Məhkəmə qərarları › İş №2(103)-3901/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3901/2022

27.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3901/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh İstehslat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli qətnaməsindən Cavabdeh İstehslat Birliyinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında təbii qazdan istifadə ilə bağlı 23.06.2021-ci il tarixli, ******* akta əsasən hesablanmış 1.214,60 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 1.214,60 manat borc silinsin, habelə 32 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. “Gasrep” adlı arayışdan (iş v. 6) görünür ki, 2021-ci ilin iyul ayı üçün ünvan 1 ünvanı üzrə iddiaçıya 1.214,6 manat borc hesablanıb. Bu borc “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23.06.2021-ci il tarixli, ******* nömrəli akta (iş v. 7) əsasən hesablanıb. Aktda qeyd olunub: “Mexaniki və elektron göstərici arasında fərq var. İstismar müddəti bitmişdir”. Məhkəmə iclasının protokolundan görünür ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda qazdan qeyri-qanuni istifadə olunduğu aşkar olunmuş, bu barədə müvafiq akt tərtib edilmiş, ziyan hesablanaraq istehlakçının hesabına yönəldilmişdir. Apellyasiya şikayətində isə cavabdehin nümayəndəsi qeyd edib ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən çəkilmiş fotoşəkildən görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Lakin belə fotoşəkil məhkəməyə təqdim olunmayıb. O cümlədən iddiaçının qazdan qeyri-qanuni istifadə etdiyini və ya sayğaca müdaxilə etdiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar