Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3889/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və borca görə əsassız silinmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər:borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(007)-752/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 15001089 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya su və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, iddiaçının cavabdehə borcu yaranmışdır. 2.Hazırda iddiaçı əsassız hesablanmış 199,52 manat borcun silinməsi və hesabından hər ay əsassız borca görə silinmiş məbləğlərin geri qaytarılmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və borca görə əsassız silinmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə qarşı əsassız hesablanmış 199,52 (yüz doxsan doqquz manat əlli iki qəpik) manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək 150001089, **********121 saylı abunə kodu abonent hesabından (saldo) silinməsi və hesabından hər ay əsassız borca görə silinmiş məbləğlərin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə su sayğacının quraşdırılması barədə onunla cavabdeh "xxxx" ASC arasında su paylayıcısı ilə məişət su qurğusu istifadəçisi arasında suyun alğı-satqı müqaviləsi bağlanıb və həmin müqavilə əsasında onun mülkiyyətibdə olan evə su sayğacı quraşdırılıb və 150001089, **********121 saylı abunə kodu nömrəli sayğac quraşdırılıb. Bundan sonra, 2021-ci ilin yanvar ayında "xxxx" ASC tərəfindən ona cərimə tətbiq olunması və 255 manat borcun yaranması bildirilib və hər ay ödədiyi məbləğlərdən müəyyən hissəsi həmin borcun silinməsinə sərf edilib. Halbuki, o, tək yaşayır və aylıq su sərfiyyatı 50 manat məbləğ təşkil edə bilməz. O, 2021-ci ilin yanvar ayından Su idarəsinin əməkdaşlarına su sayğacına hər hansı müdaxilə etmədiyini, əsassız hesablanmış borcun silinməsini xahiş etsə də, borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilib. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ASC-nin sözügedən hərəkətləri ilə onun istehlakçı hüquqlarını kobud şəkildə pozularaq üzərinə qanunsuz və əsassız öhdəlik qoyulub və pozulmuş hüquqlarının müdafiəsinin yalnız məhkəmə qaydasında mümkündür. Məhkəməyə təqdim edilmiş onun abonent saldosundan da görünür ki, evində sərf olunan suyun sərfiyyatında heç bir dəyişiklik baş verməyib. Bu hal da bir daha təsdiq edir ki, onun evində sayğacdan kənar sudan istifadə olunmayıb. Qeyd edilənlərə əsasən cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə qarşı əsassız hesablanmış 199,52 (yüz doxsan doqquz manat əlli iki qəpik) manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək 150001089, **********121 saylı abunə kodt abonent hesabından (saldo) silinməsi və hesabımdan hər ay əsassız borca görə silinmiş məbləğlərin geri qaytarılması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, o, tək yaşayır. 2021-ci ildə onun mənzilinə yeni sayğac quraşdırıldıqdan sonra o, 25 gün evdə olmayıb. O, evdə olmasına baxmayaraq 100 manatdan çox borc yazıldı. Aidiyyəti üzrə müraciət etsə də, ona borcu ödəməli olduğu deyildi. Dəfələrlə Cavabdeh ASC-nin əməkdaşlarına zəng vurub, lakin gəlib sayğaca baxdıqda göstəricilərinin normal olduğu bildirilib. 2021-ci ilin sonlarında ödəniş etməməsinin səbəbi ona 100 manat cərimə yazılması olub. 6.Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, iddiaçının yaşayış evdə əvvəl Smartkart tipli su sayğacı olub, 2021-ci ilin iyul ayında Smartkart tipli su sayğacının elektron hissəsi işləmədiyinə görə mexaniki sayğacla əvəz olunub. 2021-ci ilin iyul ayından iddiaçıya istifadə etdiyi qaza görə bildiriş təqdim olunub. 2021-ci ilin iyul ayından həmin ilin sonuna kimi iddiaçı tərəfindən heç bir ödəniş olmayıb, aylıq 10-20 manat olmaqla, ümumilikdə 53 manat dəyərində su işlədilib. 2022ci il üzrə 169 manat dəyərində su istifadə edilib, ondan 120 manat ödəniş edilib, 49 manat debitor borcu qalıb. 2023-cü il üzrə 208 manat dəyərində su istifadə edilib, 95 manat ödəmiş, 113 manat borcu qalıb. Sayğacın aylıq istifadəsi 12, 1, 4, 8, 14 manat olmaqla aylar üzrə dəyişir. Son 3 ay, yəni sentyabr, oktyabr və noyabr aylarında hər ay 31, 35, 51 manat dəyərində su istifadə etmişdir. İddiaçı 2024-cü ilin yanvar ayında 15 manat dəyərində su istifadə edib, dəyərini ödəyib və borcu qalmayıb. Sayğacda qüsur olması mümkün deyil. İddiaçının iddia etdiyi kimi sayğac həmişə 35 manat və 40 manat borc yazmayıb, əvvəllər 1, 4, 8 manat dəyərində borc yazılıb. 7.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) Bakı 05 aprel 2024-cü il tarixli, 2(007)-752/2024 saylı qətnaməsi ilə (hakim-Qumru Əliyeva) iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin dövlət büdəsinə aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 8.Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Hüsab Fakturanın surətindən görünür ki, abonent İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək 51 m3 su və çirkab su sərfiyyatı olmuş, borc 51 manat müəyyən edilmişdir. Dövr üzrə qalıq borc 199,52 manatdır, yekun ödəniləcək məbləğ 250,52 manatdır. 9.Abonent kartından görünür ki, İddiaçı 244,52 manat borcu vardır. 10.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixdə 15001089 nömrəli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya su və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, iddiaçının cavabdehə borcu yaranmışdır. Hazırda iddiaçı əsassız hesablanmış 199,52 manat borcun silinməsi və hesabından hər ay əsassız borca görə silinmiş məbləğlərin geri qaytarılmasını xahiş etmişdir. 11.Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh ASC ilə bağladığı xx.xx.2012-ci il tarixdə 15001089 nömrəli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya su və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. İddiaçının sayğacı sonuncu dəfə xx.xx.2021-ci il tarixdə quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra iddiaçı ilk ay üzrə (xx.xx.2021-xx.xx.2021) 5 manat, növbəti ay 33manat, 12 manat, 10 manat, 20 manat və 10 manat borc müəyyən edilib. İddiaçı isə 2021- ci il üzrə sonuncu ödənişinin xx.xx.2021-ci il tarixdə 2 manat etmişdir. Ümumiyyətlə 2021- ci il üzrə iddiaçının 136 manat borcu öhdəliyi olmuş, borc üzrə 53 manat ödəniş edilib (qalıq borc 83 manat), 2022-ci il üzrə 169 manat borc müəyyən edilib, 120 manat ödəniş edilib (qalıq borc 49 manat), 2023-cü il üzrə 208 manat borc üzrə 95 manat ödəniş edilib (qalıq borc 113 manat), 2024-cü ilin yanvar ayı üzrə 15 manat borc müəyyən edilib, 15 manat ödəniş edilib. xx.xx.2024-cü il tarixə iddiaçının 244,52 manat borcunun olduğu müəyyən edilir. Hazırda iddiaçının istifadəsində olan su sayğacında hər hansı qüsur olduğu müəyyən edilməyib və iddiaçı bununla bağlı cəmiyyətə rəsmi qaydada müraciət etməyib. 12.Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə götürdüyü öhdəliyə əməl edərək su və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcu vaxtlı-vaxtında ödəməlidir. Hazırda yaranmış borcun silinməsi əsasları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd edilən borc aylıq sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə formalaşmış borcdur. İddiaçı həmin borcun əsassız olaraq hesablandığını qeyd etsə də, buna dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. 13.Məhkəmə iddia tələbinin “hesabından hər ay əsassız borca görə silinmiş məbləğlərin geri qaytarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb borcun silinməsi tələbindən törəmə tələbdir. İddia ilk hissədə təmin edilməyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. 14.Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 139.1-ci: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1-ci: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26, 62-ci: AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.9.2-ci yarımbəndinə: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5, 9.1.14-cü: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsi işə baxarkən yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlarla kifayətlənmiş, həmin saldoda qeyd edilmiş su sərfiyyatının həqiqətən də iddiaçı tərəfindən sərf edilməsi və ödənilmiş məbləğlərdən artıq məbləğdə suyun sərf edilib edilməməsini araşdırmamışdır. Belə ki, onun yaşayış evində həqiqətən əvvəl Smartkart tipli su sayğacı olub, 2021- ci ilin iyul ayında Smartkart tipli su sayğacının elektron hissəsi işləmədiyinə görə mexaniki sayğacla əvəz olunmuşdur. Lakin mexaniki sayğac quraşdırıldığı vaxtdan hal-hazırkı vaxtadək suyun sırf olunmadığı müddətdə də belə, iddiaçının evdə olmadığı müddətdə suyun axıdılmadığı müddətdə də sayğacda sərfiyyat görünür. Dəfələrlə cavabdehə müraciət edərək, sayğacın göstəricilərinin real su sərfiyyatını əks etdirmədiyini, tək yaşadığından, 09-dan 19:00-dək evdə olmadığından, aylıq 40-50 manat dəyərində su sərfiyyatının mümkün olmamasını dəfələrlə bildirmişdir. Lakin cavabdehin əməkdaşları nə sayğacı dəyişdirməkdən, nə də mütəxəssislər tərəfindən baxış keçirməkdən imtina etmişlər. Hətta məhkəmə araşdırması davam etdiyi müddətdə, hər ay aylıq su sərfiyyatı üçün ödənişlər etməsinə baxmayaraq, borcu 199 manatdan 250 manata qədər artmışdır. Birinci instansiya məhkəməsi isə iş üzrə heç bir araşdırma aparmadan, sayğaca mütəxəssislər tərəfindən baxış keçirmədən, iş üzrə borcun düzgün hesablanıb-hesablanmamasını müəyyənləşdirmək üçün ekspertiza təyin etmədən, iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 20.Cavabdeh ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 21.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 23.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 24.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 25.Maddə 3.İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 26.Maddə 135.1.Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 27.Maddə 139.1.Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:
28. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 2.1.9.2-ci yarımbəndinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər. 29.Maddə 59.3.Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 30.Maddə 62.Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 33.Maddə 77.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ASC ilə bağladığı xx.xx.2012-ci il tarixdə 15001089 nömrəli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya su və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. İddiaçının sayğacı sonuncu dəfə xx.xx.2021-ci il tarixdə quraşdırılmışdır. Sayğac quraşdırıldıqsan sonra iddiaçı ilk ay üzrə (xx.xx.2021-xx.xx.2021) 5 manat, növvəti ay 33manat, 12 manat, 10 manat, 20 manat və 10 manat borc müəyyən edilib. İddiaçı isə 2021- ci il üzrə sonuncu ödənişinin xx.xx.2021-ci il tarixdə 2 manat etmişdir. Ümumiyyətlə 2021- ci il üzrə iddiaçının 136 manat borcu öhdəliyi olmuş, borc üzrə 53 manat ödəniş edilib (qalıq borc 83 manat), 2022-ci il üzrə 169 manat borc müəyyən edilib, 120 manat ödəniş edilib (qalıq borc 49 manat), 2023-cü il üzrə 208 manat borc üzrə 95 manat ödəniş edilib (qalıq borc 113 manat), 2024-cü ilin yanvar ayı üzrə 15 manat borc müəyyən edilib, 15 manat ödəniş edilib. xx.xx.2024cü il tarixə iddiaçının 244,52 manat borcunun olduğu müəyyən edilir. Hazırda iddiaçının istifadəsində olan su sayğacında hər hansı qüsur olduğu müəyyən edilməyib və iddiaçı bununla bağlı cəmiyyətə rəsmi qaydada müraciət etməyib. 39.İddiaçı hesablanmış borcun əsassız olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. 40.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 41.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 42.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 43.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 44.Göründüyü kimi, iddiaçıya hesablanmış borcun əsassız olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Habelə iddiaçı tərəfindən su sayğacında nasazlıq olması və dəyişdirilməli olması ilə Cavabdeh ASC-yə müracət edilməsi iş materiallarından görünmür. 45.Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsassız hesablanmış borcun silinməsi və ondan törəmə olan hesabından hər ay əsassız borca görə silinmiş məbləğlərin geri qaytarılması ilə bağlı iddia tələblərini təmin etməyərək qanuni və əsaslı nəticəyə gəlmişdir. 46.Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(007)-752/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 47.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 48.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 49.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 50.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 51.Kollegiya hesab edir ki, dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq düzgün olaraq cavabdehdən tutulmuşdur. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(007)-752/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov