Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3899/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə “subroqasiya qaydasında pul tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “subroqasiya qaydasında pul tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1334/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 260 (iki yüz altmış) manat pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli, xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilə “Daşınmaz əmlakın icbari sığortası” müqaviləsi ilə İddiaçı ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh mənzilindən su axıdılması nəticəsində, mənzilə qismən zərər dəymişdir. Hadisə öz təsdiqini 145 saylı MKİS-in 30 iyun 2020-ci il tarixli aktında tapmışdır. Baş vermiş hadisə ilə bağlı, 260 (iki yüz altmış) manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edirik ki, ödənilmiş 260 (iki yüz altmış) manat məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1334/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim İlkin Əliyev) ilə iddianın təmin edilməsi, Cavabdeh 260 (iki yüz altmış) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 23.1 və 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra sığortaçının müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Göründüyü kimi, hazırki norma göndərici hüquq norması olmaqla, həmin Qanunun 25-ci maddəsinə istinad edərək, sığortaçının icbari sığorta üzrə subroqasiya hüququnun hansı “müvafiq şəxslərə” qarşı və hansı hallarda yaranmasının əsaslarını müəyyən edir. Göründüyü kimi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən hazırki icbari sığorta hadisəsi üzrə sığortaçının ona qarşı subroqasiya hüququ yaranmamışdır. İşin hallarından müəyyən olunduğu kimi, qeyd olunan qanunun 25.1.1 – 25.1.8-ci maddəsində göstərilən hallar hazırki icbari sığorta hadisəsi üzrə mövcud deyildir. Bundan başqa, qeyd olunan qanunun 25-ci maddəsində göstərilən hallar mövcud olsa belə, qanunun mənasına görə sığortaçının verdiyi sığorta ödənişi məbləğində yalnız sığortalıya və sığorta olunana qarşı subroqasiya hüququ yarana bilər. İcbari sığorta üzrə sığortaçı "xxxx" ASC-nin subroqasiya hüququ qaydasında mənə qarşı iddia tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun preambulasından da göründüyü kimi, bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləyir. Yəni Qanunun preambulası ilə subyektlərin dairəsi dəqiq müəyyən edilmişdir. Bu isə öz növbəsində icbari sığorta üzrə sığortaçı "xxxx" ASC-nin subroqasiya hüququ qaydasında ona qarşı iddia tələbi irəli sürməsi üçün subyektiv hüququnun olmadığını bir daha təsdiq edir. Sığorta hadisəsi zamanı, yəni 27 iyun 2020-ci il tarixdə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1A, mənzil 17 icbari sığorta olunmuşdur. Bu səbəbdən sığorta hadisəsi zamanı sığortaçı tərəfindən mənzilə baxış keçirilmiş və buna dair müvafiq akt tərtib edilmişdir. Mənzilin icbari sığorta müqaviləsi 2020-ci ildə bağlanıldığından və həmin vaxtdan uzun müddət (təxminən 4 il) keçdiyindən buna dair müvafiq sənədlər (icbari sığorta müqaviləsi, qəbz, akt və sair sənədlər) bu günə kimi onda saxlanılmamış və hansı sığorta şirkəti tərəfindən sığortalanmasını xatırlamır. Mənzilin icbari sığortası barədə məlumatların əldə edilməsi üçün tərəfindən İcbari Sığorta Bürosuna və Azərbaycan Respublikası Mərkəzi Bankına xx.xx.2024-cü il tarixli sorğular göndərilmiş, lakin məlumatların əldə edilməsi heç bir nəticə verməmişdir. Bundan başqa, məhkəmə iclası zamanı məhkəməyə sübutların tələb olunmasına dair vəsatət verilmiş, lakin məhkəmə tərəfindən təmin olunmamışdır. Tam, hərtərəfli və obyektiv məhkəmə araşdırmasının keçirilməsi məqsədi ilə adıçəkilən mənzilin 2020-ci il üzrə icbari sığorta müqaviləsi barədə məlumatların əldə edilməsi üçün İcbari Sığorta Bürosuna sorğu göndərilməli və həmin məlumatlar əldə edilməlidir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, həmçinin qeyd etdi ki, ondan asılı olmayan səbəblərdən qonşusunun evinə su sızmışdır. Bununla bağlı olaraq qonşusu Naiq Həsənovla şifahi razılığa gələrək su sızması nəticəsində onun mənzilinə dəymiş zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti ödəmişdir, lakin 500 manat ödəməsinə dair sübutu yoxdur. İddiaçının hazırkı tələbi isə əsassız olmuşdur.
6. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
8. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1 A, mənzil 15 "xxxx" ASC-də “daşınmaz əmlakın icbari sığortası” sığorta növü ilə sığortalanmışdır. Sığorta şəhadətnaməsi üzrə sığorta məbləği 25000 manat, azadolma məbləği isə 250 manat məbləğdə müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2020-xx.xx.2021-ci il dövrü əhatə etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının mənzilindən sığortalı əmlaka su axma nəticəsində sığorta hadisəsi baş vermişdir. Həmin sığorta hadisəsi nəticəsində zərərin məbləği 510 manat müəyyən edilmiş və 250 manat azadolma məbləği çıxılmaqla sığortalıya 260 manat ödənilmişdir. Sığorta hadisəsi nəticəsində dəyər zərərin qiyməti müstəqil ekspert tərəfindən müəyyən edilmiş, sığorta hadisəsi ilə bağlı isə 145 saylı MKİS-nin mühəndisi, mühasibi, santexnik-çilingəri tərəfindən xx.xx.2020-ci il tarixdə AKT tərtib edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
10. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. 897.4-cü maddəsinə əsasən icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
12. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
13. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
14. 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.
15. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
16. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun:
19. 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
20. 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.
21. 23.1.6. sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır.
22. 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
23. 35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
24. 36.1.5. Su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
25. 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manatdır.
26. 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
27. 42.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
28. 42.2. Təyinatı bu Qanunun 42.3-cü maddəsi ilə müəyyən edilmiş hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.
29. 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
30. 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
36. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
37. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
41. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
44. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, mülki iş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1 A, mənzil 15 "xxxx" ASC-də “daşınmaz əmlakın icbari sığortası” sığorta növü ilə sığortalanmışdır. Sığorta şəhadətnaməsi üzrə sığorta məbləği 25000 manat, azadolma məbləği isə 250 manat məbləğdə müəyyən edilmişdir.
47. Həmçinin cavabdeh mənzilindən sığorta olunan mənzilə su axması və bunun nəticəsində zərər dəyməsi halını mübahisələndirməmişdir.
48. Bundan başqa sığorta hadisəsi nəticəsində zərərin məbləği 510 manat müəyyən edilmiş və 250 manat azadolma məbləği çıxılmaqla sığortalıya 260 manat ödənilmişdir.
49. Göründüyü kimi baş vermiş hadisə zamanı cavabdehin təqsiri sübuta yetirildiyindən və hadisə zamanı “daşınmaz əmlakın icbari sığortası” sığorta növü ilə sığortalanmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1 A, mənzil 15-ə zərər yetirildiyindən eləcə də həmin hadisə nəticəsində dəymiş zərərin əvəzi iddiaçı tərəfindən ödənildiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
50. Bundan başqa birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda subroqasiya hüququnun yaranması əsasları yalnız mülki məsuliyyətin icbari sığortasına münasibətdə tənzimlənmişdir. Yəni qeyd olunan qanunda daşınmaz əmlakın digər sığorta növü üzrə, yəni “daşınmaz əmlakın icbari sığortası” ilə bağlı subroqasiya hüququ ilə bağlı məsələlər tənzimlənməmişdir. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, həmin icbari sığorta növü üzrə subroqasiya hüququ ilə bağlı münasibətlər Mülki Məcəlləyə əsasən tənzimlənməlidir.
51. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, qeyd olunan hissəyə dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmuşdur.
52. Beləliklə, Kollegiya bildirir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
53. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində sığortalıya zərər vurulduğundan və tələb olunan məbləğdə sığortaçı tərəfindən faydalanan şəxsə sığorta ödənişi edildiyindən iddiaçının həmin məbləğdə zərərvurana qarşı subroqasiya hüququ əsaslı hesab edilməsi barədə birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməklə iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətləri təmin olunmadığından şikayətlərin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəfin özünə aid edilməlidir.
56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1334/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.