Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3914/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-1673/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı “hərracın yekunları ilə bağlı xx xxxx 2018-ci il tarixli 75 nömrəli hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli, 75 saylı hərrac protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddia tələbi onunla əsaslandırlmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova, iş 2(012)- 3481/2016) iddiaçı “xxxx” BOKT ASC-nin iddiaçıya qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddiası təmin edilərək “xxxx” BOKT ASC ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli istehlak kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 25 000 ABŞ dolları, faiz borcuna görə 3809.30 ABŞ dolları, 4 600 ABŞ dolları cərimə borcu olmaqla, cəmi borcu 33 409,30 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun) və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun iddiaçadan tutularaq ‘xxxx BOKT” ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə ödəmənin ipoteka qoyulmuş iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, O.Vəliyev küçəsi, 23 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin satışından əldə edilən vəsaitdən 33409,30 ABŞ dolları məbləğində pul vəsaitinin “xxxx BOKT” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin iddiaçıya verilməsi, iddiaçının ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmağı, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılaraq “xxxx” BOKT ASC-yə təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, G.F.Tağızadə və T.O,Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin olunaraq, “xxxx” BOKT ASC ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli istehlak kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 25 000 ABŞ dolları, faiz borcuna görə 3809,30 ABŞ dolları, 3050 ABŞ dolları cərimə borcu olmaqla, cəmi borcu 31 859,70 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq “xxxx” BOKT ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə ödəmənin ipoteka qoyulmuş iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsi, 23 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 40 000 manat məbləğində müəyyən edilməsi, evin satışından əldə edilən vəsaitdən 31 859,70 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaitinin “xxxx” BOKT ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı narazı qalaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmişdir. 2(102)-7662/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən kassasiya şiakyəti təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 915/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, cavabdehlər kimi iddiaçının və digər ailə üzvlərinin Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsində yerləşən 23 saylı evdən əşyaları ilə birlikdə evdən çıxarılmağı qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin (012)-915/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin məcburi icrası xx.xx.2021-ci il tarixdə, saat 11:30-a təyin edilmişdir. İddiaçı onu da qeyd edir ki, hərracın yekunları barədə protokolu iddiaçı Abşeron Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına yaxınlaşaraq əldə etmişdir. xx.xx.2021-ci il tarixə kimi həmin protokol iddiaçıya təqdim edilməmişdir. Eyni zamanda İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə mübahisəyə baxılıb qurtaranadək Abşeron Rayon Məhkəməsinin (012)- 915/2019 saylı, xx.xx.2019-cu il tarixli icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsində yerləşən 23 saylı ev iddiaçının yeganə yaşayış yeridir. 5 nəfər ailə üzvi ilə birlikdə həmin evdə yaşayır. Yeni doğulmuş körpə nəvəsi var. xx.xx.2021-ci il tairxdə iddiaçı evdən çıxarılsa əgər körpə nəvələri küçədə qalmalı olacaqlar. Çünki başqa yaşayış evi yoxdur. İddiaçı borcundan yayınmadığını və ödəyəcəkdir. Lakin iddiaçının yeganə evi əlindən alınarsa, iddiaçının ailəsinin vəziyyəti olduqca pis olacaq. Hazırda iddiaçının yeganə yaşayış evi əlindən çıxmaq üzrədir. Çünki bank evi satmaq üzrədir. Məhkəmənin nəticəsi məlum olanadək cavabdeh tərəfindən iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsində yerləşən 23 saylı evin satılmasının dayandırılması zərurəti yaranmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-1673/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət, məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini müdafiə edib, həmin şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)- 1673/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli xx/xx-147121 nömrəli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-915/2019 nömrəli xx xxxxx 2019-cu il tarixli icra sənədinə əsasən, cavabdehlər İddiaçı, X2 və X1 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsində yerləşən 23 saylı evdən əşyaları ilə birlikdə evdən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7662/19 saylı xx xxxx 2017-ci il tarixli Qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-337/2017 saylı xx xxxx 2017-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qənaətinə görə belə olan halda ərizənin təmin edilməsi ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2(105)-337/2017 nömrəli icra sənədinin icra olunmasının qarşısını alır. Digər tərəfdən iş materiallarına əlavə edilmiş hərracın yekunları barədə xx xxxx 2018-ci il tarixli 75 saylı protokoldan o da görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2(105)-337/2017 nömrəli icra sənədinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmişdir. Bununla belə iddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)- 915/2019 nömrəli xx xxxxx 2019-cu il tarixli icra sənədinə əsasən icra hərkətlərinin dayandırılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, icra hərəkətləri qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə aparıldığına və iddianı təmini tədbiri kimi qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən verilmiş icra sənədinin icrasının dayandırılması qanunvericilikdə nəzərdə tutulmadığına görə, hazırkı iş üzrə iddiaçının iddianı təmini tədbirinin tətbiqinə dair ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 158.1.5-ci maddəsinə əsasən iddianı təmin etmək üçün borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaqdan ibarət tədbirlər görülə bilər. Kollegiya qeyd ediir ki, Mülki Prosessual Məcəllənin 158.1.5-ci maddəsində göstərilən “icra sənədi” qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən verilən icra sənədini deyil, qanunvericilikdə nəzərdə tutulmuş digər icra sənədlərinə aiddir (məsələn inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların və ya vəzifəli şəxslərin qərarları və bu qərarlar borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirildikdə həmin qərara əsasən tələbin icrası hakim tərəfindən dayandırıla bilər). Bu onunla əlaqədardır ki, hər hansı iddiaya dair mülki işə baxılarkən digər iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının dayandırılmasının iddianı təmin etmə tədbiri kimi tətbiq olunması məhkəmə aktlarının məcburiliyinə dair Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinin tələblərinə ziddir. Bundan başqa qanuni qüvvəyə minmiş məhkəmə qərarı onun aid olduğu iş üzrə mübahisəyə son qoyduğu üçün həmin mübahisə üzrə tələbin borclu tərəfindən yenidən məhkəmə qaydasında mübahisələndirilməsi yolverilməzdir. (MPM-in 153.2.2, 233.3, 261.0.2, 261.0.3 və 262.4-cü maddələri). Həmçinin, Azərbaycan Respublikasının “İcra Haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərəverilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı işi üzrə xx xxxx 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı iş üzrə xx xxxxxxx 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı iş üzrə xx xxxx 2010-cu il tarixli Qərar və s.). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-1673/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3914/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3914/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver