdur, kompensasiyanın məbləğini artıraraq 18.000 manat təklif edir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehin mənzildən istifadə hüququ var. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə hazırkı iddia o halda təmin oluna bilər ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. Mənzil yeni tikilmiş 18 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir, 1 otaqlıdır, ümumi sahəsi 47 kv.m təşkil edir. Daşınmaz əmlakın qiymətləndirilməsi ilə məşğul olan qiymətləndiricinin birinci instansiya məhkəməsinə təqdim etdiyi hesabata görə, həmin mənzilin aylıq kirayə qiyməti 440 manat təşkil edir (iş v. 59). Digər qiymətləndiricinin məhkəməyə təqdim etdiyi arayışa görə, mənzilin aylıq kirayə qiyməti 500-600 manat, bazar satış qiyməti isə 100.000-110.000 manat təşkil edir (iş v. 111). Birinci instansiya məhkəməsi kompensasiyanın məbləğini 15.840 manat müəyyən edərkən ona əsaslanmışdır ki, həmin məbləğ cavabdehə ayda 440 manat kirayə haqqı ödəməklə 3 il ərzində iddiaçının hesabına oxşar şəraitli mənzildə yaşamağa imkan verəcək (36 ay x 440 manat = 15.840 manat). Apellyasiya icraatı zamanı iddiaçı komensasiyanın məbləğini artıraraq 18.000 manat təklif etmişdir. Bu məbləğ cavabdehə 40 ay ərzində hər ay 440 manat kirayə haqqı ödəməklə oxşar şəraitli mənzildə yaşamaq imkanı verir. Kompensasiyanın məbləğinin 18.000 manatdan artıq müəyyən edilməsi üçün əsas yoxdur. Beləliklə, qətnamə kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilməli, kompensasiyanın məbləği 18.000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilsin. Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev № 17-də yerləşən 24 №-li mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiyanın məbləği 18.000 (on səkkiz min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar