Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3906/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməs tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(011)-833/23 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Abşeron rayon, Qobu qəsəbəsindəki mənzildə yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2022 ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1581,12 manat və xx.xx.2022-ci il tarixli ******* saylı aktın əsasında 2030,40 manat məbləğin hesab kodundan (kod: **********9954) cəmi 3611,52 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh “‘Azəriqaz" İB-nin nümayəndələri tərəfindən xx.xx.2022- ci il tarixdə iddiaçıya məxsus Abşeron rayon, Qobu qəsəbəsindəki mənzilin qaz sayğacına iddiaçının iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunduğu barədə iddiaçının imzası olmadan ******* saylı akt tərtib olunaraq hesab koduna (kod:0**********9954) 1581,12 manat (min beş yüz səksən bir manat) əsassız olaraq cərimə hesablanmışdır.Bundan başqa xx.xx.2022-ci il tarixdə "Azəriqaz" İB-yi nümayəndələri tərəfindən məxsus mənzilin qaz sayğacına iddiaçının iştirakı olmadan təkrar baxış keçirilmişdir. Baxış zamanı iddiaçının imzası olmadan ******* saylı akt tərtib edilərək koduna 2030,40 manat (iki min otuz manat qırx qəpik) əsassız cərimə yazılmışdır.İddiaçı bildirir ki, o birinci qrup əlildir. 28.12,2017-ci il tarixdə Cavabdeh İB-i ilə 71513 saylı qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İddiaçı hesab edir ki, aşağıdakılara əsasən “Azəriqaz" İB-nin hesabladığı cərimə qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan ünvanda akt tərtib olunan vaxt orada sayğacdan kənar xətt olmamışdır. Aktlar tərtib olunarkən Cavabdeh İB-yi tərəfindən iddiaçıya heç bir rəsmi məlunat verilməmiş və iddiaçının imzası olmadan yazılmışdır. Maliyə arayışında göründüyü kimi 2022-ci ilin mart ayında 100 manat karta yükləyərək təbii qazdan istifadə olunmuşdur.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 aprel 2023-cü il tarixli, 2(011)-833/23 saylı qətnaməsi ilə (hakim Hacıyeva Sahibə) iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu 0**********9954) xx.xx.2022 ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1581,12 (min beş yüz səksən bir manat on iki qəpik) manat və xx.xx.2022-ci il tarixli ******* saylı aktın əsasında hesablanmış 2030,40 ( iki min otuz manat qırx qəpik) manat, cəmi 3611,52 (üç min altı yüz on bir manat əlli iki qəpik) manat borc silinməsi qət edlmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-ninəməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla, yerində çəkilmiş fotoşəkillərlə rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında AzərbaycanRespublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, iddiaçının (abonentin) yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 3611.52 (üç min altı yüz on bir manat, əlli iki qəpik) məbləğində Cavabdeh İB-yə maddizərərin dəymiş olduğu müəyyən olunmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. 9.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən,
10. 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
11. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
12. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
13. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
14. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
15. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları
16. .Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunması əsası ilə akt tərtib olunmuş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq borc tələb edilmişdir.
26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
27. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
28. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməli və bir nüsxəsi abonentə verilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Belə olan halda hesablanmış zərərdə abonentdən tələb edilə bilməz. Hazırki halda isə cavabdehi qurum tərəfindən qeyd edilənlərə riayət edilməmişdir.
29. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə dügün nəticəyə gəldiyindən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(011)-833/23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.