Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3883/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4, 17 saylı Dövlət Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, atası X2 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8də yerləşən 35 №-li fərdi yaşayış evinin 1/2 hissəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Xalidə Əliyeva və Cavabdeh4 verilmiş xx.xx.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” və həmin şəhadətnamə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının anası, Cavabdeh2 iddiaçının qardaşı, cavabdehlər Xalidə Əliyeva və Cavabdeh4 iddiaçının bacılarıdır. Mübahisəli ev iddiaçının atası Rafiq Əliyevə məxsus olmuşdur. Rafiq Əliyev xx.xx.2005-ci il tarixdə ölmüşdür. İddiaçı xx.xx.1971-ci il tarixdə doğulmuşdur və həmin evdə atası Rafiq Əliyev, anası Cavabdeh1, qardaşı Cavabdeh2, bacıları Xalidə Əliyeva və Cavabdeh4 ilə bilikdə yaşamışdır. Rafiq Əliyev vəfat edən vaxt evdə Cavabdeh1, Cavabdeh2 və sonuncunun ailə üzvlər yaşamışlar. Atasının hüzr məclisi keçirilərkən Cavabdeh2 iddiaçını qovmuş və evin heç bir hüquqmüəyyənedici sənədinin olmadığını bildirmişdir. Bu səbəbdən iddiaçı “Vərəsəlik şəhadətnaməsi” almaq üçün notariat orqanına müraciət etməmişdir. Yaxın vaxtlarda iddiaçıya məlum olmuşdur ki, Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışa əsasən evin 1/2 hissəsi atası Rafiq Əliyevə, qalan 1/2 hissəsi isə nənəsi Bircəxanım Rza qızı ilə babası İsmayıl Əliyevə məxsus olmuşdur. Atasının ölümündən sonra, yəni xx.xx.2006-cı il tarixdə cavabdehlər (anası, qardaşı və bacıları) Bakı Şəhəri 17 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş və onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi” verilmişdir. Bu zaman anlar iddiaçının mövcudluğu barədə notariusa məlumat verməmişlər, halbuki həmin vaxt iddiaçı qanşuluqda yerləşən 27 saylı evdə yaşayırdı. Qardaşı Cavabdeh2 evin nənə və babaya məxsus hissəni də zəbt edərək özü istifadə edir. b) cavabdeh tərəfin iddia tələbinə münasibəti barədə məlumat
3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iddiaya qarşı birgə etiraz verərək, etirazlarını onunla əsaslandırmışlar ki, Rafiq Əliyevin yas mərasimində başları mərhumun dəfn və ehsan işlərinə qarışmış, miras əmlak heç kimin yadına düşməmiş, bu barədə ailə üzvləri, o cümlədən iddiaçı ilə Cavabdeh2 arasında hər hansı söhbət olmamışdır. Yalnız mərhumun yas mərasimlərini başa vurduqdan sonra miras mirasqoyanın sağlığından orada yaşayan Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Evin sənədləri Rafiq Əliyevin sağlığından heç vaxt gizlədilməmiş və daim göz qabağında olmuşdur. Atasının – Rafiq Əliyevin sağlığında qonaq kimi bu evə gəlib-gedən iddiaçı həmin sənədləri dəfələrlə görmüşdür. Bundan başqa, iddiaçını yas mərasimində heç kimi qovmamışdır. İddiaçının, qardaşı Cavabdeh2 evin sənədləri olmadığına dair bildirdiklərinə inanaraq notariusa müraciət etməməsi, eləcə də bu barədə onu “qovmayan” ailə üzvlərindən bir söz soruşmaması, həmin hal barədə ona məlumat verilməsini aidiyyəti orqandan istəməməsi ağlabatan deyil. İddiaçının evin kimlərə məxsus olduğunu özünün dediyi kimi bilmədiyi, sonradan öyrəndiyi halı, elə atasının ölümündən dərhal sonra da öyrənmək imkanı olmuşdur. İddiaçı evin sənədinin olub-olmaması barədə məlumatı almaq üçün hansı səbəbdən qeydiyyat orqanına müraciət etməyərək, onu “qovan” qardaşına inanmasını əsaslandırmamış, bu barədə ümumiyyətlə fikir bildirməmişdir. İddiaçının evin miras olub olmaması halını aydınlaşdırmaq üçün uzun müddət hər hansı hərəkət etməməsi, evin atasının paylı mülkiyyətində olmasının ona atasının sağlığından bəlli olduğunu təsdiq edir. Bundan başqa iddiaçı bu evdə yaşadığı vaxt, evə müxtəlif (qaz, işıq, su, sığorta və s. barədə) bildirişlər gəlmiş və orada evin sahibləri göstərilmişdir. İddiaçıya həmin vaxtdan evin ən azından babasına və nənəsinə məxsus olduğu bəlli olmuşdur. İddiaçı tələbində onu da əsaslandıra bilməmişdir ki, hansı səbəbdən onlardan qalmış mirası qəbul etmək üçün təşəbbüs göstərməmişdir. İddiasından görünür ki, iddiaçı hazırda da miras əmlakdan pay istəmir. Ümumiyyətlə hesab edirlər ki, iddiaçı hazırkı iddianı öz təşəbbüsü ilə deyil, kimlərinsə təsiri altında vermişdir. Belə ki, mirasdan bütün ailənin xəbəri olmuş, iddiaçıdan heç nəyi gizlətməmişdilər. Evin atasının paylı mülkiyyətində olması iddiaçıya bəlli olsa da, o, miras əmlak barəsində susmuş, notariusa gedəcəklərindən də xəbəri olmuş, lakin getməmişdir. Notariusda isə evdə qeydiyyatda olanların kimlər olduğu soruşulmuş, onlar da qeydiyyatda olanlar barədə məlumatı vermişdilər. İddiaçı mirası qəbul etməmiş və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını da tələb etmir. İddiaçı qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə atasından qalan mirasa subyektiv vərəsəlik hüququnu itirdiyindən, bununla da vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlak barəsində hüququnu itirmiş iddiaçı üçün hüquqi nəticələrə səbəb olmadığından iddia tələbi təmin edilə bilməz.
4. Eyni zamanda həmin cavabdehlər ərizə təqdim edərək, iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddəti keçirildiyindən iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Cavabdeh X4, cavabdeh 17 saylı Notariat Ofisinin nümayəndəsi, işə baxmış Rayon Məhkəməsi tərəfindən işin baxılmasına cavabdeh qismində cəlb edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə baxışı iclaslarına gəlməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fiziki şəxs olan cavabdehlərə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilən zaman notarius hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Bununla belə hazırki iddia Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il qərarının təsiri altına düşdüyündən məhkəmə hesab edir ki, iddiaçının vərəsəlik hüququ tanınmalı, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” ləğv edilməlidir. d) apellyasiya şikayətləri barədə məlumat
8. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara düzgün hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, Rayon Məhkəməsi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” qanun pozuntusuna yol vermədən cavabdehlərə verilməsi barədə qənaətinə gəlməsinə baxmayaraq yekunda buna zidd olaraq şəhadətnaməni ləğv etmişdir. Rayon Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 birgə verdikləri “iddiaya qarşı etirazda” və eyni zamanda birgə verdikləri “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizədə ətraflı izah edilmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətləri etməmiş iddiaçı mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmişdir. İddiaçı da bunu bildiyi üçün vərəsəlik şəhadətnaməsinin ləğvini tələb etsə də, miras əmlakdan özünün xeyrinə hər hansı payın verilməsinin cavabdehə həvalə edilməsini tələb etmir. Bundan başqa, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar işin hallarına uyğun olsa idi belə iddia təmin edilə bilməzdi. Belə ki, qeyd edilən hallar “Vərəsəlik şəhadətnaməsinin” etibarsızlığına əsas olsa da, iddiaçı onun ləğv edilməsini tələb etmişdir. Digər tərəfdən, əqdin ləğvini tələb etmək onun tərəfinin hüququ olsa da, hüquqlarına toxunan əqdin iştirakçısı olmayan şəxs onun ləğvini deyil, etibarsızlığını tələb edə bilər. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
10. İş üzrə cavabdehlər və onların nümayəndələri işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
11. Apellyasiya baxışından iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən 35 №-li fərdi yaşayış evinin 1/2 hissəsi Rafiq Əliyevin, qalan 1/2 hissəsi isə Bircəxanım Rza qızı ilə İsmayıl Əliyevin mülkiyyətində olmuşdur (Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarış, kitab № 3, səhifə № 400, tarix: xx.xx.1982).
14. AZ-İ seriyalı, 166685 №-li “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Rafiq Əliyev xx.xx.2005-ci il tarixdə ölmüşdür.
15. Rafiq Əliyevin ölümündən sonra cavabdehlər (mərhumun arvadı) Cavabdeh1, (onların övladları) Cavabdeh2, Cavabdeh4 və Xalidə Əliyeva xx.xx.2006-cı il tarixdə 17 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsini xahiş etmişlər.
16. Həmin Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Xalidə Əliyeva hər biri miras əmlakdan bərabər hissələrlə irs almışlar (reyestr nömrəsi: 2V/1-47).
17. Mübahisəli evdə cavabdehlərin qeydiyyatda olmaları barəsində Sabunçu RİH başçının Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli arayışdan görünür ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilən zaman iddiaçı mübahisəli evdə qeydiyyatda olmamışdır.
18. İşin hallarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Xalidə Əliyeva “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış almışlar.
19. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145.). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146.). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (maddə 1256.).
20. Münasibətlər yaranan zaman Mülki Məcəllənin qüvvədə olmuş tələblərinə görə, 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246.). Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir (maddə 1273-1.).
21. X5 vərəsələri (iddiaçıdan başqa) onun ölümündən yeddi ay sonra notariat orqanına müraciət etmiş, miras əmlakda qeydiyyatda olmaları barədə arayış təqdim etmiş, bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, iddiaçı isə qanunda nəzərdə tutulan müddətdə notariusa müraciət etməmiş, həmin evdə nə yaşamamış, nə də qeydiyyatda olmamışdır.
22. Belə olan halda, müəyyən edilir ki, həmin zaman qüvvədə olan mülki qanunvericiliyin tələbləri baxımından notarius tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” cavabdehlərə verilmişdir.
23. Hazırki iddia məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il qərarına görə, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.
25. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
26. Qeyd edilənlərə əsaslanan Rayon Məhkəməsi hesab etmişdir ki, hazırki iddia adıçəkilən qərarın təsiri altına düşdüyündən iddiaçının vərəsəlik hüququ tanınmalı, şəhadətnamə və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.
27. Məhkəmə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir.
28. Həmin Qərar qəbul edilərkən hazırki mübahisə artıq məhkəmənin icraatında olmuşdur. Ona görə də Qərarın qüvvəsi hazırki mübahisəyə tətbiq edilməlidir.
29. MPM-in 13.7-ci maddəsinə görə isə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
30. Odur ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verildiyi zaman qüvvədə olan qanunvericiliyin tələbləri pozulmasa da, hazırki mübahisənin həllinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarı tətbiq edilməli olduğundan, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbini irəli sürməkdə haqlıdır.
31. “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi” ləğv edildiyi üçün onun əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi barədə tələb də əsaslı hesab edilməlidir. Buna görə də, qəbul edilməlidir ki, Rayon Məhkəmə bu tələbi də təmin etməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
32. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən, apellyatorun özünə aid edilməlidir.
36. Məhkəmə həmçinin bildirir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
37. İddiaçı və digər cavabdehlər tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və iddianın təmin edilməsi qətnamə dəyişdirilmədən saxlanıldığından, həmin şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
38. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh2 hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.