Məhkəmə qərarları › İş №2(103)-3900/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3900/2021

19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3900/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2535/2020 saylı 30 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvandakı evə köçürülməsi tələbinə 20 000 manat kompensasiya verilməklə xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2535/2020 saylı 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməklə Cavabdeh ünvan 1 ünvandakı evdən 20.000 (iyirmi min) manat kompensasiya ödənilməklə çıxarılması, İddiaçı tərəfindən iddia verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, hazırki mübahisə ilə bağlı tərəflər arasında olan məsələ məhkəmə qaydasında baxılmış, tərəflər öz mövqelərini bildirmişlər. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(007)-494/2019 saylı qətnaməsi ilə iddiaçı Allahverdiyeva (hazırda Şirinova) Zəminə Qərib qızının cavabdeh İddiaçı qarşı yaşayış evin sahiblik, istifadə və köçürülmə tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh Bakı şəhəri Keşlə qəsəbəsi A.Mirzəyev küçəsində yerləşən 13 B saylı evinə köçürülməsi qət olunmuşdur. Qeyd olunan məhkəmə qətnaməsi ilə də təsdiq olunmuşdur ki, həmin ev özbaşına tikilidir və heç kəsə mülki qanunvericilik əsasında mənsub deyil və heç kəsin mülkiyyət hüququ qeyd olunan evə rəsmi dövlət reyestrində tanınmamışdır. Həmin qətnamədən görünür ki, İddiaçı mənzilə köçürülməyə dair hissədə razı olmuş və etiraz etməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(103)- 8346/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi köçürülməyə dair hissədə qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 28 fevral 2020-ci il tarixli 1(102)-628/2020 saylı qərarı ilə həmin qətnamədən İddiaçı tərəfindən verilən kassasiya şikayəti təmin olunmamışdır. Hazırki məhkəmə qətnaməsinin təsviri hissəsində qeyd olunmuşdur ki, guya iddiaçı onların yaşayışına mane olur, onları polisə verməklə hədələyir və s. İlk öncə bildirmək istəyir ki, bütün bunlar tamamilə yalandır. O ki, qaldı məhkəmə qətnaməsinin əsaslandrıma hissəsinə hesab edir ki, məhkəmə qətnamə qəbul edən zaman düzgün maddi normalara və məhkəmə qərarlarına istinad etməmişdir. Belə ki, məhkəmə qətnaməsində R.Ağalarovun işi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad etmişdir və qeyd olunan qərarı şərh edərək bildirmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur və istifadə hüququnun yaranmaması səbəbindən asılı olmayaraq mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi işə baxan zaman əvvəlki məhkəmə qətnamələrini araşdırmamışdır. Belə ki, mübahisəli ev özbaşına tikilidir və heç kəsin həmin evə dair mülkiyyət hüquqları tanınmamış, həmçinin İddiaçı rəsmi dövlət reyestrində qeyd olunan mənzilin mülkiyyətçisi kimi qeydiyyata alınmamışdır. İkincisi, həmin evin ikinci mərtəbəsi onun hesabına tikilmiş, təmir olunmuşdur və sahəsi təxminən 80 kv.m-dən çoxdur. Ona 20.000 manat kompensasiya məbəği haradan çıxarılır və necə hesablanır, İddiaçı iddia ərizəsində qeyd etdiyi cümlələrlə? Və məhkəmənin özünün də qeyd etdiyi kimi 20000 manat davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitilə müqayisədə oxşar yaşamaq imkan verilməsi kifayət hesab edilə bilər. Sual yaranır ki, məhkəmə necə müəyyən etdi ki, 20000 manat kompensasiya onun əvvəlki şəraitinə oxşar şəraitin yaradılması üçün imkan verəcək. Məhkəmə qətnaməsi ehtimallara əsaslanmamalı, kifayət qədər dəqiq olmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil oğlu bildirdi ki, tərəflər arasında barışıq alınmadı, mövqelərində qalırlar. Cavabdehin rəsmi nikahda olub-olmaması barədə məlumatı yoxdur. Şəxsi həyatı olduğu üçün o barədə soruşmamışdır. Cavabdeh özü mübahisəli evdə yaşamır, anası qonşuluqda yaşayır. Məhkəmə qətnaməsi ilə mübahisəli evə köçürülməsi nəzərdə tutulsa da bu baş tutmamışdır. Bütün bunlara baxmayaraq, əgər iddiaçı tərəf dərhal 20000(iyirmi min) manat kompensasiya verərsə cavabdeh iddianı qəbul edə bilər. Lakin iddiaçı tərəf qeyd olunan məbləği hazırda vermək istəmir, yalnız evi satdıqdan sonra bu məbləği vermək istəyir ki, bununla da cavabdeh razılaşmır. Məhkəmə iclasında İddiaçı bildirdi ki, cavabdeh onun keçmiş gəlinidir. Cavabdehin uşağı olan 2 nəvəsi var, 1 nəvəsi özü ilə qalır. Onun üzünü görmür. Digər uşağı da anasının yanında qalır. Oğlu evlənib, kirayədə yaşayır. Cavabdeh 2018-ci ildən orada yaşamır. Yenidən ailə qurduğu şəxslə yaşayır. Cavabdeh o evdə yaşamayıb. Evin ümumi qiyməti 60-70 min manat olar. Evdə 10- 12 nəfər yaşayır. Bakı Apellyasiya Məhkəməsinin qərarı çıxanda cavabdeh 2-ci dəfə ailə qurmuşdu. O, indi nağd pul verə bilmir. Ona vaxt verilsə, gedib evi satar, cavabdehin pulunu verər. Cavabdeh hazırda başqası ilə nikahdadır. O, dəfələrlə bildirmişdir ki, pulu verir. Amma ev satılsın, sonra verə bilər. Hazırki vəziyyətdə 20.000 manatı o necə tapsın? O məbləğdə pulu yoxdur. Cavabdehin anası qonşuluqda yaşayır. O, hər dəfə evə müştəri tapanda gəlib səs-küy yaradır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(007)-494/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 ünvan 1 saylı evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli 2(103)-8346/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edillərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(007)- 494/2019 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi X1 ünvan 1 saylı evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli 2(102)-628/2020 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı ünvan 1 ünvandakı evdə qeydiyyatdadır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1- 13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ünvan 1 ünvandakı evə köçürülmüşdür. Hazırda İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, mübahisəli mənzil xüsusi müllkiyyət kimi qeydə alınmamışdır. Tərəflər arasında hazırki mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadığı üçün, məhkəmə hesab edir ki, analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğini, mübahisəli mənzilin yerləşdiyi ərazidə mənzilin aylıq kirayə haqqının dəyərini, cavabdehin mübahisəli mənzildə yaşadığı müddəti, onun əmək qabiliyyətli olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən təklif edilən 20 000 (iyirmi min) manat məbləğində pul cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş evdən kompensasiya verilməklə çıxarılma tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi də analoji münasibətləri tənzimləyən hüquq normalarına uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin qeydiyyatdan keçməmiş evə iddiaçının və cavabdehin hansı hüquqlarının olub-olmaması ilə bağlıdır. Belə ki, həmin ev əvvəldən iddiaçıya məxsus olmuş, cavabdeh isə iddiaçının oğlu ilə 2007-ci ildə rəsmi nikaha daxil olduğu üçün həmin evə gəlin kimi köçmüş və 2018-ci ilədək, yəni nikahları pozulanadək bu evdə yaşamışdır. Cavabdehin sonradan məhkəmə qətnaməsi ilə mübahisə evə hər hansı biri hüququnu tanımadan, yalnız yaşaması üçün köçürülməsi qət edilsə də, lakin cavabdehi bu evə köçüb yaşamaq istəmir. Hazırda iddiaçı 20000(iyirmi min) manat kompensasiya verməklə cavabdehin məhkəmə qətnaməsi ilə köçürülməsi nəzərdə tutulan evdən çıxarılmasını tələb edir və birinci instansiya məhkəməsi də bu iddianı təmin etmişdir. İkincisi, işdən, o cümlədən apellyasiya baxışı zamanı da müəyyən edildi ki, tərəflər keçmiş qaynata və gəlin münasibətlərində olsalarda onlar arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, mübahisəli evdə hal-hazırda iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır, cavabdeh olan keçmiş gəlini isə həmin evdə yaşamır. Demək cavabdehin həmin evə köçəcəyi vəziyyətdə belə onların təhlükəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün olmuşdur. Üçüncüsü, işdən o da aydın olur ki, cavabdeh mübahisəli evdə qeydiyyatda olsa da faktiki olaraq başqa yerdə, iddiaçının bəyan etməsinə görə yeni qurduğu ailəsi ilə birgə yaşayır. Demək, cavabdehin mübahisəli evdə yaşaması üçün əsas və zərurət olmamış, başqa sözlə mübahisəli qeydiyyatdan keçməmiş evin yaşayış sahəsindən istifadə etməyə ehtiyacı olmamış yaxud bu ehtiyac uzun müddət əvvəldən aradan qalxmışdır. Dördüncüsü, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili iddiaçının təklif etdiyi məbləği dərhal ödəyəcəyi təqdirdə cavabdehin iddianı qəbul edəcəyinə etirazı olmadığını bildirdi. Demək, iddiaçı qeyd olunan məbləği real olaraq cavabdehə verəcəyi halda, cavabdehin iddianı etiraf edəcəyi də mübahisəsizdir. Bu halın özü də şikayətin təmin olunmasını istisna edən hal kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, bu hissədə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2535/2020 saylı 30 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar