Məhkəmə qərarları › İş №2(103)-3893/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3893/2022

07.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3893/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Şıxsəfa oğlunun, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil oğunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(006)-6158/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış Şəmkir rayonu ərazisində yerləşən Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində 200 ha. torpaq sahəsi üzərində kompensasiya alanın quraşdırdığı ümumi sahəsi 535 kv.m. olan müxtəlif müvəqqəti daşınar qurğu və tikililərin müqabilində iddiaçıya kompensasiya verən xüsusi qiymətləndirmə şirkətinin rəyinin və tərəflərin qarşılıqlı razılığı əsasında kompensasiyanın verilməsini təsdiq edən Şəmkir rayon notariat kontoru tərəfindən təsdiq edilmiş 18 iyun 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və 77447 manat məbləğində zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunun qış otlaq sahəsinin 27 saylı hissəsində iddiaçının xüsusi mülkiyyətində ümumi sahəsi 535 kv.m. olan kənd təsərrüfatı təyinatlı Əmlak Kompleksi kimi müəssisə vardı. Həmin ərazidə 200 ha torpaq sahəsində mal-heyvan saxlamaqla həmin əmlak kompleksi fəaliyyət göstərirdi. Tikili ilə bağlı iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli “Çıxarış” da verilmişdir. Əmlak kompleksi "xxxx" MMC-nin qiymətləndirici mütəxəssisləri tərəfindən bazar qiyməti ilə qiymətləndirmə işi həyata keçirilmişdir. Aparılmış hesablamalara əsasən əmlak kompleksinin 27 mart 2019-cu il tarixinə bazar dəyəri 95500 manat təşkil edir. Lakin son dövrlər ərzində Şəmkir rayonunda baş verən hadisələr iddiaçıya məxsus əmlakdan da yan keçməmişdir. Məlum təzyiqlər nəticəsində Cavabdeh MMC iddiaçıya məxsus əmlak kompleksinin sökülməsi barədə iddiaçıya müqavilə imzalatmışdır. Həmin dövrdə yaranmış şəraitlə bağlı iddiaçı həmin müqavilədə nə yazıldığının mahiyyətini bilmədən imza etmişdir. 95500 manat dəyəri olan əmlak kompleksini cəmisi 14843 manat qiymətləndirərək tərtib etdikləri 18 iyun 2020-ci il tarixli akta və eyni tarixli “Qurğu və tikililərin daşınması haqqında” müqaviləyə imza etdirmişlər. Kompleksin sökülüb daşınmasına görə isə iddiaçıya 3210 manat, ümumilikdə isə 18053 manat pul ödəmişlər. Bununla da cavabdeh iddiaçını aldatmaqla ona külli miqdarda ziyan vurmuşdur. Odur ki, cavabdeh tərəfindən iddiaçının əmlak kompleksinin dəyərinin qalan hissəsi, yəni 77447 manat iddiaçıya ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(006)- 6158/2021 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçıya əmlakının dəyərinin 95500 manat olması mübahisələndirilən müqavilədən əvvəl məlum idi. Lakin, iddiaçı məcburiyyət nəticəsində müqaviləni bağlamışdır. Buna baxmayaraq iddiaçının müqavilə bağlamağa məcbur olunmasına dair konkret sübutları yoxdur. Hesab edir ki, iddiaçıya əmlakının dəyərini tam ödənilməmiş, bu səbəbdən də 77447 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdikləri izahata uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, formal mülahizələrdən çıxış etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsi İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1 saylı reyestr kitabının 51 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan "Uniprice” MMC tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində yerləşən 259,71 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin 27 mart 2019-cu il tarixinə bazar dəyəri 95.500 manat təşkil edir. İşdə olan "REC-İNVEST” MMC tərəfindən verilmiş 14 iyun 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu (Ceyrançöl qış otlaq sahələri) ərazisində yerləşən, təqdim edilən siyahıya uyğun olaraq icarədə olan torpağın üzərində yerləşən tikili və qurğuların, avadanlıqların, inventarların və çoxillik əkmələrin bazar dəyəri 14 iyun 2019-cu il tarixə 14.843 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli kompensasiya ödənişləri üzrə aktdan görünür ki, xx.xx.2020-ci il tarixli kompensasiya müqaviləsinə əsasən İddiaçı ƏMDK yanında DƏDRX-nin MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Şəmkir rayonu ərazisində yerləşən Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində 200 hektar torpaq sahəsi üzərində kompensasiya alanın quraşdırdığı ümumi sahəsi 535 kv.m olan quraşdırdığı daşınar qurğu və tikililərin müqabilində "xxxx" MMC şirkəti tərəfindən ona ödənilən məcmu 14.843 manat kompensasiya vəsaiti aldığını və bundan sonra heç bir iddialarının olmamasını təsdiq edir. İşdə olan Şəmkir rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu S.H.Qurbanov tərəfindən təsdiq edilmiş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18 iyun 2020-ci il tarixli müqavilədən görünür ki, Şəmkir rayonu ərazisində yerləşən Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində 200 hektar torpaq sahəsi üzərində kompensasiya alan İddiaçı quraşdırdığı ümumi sahəsi 535 kv.m olan quraşdırdığı daşınar qurğu və tikililərin müqabilində "xxxx" MMC şirkəti xüsusi qiymətləndirmə şirkətinin rəyi və tərəflərin qarşılıqlı razılığı əsasında kompensasiya verir, kompensasiya alan isə bu məbləği alaraq heç bir narazılığının olmaması haqqında iltizam verir. Kompensasiyanın cəmi məbləği 14.843 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli akt və eyni tarixli “Qurğu və tikililərin daşınması haqqında” müqavilə bağlanmışdır. Hazırda iddiaçı həmin müqavilənin və aktın etibarsız hesab olunmasını tələb edir. İddiaçı xx.xx.2020-ci il tarixli müqavilədə göstərilən şərtlərlə razılaşaraq cavabdeh MMC ilə həmin müqaviləni bağlamışdır. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Şəmkir rayonu, Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində yerləşən əmlak kompleksi kimi müəssisənin qiymətləndirmə rəyi xx.xx.2019-cu il tarixdə alınıb, sözügedən müqavilə isə sonradan, yəni xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Bu fakt onu göstərir ki, iddiaçı müqavilə bağlayarkən əmlakın qiymətləndirilməsi ilə bağlı rəydən məlumatlı olmuşdur. Bununla yanaşı, iddiaçı bir tərəfdən cavabdeh ilə aralarında bağlanmış Şəmkir rayon Notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, digər tərəfdən isə həmin əmlak kompleksinin dəyərinin ödənilməmiş hissəsi kimi 77447 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir ki, bu da ziddiyyətlidir. Həmçinin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddətini də ötürmüşdür. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, yəni mübahisə predmeti olan əqdin mübahisələndirilməsi üçün tələb hüququnun mövcudluğu; 2) Əgər müvafiq sübyektiv hüquq mövcuddursa, cavabdehin etirazları da nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddia müddətinin keçib-keçməməsidir. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilməlidir ki, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Tərəflər arasında xx.xx.2020-ci il tarixli akt və eyni tarixli “Qurğu və tikililərin daşınması haqqında” müqavilə bağlanmışdır. Hazırda iddiaçı həmin müqavilənin və qiymətləndiricinin rəyinin etibarsız hesab olunmasını tələb etməklə, əlavə olaraq pul tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müqavilə tərəfi kimi əqdi mübahisələndirməkdə subyektiv hüquqları olsa da, iddia əsassızdır. Belə ki, Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İddiaçı əqdin məcburetmə (zorakılıq, hədələmə) nəticəsində bağlanmasını iddia etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, tələbini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığına əsas ola biləcək halları məhkəmə araşdırması zamanı sübut edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Bununla yanaşı, iddiaçı aldadılmasını, müqavilədə əmlakının dəyərinin az göstərilməsini qeyd etmiş, sübut kimi "Uniprice” MMC tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli mütəxəssis rəyini təqdim etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli müqavilədə göstərilən şərtlərlə razılaşaraq cavabdeh MMC ilə həmin müqaviləni bağlamışdır. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Şəmkir rayonu, Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində yerləşən əmlak kompleksi kimi müəssisənin qiymətləndirmə rəyi xx.xx.2019-cu il tarixdə alınıb, sözügedən müqavilə isə xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Bu fakt onu göstərir ki, iddiaçı müqavilə bağlayarkən əmlakın qiymətləndirilməsi ilə bağlı rəydən məlumatlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin bildirir ki, əqdin aldatma yolu ilə bağlanmasını da sübut edə bilməmişdir. MM-in 339.1-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində suslan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə biləbilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Beləliklə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. İddiaçı əqd bağlanılarkən aldadıldığını (yuxarıda sadalanan halların mövcudluğunu) sübut etmək yükünü daşıyır. İddiaçı isə əqdin aldatma yolu ilə bağlanmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bu halın mövcudluğunu yalnız özünün izahatı ilə əsaslandırmağa çalışmışdır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı əmlakının qiyməti barədə təqdim etdiyi rəyi müqavilənin bağlanmasından 01 il 03 ay əvvəl əldə etmişdir və belə olan halda qiymət barədə aldadılmasının nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. Həmçinin, müqavilədə müvafiq qiymət tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir (eyni zamanda, işdə olan "xxxx" MMC-nin 14 iyun 2019-cu il tarixli rəyindən görünür ki, müqavilə bağlanmazdan əvvəl müvafiq tikili və qurğuların dəyərinin müəyyən olunması üçün qiymətləndirici dəvət olunmuş və əmlakların bazar dəyəri 14843 manat müəyyən olunmuş, tərəflər də həmin qiymətlə razılaşaraq, ona uyğun müqavilə bağlamışlar). Bununla yanaşı, iddiaçının təqdim etdiyi rəydən görünür ki, orada əmlak kompleksi kimi müəssisənin bazar dəyəri müəyyən olunmuşdur. Lakin, tərəflər arasında bağlanmış 18 iyun 2020-ci il tarixli müqavilənin predmetini iddiaçının (kompensasiya alanın) quraşdırdığı müvəqqəti daşınar qurğular və tikililər təşkil etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əqdin mübahisələndirilməsi üçün iddia müddətini də ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qanunvericiliyin qeyd olunan normaları onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İşdən göründüyü kimi, müqavilə 18 iyun 2020-ci il tarixdə bağlanmışdır və iddiaçının iddia etdiyi məcburetmə hərəkətləri ilə bağlı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün, eləcə də aldadılmasını bildiyi tarix məhz həmin tarix hesab olunmalıdır. İddiaçı isə hazırki tələblə məhkəməyə 08 sentyabr 2021-ci il tarixdə, yəni 01 il 02 aydan çox müddət keçdikdən sonra müraciət etmiş, bununla da müddəti ötürülmüşdür. Bu halın özü də (iddianın əsassızlığı ilə bağlı yuxarıda qeyd edilənlərlə yanaşı) iddianın rədd olunması üçün qanuni əsas təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsi «Novakovic Xorvatiyaya qarşı» iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli Qərarları). Qeyd edilənlərə yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia digər hissələrdə (77447 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və s.) də əsassızdır. Yuxarıda qeyd edilənlər də nəzərə alınmaqla, iddiaçı həmin hissələrdə də tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbini əsaslandırmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(006)-6158/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(006)- 6158/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar