Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-391/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-2437/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 6768 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayıram. Müqaviləyə əsasən ona məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. 20 iyun 2022-ci il “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib olunmuşdur. Bundan sonra ona məlum olmuşdurdur ki, sayğac çıxarıldıqdan sonra ona borc yazılmışdır. Sözügedən aktlarla bağlı cavabdehin rayon üzrə qurumuna müraciət etdikdən sonra ona məlum olmuşdur ki, cavabdeh ona 6768 manat borc hesablamışdır. O cavabdehdən hesabdan çıxarışı, saldonu əldə etdikdən sonra aktlar üzrə hesablanmış borclarla tanış oldu. Daha sonra ona cavabdehin yerli qurumunda “ərizə” yazdıraraq borcun ödəniləcəyini bildirmişlər. Bu ərizə olmazsa yeni sayğacın quraşdırılmasının mümkün olmayacağını bildirdilər. O 2020-ci ilin dekabr ayında Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsinə köçmüş və yalnız 2020-ci ilin dekabr ayında qaz xəttindən kənar istifadə etmişdir. Daha sonra imkanı olmadığından, sayğac quraşdırılması mümkün olmadığından, “balon” qazlardan, odun peçindən istifadə etmişdir. Abonentin saldosundan da göründüyü kimi aktlar üzrə 2020-ci ilin dekabr ayında 1771,20 manat, 2021-ci ilin mart ayı üçün 295,20 manat, həmin ilin aprel ayı üçün 295.20 manat, may ayı üçün 194 manat, 2022-ci ilin yanvar ayına 2008.80 manat, həmin ilin mart ayına 1468,80 manat, aprel ayı üçün 734.,40 manat cəmi 6768 ( altı min yeddi yüz altımış səkkiz) manat cərimə yazılmışdır.
3. Xəzər Rayon Məhkəməsinin 2(003)-2437/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (X2) ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı adına hesablanmış (**********00206 saylı abonent hesabına) hesablanmış 6768 manat məbləğində borcun silinməsi və 87,68 manat dövlət rüsumunun Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat:
4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Aabonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Məhkəmə təqdim etdikləri sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1237/2023 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışınskinin və A.N.İmanovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(003) 2437/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhəməsində icraat:
6. Cavabdeh İB kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1237/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023cü il tarixli, 2(103)-1237/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Tərəflərin izahatı:
8. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi, həmçinin Ali Məhkəmənin qərarındakı göstərişlərin araşdırılması məqsədi ilə növbəti iclasda akt tərtib edilən dövrdə iddiaçıya məxsus evdə yaşayışın olub-olmaması, eləcə də həmin dövr üçün qaz sayğacının quraşdırılıb-quraşdırılmaması ilə bağlı rəsmi məlumatları məhkəmə kollegiyasına təqdim etməyə çalışacağına dair bəyanat versə də, bu sübutları təqdim etməmiş, sonuncu məhkəmə iclasında isə iştirak etməmişdir.
9. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, iddiaçı həmin ünvanda uzun müddət yaşamamış, bunu əksini bildirən cavabdeh buna dair sübutlar verə bilməmiş, ekspert rəyi ilə də iddiaçı tərəfindən əlavə qoşulmanın olmadığı təsdiq edilmişdir, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
10. Paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 03-9936 saylı, 21 iyun 2022-ci il tarixli müqaviləyə əsasən, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.
11. 20.06.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda “Smart” tipli “G 4” markalı qaz sayğac quraşdırılmışdır.
12. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətlərindən görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5744/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı məxsus Bakı şəhəri Binə qəsəbəsi Sovxoz ərazisində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qazdan istifadə ilə bağlı (abonent kodu **********00206 olan) qaz sayğacın üzərində hər-hansı müdaxilə izinin olub olmaması, müdaxilə izi olmuşdursa, izlərin yaradılma üsulu, səbəbi və xarakteri müəyyən edilsin. 2. İddiaçı məxsus Bakı şəhəri Binə qəsəbəsi Sovxoz ərazisində yerləşən (abonent kodu **********00206 olan) fərdi yaşayış evinə tərtib edilmiş aktlarda göstərilən dövrlər ərzində təbii qazın orta sərfiyyatının müəyyən edilməsi sualları qoyulmuşdur.
14. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 3-16-16/2 3/2188 nömrəli, 21 fevral 2024-cü il tarixli tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və ona bərkidilmiş plobmun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi.
15. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 9/9855 nömrəli, 12 mart 2024-cü il tarixli tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, "Abonentin Saldosu" (c.i.v 10) məlumatından göründüyü kimi abonent 2020-ci il üzrə ümumilikdə 17712 m³ qaz sərf etmiş (sərfiyyatın məbləği 1.771,20 manat), 2021-ci il üzrə (6 ay ərzində) ümumilikdə 7848 m³ qaz sərf etmiş (sərfiyyatın məbləği 784,80 manat) və 2022-ci il üzrə (6 ay ərzində) ümumilikdə 35100 m³ qaz sərf etmiş (sərfiyyatın məbləği 4.212,00 manat) təşkil etmişdir. 2020-ci il üzrə illik qaz istifadə sərfiyyatı nəzərə alınmaqla orta aylıq sərfiyyat 1476,00 m³ (17712/12=1476,00), 2021-ci il üzrə orta aylıq sərfiyyat 1308,00 m³ (7848/6=1308,00) və 2022-ci il üzrə orta aylıq sərfiyyat 5850,00 m³ (35100/6=5850,00) təşkil edir. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Cavabdehə hesablanmış sərfiyyatın doğruluğunun müəyyən edilməsi ekspert - mühasibin xüsusi biliyi xaricindədir.
16. Məhkəmə Kollegiyasının iclasında İddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, ekspert rəyinəndə göründüyü kimi, sayğaca heç bir müdaxilə edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu
19. Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu
20. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
21. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
22. 4.6. qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
23. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
24. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
25. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
35. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
38. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, Ali Məhkəmənin iş üzrə qərarındakı göstərişləri araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
41. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
42. Apellyasiya məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(103)-1237/2023 nömrəli qətnaməsini ləğv etmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...həqiqətən iş materiallarına əlavə olunmuş abonent saldosuna görə iddiaçının ünvanı üzrə 2020-ci ilin dekabr ayından 2022-ci il aprel ayınadək cəmi 7 akt tərtib olunsa da, cavabdeh təşkilat tərəfindən həmin aktlar və onların əsaslılığına dair sübutlar məhkəmələrə təqdim olunmamışdır. Bununla belə, iş materiallarına iddiaçının təqdim etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2022-ci il tarixli akt əlavə olunmuşdur. Həmin aktda abonentin təbii qazdan sayğacsız istifadə etməsi göstərilmiş və istehlakçı İddiaçı imza etməkdən imtina etməsi qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, həm iddiaçının göstərdiyi hallara, həm də abonent saldosuna və Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta görə iddiaçıya məxsus ünvanda qaz sayğacı 20 iyun 2022-ci il tarixdə quraşdırılmışdır. Yəni həmin tarixədək, cavabdeh təşkilatla iddiaçı arasında hər hansı müqavilə münasibətləri mövcud olmamışdır. Belə olan halda, 31 yanvar 2022-ci il tarixli aktda iddiaçının iştirakı ilə tərtib olunması ehtimal edilə bilər. Belə ki, əks halda aktda məhz onun adının qeyd olunması anlaşılmazdır. İddiaçı isə akta imza etməkdən imtina etsə də, orada qeyd olunanların həqiqi olmamasına dair qeydlər aparmamışdır. Bundan əlavə, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı özü 2020-ci ilin dekabr ayında təbii qazdan sayğac olmadan istifadə etdiyini etiraf etmişdir. Lakin apellyasiya məhkəməsi işin qeyd olunan hallarını nəzərə almamış, iddiaçının nümayəndəsi apellyasiya məhkəməsinin iclasında iştirak etsə də, 2020-ci ilin dekabr ayından sonrakı müddətdə fərdi yaşayış evindən istifadə etdiyi halda, qaz təchizatının hansı üsullarla təmin olunmasını, 31 yanvar 2022-ci il tarixli akt tərtib olunarkən isə iddiaçının qaz xəttinə baxışda iştirak etməsini və müəyyən olunan halları araşdırmamışdır. Nəzərə alınmalıdır ki, mübahisəsi gedən aktların əhatə edildiyi dövrdə iddiaçı və cavabdeh tərəfindən təbii qazın alqı-satqısı ilə bağlı müqavilənin mövcudluğunu müəyyən edilməmiş, iddiaçının yaşadığı fərdi yaşayış evində həmin dövrdə qaz sayğacı quraşdırılmamış, qazdan istifadəyə görə ötən müddət ərzində ümumiyyətlə ödəniş aparılmamışdır. Halbuki, evdə təbii qaz təchizatı olduğu halda, hesablanmış borcun tam silinməsi iddiaçının cavabdeh təşkilatın hesabına əsassız varlanmasına səbəb olacaqdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin göstərilən halları mübahisənin tam və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının istifadəsində olan yaşayış sahəsində qazpaylayıcı xəttə qanunsuz qoşulmaların olub-olmaması, ümumiyyətlə mübahisəli aktlar tərtib olunan dövrdə həmin evdə qazdan istifadə edilib-edilməməsi, cavabdeh tərəfindən hansı məbləğdə ziyan vurulması, evdə qaz sayğacı quraşdırılmadığı halda ziyana görə kimin məsuliyyət daşımalı olması halları araşdırılmalı, o cümlədən evdə qaz avadanlıqlarının quraşdırılmasının müəyyən edilməsindən ötrü fərdi yaşayış evinə tərəflərin iştirakı ilə baxış keçirilməsi, belə avadanlıqlar quraşdırıldığı halda isə təbii qazın orta sərfiyyatının müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsi məsələsi tərəflərlə müzakirə edilməli, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir.
43. Hazırkı işə yenidən apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının yuxarıda qeyd edilən qərarındakı göstərişləri nəzərə alınmaqla, iddiaçıya məxsus Bakı ş., Binə qəsəbəsi Sovxoz ərazisində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qazdan istifadə ilə bağlı (abonent kodu **********00206 olan) qaz sayğacın üzərində hər-hansı müdaxilə izinin olub-olmaması, izlərin yaradılma üsulu, səbəbi və xarakterinin müəyyən edilməsi üçün məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir.
44. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 3-16-16/2 3/2188 nömrəli, 21 fevral 2024-cü il tarixli tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və ona bərkidilmiş plobmun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi.
45. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 9/9855 nömrəli, 12 mart 2024-cü il tarixli tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, "Abonentin Saldosu" (c.i.v 10) məlumatından göründüyü kimi abonent 2020-ci il üzrə ümumilikdə 17712 m³ qaz sərf etmiş (sərfiyyatın məbləği 1.771,20 manat), 2021-ci il üzrə (6 ay ərzində) ümumilikdə 7848 m³ qaz sərf etmiş (sərfiyyatın məbləği 784,80 manat) və 2022-ci il üzrə (6 ay ərzində) ümumilikdə 35100 m³ qaz sərf etmiş (sərfiyyatın məbləği 4.212,00 manat) təşkil etmişdir. 2020-ci il üzrə illik qaz istifadə sərfiyyatı nəzərə alınmaqla orta aylıq sərfiyyat 1476,00 m³ (17712/12=1476,00), 2021-ci il üzrə orta aylıq sərfiyyat 1308,00 m³ (7848/6=1308,00) və 2022-ci il üzrə orta aylıq sərfiyyat 5850,00 m³ (35100/6=5850,00) təşkil edir. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Cavabdehə hesablanmış sərfiyyatın doğruluğunun müəyyən edilməsi ekspert - mühasibin xüsusi biliyi xaricindədir.
46. Beləliklə, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, eləcə də əldə olunmuş ekspert rəyinə əsasən iddiaçıya məxsus olan və təqdim edilən qaz sayğaca aid plombun üzərində hər -hansı zədə olmadığından, demək ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi təsdiq olunmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
47. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı işlə bağlı Ali Məhkəmənin qərarında şərh olunan göstərişlərin araşdırılması zamanı müəyyən olıunmuşdur ki, həmin halların müəyyən edilməsində sübutetmə yükü cavabdehə aiddir. Çünki iddiaçı həmin ünvanda yaşamadığını və sayğaca müdaxilə etmədiyini bildirir, cavabdeh isə iddiaçının həmin ünvanda yaşadığını, eləcə də qazdan qanunsuz istifadə etdiyini bildirir.
51. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
52. İddiaçının həmin ünvanda yaşamasına dair (məsələn, iddiaçı tərəfindən həmin dövr üçün digər kommunal xərclərin ödənilməsinə dair sübutlar, yerli icra orqanı və ya bələdiyyə tərəfindən iddiaçının göstərilən dövrdə həmin ünvanda yaşamasına dair müvafiq arayış və sair), eləcə də kənar qoşulma və sayğaca müdaxilə ilə bağlı müvafiq sübutları MPM-in 77.1-ci maddəsinə əsasən cavabdeh təqdim etməli olduğu halda, cavabdeh belə sübutlar təqdim etməmiş, cavabdeh tərəf yalnız ekspertizanın keçirilməsinə dair vəsatət vermiş, onun həmin vəsatəti təmin olunmuş, alınmış rəylə də cavabdehin şikayətinin dəlili təkzib olunmuş, cavabdeh başqa sübutlar verməmiş, onun nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, yayınmışdır. Nəticə:
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
55. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.
56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xəzər Rayon Məhkəməsinin 2(003)-2437/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Cavabadeh Cavabdeh İB-dən ekspertiza tədqiqatının dəyəri 164 (yüz altmış dörd) manat alınaraq X1, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.