Məhkəmə qərarları › İş №2(103)-3887/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3887/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3887/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(007)-644/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən icarə haqlarına görə yaranmış 8500 manat borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(007)- 644/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xeyrinə "xxxx" MMC-dən 7400 manat vəsait tutulması qət edilmişdir. Cavabdeh MMC tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxsin adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. İş materiallarından müəyyən edilir ki, cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi qismində Kapanadze Dimitri çıxış edir. Apellyasiya şikayəti "xxxx" MMC-nin adından verilsə də, Kapanadze Dimitrinin nümayəndəsi və vəkili X5 tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, mülki iş üzrə cavabdeh qismində "xxxx" MMC çıxış edir və apellyasiya şikayətinə X2 "xxxx" MMC-nin adından məhkəmə aktından şikayət vermək səlahiyyəti verilən etibarnamə əlavə edilməmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş etibarnamədən göründüyü kimi, həmin etibarnamədə yalnız Kapanadze Dimitrini təmsil etmək, onun adından prosessual hərəkətlər etmək üçün səlahiyyətlər verilmişdir. Bundan başqa, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl edilmədən vermişdir. Belə ki, Əlavə 2-də nəzərdə tutulmuş formaya uyğun apellyasiya şikayətini tərtib etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunlu yoxlanılmaqla, apelyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından və o cümlədən apelyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilmədiyindən geri qaytamalı olduğu halda birbaşa apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Belə olan halda kollegiya hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(007)-644/2022 saylı qətnaməsindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(007)- 644/2023 saylı qətnaməsindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin . Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar